Icma.az
close
up
RU
Çərşənbələrin ilki Su təntənəsi

Çərşənbələrin ilki Su təntənəsi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli-mənəvi irsimizin qorunması və tanıdılması hər birimizin borcudur. Hər bir xalqın mədəniyyəti, mənəvi əxlaqı, dünyagörüşü onun bayramlarında öz əksini tapır. Azərbaycanda qədimlərdən bayramların sayı çox olub. Bu baxımdan, çillələrin də, Novruz çərşənbələrinin də xalqımızın bayram təqvimlərində mühüm yeri vardır. Novruz xalqımızın milli-mənəvi dəyərlərinin ən qədim və zəngin tarixə malik bayramlarından biridir. Novruz adətləri bu gün də ilkin mühafizəkarlığını qoruyub saxlamışdır. Novruz çərşənbələrinin hərəsinin özünəməxsus mərasimləri var. Mərasimlərdə xalqımızın dünya və kainat haqqında ilkin təsəvvürləri öz əksini tapmışdır. Bu mərasimlərin həyata keçirilməsi Novruzun əsas ünsürü olan Su çərşənbəsi ilə başlayır.

Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Xalq arasında o, “Əvvəl çərşənbə”, “Əzəli çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə”, “Sel çərşənbə”, “Zəmzəm çərşənbə”, “Çillibeçə çərşənbə” kimi də tanınır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Su sağlamlıq, paklıq, tale göstərmə, övladvermə, müqəddəslik, dirilik, ölməzlik, xoşbəxtlik gətirən bir inam rəmzi kimi çıxış edir.

Arzularını, gördüyü yuxuları suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. su ilə bağlı ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsində baharın ilk suyundan gətirilərdi. Su sübh tezdən götürülərdi ki, insan səsi eşitməsin. Əski inanclara görə, çərşənbə günü bütün dərdlərin dərmanı olan çərşənbə suyu dalınca gedərlərmiş. Amma bu işi hər adama tapşırmazlarmış. Həmin su dalınca gümüş kuzələrlə dan yeri sökülənə kimi valideynlərin ilki sayılan, 15,16 yaşlı subay qızlar gedər, üç və ya yeddi bulaqdan su götürər, dinməz-söyləməz evə gətirib qablara boşaldana kimi heç kimlə danışmaz, yerə baxarlarmış. Məhz buna görə də bu “lal su” adlanarmış. Bu ayini icra edən qızlar yolda tanış bir adama rast gəlsəydilər, üzlərinə su çiləyər, onların bu yolla bulaqdan “lal su” gətirdiyini xəbər verərdilər. Bəzən onları ya nişanlıları, ya da qohumları müşahidə edərdilər ki, suyun “müqəddəsliy”inə xələl gəlməsin. Tatarların Narduqan (Gündoğan) bayramında da bu mərasim keçirilir, belə ki, bir oğlanla bir qız arxalarına baxmadan, dinməzcə bulaqdan fala baxmaq üçün su gətirirlər.

Dəyirman arxına bax!
Su gəlir, çarxına bax.
Ay çərşənbə, xoş gəldin!
Qızlarda axına bax!

Dədə-babalarımız inanıblar ki, bu çərşənbədə sellər aşıb-daşır, bütün azar-bezar qar ilə bərabər yuyulub gedir. İnsanlar suyun üzərindən adlamaqla xəstəliklərdən qurtulacağına inanmışlar.

İnanca görə, axar suyun qarşısı kəsilməməlidir. Suyun qabağını kəsəni Tanrı cəzalandırar. Babalarımız suyu canlı varlıq kimi görmüşlər. Folklor nümunələrimizdə su kultundan istifadə buna bir sübutdur. Qazan xanın çay ilə söhbəti bunun bariz nümunəsidir. Buna görə də ilk çərşənbə “Axar sular Novruzu” və ya “Sular toyu” da adlanmışdır. Suyu müqəddəs sayan xalqımız “Su bulandıranı el utandırar”, “Suya tüpürməzlər”, “Suya söyməzlər” və bu kimi inancları, “Su haqqı”, “Suyun sovulmasın”, “And olsun axar suya”, “Ömrün su qədər olsun” və bu kimi andları qoşmuşlar. Səfərə çıxanın arxasınca su atıb “Yolun aydın olsun!” deyirlər ki, Tanrı köməyi olsun.

Suyun müqəddəsliyi qədim türk miflərindən qaynaqlanır. Qədim miflərə görə suyun yiyəsi vardır. El arasında “Suyun anası”, “Suyun yiyəsi”, “Hovuzun anası” adlanan ifadələrə də rast gəlinir. Su elə müqəddəsdir ki, Axır Çərşənbə çaylar dayanır, ağaclar baş əyib alnını suya söykəyir.

Suyun “tale göstərmə” funksiyasına inanan əcdadlarımız “Tas falı” (“Qızlardesin”, “Çərşənbə deyişməsi”, “Kuzə falı”, “Dilək falı” və s.) deyilən fal açma ilə həddi-büluğa çatmış qızların gələcəkdəki talelərinə baxmışlar. Çərşənbənin gecəsində axşam qadınlar, qızlar, oğlanlar kiminsə evinə yığılıb çillə çıxarardılar. Bu gecəni həm də insanlar bəxt gecəsi adlandırırlar. Odur ki, qızlar su ilə fal açıb bəxtlərini sınayardılar. Bu vəsfi-hal mərasimi “Üskük çıxarma” falıdır. Bir camın içərisinə hərə öz nişanəsini üzük, sırğa, düymə atırdı, sonra qabın üzərinə dəsmal salınırdı. Nişanələri qabın içərisində iki-üç dəfə qarışdırıb bayatı deyilirdi, bir yeniyetmə qız uşağı əlini camın içərisinə salıb nişanənin birini sudan çıxarırdı. Bayatını oğlan, qız, qadın, kişi hər kəs deyə bilərdi. Hər dəfə bayatı çağrılanda camdan kimin nişanəsi çıxsa, onun diləyi həmin bayatı olan mətləbə uyğun yozulardı. Bayatı söylənilən anda, hələ nişanə çıxmamış hiss olunurdu ki, həmin bayatıya uyğun kimin üzüyü, nişanəsi çıxa bilər. Bunlara nümunə olaraq:

Sarı yağın tortası,
Sarı kilimin ortası.
Allah muradın versin
Gələn ayın ortası.

Bu mərasim səhərə kimi davam edir. Günəş doğandan sonra mərasim iştirakçıları su üstünə gedib çillə kəsdirməsi, əl-üzünü yumaları, niyyət edib suyun üstündən tullanaraq, “Ağırlığım-uğurluğum bu sulara”, “Ağırlığımı su götürsün” deməsi ilə başa çatır.

Qabda suya salınan saç və ya sapa üzük bağlayıb evlilik yaşını, iynələrin uclarına pambıq sarıyıb qismətini təyin etmək də fal inanclarındandır.

Dirilik suyu Xıdır və İlyas qardaşlarının adı ilə bağlıdır. Onların dirilik suyu – “abi-çavidan”ı tapmaları ilə bağlı mifoloji rəvayətlər mövcuddur. Əfsanələrə görə, Xıdırla İlyas iki qardaş olublar. Onlar ab-həyat suyunu içdikdən sonra ölməzlik qazanıblar. Onların bir-birinə qovuşduğu gün isə Novruz bayramının başlandığı gün hesab olunur. Rəvayətlərdə deyilir ki, Xıdır quruda, İlyas isə suda yaşayırlar. Onlar həmişə köməyə ehtiyacı olanın imdadına yetişirlər. Kiçik qış fəslində böyük çillə ilə kiçik çillə arasında “Xızır Nəbi” bayramı keçirilir. Bu da Xıdır Nəbinin adı ilə bağlıdır. Novruzun ilk çərşənbəsi isə İlyasın adı ilə bağlanır. İlk çərşənbə bəzi mənbələrdə “İliyaz çərşənbə” adı kimi verilmişdir. Bu çərşənbə axşamından etibarən suların buzu əriyir, sular get-gedə isinir, gecələr donmur, deyilənə görə, o, “yer altında yaza gedir”. Bu səbəbdən də xalq arasında ilk Çərşənbə Su çərşənbəsi kimi tanınır.

Xalq əfsanələrində, məhəbbət və qəhrəmanlıq dastanlarında suyun müxtəlif funksiyalar daşıdığı motivlərlə yanaşı, suyun dirilik rəmzinə də rast gəlinir. Qəhrəmana gücü, qüvvəni, qeyri-adi qabiliyyətləri verən vasitələrin biri də sudur. Folklorda “dirilik suyu” aktiv işlənmişdir. Azərbaycan folklorunda dirilik suyu Şirvanla əlaqəli verilir. Rəvayətlərdə, nağıllarda, Nizaminin “İsgəndərnamə”sində dirilik suyu içmək Xızıra nəsib olur. “İsgəndərnamə”də İsgəndər dirilik suyunu axtarsa da, tapa bilməsə də, onun hikmətini dərk edir. “Koroğlu” dastanındakı Qoşabulaq da dirilik bulağı, ölməzliyin rəmzidir. Qoşabulağın suyundan içəndən sonra Koroğluya qeyri-adi aşıqlıq, şairlik, nərə, Qırata qeyri-adi xüsusiyyətlər verilmişdir.

Azərbaycan türklərinin inamlarında suyun kultlaşması onun əcdad olması, övlad verməsi, and yerinə çevrilməsi digər faktlarda gerçəkləşmişdir. Türk mifoloji inamlarında suyun bərəkət və qüvvət mənbəyi, cəza verən Tanrı timsalında öz əksini tapır. İlkin başlanğıc olan su insan nəslinin artımından sonra çay, bulaq, göl və s. şəkillərdə inamlar sisteminə daxil olmuşdur. Türk dünyagörüşündə suya tapınmanın izlərindən Su Tanrısı obrazı formalaşmışdır.

Su çərşənbəsində süfrələr bəzədilir. Təmiz sudan hazırlanmış pürrəngi çay, müxtəlif şirniyyat və yeməklər, əsasən də plov süfrənin nemətləri sırasında olur. Bu çərşənbədə süfrəyə səməni qoyulmur. Təmiz, lal suyun süfrədə olması isə vacibdir. Əgər həmin su aşarsa, bu bolluğun rəmzi kimi qiymətləndirilir.

Su Tanrının müqəddəs nemətlərindən biridir. Suyu müqəddəs bilən xalqımız bu çərşənbədə su ilə bağlı ayinləri həyata keçirərək bayramın ilk günlərini qarşılayır. Suyun qüdrətinə inanan dədə-babalarımız su ilə əlaqədar müdrik sözlər yaratmış, mahnılar bəstələmiş, şeirlər qoşmuşlar.

Qışda sülhü buz ilən,
Yazda salar dava su.
Dillənməyir söz ilən,
Çəkir ağalar nəva su.

Səhər HİDAYƏT qızı ORUCOVA,
filologiya elmləri doktoru, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Fevral 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see653

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see595

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see402

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see273

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see272

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see271

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see269

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see264

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see254

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see252

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see250

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see247

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see243

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see234

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see224

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see217

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see212

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see212

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see208

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri