Cənubi Qafqaz: köhnə narrativlər və yeni reallıqlar
Görünür, hələ bu məsələlərə yeni administrasiya diqüqət və zaman ayırmayıb. Prezident Trampın və dövlət katibi Marko Rubionun gündəliyində əsas yeri Rusiya-Ukrayna müharibəsini dayandırmaq, Çinlə, eləcə də, Avropa Birliyi, Kanada, Meksika ilə ticarət müharibələri tutur. Əvvəlki administrasiyadan miras olaraq çoxlu problem qalıb. Bu, həm Amerikanın öz daxili vəziyyətinə aiddir, həm xarici siyasətə. Ona görə də Ermənistanla imzalanmış xartiya elə də diqqəti cəlb etmir. Bir qeyri-müəyyənlik hiss olunur. Yəqin ki, bütün daşların yerinə oturması bir az zaman alacaq.
Cənubi Qafqazdakı gündəlik, o cümlədən, Ermənistan problematikası Ağ Evi, Dövlət Departamentini indilik çox məşğul etməsə də, Azərbaycanın proritetlərindəndir. Rəsmi Bakının burada bir sıra avantajlsrı yaranıb: əvvəla, ABŞ-ın Azərbaycanla münasibətlərini Azərbaycan-Ermənistan və ABŞ-Ermənistan münasibətlərindən asılı vəziyyətə salmış Baydenz-Blinken cütlüyü hakimiyyətdən gedib, ikincisi, Azərbaycan ABŞ-da seçki kampaniyası başlayandan, daha doğrusu, Respublikaçıların prezidentliyə namizədi bəlli olandan bəri Dobald Trampın qələbəsini proqnozlaşdırırdı. Prezident İlham Əliyev 2024-cü ilin iyulunda Şuşada keçirilmiş 2-ci Beynəlxalq Media Forumunda ad çəkmədən Donald Trampın qələbə qazanacağına əminliyini bildirmişdi.
Bu proqnozlar, əlbəttə, konkret faktlara, səhih informasiyalara, nüfuzlu sosioloji sorğuların nəticələrinə, hərtərəfli, dərin və düzgün təhlilə əsaslanırdı. Ona görə də doğrulması təəccüblü deyil.
Üçüncüsü, Donald Trampın beynəlxalq siyasi gündəliyə dair fikirləri, eləcə də, geostrateji planları Azərbaycanın mövqeyi ilə üst-üstə düşürdü. Azərbaycan da Rusiya-Ukrayna müharibəsinin tezliklə dayandırılmasını istəyir, hətta Bakını sülh danışıqları üçün əlverişli platforma olaraq təklif edib.
Təkcə bu müharibədən söhbət getmir, Azərbaycan, ümumiyyətlə, dünyada suveren ölkələrə qarşı hərbi təcavüzdən tutmuş müxtəlif formalarda siyasi müdaxilələrə qıdər hər cür münaqişələrin əleyhinədir. O cümlədən, xarici qüvvələrin "rəngli", ya "rəngsiz" inqilablar, iğtişaşlar yolu ilə başqa ölkələrdə qanuni hakimiyyətləri devirmək, bu və ya başqa ölkədə oyuncaq rejimlər qurmaq, ölkələrin daxili işlərinə qarışmaq cəhdlərini Azərbaycan qəbul etmir. Donald Trampın da bu sadalanan məsələlərə dair adekvat mövqe tutacağından gözləntilər var.
Beləliklə, Azərbaycan tərəfi Amerikanın yeni administrasiyasının simasında daha uyğun tərəfdaş görür, Azərbaycan-ABŞ münasibətlərini hətta strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq istəyir. Bunu prezident İlham Əliyev yerli televiziyalara son müsahibəsində açıq bildirib.
Bu mənada Ermənistan üçün hələ ki çox şey aydln deyil. Əlbəttə, Vaşinqton Ermənistanla bağlı siyasətini kökündən dəyişməyəcək. Bunu düşünmək və gözləmək yanlış olardı. Bəlkə heç məlum xartiyanı da ləğv etməyəcəklər. Amma çox uğurla.. "unuda bilərlır".
Daha əvvəl də yazdığımız kimi, Trampın yeni doktrinası müharibələri dayandırmağa yönəlib. Hər halda publik olaraq belə mesajlar verir. Bu məntiqlə ABŞ Azərbaycana qarşı Ermənistandakı revanşist müharibə meyllərini dəstəkləməz. Əgər Donald Tramp birinci hakimiyyəti dövründə Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsinə mane olacaq addımlar atmadısa, deməli, Ermənistanın yeni işğal xəyallarına da "hə" deməyəcək. Bu, əlbəttə, Azərbaycanın haqlı və əsaslı gözləntiləridir.
Mülahizələrimizi bu istiqamıtdə davam etdirsək, belə bir ritorik sual yaranacaq: Avropadakı müttəfiqlərinə - Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələrə hərbi yardımı azaltmağı planlaşdıram Tramp Ermənistana hərbi dəstəyini artıracaqmı?!
Bu, əlbəttə, inandırıcı görünmür. Odur ki, ABŞ-da hakimiyyət dəyişikliyi rəsmi İrəvanı heç arzulamadığı bir nöqtədə haqlayıb. Ermənistan siyasi-hərbi rəhbərliyi Azərbaycanla sülh danışıqlarını ona görə uzadırdı ki, ABŞ-dan, eləcə də, Fransadan öz təhlükəsizliyinə təminat ala bilsin. Bayden yenidən seçilsəydi, Avropanın Ermənistandakı Müşahidə Missiyası bazasında NATO-nun faktik hərbi bazasının qurulması başa çatdırılacaqdı. Ermənistan hələ də bu gözləntilərindən imtina etməyib. Ancaq Donald Trampın xarici siyasət doktrinası ilə bu planlar bir-birinə uyğun gəlmir. Avropada Amerika qoşunlarının azaldılacağı gözlənildiyi yerdə, Vaşinqtonun Ermənistanda hərbi baza yaratması qəribə olardı.
O üzdən Ermənistanın niyyətləri hələ ki, real görünmür. Dediyimiz kimi, Ermənistan indi çox mürəkkəb vəziyyətdədir; nə Rusiyadan təhlükəsiz məsafəyə qədər uzaqlaşa bilib, nə də təhlükəsizliyinə təminat ala biləcək qədər Qərbə yaxınlaşıb. Eyni zamanda Ermənistandan başqa bölgə ölkələrinin hamısı - Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə və İran bir məsələdə həmrəydir: regionun problemləri region ölkələrinin öz arasında həll olunmalıdır, Cənubi Qafqaz və Xəzər hövzəsi regionuna aid olmayan xarici aktorlar buraya cəlb edilməməlidir. Bu baxımdan Ermənistanın hazırkı siyasəti region ölkələrinin maraqlarına ziddir. Ancaq görünən budur ki, Ermənistan rəhbərliyi ölkəsi və xalqı üçün risk daşıyan oyunlarını davam etdirməyi düşünür.
Ermənistan Xarici Kəşfiyyat Xidməti bəyan edib ki, bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünün "dondurulmuş" vəziyyəti 2025-ci ildə də davam edəcək. Bəyanatda deyilir: "Ermənistanın üzvlüyünü dayandırmasına gətirib çıxaran səbəblərin 2025-ci ildə aradan qaldırılacağını real hesab etmirik. Buna görə də bu təşkilatın prestiji böyük sual altında qalacaq və başqa üzv dövlətlər üçün də düşündürücü olacaq".
Göründüyü kimi, Ermənistan nəinki özü Rusiyamərkəzli hərbi blokda üzvlüyünü aktivləşdirmək istəyir, əksinə hətta təşkilatın başqa üzvlərini də oradan uzaqlaşmağa çağırır.
Əlbəttə, KTMT-nin taleyi Azərbaycanı maraqlandırmır. Azərbaycan heç onun üzvü də deyil. Bu bəyanatda Azərbaycanı ilgiləndirən hissə Ermənistanın gətirdiyi "səbəblər" ola bilər. Ermənistan bu ifadə altında Azərbaycanı nəzərdə tutur. Rəsmi İrəvan daha əvvəl dəfələrlə bəyan edib ki, 44 günlük müharibə zamanı Rusiya (KTMT) "kollektiv təhlükəsizlik" öhdəliklərinə zidd olaraq, Ermənistana kömək etməyib. Eyni zamanda Ermənistan iddia edir ki, guya Azərbaycan onun sərhəd ərazilərini tutub və orada yerləşib. Nəhayət, Azərbaycanın guya Ermənistana ərazi iddiaları irəli sürdüyünü və təhdid etdiyini irəli sürürlər.
Rəsmi İrəvan KTMT-dən uzaqlaşmaq və bölgədənkənar gücləri Cənubi Qafqaza cəlb etmək üçün bu saxta "arqument"lərə istinad edir. Halbuki Azərbaycan da, Rusiyanın özü də bu iddiaları dəfələrlə təkzib edib.
Əvvəla, Azərbaycan 44 günlük müharibəni torpaqlarını azad etməklə məşğul olub; hərbi əməliyyatları nəöz ərazisində aparıb, heç bir halda Ermənistanın ərazisinə keçirməyib. Buna görə KTMT üzvləri, yaxud ayrılıqda Rusiyanın Ermənistandakı qoşunları hərbi əməliyyatlara qoşula bilməzdi. Ancaq rəsmi İrəvan israrla "unudur" ki, həmin vaxt Rusiya Ermənistanana hər cür silah-sursat göndərirdi. Hətta sərnişin təyyarələrində.
Sərhəd məsələsinə toxunsaq, Azərbaycan Sovet İttifaqı dövründə ona məxsus olmuş ərazi hüdudlarında dayanıb. Həm də Ermənistanla Azərbaycan arasında dövlət sərhədləri hələ delimitasiya edilməyib. Bu proses yenicə başlayıb. Azərbaycan Dövlət Sərhəd Xidmətinə aid hərbi qulluqçuların hazırda yerləşdiyi coğrafi məntəqələr Ermənistan ərazisi deyil. Buna görə də rəsmi İrəvanın iddiaları əsassızdır.
Bundan başqa rəsmi İrəvan Azərbaycanda işlədilən "Qərbi Azərbaycan" ifadəsini ərazi iddiası kimi təqdim edir. Əslində isə bu, Ermənistandan zorla qovulmuş, deportasiya olunmuş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasını nəzərdə tutan sırf ictimai hərəkata aiddir. Adamların öz evlərinə qayıtmaq arzusu, çağırışları, çabaları nə zamandan ərazi iddiası sayılıb?!
"Qərbi Azərbaycan İcması" bir qeyri-hökumət təşkilatıdır. Bir ictimai təşkilat Ermənistana hansı hərbi təhlükə yarada bilər ki, Ermənistan Rusiyanı köməyə çağırsın?! Absurd deyilmi?! Bu təşkilat öz üzvlərinin təbii haqqını ictimailəşdirir, qanuni tələblərini irəli sürür. Ermənistan dövlət olaraq Azərbaycandakı bir ictimai təşkilatdan qorxursa, bunun özü düşündürücüdür.
Əsas mətləbə qayıdaq. Bəli, Ermənistan Cənubi Qafqaza kənar gücləri cəlb etməklə bölgədə özünü təklənmiş vəziyyətə salıb. Uçurumun üzərində laxlayan, silkələnən, qəzalı, etibarsız körpünün üstündə hərəkət edib və tam ortalarda onu ABŞ-dakı hakimiyyət dəyişikliyi haqlayıb. Əgər Ermənistan hökuməti qonşu ölkələrlə, region dövlətləri ilə münasibətləri normallaşdırsa, onun kənarda dəstək axtarmasına ehtiyacı qalmayacaq. Özü regionda təhlükə yaratmasa, təhlükəsizliyinə başqa yerdə təminat istəməsi lazım gəlməyəcək. Ermınistanın hazırda təhlükəsizliyinə ən böyük təhdid elə Ermənistanın özüdür. Öz Konstitusiyasında qonşularına qarşı nəzərdə tutduğu ərazi iddiası bu dövlətin özünə qarşı ən ağır təhlükədir.
Bəlkə Ermənistan cəmiyyəti bunu lazımınca dərk edə bilmir, amma elita, o cümlədən, siyasi elita bu təhlükəni real qiymətləndirib, aradan qaldırmasa, gələcəkdə acı nəticələrini dadacaqlar. Kənar güclər Ermənistanı Azərbaycana, Türkiyəyə qarşı silah olaraq görür, istifadə etmək istəyir. Ancaq Ermənistan dərk edə bilmir ki, öz xilası bu iki ölkə ilə normal münasibətlərdən keçir. Gürcüstanın baş naziri İrakli Kobaxidze də Bakıya son səfırində Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda hərtərəfli əməkdaşlığını təklif edib. Daha doğrusu, prezident İlham Əliyevin bir neçə il əvvəl Gürcüstana səfəri zamanı irəli sürdüyü ideyanı dəstəkləyib. Bu da Ermənistan üçün bir imkandır, əlverişli bir formatdır. Əgər Rusiyadan uzaqlaşmaq istəyib, uzaqlaşa bilmirsə, Türkiyə ilə yaxınlaşmaq istəyib, amma hələ yaxınlaşa bilmirsə, "Qafqaz üçlüyü" çərçivəsində başlaya bilər
Coğrafiya taledirsə, deməli, Ermınistanın taleyi öz əlindədir. Amma bu dövlət, deyəsən, hələ aydın dərk edə bilmir ki, dünyada düzən dəyişir. Artıq çoxqütblü dünya düzəni formalaşır; bir gücə söykənib başqa gücə əl-qol atmaq dövrü arxada qalıb. Belə kiçik dövlətlər bütün qütblərlə əlverişli, təhlükəsiz məsafələrdə dayanmaq zorundadır.
Bəli, Ermənistan Rusiyaya xəyanət edib, üz döndərib, tamam əks istiqamət götürüb. Amma bir reallıq da var: indi Rusiyanın başı Ukraynada qarışıqdır. Əgər ABŞ-la razılığa gəlinsə, Ukraynada müharibə dayansa, onda Moskva İrəvanın davranışlarına diqqətini artıracaq. O zaman nələr olacağını təsəvvür etmək çətin deyil.
Odur ki, Azərbaycanın haqlı tələblərini qəbul edib, sülhə gəlmək, bununla da yolları açmaq, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail olmaq, bölgənin silahlanma yarışından dinc tərəfdaşlıq moduna keçməsi... bunlar Ermənistanı düşdüyü vəziyyətdən xilas yoludur. Sovet İttifaqı dağılanda başı işğala qarışan Ermənistan əlverişli fürsəti əldən verib. İndi qarşısında ikinci fürsət var: Azərbaycan və Türkiyə. Öz işğalçı müharibəsinin ondan aldıqlarını dayanıqlı sülhlə geri qaytara bilər. Ancaq Ermənistanın öz Xarici Kəşfiyyat Xidməti adından verdiyi bəyanatdan belə görünür ki, bu ölkənin hökuməti hələ də öz illüziyalarından həzz alır. Qoqolun "Müfəttiş"indəki Xlestyakov kimi, o qədər yalan danışıb, o qədər şirin xülyalar qurub ki, axırda özü də bunlara inanıb.
Təəccüblüdür: öz boyundan böyük oyunlar oynamağa çalışan Ermənistan hökumətində bu dediyimiz fürsəti görən, elementar reallığı aydın dərk edən bir kimsə yoxdurmu?!
Bahəddin Həzi, bizimyol.info