Icma.az
close
up
RU
Çağdaş tariximizin ümummilli xilas günü

Çağdaş tariximizin ümummilli xilas günü

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

15 İyun Milli Qurtuluş Günü, xalqımızın xilas günüdür. 32 ildir ki, bu tarix taleyimizə yazılan bir gün anlamı daşıyır. Bu müddət tarix üçün qısa zaman kəsiyi olsa da, ötən dövrdə ölkəmizin və xalqımızın həyatında köklü dəyişikliklər baş vermişdir. Azərbaycan müstəqil bir dövlət kimi möhkəmlənmiş, dünyaya açılmış, dövlət quruculuğu yolunda tutarlı addımlar atılmışdır.

Bu yığcam ifadələrin arxasında ümummilli lider Heydər Əliyevin şəxsiyyət nəhəngliyi, dövlətçiliyə misilsiz xidməti, Ulu öndərin xalqla yekdilliyi, Azərbaycanın vaxtı ilə mübtəla edildiyi və sonu görünməyən bəlalardan xilası durur.

Ötən bu illər ərzində ümummilli lider Heydər Əliyev bir daha sübut etmişdir ki, o Azərbaycanın tarixində və dünyanın siyasi arenasında əbədi yaşamaq hüququ qazanmışdır. Ümummilli lider Heydər Əliyev tükənməz istedadını, zəngin təcrübəsini azad, müstəqil, dünyanın sivilizasiyalı dövlətləri səviyyəsinə çatan bir dövlət qurmağa sərf etmişdir.

Son illərdə baş verən hadisələr, ölkənin inkişaf xətti, ən çətin problemlərin həlli açarının tapılması bir daha təsdiqlədi ki, xalqın təkidli tələbləri ilə Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı məhz Azərbaycanı xilas etdi. Çünki, AXC–Müsavat iqtidarının səriştəsizliyi, vəzifə kürsüləri uğrunda didişmələri, daxili və xarici siyasətdə buraxılan kobud səhvlər hələ 1993-cü ilin əvvəllərində ölkəni siyasi böhran, hakimiyyət böhranı həddinə gətirib çıxarmışdı.

Əslində, 1992-ci ilin may ayında silah gücünə hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün diletantlığı və siyasi naşılığı heç bir neçə ay keçməmiş özünü büruzə verməyə başladı.

Respublikamızdakı ictimai-siyasi vəziyyətə lazımınca nəzarət edə bilməmələri və bilavasitə onların günahı ucbatından cəbhədə baş verən uğursuzluqlar xalqın onlara qarşı olan inamını günü-gündən azaldırdı.

Bəla orasında idi ki, bu niyyətlərini həyata keçirmək üçün xarici ölkələrin bəzi orqanları o vaxtkı hakimiyyətin yetişdirdiyi “kadrlardan” – Əlikram Hümbətovdan, Rəhim Qazıyevdən, Surət Hüseynovdan və bu kimi adamlardan çox məharətlə istifadə edirdilər. Üstəlik, “bəylərin” 1992-ci ilin may ayında devirdikləri Ayaz Mütəllibov hakimiyyətinin liderləri də Rusiyanın məxfı orqanlarının yaxından köməkliyi ilə respublikamızın bir suveren dövlət kimi ləğv edilməsi üçün bütün səylərini birləşdirmişdilər. Cənub qonşumuzun müxtəlif orqanları da bu işlərdə xüsusi fəallıq göstərirdilər.

Bəs, onlar nə istəyirdilər? Əsas məqsəd Azərbaycanı müəyyən inzibati ərazilərə bölüb, federativ dövlət yaratmaq və onun müstəqilliyini əlindən almaq idi. Həmin qüvvələrin xarici ölkə havadarları ilə birgə hazırladıqları məkrli plana əsasən Azərbaycanın qərbində Gəncə, şimalında Quba, mərkəzində Şirvan quberniyaları yaradılmalı, cənub-qərbində Kürdüstan Respublikası, şimal-qərbində (Şəki-Zaqatala zonasında) Avar Respublikası, şimalında Ləzgistan Respublikası və cənubunda Talış-Muğan Respublikası elan olunmalıydı. 1993-ilin aprel-may aylarında bu planın həyata keçirilməsinə başlanmışdı və artıq bəzi regionlarda hakimiyyətsizlik hökm sürürdü. İyunun əvvəllərində başlayan Gəncə hadisələri bu prosesi daha da sürətləndirdi.

Faciələrin miqyasına, münaqişələrin mürəkkəbliyinə görə 1993-cü il Azərbaycan dövləti üçün ən ağır dövr idi. Bütün bunlar xalqımızın tarixində böyük faciə idi. Ən böyük faciə isə belə adamların hakimiyyətdə olması, lakin hakimiyyətdən baş çıxarmaması idi. Ölkədə özbaşınalıq, lidersizlik və dəhşətli bir hərc-mərclik hökm sürməkdə idi. Həmin dəhşətli hadisələr bir daha göstərdi ki, müdriklər duran yerdə hakimiyyəti nadanlara vermək özü də cinayətdir. Bu, bir hakimiyyət kürsüsü xatirinə bir ölkəni, bir milləti fəlakətə sürükləməyə bərabərdir.

Ulu öndər Heydər Əliyev bütün ömrünü siyasi işdə, vəzifə pillələrində keçirmiş, SSRİ kimi dünyanın nəhəng imperiyasının rəhbərlərindən biri olmuşdu. Odur ki, onun Bakıya dəvət olunması təsadüfi ola bilməzdi. Əslində, məqsəd Azərbaycan dövlətçiliyini xilas etmək yükünü onun çiyinlərinə qoymaqdan ibarət idi. Təbii ki, bütün bunlar Heydər Əliyevə bəlli idi və o, qiyamçılarla, ölkənin yaxın, uzaq düşmənləri ilə özünəməxsus bir üsulla mübarizəyə atıldı.

Tarixi reallıq onu təsdiq edir ki, Heydər Əliyevin hakimiyyətə gəlişini nə sabiq prezident və onun komandası, nə sabiq spiker və onun komandası, nə sabiq baş nazir və onun komandası, nə də o dövrdə hökm sahibi olan sabiq daxili işlər naziri İsgəndər Həmidov və onun “boz qurd”ları, nə də yalnız şəxsi mənafelərə qulluq edən deputatlar həll etmirdilər. Bu taleyüklü məsələni xalq həll edirdi. Xalq isə deyirdi: “Heydər baba, qurtar Azərbaycanı bu bəladan!”

Heydər Əliyev şəxsiyyətinə olub-keçənləri və gələcəyi təhlil etmək bacarığı, hər hansı problemin həlli zamanı onlarca variantı saf-çürük edərək düzgün nəticə çıxarması xarakterikdir. O səbəbdəndir ki, bu dahi şəxsiyyət əvvəlcə Gəncəyə gedib oradakı vəziyyətlə yerində tanış olduqdan sonra vətəndaş qarşıdurmasını böyük məharətlə və uzaqgörənliklə aradan qaldırdı. Sonra isə müdrikcəsinə və siyasi ustalıqla o vaxt Azərbaycanda mövcud olan başıpozuq silahlı dəstələrin tərksilah olunmasına nail oldu. Müstəqilliyimiz üçün çox təhlükəli olan separatçılıq meyillərini aradan qaldırdı və qondarma Talış-Muğan Respublikasının başında duranları zərərsizləşdirdi.

Heydər Əliyev zəngin idarəetmə və dövlətçilik təcrübəsinə arxalanaraq hər şeydən əvvəl ölkədə özbaşınalığa son qoydu, müstəqilliyimizin möhkəmləndirilməsinə, haqq-ədalətin bərpasına, xalqın öləziyən ruhunun özünə qayıtmasına, müharibədə atəşkəsə nail oldu. Özünün uğurlu siyasəti ilə vətəndaş müharibəsinin və etnik parçalanmaların qarşısını aldı, dünya dövlətlərinin haqq işimizi dəstəkləməsinə səbəb oldu. Hakimiyyətə yenidən qayıdışı ilə Milli Qurtuluşumuzun əsasını qoydu. 1993-cü ilin 15 iyun günü Azərbaycan tarixinə Qurtuluş günü kimi daxil oldu.

Prezident Heydər Əliyevin qədirbilən xalqımız və tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geopolitik ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalayıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Sözün əsl mənasında, Qurtuluş deməkdir. Əgər 1993-cü il iyunun 15-də xalqın istəyi və tələbi ilə dövrümüzün müdrik şəxsiyyəti, təcrübəli və iradəli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.

Bu qayıdış Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışında tapdı. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və məsul dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər Əliyevin Naxçıvandan Bakıya böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir.

Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Vəziyyəti düzgün qiymətləndirdi. Real vəziyyətdən çıxış edərək atəşkəs rejiminə nail oldu. Bununla Azərbaycanın gənc, sağlam qüvvələrinin mənasız yerə qırılmasının qarşısını aldı - genefondumuzu xilas etdi...

1993-cü ilin 15 iyununda gənc və kövrək, ancaq gerçək müstəqillik tariximizin əsası qoyulmuşdur. Bu baxımdan 15 iyun 1993-cü il Azərbaycan tarixində böyük tarixə bərabər gün kimi səciyyələndirilməlidir. Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 iyun Milli Məclisin qərarı ilə 1997-ci il iyunun 27-də rəsmiləşdirildi.

Həmin tarixi qərarda deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin, müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qaytarılması əslində onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli vətən oğlunun öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi”.

Görkəmli alman dövlət başçısı kansler O.Bismark demişdir: “Şəxsiyyəti olmayan xalqın azadlıq uğrunda mübarizəsi ağlasığmazdır. Xalq öncə şəxsiyyət ətrafında birləşir, yalnız bundan sonra ideyalar haqqında düşünməyə başlayır”. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, xalqımızın təkidi, tələbi və xahişi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev müdrikcəsinə və uzaqgörənliklə Azərbaycanı məhz belə bir birliyə nail olmaqla labüd məhvdən xilas etdi, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunub saxlanmasına real zəmin yaratdı.

Bu illərdə Heydər Əliyevin gərgin işi, zəhməti nəticəsində Azərbaycan dövləti bir çox beynəlxalq təşkilatlara üzv olub, onlarla əməkdaşlıq edir. Demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycan bölgədə iqtisadi tərəqqiyə imkan verən addımlar atır. Demokratik şəkildə keçirilən parlament və prezident seçkiləri, hüquqi və iqtisadi islahatlar Azərbaycanın müstəqillik və demokratiya yolunda dönməzliyinə işarədir.

Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ölkə başçısının qloballaşan dünyanın tələblərinə uyğun yeni keyfiyyətdə davam etdirdiyi siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə misilsiz töhfələr verib.

Prezident İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. Dövlətimizin başçısı əsası Ümummilli lider tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl şəkildə və yüksək dinamizmlə həyata keçirilməsinə möhkəm və dönməz zəmin formalaşdırıb.

Ümumiyyətlə, ölkəmizin hərtərəfli və sürətli inkişafı, baş verən əsaslı dəyişikliklər, xarici siyasətimizdəki uğurlar, insanların rahatlığı naminə həyata keçirilən qlobal layihələr Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə Heydər Əliyev siyasətinə alternativ yoxdur və məhz bu siyasət Azərbaycanın firavan gələcəyinin qarantıdır.

İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyun 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri