Bütün yönləri ilə akademik səviyyə Muxtar Kazımoğlu 70
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bədirxan ƏHMƏDLİ
Çağdaş ədəbiyyatşünaslığın keçdiyi yolda onu irəliyə aparan, ağırlığını çəkən, elmi-nəzəri fikrə bir hərəkətlilik gətirən tədqiqatçılar var; onların istedadla yazılmış əsərləri, onillikləri aşan ömür və sənət yolu gələcək tədqiqatlar üçün də bir istinad mənbəyidir. Onlar ədəbiyyatşünaslıq elmimizin dünəninə və bugününə fədaicəsinə böyük əmək sərf etmişlər, tərcümeyi-halları ilə, elmi əsərləri, araşdırmaları ilə ədəbi mühitdə sanbal və nüfuz göstəricisi olmuşlar. Siyasi proseslərin ədəbi, elmi mühitə təsir etdiyi, ictimai formasiyaların dəyişdiyi bir zamanda elmi maarifçilik yolunu davam etdirmək, qorumaq alimdən böyük mətanət, səbr və gərgin zəhmət tələb edir. Onların tutduğu bu yol F.Köçərli, Ə.Abid, H.Zeynallı, Ə.Nazim, B.Çobanzadə, F.Qasımzadə, M.C.Cəfərov, H.Araslı, K.Talıbzadə, Ə.Mirəhmədov, Y.Qarayevin tutduğu elmi və maarifçilik yoludur. Bu yolu tutan ədəbiyyatşünaslardan biri də akademik Muxtar Kazımoğludur.
Muxtar Kazımoğlu (İmanov) 1955-ci ilin 28 may günü anadan olub; o zaman bu gün sovet Azərbaycanında yox, mühacirlər arasında xüsusi gün kimi qeyd olunurdu. Bu günün assosiasiyası onun ömürlüyündə izsiz ötüşməyib, onun həyatına və yaradıcılığına da təsir edib, necə deyərlər, milli istiqlal duyğusu onu layiq olduğu yerə gətirib. Onu tanıdığımdan bəri hər zaman cümhuriyyətçi, milli vətəndaşlıq mövqeyini görmüşəm, nəzəri, konseptual araşdırmaları ilə seçilib. 80-ci illərin lap başlanğıcında böyük alim, nəzəriyyəçi M.C.Cəfərovun xeyir-duası ilə elm aləminə qədəm qoyub. Ona görə xeyir-duası deyirəm ki, M.C.Cəfərovun sədrliyilə keçən imtahanda yüksək qiymət alaraq aspiranturaya daxil olmuşuq. Sonrakı dövrdə də elmin çətin yollarında addımlarımızı birgə atmışıq. O, ədəbiyyat nəzəriyyəsi, mən isə Azərbaycan ədəbiyyatı ixtisası üzrə bir yerdə imtahan vermişik. Mənim imtahan qiymətimi ilk dəfə mənə elan olunmazdan əvvəl deyən də Muxtar olmuşdu. Mən imtahan verdikdən sonra imtahan komissiyasının qarşısına keçən Muxtar komissiya üzvlərinin mənə əla qiymət verməklə bağlı qərarına tanıq olmuş və mənə onların fikrinin müsbət olduğunu söyləmişdi. Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olan akademik Məmməd Cəfər Cəfərovun bu seçimi hər ikimizin elmə zəmanətimiz oldu. Doğrudan da biz bundan sonra da bir çox mərhələni birgə addımladıq, bir-birimizə məsləhətlər verdik, yol göstərdik, uğurlarımıza sevindik. O zaman ilk addımlarını atan bir gənc bu gün Azərbaycan humanitar elminin görkəmli nümayəndələrindən biridir; ədəbiyyat nəzəriyyəsi, folklor nəzəriyyəsi, Azərbaycan ədəbiyyatı ilə bağlı fundamental tədqiqatlar müəllifidir. Uzun müddət (beş ilə qədər) Folklor İnstitutuna ləyaqətlə rəhbərlik etmiş, Folklorşünaslıq ixtisası üzrə Dissertasiya Şurasının və Folklor Elmi Şurasının sədri, "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" jurnalının baş redaktoru olmuşdur. Bir müddət İctimai Televiziya və Radio Yayımları Yayım Şurasının üzvü və sədri olub. Azərbaycanda və Türkiyədə olan bir çox elmi jurnalların idarə heyətinin üzvü kimi çox iş görüb. Bunların arxasında böyük bir intellekt, zəhmət durur. İlk işə başladığı kənd müəllimliyindən filologiya elmləri doktoru, professor Muxtar Kazımoğluna qədər gələn elm yolunda uzun və zəhmətli yaradıcılıq kredosuna bağlı bir alim ömrü durur. Bu ömürün lap başlanğıcından elm yolunda atdığı ilk addımlarının şahidlərindən biri kimi Muxtar Kazımoğlu araşdırmalarını, sanballı elmi məqalələrini yaxından izləmiş, qırx illik fasiləsiz, sabit, gərgin zəhmət və yaradıcılıq uğurları ilə müşahidə olunan elmi fəaliyyətinin yüksəlişinə sevinmişəm. Bu uğurlar, nəhayət, onu halal haqqı olan AMEA-nın həqiqi üzvü adını qazanmağa gətirib çıxardı...
Muxtar Kazımoğlunun çoxşaxəli elmi yaradıcılığının iki istiqamətini xüsusi qeyd etmək istəyirəm; bunlardan biri ədəbiyyat nəzəriyyəsidir, ikincisi folklorşünaslıq. Elmi araşdırmalara nəzəriyyəçi kimi başlayan Muxtar Kazımoğlu müasir Azərbaycan nəsrində psixologizm problemini ilk dəfə araşdırmışdır. Onun bu sahədə nəzəri məqalələri və monoqrafiyası çağdaş ədəbiyyatşünaslığımızın ən yaxşı səhifələrini təşkil edir. "Müasir Azərbaycan nəsrində psixologizm" monoqrafiyası qırx il əvvəl yazılmasına rəğmən, bu gün də öz elmi əhəmiyyətini qoruyub saxlayır. Elmi mühitdə aparılan araşdırmalar kontekstində şahidiyəm ki, ən çox istinad olunan mənbələrdəndir.
Muxtar Kazımoğlu ədəbiyyatşünaslıq elminə ötən yüzilliyin 80-ci illərində gəldi; bu zaman elmə yeni gələn gənclər arasında ədəbiyyat tarixçiliyi ilə ədəbiyyat nəzəriyyəsinin rəqabəti kontekstində gizli bir marafonda kimin irəliyə çıxacağı ilə bağlı kuluarlarda söhbətlər də gedirdi. Ədəbiyyat tarixçiliyi və faktoloji tədqiqatların keçmişdə qalması, nəzəri istiqamətin önə çıxması ilə bağlı mübahisələr çox zaman təcrübədə təsdiq olunmur və ən yaxşı araşdırmaların bu iki formatın qovuşuğunda daha uğurlu alınması sübut olunurdu. Bütün hallarda faktoloji material nəzəri fikirlə müşayiət olunmurdusa, ədəbi hadisənin mahiyyəti, ədəbi prosesin nəzəri əhəmiyyəti göstərilmirsə, deməli ki, ədəbiyyatşünaslıq düzgün istiqamətdə inkişaf etmir. Faktoloji materialsız quru, cansıxıcı nəzəri (yalançı nəzəriyyəçilik!) fikirlər havadan asılı qaldığı kimi, nəzəri fikirsiz də ədəbiyyatşünaslığın müəyyən bir mərhələyə çıxması mümkünsüz görünürdü. M.Kazımoğlu institut dəhlizində qarşılaşdığı illərdən bəri formalaşmış hər iki yolun nümayəndələrinin yaradıcılıq istiqamətlərini qovuşdurmağın daha səmərəli olduğunu dərk etdi. Ədəbiyyatşünaslığımızın M.Arif, M.C.Cəfərov, K.Talıbzadə, Ə.Mirəhmədov, Y.Qarayev, M.Seyidov səviyyəsini yalnız bu iki istiqamətin bərabər şəkildə qovuşuğu fonunda qoruyub saxlamaq mümkün idi... Muxtar Kazımoğlunun ilk tədqiqat işində məhz bu iki amil nəzərə alınmışdı; 60-cı illər Azərbaycan nəsri faktoloji materiallar əsasında sosioloji cəhətdən deyil, məhz nəzəri-psixologizm problemi baxımından araşdırılırdı. Problemin ilk dəfə işlənməsi onun qarşısında duran vəzifənin nə qədər çətin və məsuliyyətli olduğunu göstərdiyi kimi, onun funksionallığını və əhəmiyyətini də artırırdı. Gənc ədəbiyyatşünasın ilk tədqiqatının çox az işlənmiş problemə həsr edilməsi onun sonrakı yaradıcılıq istiqamətini də müəyyənləşdirmiş oldu. Altmışıncı illər nəsrinin görkəmli nümayəndələri İ.Hüseynov, İ.Şıxlı, S.Əhmədov, Ç.Hüseynov, Ə.Əylisli, Anar, Elçin, İ.Məlikzadə və başqalarının nəsrinin psixologizmin təzahürü, ümumi səciyyəsi və bədii funksiyası kontekstində araşdırılması ədəbi prosesdə ədəbiyyatşünaslığın, ədəbi tənqidin varlığını təsdiq etdi. Tədqiqatçı psixologizm kontekstində 60-cı illərdə Azərbaycan nəsrində baş verən keyfiyyət dəyişikliyinin başlıca mahiyyətini açmağa nail oldu. Ona qədər ədəbi prosesdə Altmışıncıların yaradıcılıq keyfiyyətləri ilə bağlı bəzi tənqidi məqalələr yazılmışdısa da, onun elmi-nəzəri əsasları sistemli və əhatəli şəkildə işlənilməmişdi. Gənc tədqiqatçının Altmışıncıların yaradıcılığının təhlilinə nəzəri istiqamət gətirməsi problemin mahiyyətini açmağa kömək etdi. Tezliklə bu tədqiqatın akademik M.C.Cəfərovun redaktorluğu ilə (Muxtar İmanov. Müasir Azərbaycan nəsrində psixologizm. Bakı, "Yazıçı", 1991) ilə nəşr edilməsi elmi mühitdə mövcud olan böyük bir boşluğu aradan qaldırmış oldu. Monoqrafiyada gerçəkliyi bədii əksetdirmənin üsul və prinsiplərini, ifadə formaları və imkanları, personajın daxili aləminin hiss və həyəcanları elmi-nəzəri prinsiplərlə müəyyən edilirdi. Tədqiqatçının 80-ci illərin ortalarında gerçəkləşdirdiyi, bir qədər sonra monoqrafiya şəklində çap etdirdiyi bu araşdırması bu gün də öz elmi dəyərini qoruyub saxlayır. Təsadüfi deyil ki, tədqiqatçı 60-cı illər nəsrinin təhlilinə yeni meyarlarla yanaşır, onun mahiyyətini dəyərləndirərkən, nə qədər çətin də olsa, obyektivlik prizmasından baxır. Sosrealizmin hələ hakim olduğu ədəbiyyatşünaslığın mövcud sərhədlərinin dağıdılmasında bu cür yanaşma və fikirlərin də rolu az olmayıb. "Müasir Azərbaycan nəsrində psixologizm" araşdırması ilə bir tədqiqatçı kimi formalaşan Muxtar Kazımoğlunun bu monoqrafiyası yalnız onun fərdi uğuru deyil, həm də ümumən 80-ci illər tənqidçi və ədəbiyyatşünas nəslinin uğuru kimi mənalanır. Ona qədər heç bir tədqiqatda altmışıncıların yaradıcılığı psixologizm mövqeyindən elmi şəkildə araşdırılmamışdı. Onun bu monoqrafiyası 60-cı illər ədəbiyyatının nəzəri ədəbiyyatşünaslığımızdakı yerini və mövqeyini möhkəmlətdi və sonrakı ədəbiyyatşünaslığın konturlarının cızılmasında önəmli rol oynadı. Monoqrafiyaya istinad baxımından yanaşsaq, bu araşdırmanı son iyirmi ildə ən çox istinad olunan tədqiqatlardan biri hesab etmək olar. Elmi dövriyyəyə daxil olduğu vaxtdan bu günə kimi bu tədqiqat əsəri tələbələr, magistrlər, doktorantlar və tədqiqatçıların stolüstü kitabı kimi mötəbər mənbələrdən biridir.

Akademik Muxtar Kazımoğlunun elmi yaradıcılığının ikinci ən mühüm fundamental istiqaməti ikinci folklorşünaslıqdır. "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq dissertasiyası və bir çox məqalə və monoqrafiyaları folklorşünaslığımızda olan bu boşluğu doldurmağa xidmət edir. Onun ilk monoqrafiyasının sonuncu fəsli "Psixoloji nəsr və folklor" adlanırdı; 60-cı illər nəsrinin xalq təfəkkürü ilə bağlılığını, fantasmaqoriya və mifologizmə müraciəti bədii nəsrin uğuru hesab edən tədqiqatçı bununla həm də gələcək elmi istiqamətini müəyyənləşdirmiş olurdu. Filologiya elmləri doktoru Arif Abdullazadənin rəhbərliyi ilə Nizami adına Ədəbiyyat İnstitutunun kollektiv şəkildə hazırladığı "Ədəbiyyatda şəxsiyyət konsepsiyası" (Bakı, "Elm", 2000) kitabında da Muxtar Kazımoğlu 60-cı illər bədii nəsrində folklor motivlərini araşdırmaqla ədəbiyyat şünaslıq fəaliyyətinin xalq təfəkkürü ilə bağlı ağırlığını ortaya qoymuş oldu. Bütün bunlar Muxtar Kazımoğlunun gələcək tədqiqat istiqamətinin xalq yaradıcılığının nəzəri kontekstdə araşdırılmasına yönəldiyini göstərməkdədir. Şifahi xalq yaradıcılığının tükənməz sərvət funksiyasını yerinə yetirən folklor araşdırmasının mövcud vəziyyəti onu narahat etdiyindəndir ki, o, sonrakı ədəbiyyatşünaslıq fəaliyyətini folklorun nəzəri və təcrübi problemləri ilə sistemli, fasiləsiz məşğul olmağı üstün tutdu. Folklorşünaslığın nəzəri problemlərini araşdıran tədqiqatçının fəaliyyətini Folklor İnstitutunda davam etdirməsi araşdırmalarının məntiqi nəticəsi olduğu kimi, həm də zərurətdən doğurdu. Artıq Muxtar Kazımoğlunun tədqiqatlarında folklorun nəzəri istiqaməti aparıcı yer tuturdu. Onun onlarla problematik məqalələrində və fundamental tədqiqatlarında Azərbaycan folkloru elmi, nəzəri araşdırma obyekti olur. "Gülüşün arxaik kökləri" (2005), "Xalq gülüşünün poetikası" (2006), "Folklorda obrazın ikiləşməsi" (2011), "Folklor həm keçmiş, həm də bu gündür" (2014), "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" (2015) və s. monoqrafiyaları folklorşünaslığın milli zəmində inkişafı üçün konseptual nəzəri mənbə kimi diqqəti cəlb etdi. "Gülüşün arxaik kökləri" monoqrafiyasında gülüşün magik mahiyyəti, nağıllarda komik qarşıdurma, dərvişlər; sehrkarlıq və oyunbazlıq, qızıl saçlı qəhrəman və keçəl, "Dədə Qorqud" kitabında dəli obrazı, "Koroğlu" eposunda dəli obrazı, mərd namərd qarşılaşmasında dramatiklik və komiklik və s. kimi problemlər tamamilə yeni istiqamətdə araşdırma obyekti olur. Folklorda gülüşün dərin elmi, nəzəri xüsusiyyətlərini araşdıran tədqiqatçı xalq gülüşünün mənbə və qaynaqları, struktur və semantikası ilə bağlı maraqlı elmi nəticələri çağdaş folklorşünaslığımızın yeni üfüqlərini müəyyən edir. Muxtar Kazımoğlu bu tədqiqatlarında ənənəvi yolla getmir, tamamilə yeni yanaşma və təhliletmə metodu ilə xalq gülüşünün magik və mifoloji mahiyyətini aydınlaşdırmağa nail olur. İlk dəfə olaraq folklorda komizmin, gülüşün estetik mahiyyətini, forma və xüsusiyyətlərini sistemli şəkildə araşdıran tədqiqatçı tənqidin, gülüşün folklordakı funksiyasına aydınlıq gətirərək öldürücü gülüşün folklorda təzahür formalarının yazılı ədəbiyyatdan fərqləndiyini ortaya qoyur. Gülüşün arxaik funksiyası, magik mahiyyəti onun tədqiqatlarında yeni ömrünü yaşayır, yunan mifologiyasında olduğu kimi, onun semantik mənasına daha çox diqqət yetirir: "...nəzərə alırıq ki, yazılı ədəbiyyat nümunələrində işıq-gülmək paralelizmi metaforik düşüncənin, "Qodu-qodu" tipli arxaik nümunələrdə isə günəşin gülməsi mifoloji düşüncənin məhsuludur. Metaforik düşüncənin nəticəsi olaraq, zəmilər insana bənzədilir, yəni günəş işığın da göz oxşayan zəmilərin insan kimi üzə gülməyindən bəhs olunur. Mifoloji düşüncədə isə günəşin gülməyinə, eləcə də ağlamağına inam ifadə edilir". "Nağıllarda komik qarşıdurma", "sehrkarlıq və oyunbazlıq", "mərd-namərd qarşılaşmasında dramatiklik və komiklik", "Bamsı Beyrək" boyunda gülüş kultu və obrazın ikiləşməsi", komik yöndə ikiləşmə (hökmdar və təlxək, pəhləvan və yalançı pəhləvan, doğru və yalan, ağıllı və axmaq, taraz 262 və nataraz və s.) və sair problemlər də ilk dəfə olaraq elmi dövriyyəyə nəzəri kontekstdə gətirilir. Ümumiyyətlə, bədii ədəbiyyatda (istər şifahi, istərsə də yazılı) ikiləşmə probleminin kompleks halda ədəbiyyatşünaslığımızda işlənilməsi Muxtar Kazımoğlunun adı ilə bağlıdır. Tədqiqatçının Hüseyn Cavid və Cəlil Məmmədquluzadə dramaturgiyasında da ikiləşmə problemini araşdırması da bir ilk olaraq ədəbiyyatşü naslarımızın diqqətini bu istiqamətə yönəltməlidir. Ümumiyyətlə, tədqiqatçının araşdırmaları yazılı ədəbiyyatda komizm, komiklik, satira, yumor və gülüş probleminin köklərini xalq yaradıcılığında axtarmağın yolunu göstərdi. Muxtar Kazımoğlunun tədqiqatlarının hər biri problem xarakterli olub nəzəri əhəmiyyət daşıyır və yeni araşdırmalar üçün elmi mənbə kimi diqqəti cəlb edir. M.Baxtin, Y.Lotman, V.Baxtina, V.Terner, V.Propp, D.Lixaçev, E.Meletinski, Y.Borev və başqa görkəmli nəzəriyyəçi alimlərin təcrübəsindən bəhrələnməklə yanaşı, folklorşünaslığımızı dünya folklorşünaslığına yaxınlaşdırmış olur. Dünya xalqlarının ağız ədəbiyyatında ortaq cəhətlər çox olduğundan milli folklorun dünya nəzəri təcrübəsi kontekstində araşdırılması çağdaş elmimizin yalnız xeyrinə ola bilər. Muxtar Kazımoğlunun məhz bu nəzəri tədqiqatları və Folklor İnstitutuna rəhbərliyi sayəsində folklorşünaslıq elmi yeni inkişaf mərhələsini yaşayır. Onun çoxsaylı məqalələri, monoqrafiya və kitabları ədəbi, elmi cameədə elmi etalon və nüfuz göstəricisi olmaqla yanaşı, son illərdə Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru kimi elmi-təşkilati işlərə rəhbərlik etməsi də yaradıcılıq fəaliyyətinin çox yönlülüyünü müəyyənləşdirmiş olur. Çox az bir müddətdə İnstitutun kollektivi tərəfindən onlarla xalq ədəbiyyatı nümunələrinin toplanması və nəşri işi məhz onun rəhbərliyi ilə həyata keçmişdir. "Bu yurd bayquşa qalmaz" (1995), "Zəngəzur folkloru" (2005) və başqa kitablar xalqımızın 263 mənəvi sərvətini özünə qaytarmaq işində atılan real addımlardır. Onun rəhbərliyi ilə institutda yaradılan "Folklorun toplanması və sistemləşdirilməsi" şöbəsi ölkədə və ölkədən kənarda böyük həcmli toplama-tərtib işləri görmüşdür. Qarabağ, Naxçıvan, Lənkəran-Masallı, Muğan, Gəncəbasar, eləcə də Borçalı, Dərbənd və s. bölgələrdə toplanan folklor örnəkləri 20-30-cu illərdən sonra mənəvi sərvətimizə edilən ikinci müraciət dalğasıdır. Bu işlərin bəhrəsi olaraq "Borçalı folklor örnəkləri" (2 cilddə), "Masallı folklor örnəkləri" (2 cilddə), "Güney Azərbaycan folkloru" (3 cilddə) kitablarının dərc olunması başlanmış folklor layihəsinin yalnız kiçik bir qismidir. "Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması" adlı layihə həyata keçirmiş və "Qarabağ: folklor da bir tarixdir" kitabını dərc etdirmişdir. O, İnstituta rəhbərliyi müddətində vacib istiqamətlərdən biri kimi dünyaya inteqrasiya məsələsinə də xüsusi diqqət yetirir. İnstitutun keçirdiyi və əməkdaşlarının iştirak etdiyi simpoziumlar Azərbaycan folklorunu beynəlxalq arenaya çıxarır. Nəzəri biliyi rəhbərlik və təşkilatçılıq işi ilə birləşdirmək onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Fikrimcə, akademik Muxtar Kazımoğlunun Folklor İnstitutuna rəhbərliyi, burada gördüyü işlər, layihələr, bu eln sahəsinə nəzəri istiqamət gətirməsi milli folklorşünaslığın inkişafında yeni bir mərhələdir.
Akademik Muxtar Kazımoğlu Azərbaycan elminin təşkili və sabahı üçün böyük məsuliyyət daşıdığı kimi, folklorun toplanması, nəşr edilməsi, folklorşünaslıq elminin inkişafı üçün də potensial imkanlarını reallaşdırmışdır. Bu ədəbiyyatşünaslıq elmimizin müxtəlif problemləri ilə (təşkilati işlər də daxil olmaqla!) yorulmadan çalışan klassik ədəbiyyatşünasların qoyub getdiyi elm yolunun uğurla davam etdirilməsi deməkdir. Bu mənada həm də bir missiyası elmə vurğun istedadlı gənclərə dayaq durmaq, qazandığı uğurları, nəzəri və təcrübi biliyi onlarla bölüşməkdir.
Akademik Muxtar Kazımoğlunun çoxcəhətli ədəbi fəaliyyətində tənqidçilik də mühüm yer tutur; olsun ki, onun tənqidi məqalələri elmi məqalələrinə nisbətən bir qədər azlıq təşkil etsin. Ancaq ayrı-ayrı şair və yazıçıların yaradıcılığı, eləcə də ədəbi prosesə aid azsaylı məqalələri sanbalına və ədəbi mühitdəki çəkisinə görə ədəbi tənqidin vicdan barometrini müəyyən edir; çağdaş ədəbi tənqidin mənəvi-əxlaqi göstəricisi kimi yadda qalır. Onun tənqidinin əsasında professionallıqla yanaşı nəzəri problematika dayanır; elmi təhlillə tənqidi analiz paralel çıxış edir. Son illər bizim ədəbi tənqidimizdə akademizmin çatışmaması məhz tənqidin mövqeyini bir qədər zəiflətməsinə nədən olmuşdur. Bu mənada, Muxtar Kazımoğlunu sözün əsl mənasında akademik ədəbiyyatşünaslığın, folklorşünaslığın, nəzəriyyənin və akademik ədəbi tənqidin görkəmli nümayəndəsi hesab etmək olar. Akademik Muxtar Kazımoğlu ömrünün və yaradıcılığının baharını yaşayır; onun alim ömrünün məhsuldarlığı, sistemliliyi, hərəkətliliyi və canlılığı elmi cameədə onun özünün obrazını, xarakterini yaradıb. Biz Muxtar Kazımoğlunu bütün yönlərilə akademik səviyyədə tanımışıq. Bu gün də eyni səviyyə ilə yetmiş yaşın işığında araşdırmalarını davam etdirir. Biz də bu yolda gəncliyimizdən bəri bir yerdə addımladığımız alim həmkarımıza uğurlar diləyirik...


