Icma.az
close
up
RU
Bu istilər o istilərdən deyil…

Bu istilər o istilərdən deyil…

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qlobal iqlim dəyişiklikləri qızmar havaları böhran həddinə çatdırıb

Son həftələr dünyanın müxtəlif regionlarını bürüyən rekord istilər göstərir ki, bəşəriyyət iqlim böhranının təhlükəli mərhələsinə daxil olub. Mütəxəssislər bildirirlər ki, hazırda müşahidə olunan hadisələr təsadüfi hava anomaliyası deyil. Atmosferdə istixana qazlarının artması nəticəsində yaranan qlobal istiləşmə istilik dalğalarının daha uzunmüddətli, intensiv təkrarlanmasına səbəb olur. Bu ilin yayı adi meteoroloji göstəricilərdən kəskin şəkildə fərqlənir. Xüsusilə 2026-cı ilin iyunu Qərbi Avropada ən isti ay kimi qeydə alınıb.

İyunda başlayan güclü istilər iyul ayında da davam edib, bəzi ərazilərdə temperatur 40 dərəcəni keçib. İspaniyada, Fransada, Böyük Britaniyada və digər Qərbi Avropa ölkələrində yüksək temperatur insanların gündəlik həyatına, kənd təsərrüfatına, energetikaya və su təminatına ciddi təsir göstərib. Avropa ölkələrində, o cümlədən Macarıstanda da müşahidə olunan anomal istilər Dunay çayında suyun səviyyəsinin kəskin azalmasına səbəb olub.

Avqustda Reyn və Dunay çaylarında səviyyənin kəskin azalması su nəqliyyatını məhdudlaşdırıb, enerji istehsalına və sənaye müəssisələrinin fəaliyyətinə təsir göstərib. Bu vəziyyət Almaniya və Niderland kimi sənaye və logistika mərkəzləri üçün əlavə təchizat riskləri yaradır. Reuters-in təhlilinə görə, ekstremal hava hadisələri artıq Avropa iqtisadiyyatında makroiqtisadi risk kimi qiymətləndirilir.

Almaniyanın Saksoniya torpağında uzun müddət davam edən yüksək temperatur və yağıntıların azlığı su ehtiyatlarına ciddi təsir göstərib. Çaylarda suyun səviyyəsinin aşağı düşməsi, ilk növbədə, gəmiçilik və kənd təsərrüfatı üçün çətinliklər yaradır. Bu vəziyyət iqlim dəyişmələrinin Avropada su ehtiyatlarına təsirinin daha bir göstəricisi kimi qiymətləndirilir. Honq Konqda da son 140 ildən artıq müddətin ən yüksək temperatur göstəricisi qeydə alınıb.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (ÜƏP) son hesabatı qlobal ərzaq təhlükəsizliyi ilə bağlı narahatedici proqnozları bir daha gündəmə gətirib. Sənəddə bildirilir ki, “El-Nino” iqlim hadisəsinin güclənməsi nəticəsində 2027-ci ilin sonunadək dünyada aclıqdan əziyyət çəkən insanların sayı 49 milyon nəfər arta bilər. Bu proqnoz iqlim dəyişikliklərinin sosial-iqtisadi nəticələrinin getdikcə daha qabarıq xarakter aldığını göstərir.

Mövcud vəziyyət dövlətlərin və beynəlxalq təşkilatların fəaliyyətinin daha da əlaqələndirilməsini zəruri edir. İqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin genişləndirilməsi, dayanıqlı kənd təsərrüfatı texnologiyalarının tətbiqi, su ehtiyatlarının səmərəli idarə olunması, fermerlərə dəstəyin gücləndirilməsi və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi bu istiqamətdə prioritet vəzifələr kimi qiymətləndirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın sədr müavini Amin Məmmədov bildirdi ki, son 50 ildə dünyada iqlim dəyişiklikləri probleminə ciddi yanaşılır:

– Bu gün iqlim dəyişikliyi yalnız ekoloji məsələ deyil, bəşəriyyətin gələcəyini müəyyən edən qlobal çağırışlardan biridir. Problem sərhəd tanımır və onun həlli də yalnız beynəlxalq əməkdaşlıq və qlobal həmrəylik yolu ilə mümkündür. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası–UNFCCC iqlim dəyişiklikləri ilə mübarizə sahəsində qəbul edilmiş mühüm beynəlxalq sənədlərdəndir. Konvensiyanın tərəfləri hər il Tərəflər Konfransı - COP çərçivəsində bir araya gəlirlər. Bu görüşlərdə iqlim siyasəti, emissiyaların azaldılması, iqlim maliyyələşməsi, bərpaolunan enerji, uyğunlaşma və digər məsələlər müzakirə olunur.

Dövlət və hökumət başçıları ilə yanaşı, beynəlxalq təşkilatlar, qeyri-hökumət qurumları, biznes, elm və vətəndaş cəmiyyəti nümayəndələri də prosesdə iştirak edirlər. Burada enerji, ərzaq və su təhlükəsizliyi, logistika, iqtisadi inkişaf və digər qlobal problemlər də iqlim gündəliyi ilə əlaqəli şəkildə müzakirə olunur. Yeri gəlmişkən, Dubayda COP28-də, Bakıda COP29-da, keçən il Braziliyada COP30-da iştirak etmişəm. Həmin konfranslarda bu məsələlərin müxtəlif istiqamətləri geniş müzakirə edilib. Növbəti COP31-in Türkiyədə keçirilməsi nəzərdə tutulur.

Azərbaycan da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi prosesdə fəal iştirak edir. Xüsusilə COP29-un 2024-cü ildə Bakıda keçirilməsi Azərbaycanın qlobal iqlim gündəliyində rolunu daha da artırdı. Ölkəmizdə bərpaolunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və iqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşma istiqamətində tədbirlər həyata keçirilir.

İqlim dəyişikliklərinin təsirlərinin getdikcə daha çox hiss olunduğunu söyləyən ekspert sonda qeyd etdi ki, uzunmüddətli isti hava dalğaları, quraqlıq, su ehtiyatlarının azalması, meşə yanğınları riskinin yüksəlməsi və kənd təsərrüfatında yaranan çətinliklər bunun konkret nümunələridir:

– Ətraf mühitdə baş verən dəyişikliklər xüsusilə təbii resurslardan asılı olan və həssas regionlarda yaşayan insanlar üçün daha ağır nəticələr yaradır. Məsələnin digər tərəfi münaqişələr və konfliktlərlə bağlıdır. İqlim dəyişikliyi ilə münaqişələr arasında birbaşa əlaqə yaratmaq düzgün olmasa da, müharibələr və geosiyasi qarşıdurmalar logistika və ticarət dəhlizlərinin fəaliyyətinə mənfi təsir göstərir. Böhranın qarşısının alınması üçün əsas istiqamətlərdən biri bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsidir.

Vaxtında atılan addımlar qlobal istiləşmənin sürətini azaltmağa və gələcək riskləri məhdudlaşdırmağa imkan verə bilər. Bu gün verilən qərarlar gələcək nəsillərin yaşayacağı dünyanın taleyini müəyyən edir. Ona görə də planetimizi qorumaq üçün məsuliyyətli addımların atılması artıq seçim deyil, zərurətdir.

Coğrafiya üzrə fəlsəfə doktoru, ətraf mühit üzrə eskpert Rövşən Abbasovun qənaətinə görə, bu prosesin ən ciddi nəticələrindən biri su və ərzaq təhlükəsizliyi ilə bağlıdır:

– Temperatur yüksəldikcə bir tərəfdən suya tələbat artır, digər tərəfdən isə buxarlanmanın intensivləşməsi, yağıntı rejiminin dəyişməsi və uzunmüddətli quraqlıqlar mövcud su ehtiyatlarına təzyiqi gücləndirir. Xüsusilə quraq və yarımquraq regionlarda kənd təsərrüfatı bundan daha çox təsirlənir. Su çatışmazlığı məhsuldarlığın azalmasına, ərzaq qiymətlərinin yüksəlməsinə və kənd əhalisinin gəlirlərinin aşağı düşməsinə gətirib çıxarır.

Qlobal ərzaq təhlükəsizliyi ilə bağlı son proqnozlar da vəziyyətin ciddiliyini göstərir. İqlim hadisələrinin, o cümlədən “El-Nino” kimi böyük miqyaslı proseslərin kənd təsərrüfatına təsiri milyonlarla insanın ərzaq təminatını risk altına salır. Ərzaq böhranı isə yalnız humanitar problem deyil. Kənd təsərrüfatı istehsalının azalması beynəlxalq bazarlarda qiymət artımına, inflyasiyanın güclənməsinə, miqrasiya proseslərinin intensivləşməsinə və xüsusilə həssas regionlarda sosial gərginliyə səbəb olur.

Ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri də iqlim risklərini əvvəlcədən müəyyənləşdirərək qabaqlayıcı tədbirlərə üstünlük verməkdir. Quraqlıq, sel, daşqın, meşə yanğınları və ekstremal istilərlə bağlı erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi həm insan itkisini, həm də iqtisadi zərəri əhəmiyyətli dərəcədə azalda bilər. Meteoroloji və hidroloji müşahidə şəbəkəsinin genişləndirilməsi, peyk məlumatlarından istifadə, çaylarda real vaxt rejimində monitorinq və torpaq rütubətinin izlənilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, iqlim riskləri ölkədə investisiya və inkişaf qərarlarının ayrılmaz hissəsinə çevrilməlidir. Yeni yaşayış məntəqəsi, yol, su anbarı, turizm infrastrukturu və ya kənd təsərrüfatı layihəsi planlaşdırılarkən yalnız bugünkü iqlim şəraiti deyil, həmin ərazidə 20-30 ildən sonra yarana biləcək vəziyyət də nəzərə alınmalıdır. Bu gün nisbətən təhlükəsiz hesab edilən ərazi gələcəkdə su çatışmazlığı, sel, daşqın və ya ekstremal istilər baxımından daha həssas ola bilər.

Alim onu da bildirdi ki, su itkilərinin azaldılması, suyun real uçotunun təmin edilməsi, kənd təsərrüfatında suya qənaət edən texnologiyaların genişləndirilməsi, ekosistemlərin qorunması, erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi və elmi məlumatların qərarvermədə daha geniş istifadəsi əsas prioritetlər sırasında olmalıdır. Burada fermerlərin və yerli icmaların iştirakı da xüsusi əhəmiyyət daşıyır.

Sadəcə, yeni texnologiyanın alınması və ya infrastrukturun qurulması problemi həll etmir. Fermer həmin texnologiyanın necə işlədiyini bilməli, suya qənaətin iqtisadi faydasını görməli və dəyişən iqlim şəraitində hansı məhsulu nə zaman və hansı üsulla yetişdirməyin daha məqsədəuyğun olduğunu müəyyən etmək üçün vaxtında məlumat əldə etməlidir.

Müsahiblərimizin söylədikləri bir daha təsdiq edir ki, əsas məqsəd daha çox su, torpaq və digər təbii resurslardan istifadə etmək deyil, məhdud resurslardan daha səmərəli istifadə etməklə iqtisadiyyatı və cəmiyyəti yeni iqlim reallığına hazırlamaqdır. Vaxtında həyata keçirilən uyğunlaşma tədbirləri gələcəkdə daha böyük iqtisadi itkilərin qarşısını almaqla yanaşı, Azərbaycanın su və ərzaq təhlükəsizliyinin, ekoloji dayanıqlılığının və insanların rifahının qorunmasına mühüm töhfə verə bilər.

İqlim dəyişikliklərinin həlli bir ölkənin təkbaşına görə biləcəyi iş deyil. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında maliyyə, texnologiya və təcrübə mübadiləsi gücləndirilməlidir. İqlim dəyişikliklərinin nəticələrindən daha çox zərər çəkən ölkələrin uyğunlaşma imkanlarının artırılması beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri olmalıdır. İqlim dəyişiklikləri bəşəriyyət qarşısında yalnız təhlükə deyil, həm də iqtisadi və texnoloji transformasiya üçün imkan da yaradır. Belə ki, “yaşıl enerji”, enerji səmərəliliyi, ekoloji texnologiyalar, dayanıqlı şəhərsalma və resursqənaətli istehsal gələcəyin iqtisadi modelinin əsas elementlərinə çevrilə bilər.

Bu gün iqlim üçün atılan hər bir addım sabah iqtisadi təhlükəsizlik, ərzaq təhlükəsizliyi, su təhlükəsizliyi və insan həyatının qorunmasına qoyulan investisiyadır. İqlim böhranına qarşı mübarizənin uğuru isə dövlətlərin, biznesin, elm dünyasının və cəmiyyətlərin ortaq məsuliyyətidir.

Mustafa KAMAL
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see419

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see406

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see339

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see339

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see261

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see257

“Moody’s” ölkəmizin kredit reytinqini yüksək dəyərləndirib

10 Avqust 2026 19:00see254

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see252

Nijnekamsk şəhərinə edilən dron hücumunda ölən Özbəkistan vətəndaşlarının sayı səkkizə çatıb

11 Avqust 2026 07:57see244

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see228

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see228

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see227

Avqustun 12 də nə baş verəcək?

11 Avqust 2026 02:17see224

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see221

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

11 Avqust 2026 08:03see214

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see205

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see205

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see204

Zukerberq süni intellektin mərkəzləşdirilməsindən imtina etməyə çağırıb

11 Avqust 2026 07:49see200

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri