“Cənub mirvarisi”nin qızıl payızı
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dəmirağac meşələrinin incə gözəlliyi
Bütün fəsillərdə olduğu kimi, bu yerlərin payızı da gözəldir. Təbiət qızıl köynəyini geyinərək subtropiklər diyarının hüsnünə əlavə naxışlar vurur. Küləyin təsirindən dəmirağacın sarı, qırmızı yarpaqları yerə tökülür, əlvan, əsrarəngiz mənzərə yaranır.
İxtisasca tarixçi, təhsil veteranı Güloğlan Bağırovla Milli Qəhrəman Əsgər Əliyevin adını daşıyan parkda görüşürük. Ətraf payızın al-əlvan rənglərinə bürünüb, hər tərəf göz oxşayır. Güloğlan müəllim dəmirağacı Lənkəran təbiətinin yaraşığı, əzəməti, simvolu kimi səciyyələndirərək deyir:
– Görkəmli şair Həbib Səfərin sözləri ilə desək, dəmirağac əzmi, Xanbulan tacıdır Lənkəranın. Həm də cənub bölgəsində meşələrin bəzəyi, gözəlliyidir. Azərbaycanın yaşıl xəzinəsi sayılan Hirkan meşələri buzlaşmaya məruz qalmadığından bu ağacın, təxminən, 18-20 milyon il tarixi var. Orta hesabla bu ağac 200 il yaşayır. Vaxtilə Alfred Nobel dəmirağaca görə Lənkərana gəlib. Niyyəti ağacın dəmir kimi möhkəm gövdəsindən tüfəng qundağı istehsal etmək olub. Lakin Nobel qardaşları Bakıda neft quyularının aşıb-daşdığını görəndə fikrini dəyişirlər.
Həmsöhbətim tanınmış jurnalist, “Lənkəran” qəzetinin baş redaktoru işləmiş mərhum Həzi Əliyevdən eşitdiyi xalq əfsanəsini də yada salır: “Qədim zamanlarda bu yerlərdə dəmir gövdəli, dəmir biləkli nəhəng adamlar yaşayıb. Onlar torpağa bağlılıqda, dostluqda, sədaqətdə dəmir kimi möhkəm olmuş, düşmənə qarşı döyüşlərdə dəmir iradə nümayiş etdirmişlər. Bir gün çoxsaylı yadellilər hücum edəndə Dəmirpəncə, Dəmirsinə, Dəmirzərbə adlı ərənlər igidləri ətrafına yığıb düşmənin qarşısında canlı sipər çəkirlər. Yağılar səddi yara bilmir. Qətrandan, oddan istifadə edərək yenidən hücuma keçirlər. İgidlərin qollarını odla da ayırmaq olmur. Yanıb külə dönənə kimi düşmənə müqavimət göstərirlər.
Bu dəhşətli faciədən sonra təbiət də onlara yas saxlayır. Gecə-gündüz qara buludlar gözlərini sıxır, fasiləsiz yağışlar yağır. Ərənlərin əriyib torpağa qarışdığı yerdə balaca pöhrələr baş qaldırır. Böyüyüb qollu-budaqlı ağac olurlar. Dəmir biləkli insanların xüsusiyyətlərini qoruduğundan xalq tərəfindən dəmirağac adlandırılır. Ana torpağa övlad məhəbbəti bəslədiyindən suda batır, sanki torpağa çatmağa, onu qucmağa can atır”.
1718-ci ildə Rusiyanın dövlət xadimi Artmiy Volinskiy Lənkərana səfər edərkən bu nadir və qiymətli ağacı görüb. Qayıdandan sonra adını ilk dəfə elmi ədəbiyyata daxil edib.
Tarixən dəmirağacdan hazırlanmış əşyalar şah saraylarını bəzəyib. Şirvanşahlar səltənətinin şah taxtı buna əyani misaldır. Şirvanşah dövlətinin qüdrətli hökmdarlarından olan Birinci İbrahimin (1382-1417) taxtı Hirkan ərazisində bitən qoz və dəmirağacdan hazırlanıb. Dövrünün məşhur zərgəri Hacı Sülhəddin Şirvani hündürlüyü 1,7 metr, çəkisi 60 kiloqram olan bu taxtı qızıl və qiymətli daşlarla bəzəyib.
Gövdəsi metal rəngindədir. Əsasən dəniz səviyyəsindən 600-700 metr yüksəklikdə, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının ərazilərində bitir. Təxminən, 25 dərəcəyədək şaxtaya dözümlüdür. Subtropik və mülayim iqlimə uyğunlaşıb.
Təcrübəli meşə işçisi, 1 saylı Regional Meşə Təsərrüfatı İdarəsinin direktoru Habil Əliyev adı “Qırmızı Kitab”a düşmüş dəmirağacın qorunduğunu, dəmirağac tinglərindən yeni yaşıl massivlərin salındığını diqqətə çatdıraraq deyir: “Meşələrimizin 10-15 faizini dəmirağac təşkil edir. Nadir, relikt ağac növüdür. Çay kənarlarında, dərələrdə, nəmlik olan yerlərdə çox bitir. Boyu 25-28 metrədək uzanır. Qəribə xüsusiyyətləri var. Yanvar ayının əvvəllərindən başlayaraq çiçəkləyir. Çiçəkaçma dövrü 80 gün çəkir və hər il çiçək açmır. Payızda yarpaqlarının sarımtıl-qırmızı rəng alması tərkibində dəmir elementinin çox olması ilə izah olunur. Meyvələri sentyabr ayında yetişir və toxumları gövdəsindən 6-8 metr uzağa atmaqla çoxalır. Kökü zəif olduğundan güclü külək nəticəsində tez aşır, yerdə olan budağı yenidən bitib ağaca çevrilir. Bir dəmirağac zədələndikdə ona yaxın digər ağac budaqlarını əyərək bərpasına kömək edir. Dəmirağacın iki budağı üst-üstə düşəndə qaynaq olmuş dəmir kimi bir-birinə möhkəm yapışır.
Qiymətli flora nümunəsi olan dəmirağac idarəmizin kollektivi tərəfindən mühafizə edilir və çoxaldılır. Təsərrüfatımız bu il 199 min 763 ədəd yerli növ ağac tingləri yetişdirib. Bunun yarısını dəmirağac tingləri təşkil edir. Yaz mövsümündə 100 min 571, payızda isə 28 min 50 ədəd ting Lənkəran, Astara və Lerik rayonlarının meşəliklərində əkilib. Hazırda əkin kampaniyası davam edir. Məqsədimiz meşələrimizin tacı, bəzəyi olan dəmirağacı artırmaq və gələcək nəsillər üçün qoruyub saxlamaqdır”.
Qeyd edək ki, ötən əsrlərdə dəmirağacdan tüfəng qundağının hazırlanmasında, gəmiçilik və maşınqayırmada istifadə olunub. Dəmirağacın insan orqanizminə də müsbət təsiri var. Oksigenlə zəngin olduğu üçün ağciyər, ürək xəstəliklərinə xeyirlidir, əsəbsakitləşdirici xüsusiyyətlərə malikdir.
H.Əlisəfa,
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 24 Noyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















