Cəlal Ünsizadənin “Kəşkül”ü və Türkiyə həyatı
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan milli mətbuatı tarixində və maarifçilik hərəkatında, mətbəəçilik və nəşriyyat sisteminin qurulmasında Ünsizadə qardaşlarının fəaliyyəti ayrıca bir istiqamət təşkil edir. Qədim Şamaxının köklü soyağacına mənsub olan Əbdülrəhman ağa Ünsinin ailəsində dünyaya göz açan Səid, Cəlal və Kamal Ünsizadələrin həyatı, fəaliyyəti, dövrün şərtlərinə uyğun yenilikçi davranışları, anadilli mətbuatın inkişafına verdikləri töhfələri barmaqla saymaq mümkün deyil.
Ruhani mahiyyətindən uzaqlaşmayıb maarifçilik missiyasını səbrlə, uğurla davam etdirib mənsub olduğu xalqın tərəqqisinə yardım etmək bu qardaşların əsas həyat kredoları idi. Ailənin ilk övladı Səid Ünsizadə öncə Şamaxıda ailə çevrəsində, sonra Bağdadda ali dini təhsil alıb öz yurduna qayıdır, dövrün bəzi islam təhsilli üləmalarından fərqli yol tutur. Bir tərəfdən Şamaxıda, Bakıda və sonra Qafqaz Ruhanilər idarəsində məsul vəzifələr tutsa da, millətin gələcəyini elmdə, təhsildə, maarifçilikdə görür. 1877-ci ildə Şamaxıda şəriət dərsləri ilə yanaşı, rus, ərəb, fars dillərini öyrədən, təhsil verən dünyəvi məktəb açır.
Sonra Səid Ünsizadə Qafqaz Ruhanilər İdarəsində çalışmaq üçün Tiflisə gedir və burada arzuladığı ideyaların həyata keçirilməsi üçün şərait yaranır. "Əkinçi" qəzetinin ilk davamçısı olaraq o, 1879-cu ildə "Ziya"nı nəşr etdirir, daşbasma üsulu ilə ilk mətbəəni qurur. "Ziya" mətbəəsində təkcə "Ziya" qəzeti ərsəyə gəlmir, kitablar, dərsliklər də nəşr olunur. Səid Ünsizadə "dildə, fikirdə, əməldə birlik" düsturunun müəllifi, müxtəlif coğrafiyalarda yaşayan türklərin ortaq əlifba, dil ətrafında birliyini təbliğ edən İsmayıl bəy Qaspıralının "Tərcüman"a qədərki nəşrlərini də öz mətbəəsində çap etdirir.
Böyük qardaşın bu maarifçilik missiyası o biri oğulların həyatına da ciddi təsir göstərir, onların gələcək həyatını müəyyənləşdirir. Ailənin ikinci övladı Cəlal Ünsizadənin (1854-1933 ) fəaliyyəti, təəssüf ki, indiyə qədər yetərincə öyrənilməyib. 1878-ci ildə Şamaxıdan Tiflisə köçən Cəlalın ilk işi Azərbaycan türk balalarının inkişafına, müasir elmlərə vaqif olması üçün məktəb açması olur. Onun ikinci ən böyük işi, fəaliyyəti isə mətbəəçiliyi dərindən öyrənməsi və qəzetçiliyin sirlərini mənimsəməsi olur.
Səid əfəndi "Ziya"nı nəşr etməyə başlayanda Cəlala da qəzetçilik təcrübəsini öyrədir. Bu baxımdan Cəlal Ünsizadə bir qədər sonra müstəqil qəzet çıxarmaq istəyində olur. O, 1882-ci il may ayının 1-də Qafqaz canişinliyi Baş İdarəsinə yazdığı məktubda "Kəşkül" adlı jurnal nəşr etmək istədiyini bildirirdi.
Cəlal Ünsizadəyə görə, mətbuat da başqa maarif və mədəniyyət ocaqları kimi xalqın gözünü açır, onu oxumağa alışdırır, mədəni yüksəliş və tərəqqiyə təkan verir. Bu amal və məqsədə xidmət edən C.Ünsizadənin mətbuat yaratmaq fikri müsbət cavablandırılır. Qafqaz Senzura Komitəsinin 1883-cü ildə Peterburq Baş Mətbuat İdarəsinə göndərdiyi məlumatda aydın olur ki, "Kəşkül" jurnalının nəşrinə 1882-ci il oktyabr ayının 20-də icazə verilib. Qafqaz Senzura Komitəsinin bu məlumatından bəlli olur ki, jurnal ərəb, fars və Azərbaycan dillərində nəşr ediləcəkdi.
"Kəşkül"ün ilk nömrəsi 1883-cü ilin yanvarında çıxır, 11 nömrədən sonra jurnala çevrilir. Geniş bir məramnamə ilə nəşrə başlayan "Kəşkül" mövzu dairəsinə görə "Ziya" ("Ziyayi-Qafqaziyyə"dən) fərqlənirdi. Cəlal əfəndi Azərbaycan milli mətbuatının yaranmasında və inkişafında Həsən bəy Zərdabinin tarixi xidmətlərinə böyük qiymət verir, "Əkinçi" qəzetini milli mətbuatın bünövrəsi adlandırırdı.
Jurnalın redaksiyası Tiflisdə dar bir küçədə, iki yarımqaranlıq otaqda yerləşirdi ki, bu da işlərin normal məcrada getməsi üçün əngəl yaradırdı. Otaqların birində, ən ortada iri miz, divarın yanında isə yazı masası qoyulmuşdu. Masanın üzərində isə abunə yazılmış qəzetlərin dəstləri düzülürdü.
Cəlal əfəndinin jurnalın ilk nömrəsinə yazdığı proqram mahiyyətli məqalə xüsusi ilə maraqlıdır. O, bu məqalədə "Kəşkül"ün xalqa bağlı olacağını bildirərək yazırdı: "Məcmuəmizin dili və əsil ibarəsi məmləkətimizin müsəlmanlarının məfhumu olan türki-Azərbaycan dilindən ibarət olacaqdır". C.Ünsizadə "Kəşkül"ün ilk saylarında "vətənimiz", "Azərbaycan" kəlmələrini tez-tez işlətməklə xalqda milli kimlik və milli şüur hissi formalaşdırmağa çalışırdı.
C.Ünsizadə Tiflisdə yaşayan bir çox görkəmli şəxsiyyətləri "Kəşkül"ün ətrafında toplamışdı. Tiflisin baş hakimi Babov, maarif məclisinin keçmiş müdiri Qursaladze, Qori Müəllimlər Seminariyasının müəllimi A.O.Çernyayevski, ədib və jurnalist Eritsov və başqaları "Kəşkül"ün əsas əməkdaşları idilər. Həmçinin Firudin bəy Köçərli, S.M.Qənizadə, M.F.Axundovun oğlu Rəşid bəy Axundov, Gülməhəmməd bəy Kəngərli nəşrin fəaliyyətində yaxından iştirak edirdilər. Xüsusən Firudin bəy Köçərli və Gülməhəmməd bəy Kəngərli Cəlal Ünsizadənin yaxın dostları idi, redaksiya bir müddət Kəngərlinin evində yerləşdi.
Cəlal əfəndi təhsil görmüş gəncləri redaksiyaya cəlb etməyə çalışır, onlarla yaxından maraqlanırdı. Müəllim və tələbələrlə təmas qurur, onların yaradıcılıq istedadından yararlanmağa səy edirdi. "Kəşkül"də dil, ədəbiyyat, incəsənət, elm, maarif kimi bir çox məsələlərə dair nəzəri və publisist məqalələr, orijinal bədii əsərlər, rus, Avropa və Şərq ədəbiyyatından tərcümələr çap olunurdu.
“Kəşkül” ideya-siyasi istiqamət və taktiki baxımdan "Əkinçi" və "Ziya"nın yolunu gedir, hətta bir çox məsələlərdə "Əkinçi"yə artıq dərəcədə meyil göstərirdi. Bu cür qəzetçilik siyasəti çar senzurası tərəfindən diqqətə alınmaya bilməzdi. Ona görə də "Kəşkül" senzura təqiblərinə daha çox məruz qalırdı. Jurnalın səhifələrirdə "Kəşkül" “vəqti-müəyyəndə çıxmadı" ifadəsinə tez-tez rast gəlinir.
Bu mətbu orqanda dil-ədəbiyyat, incəsənət, elm və maarifə dair nəzəri-publisistik materiallar, bədii-publisistik yazılar, rus, Avropa və Şərq ədəbiyyatından tərcümələr də çap olunurdu. Klassik Azərbaycan ədəbiyyatının böyük simalarından olan Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı "Kəşkül"də geniş şəkildə işıqlandırılıb.
İslamda fanatizmin tənqidi "Kəşkül"də özünü qabarıq şəkildə büruzə verirdi. Bu mətbu orqanın səhifələrində din pərdəsi altında aparılan mövhumatçılıq tənqid edilirdi. İslam dininin əsaslarına toxunmadan cəhalət yayan ruhani zümrə ciddi tənqidə məruz qalırdı. "Kəşkül" özünün 1889-cu il tarixli 81-ci sayında yazırdı: "Bu zümrənin çoxusu elmsizdir". Qəzet satirik məqalələrinin birində ruhani idarələrinin mövhumatçılıq siyasətinə qarşı çıxırdı: "Zira bu attestatlı ruhanilərimizdən hansı birinə yaxın gedib, a quzum, yaxud a qoyunum, harada təhsili ümumi-finun eylədiniz" deyə sual eyləsək, cavabında əblahanə bir təbəssüm ilə iktifa eylər".
Nəşr dövrün bir sıra aktual məsələlərinə, beynəlxalq hadisələrə də toxunur, bu səpkidə məqalələr dərc edirdi. İlk sayında İngiltərənin və çarizmin Orta Asiyada apardığı müstəmləkəçilik siyasəti, Şeyx Şamilin rəhbərliyi altında aparılan milli azadlıq hərəkatı barədə oxucuya məlumat verirdi. "Kəşkül"də çıxan sosial-siyasi yazıların əksəriyyəti rus dilində nəşr olunan mərkəzi qəzetlərdən, yaxud yayılmasına icazə verilmiş xarici mətbu orqanlardan götürülürdü. Sonra isə buna icazə verilmədi. Senzura Komitəsi bu tip yazıların Qafqaz müsəlmanları arasında yayılmasını təhlükəli hesab edirdi.
Senzor "Kəşkül"ün "Əl-Qahirə" qəzetindən "məsəleyi-erməniyyə" başlıqlı məqaləsinin bir abzaslıq xülasəsini də qadağan etdi. Xülasə bundan ibarət idi: "Əl-Qahirə" məqaleyi-məxsusində yer üzündə Ermənistan deyilən ölkənin heç bir zaman mövcud olmadığını və coğrafi dəlayil və bərahim ilə bəyan eyləmişdir".
Cəmiyyətin həyatında baş verən dəyişiklikləri vaxtında oxuculara çatdırmaq istəyən "Kəşkül" XIX əsrin sonlarında Azərbaycanda baş verən milli oyanış və milli özünüdərk prosesinin də iştirakçısına çevrildi. Cəmiyyətdə azərbaycançılıq şüurunun oyanmasında "Kəşkül"ün fəaliyyəti danılmazdı. Millət və din məfhumlarının ayrı-ayrı şeylər olduğunu xalqa çatdıran, bu məsələyə daha geniş yanaşma tərzi ortaya qoyan "Kəşkül"çülər ictimai-siyasi şüurun inkişafına da məxsusi töhfələr verdilər .
Jurnal məqalələrinin birində azərbaycanlı ilə əcnəbinin əhvalatı, onların vağzalda bir-birinə rast gəlib həmsöhbət olmaları, əcnəbinin azərbaycanlıdan hansı millətə məxsusluğu barədə sualına cavabı da o dövrun milli kimlik axtarışlarının nəticəsi olaraq maraq doğurur. Əcnəbinin "nə millətdənsən" sualına soydaşımız üç dəfə "müsəlmanam" cavabını verir. "Müsəlman" sözünün dini bir anlayış olduğunu bildirən əcnəbi soydaşımızın milli kimliyini bu formada bildirir:
– Əfəndim, doğrusu insan üçün nə millətdən olduğunu bilməmək böyük eyibdir. Belə olanda gərək bilməyəsən atan kimdir, anan kimdir. Siz o tayfadan deyilmisiniz ki, sizə tatar deyirlər?
– Bəli, bizə tatar deyirlər.
– Hə, indi bildim siz nə millətdənsiniz.Siz tatar deyilsiniz. Tatar Krımda, Qazanda olan müsəlmanlardır. Sizin millət Azərbaycandır".
Bu misaldan göründüyü kimi, "Kəşkül" xalqa milli şüur aşılayır, din və milliyyət fərqinin açımını verir, xalqın milli kimliyini xatırladır və azərbaycançılıq ideyasını yayırdı. Jurnal ilk dəfə olaraq ümmət və millət anlayışlarının fərqli məzmuna malik olduğunu, öz həmvətənlərinin milliyyət baxımdan müsəlman deyil, azərbaycanlı-türk olduqlarını anlatmağa çalışırdı. Burada bir məsələ aydın idi ki, bu ilk təşəbbüs hələ azərbaycanlıların etnik mənsubiyyətini konkret müəyyənləşdirmirdi.
Yusuf Akçuralı "Türkçülüyün tarixi" əsərində "Kəşkül" haqqında ona verilən məlumatlar əsasında fikir yürüdərək yazırdı: "Kəşkül" azəri şivəsini İstanbul türkcəsinə yaxınlaşdırmaq məqsədi ilə nəşr olunurmuş, bu dərgidə azəri, cığatay, noqay və Osmanlı şivələrində türkcə məqalələr, ərəbcə və farsca yazılar da nəşr olunurmuş. Müxtəlif müsəlman dillərində yazılan məqalələri özündə əhatə edəcəyi üçündür ki, bu dərgiyə sahibləri "Kəşkül" adını vermişlər. Azəri şivəsini Qərb, İstanbul türkcəsinə yaxınlaşdırmaq qayəsini təqib etdiyi üçün "Kəşkül" və "Ziya"nın sahib və yazarlarının çar hökuməti tərəfindən təqiblərə və sorğu-suala məruz qalmış olduqları da Cəlal bəyin (C.Ünsizadənin - red.) məlumatları sırasındadır. Hər iki qardaşın Səid əfəndi ilə Cəlal bəyin Qafqazı tərk etməyə məcbur olmaları da bu hadisənin bir nəticəsi imiş". Akçuralının fikrincə, "Ziya" kimi "Kəşkül"də türklük məfkurəsini deyil, islam birliyi görüşünün daşıyıcısı olub.
Cəlal Ünsizadənin fəaliyyətinin bir istiqaməti qardaşı ilə birlikdə mətbəə açmaq, senzorun razılıq verdiyi kitabların çapı ilə məşğul olmasıdır. Bu arzusunu Cəlal əfəndi 1889-cu ildə reallaşdıra bildi. Rəsmi sənədlərdən bəlli olur ki, mətbəə açmaq üçün Ünsizadə qardaşları xeyli müddət çalışır, nəhayət ki, Tiflis polis idarəsinin mətbəəsini satın ala bilirlər. C.Ünsizadə mətbəəsini qəzetin adı ilə "Kəşkül" mətbəəsi və ya "Mətbeyi-cərideyi Kəşkül" adlandırır, müxtəlif məzmunlu kitablar, risalələr nəşr edir və bu yolla maarifçilik missiyasını davam etdirir.
Cəlal əfəndi mətbəəçilik işinə başlaması barədə yazır: "Burada (Tiflisdə - red.) bir islam mətbəəsi ehdas elədiyimizdən məqsudumuz, sadəcə, qəzet təb və nəşr eləməkdə deyildir. Millətdaşlarımız qəzetə və ovraqi-həvadisdən ziyadə maarifə xidmət edən təlim kitab və risalənin möhtac olduqları üçün bu yolda dəxi səy və əməyimizi düruğ tutmayacağıq". Məqalədə kitab, o cümlədən tərcümə əsərlərinin çapının, xüsusən kitab nəşrinə senzuradan icazə almağın çətinliyindən yazırdı.
Mətbəədə Azərbaycan məktəbləri üçün dərsliklər, ədəbi-bədii əsərlər, təqvimlər müntəzəm surətdə nəşr olunurdu. Füzulinin "Leyli və Məcnun", Əsgər bəy Adıgözəlovun (Goraninin) "Qocalıqda yorğalıq" əsəri, M.Lermontovun "Hava gəmisi", A.Çernyayevski və S.Vəlibəyovun "Vətən dili", "Kəlilə və Dimnə" kitabları "Kəşkül" mətbəəsinin çap etdirdiyi nəşrlər sırasındadır. Bunlarla yanaşı, "Kəşkül"də Zaqafqaziya Şeyxülislamı Əbdüssəlam Axundzadənin "Ümtədül əhkam", "Tarixi müqəddəsi ənbiya" kimi dini görüşləri təbliğ edən kitablar da çap edilib.
"Kəşkül" bağlandıqdan sonra Cəlal Ünsizadə bir müddət Tiflisdə Kadet korpusunda müəllimlik edib. Qardaşı Səid Ünsizadə İstanbula yerləşdikdən sonra Tiflisdə çox da qalmayıb, üzləşdiyi çətinliklər, çar rejiminin yaratdığı psixoloji gərginliyə baxmayaraq Türkiyəyə mühacirət edir. İstanbul mühacirətinin ilk ilində Cəlal əfəndi rəsmi şəkildə Türkiyə dövlətinə müraciət edərək işlə təmin olunmasını, təhsil sahəsində çalışma istəyində olduğunu çatdırır. Amma nədənsə ilk müraciətinə müsbət cavab ala bilmir. Görünür, Cəlal əfəndinin şəxsiyyəti və fəaliyyətinin araşdırılması üçün müəyyən bir vaxt, zamana ehtiyac duyulur. Bir müddətdən sonra Cəlal əfəndi Ünsizadəyə bəlli maaş təyin olunur, əcnəbi mətbuatı idarəsində işlə təmin edilir.
İş və maaşla təmin olunmasına baxmayaraq C.Ünsizadə 1908-ci ildə İstanbulda "Daniş" adlı qəzet nəşr etmək üçün rəsmi dövlət qurumlarına müraciət edir. Çıxaracağı qəzetin qısa proqramını da məktuba əlavə edən C.Ünsizadə "Daniş"in sənaye, elm, siyasət və ədəbiyyat mövzularında məqalələr çap edəcəyini nəzərə çatdırırdı. Qəzet nəşri üçün xüsusi təcrübəsinin, bilik və bacarığının olduğunu xüsusi vurğulayan C.Ünsizadənin bu arzusu baş tutmur.
İstanbulda yaşadığı müddətdə müxtəlif qəzetlərlə əməkdaşlıq edib məqalələr yazır, maddi-mənəvi ehtiyaclarını ödəyir. Bu illər ərzində "Məlumat" qəzetində çalışır, xarici nəşrlərdə Türkiyə ilə bağlı önəmli bilinən məqalələri, xəbərləri tərcümə edir, verilən sifarişləri yüksək ustalıqla yerinə yetirir. Cəlal əfəndinin tərcümə etdiyi məqalələrdən biri Peterburqda nəşr olunan "Novosti" qəzetində çap olunmuş türk-yunan hərbinə aid mətndir ki, bu yazı hazırda Türkiyə arxivlərində qorunur.
Türkiyədə yaşamasına baxmayaraq, Bakı, Tiflis, Dağıstan və digər bölgələrdəki qohum və dostları ilə daim əlaqədə olan Cəlal Ünsizadə 1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycanın istiqlal savaşına qatılanda doğulduğu Vətənə gəlir. Nuru Paşa komandanlığında istiqlaliyyətini elan edən Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyünün təmini, erməni-bolşevik birləşmələrinə qarşı mübarizədə vaxtilə Türkiyəyə köç edən ziyalılar da iştirak edir. Azərbaycan Cümhuriyyətinin qurucu liderləri ilə Gəncədə yerləşən Nuru Paşa arasında münasibətləri tənzimləmək üçün Türkiyədən göndərilən nümayəndələr içərisində Cəlal Ünsizadə də var. Bu, onun Türkiyə dövləti-ərkanının inamı, etibarı və özünün nüfuzu ilə bağlı idi.
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə ilə birlikdə gənc Azərbaycan Cümhuriyyətində baş verən hadisələrə, hərbi-siyasi gərginliyə şahid olan Cəlal Ünsizadə burada 13 hissədən ibarət "Bi şübhə və bi şəkk" adlı şeir yazıb. Bu şeiri Əli bəy Hüseynzadəyə xatirə olaraq verir. İctimai-siyasi məzmun daşıyan həmin şeiri müasir əlifbaya çevirərək Türkiyənin məşhur mətbuat tarixçisi, professor Yavuz Akpınar çap edib. Satirik bir üslubda Gəncədə və Azərbaycanın digər bölgələrində əhalinin müstəqillik, torpaq bütünlüyü savaşında yetərincə iştirak etməmələri əsərdə tənqid olunub.
Qazi Mustafa Kamal Paşanın komandanlığı ilə Qurtuluş savaşının sonunda müstəqil Türkiyə Cümhuriyyətinin qurulması Cəlal əfəndini də sevindirməyə bilməzdi. Türkiyə Cümhuriyyətinin qurulmasından sonra C.Ünsizadə İstanbuldan Ankaraya köçür. Mətbuat idarəsində əvvəlki fəaliyyətini davam etdirir, tərcümələr edir. Yeni Türkiyənin qurulması Cəlal əfəndidə böyük ümid, inam yaradır və o qəzet yaratmaq istəyini təkrarən rəsmi dairələrə çatdırır. Bu dəfə 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinə müraciət edən mətbuat fədaisi rusca qəzet nəşr etmək istəyini təkrarən dilə gətirir. Amma bu istəyi qarşılıqsız qalır.
Sonrakı illərdə Cəlal əfəndinin bir neçə dili, xüsusən rus dilini mükəmməl bilməsi onu Türkiyə Xarici İşlər Nazirliyində tərcümə bölməsində çalışmasına imkan yaradır. O, həmin dönəmdə Ankarada yaşayan Zəki Vəlidi Toğan ilə təsadüf nəticəsində görüşür, əvvəlki dost münasibətləri yenidən başqa axarda davam etdirir. Zəki Vəlidi uzun illərdən sonra Cəlal Ünsizadəni görəndə xeyli çaşıb qalır. Çünki keçmiş dostlarının bəziləri kimi o da Cəlal əfəndinin çoxdan vəfat etdiyini düşünür. 1930-cu illərdə Türkiyə Xarici İşlər Nazirlyiində konsulluq işləri müdirliyində tərcüməçi kimi çalışan Cəlal Ünsizadə bir qədər sonra Əfqanıstan səfirliyində tərcüməçi kimi fəaliyyətini davam etdirir.
Azərbaycan mətbuat tarixində böyük fədakarlıqlar göstərən C.Ünsizadə 1933-cü ildə Ankarada vəfat edib, məzarı bilinmir. Onun dünyasını dəyişməsi barədə Türkiyə mətbuatında məlumatlar, nekroloq çap olunub. 19 fevral 1933-cü il tarixli "Hakimiyyəti-milliyyə" qəzetində "Bir mətbuat əməkdarı Cəlal Ünsi bəy" adlı nekroloq- məqalədə Cəlal əfəndi Ünsizadənin qısa tərcümeyi-halı ilə yanaşı, şəxsi keyfiyyətləri barədə də məlumatlar verilib.
Akif AŞIRLI,
Əməkdar jurnalist
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Türk Ocağı İctimai Birliyinin “Turan işığında 150 il” layihəsi çərçivəsində hazırlanıb.

