Icma.az
close
up
RU
Bu gün akademik Rəfiqə Əliyevanın doğum günüdür

Bu gün akademik Rəfiqə Əliyevanın doğum günüdür

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 sentyabr, AZƏRTAC

Ömrünü kimya elminin inkişafına və kimyaçı-alimlərin yeni nəslinin yetişməsinə həsr etmiş akademik Rəfiqə Əliyevanın anadan olmasından 93 il ötür. Görkəmli alimin xatirəsi və xidmətləri bu gün ehtiramla anılır. Yetirmələri arasında 20-dən çox elmlər namizədi və elmlər doktoru var.

AZƏRTAC akademik Rəfiqə Əliyevanın həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Rəfiqə Əlirza qızı Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində, xalqımıza Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmiş ailədə doğulub.

Ali təhsilini 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində alıb. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlayıb. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Analitik kimya kafedrasında analitik kimya ixtisası üzrə aspiranturaya qəbul olub. 1964-cü ildən ömrünün sonuna qədər Analitik kimya kafedrasında işləyib və assistent, baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə analitik kimya ixtisası üzrə “Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik, 1999-cu ildə isə “d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlif liqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1999-cu ildə professor elmi adını alıb və Analitik kimya kafedrasının professoru vəzifəsində çalışıb. 2001-ci ildən ömrünün sonunadək BDU-da onun təşəbbüsü ilə yaradılmış Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının müdiri işləyib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademikdir.

Onun rəhbərliyi ilə Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşlarının “Analitik kimyanın əsasları” (iki cilddə) və “Analitik kimyadan məsələ və suallar” kitabları Azərbaycan dilinə tərcümə edilib. Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrində müəllim, elmi işçi və doktorantların inkişafında mühüm rol oynayıb.

Akademik Rəfiqə Əliyeva Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlərin yerinə yetirilməsinə rəhbərlik edib. Həmin işlər nəticəsində Bakı Dövlət Universiteti böyük miqdarda mənfəət götürüb. Təsərrüfat müqavilələrinin nəticələrinə əsasən ətraf mühitin çirklənməsi qiymətləndirilib, zərərli və ağır metalların qatılaşdırılaraq ayrılmasının yeni, ucuz və iqtisadi cəhətdən əlverişli metodları işlənib-hazırlanıb.

Görkəmli alim Rəfiqə Əliyeva Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D 02.011 şifrli dissertasiya müdafiə şurasının sədr müavini, universitetin və Kimya fakültəsinin elmi şuralarının üzvü olub. O, tələbəlik illəri də daxil olmaqla ömrünün 70 ilə yaxın bir dövrünü universitetə həsr edib.

Akademik Rəfiqə Əliyeva böyük bir nəslin ən parlaq nümayəndələrindən biri idi. Həmin nəsil Azərbaycan tarixində dövlətçiliyimizin təməlini qoymuş, onu dünyanın müasir dövlətləri sırasına çıxarmışdır. Bu nəslin qurub-yaratmaq, xeyirxahlıq etmək kimi ən gözəl keyfiyyətlərini özündə birləşdirən, daxilən təvazökar, zəngin mənəvi keyfiyyətlərə malik olan Rəfiqə Əliyeva tələbələrin böyük himayədarı idi.

Görkəmli alimin elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən də layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə o, 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. Akademik Y.Məmmədəliyev adına mükafatın laureatı olub. 2000-ci ildə akademik Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib, 2003-2004-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) fəxri fərmanı ilə təltif olunub. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına, “Ekologiya” və “Ümumi ekologiya” adlı dərs vəsaitləri isə Təhsil Nazirliyinin təsis etdiyi Həsən Əliyev adına mükafata layiq görülüb.

2018-ci ildə “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.

Tanınmış elm xadimləri Rəfiqə xanım Əliyevanı ehtiramla xatırlayırlar. Alimin müasirləri qeyd edirlər ki, Rəfiqə Əliyeva elmlə təhsilin vəhdətini yaradan unudulmaz şəxsiyyətlərdən biridir. Onu kimyaçı-alim kimi səciyyələndirən başlıca xüsusiyyətlərdən biri elmi axtarışlarını kimya elminin mühüm mərhələ və problemlərinə həsr etməsidir. Rəfiqə xanımın gözəl pedaqoq olması danılmaz faktdır. O, özünün zəngin alimlik təcrübəsindən çıxış edərək kimya fənninin əsaslarını universitet tələbələrinə tədris edir, yeni-yeni elmi və pedaqoji kadrların hazırlanmasında var qüvvəsini əsirgəmirdi. Rəfiqə xanım Əliyeva elmi fəaliyyətlə yanaşı, ictimai-siyasi proseslərdə də aktiv iştirak edib. O, müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından biri olub. Elə buna görə də Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri seçilib.

Rəfiqə xanım həm də həssas həyat yoldaşı və qayğıkeş ana olub.

Əməkdar İncəsənət Xadimi dosent Fəxriyyə Xələfova anasını belə xatırlayır: “Rəfiqə xanım Əliyeva, sözün əsl mənasında, nəcib insan, gözəl ana və sevimli müəllim idi. O, yüzlərlə tələbəsinin qəlbində, şüurunda əbədi iz qoyan pedaqoq olub. Ömrünü və fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlamasına baxmayaraq, Rəfiqə xanım hər zaman Azərbaycan Milli Elmlər Akademiyası ilə də sıx əməkdaşlıq edib, maraqlı araşdırmalar aparıb. Akademik Rəfiqə Əliyeva həm də yüksək intellekt sahibi idi. Azərbaycan ziyalılığının mükəmməl mücəssəməsi olan Rəfiqə xanım, eyni zamanda, ölkəmizin ictimai-siyasi həyatında fəal vətəndaş mövqeyi ilə seçilirdi. O, humanist təbiəti, təmkini ilə seçilən, nurlu təbəssümü üzündən əskik olmayan bir şəxsiyyət, sözün əsl mənasında, müəllimlər müəllimi idi.

Rəfiqə xanım ana, nənə və həyat yoldaşı kimi əvəzsiz bir insan olub. Görkəmli dövlət xadimi, mərhum Rafiq Xələfovun həyat yoldaşı olaraq onun qazandığı uğurlara dərin səmimiyyətlə sevinirdi. Təbiilik Rəfiqə xanımın xarakterinə xas idi və bu da əməkdaşları ilə münasibətində dərhal özünü hiss etdirirdi. Həmişə sadə adamlarla oturub-durmağı xoşlayardı, özünü heç kimdən üstün tutmazdı. Geyimi də sadə, ancaq zərif və zövqlü olardı.

O, dissertasiya müdafiələrində özünün sərrast mühakimələri, xeyirxahlığı, obyektivliyi ilə yaddaşlarda qalıb. Rəfiqə xanım Azərbaycan kimya elmində məktəb yaradıb və 85 illik ömür yolunu ləyaqətlə başa vurub”.

Professor Sevinc Hacıyeva da anası ilə bağlı xatirələrini bölüşür: “Mən, bacım və qardaşım anamızın hədsiz məhəbbəti və qayğısı ilə əhatə olunmuşduq. Amma, eyni zamanda, o, həm özünə, həm də bizə qarşı çox tələbkar idi. Həyatımızın əsas müəllimi də anamız Rəfiqə xanım olub. Bizim üçümüz də həyatdakı uğurlarımıza və cəmiyyətdə tutduğumuz mövqeyə görə valideynlərimizə borcluyuq. Ailəmizin gündəlik qayğıları anamızın üzərinə düşmüşdü və o, bu vəzifəni də çox məharətlə yerinə yetirirdi. Valideynlərimiz özlərinin şəxsi nümunələrində bizə həyatın bütün mənəvi dəyərlərini öyrədirdilər, səhvimizi ustalıqla düzəldirdilər, yaxşımızı-pisimizi də dəqiq qiymətləndirirdilər.

Bu mənada elə əsl məktəb bizim öz evimizdə olub və bu məktəbdə bizim həm məsləhətçimiz, həm də müəllimimiz anamız Rəfiqə xanım idi.

Mənim ixtisas seçimimdə anamın müstəsna rolu olub və fəxr edirəm ki, Rəfiqə xanımın yolunu davam etdirirəm. Bu çətin və keşməkeşli yolda - istər universitetdə təhsil aldığım zaman, istərsə də sonrakı elmi fəaliyyətimdə anamın dəstəyini həmişə hiss etmişəm. Bu dəstək çox dəyərli tövsiyələrdə və Rəfiqə xanımın mənə göstərdiyi istiqamətdə öz əksini tapırdı. Təsadüfi deyil ki, mən də anamın təşəbbüsü ilə yaradılan, aktual və perspektivli ekoloji kimya sahəsində fəaliyyətimi davam etdirirəm.

Anam Azərbaycan tarixində müstəsna xidmətləri olan böyük bir nəslin parlaq nümayəndələrindən idi. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev kimi dahi insanın bacısı olmaq Rəfiqə xanım üçün həm böyük fəxr və şərəf, həm də məsuliyyət idi. Anam ömrü boyu bu yüksək adı uca tutmağa çalışırdı.

O, ən gözəl keyfiyyətləri özündə birləşdirən bir şəxsiyyət, qürurlu və məğrur, ədalətli və prinsipial, sədaqətli və dürüst, eyni zamanda, olduqca təvazökar, səmimi və mehriban bir insan idi. Bütün bu keyfiyyətlər Rəfiqə xanımın ailədə atamız Rafiq Xələfovla münasibətlərində də öz ifadəsini tapırdı. Onlar bir-birini tamamlayırdılar və bunun nəticəsində çox gözəl bir ailə nümunəsi yaranmışdı. Biz övladlar üçün belə bir ailədə böyümək və formalaşmaq ən böyük xoşbəxtlikdir...”

Həyatının mənasını elmə, vətənə xidmət etməkdə görən, kimyaçıların yeni nəslinin yetişməsində əvəzsiz rolu olan akademik Rəfiqə Əliyevanın əziz xatirəsi həmkarlarının və tələbələrinin qəlbində həmişə yaşayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:336
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri