Icma.az
close
up
RU
Cəsarət Valehov: Musiqi müəllimlərinin attestasiyanın pərdəarxasında hər hansı gizli məqsəd yoxdur MÜSAHİBƏ

Cəsarət Valehov: Musiqi müəllimlərinin attestasiyanın pərdəarxasında hər hansı gizli məqsəd yoxdur MÜSAHİBƏ

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehovun APA-ya müsahibəsi

- Musiqi müəllimlərinin bilik və bacarıqlarının ölçülməsinin vacibliyini hansı konkret amillər ön plana çıxardı?

- Musiqi müəllimlərinin bilik və bacarıqlarının ölçülməsi bir sıra obyektiv müşahidələr və strateji məqsədlər fonunda ön plana çıxdı. Bu sahədə çalışan müəllimlərin peşəkar səviyyəsi birbaşa olaraq şagirdlərin estetik zövqünün, yaradıcılıq qabiliyyətlərinin və milli-mənəvi dəyərlərə bağlılığının formalaşmasına təsir göstərir.

Bundan başqa məktəblərdə aparılan monitorinqlər və təhlillər nəticəsində bəlli oldu ki, bəzi müəllimlər təhsil dövründə əldə etdikləri bilik və bacarıqlarını inkişaf etdirmir, müasir dövrün tələblərinə uyğunlaşmaqda çətinlik çəkirlər. Bu isə ümumilikdə təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Attestasiya imtahanlarının keçirilməsi zərurəti məhz bu reallıqlardan doğdu. Təhsil sistemində keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsi, müəllimlərin fərdi inkişafını stimullaşdırmaq və onları davamlı öz üzərində işləməyə təşviq etmək bu prosesin əsas hədəflərindəndir.

Vacib məsələ həm də ondan ibarətdir ki, əgər müəllimlərin bilik və bacarıqları mütəmadi ölçülməzsə, tədrisin səviyyəsi aşağı düşə bilər, bu da gələcək nəsillərin musiqi mədəniyyətinin zəif formalaşmasına, bədii-estetik tərbiyənin formal xarakter almasına gətirib çıxara bilər. Attestasiya bu baxımdan həm keyfiyyətin qiymətləndirilməsi, həm də müəllimlərin inkişafına stimul verən ədalətli və zəruri bir alət kimi çıxış edir.

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri Azərbaycanın mədəniyyət tarixində özünəməxsus yerə malikdir. Bu məktəblər ölkənin mədəni həyatında mühüm rol oynayıb və oynamağa da davam edir. Azərbaycanda ilk ixtisaslaşmış musiqi məktəbi vaxtilə Fikrət Əmirovun təhsil aldığı və hazırda onun adını daşıdığı və 102 illik tarixi olan müəssisə Gəncədə fəaliyyət göstərir. Azərbaycanın hər bir bölgəsində - şəhər və rayon mərkəzlərində, bir çox qəsəbə və kəndlərdə 237 musiqi, incəsənət məktəbləri mövcuddur. Bu illər ərzində on minlərlə insan bu məktəblərdən məzun olub. Azərbaycanın bir çox görkəmli musiqi xadimi və bəstəkarı məhz bu məktəblərin yetirmələridir.

Müəllimlər ən azı 3-4 ay əvvəl attestasiyanın olacağını bilirdilər

Həqiqət ondan ibarətdir ki, müəllimin gücü təhsilin gücünə bərabərdir. Bu baxımdan ilk dəfə olaraq musiqi, incəsənət məktəbləri müəllimlərinin attestasiya prosesinə start verildi. İndiyə qədər Mədəniyyət Nazirliyinin tabeliyində olan məktəblərdə çalışan müəllimlərin bilik və bacarıqlarının yoxlanılması, attestasiyası keçirilməmişdi. Ötən ilin payızından başlayaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə müəllimlərə növbəti il attestasiyanın keçiriləcəyi ilə bağlı bildirişlər təqdim olundu. Bu, həm də əmək qanunvericiliyinin tələbidir və biz də məhz bu tələblərə uyğun şəkildə prosesi icra etdik. Fevral-mart aylarında attestasiya prosesi ilk olaraq fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə başladı. 20 iş günü ərzində Bakı, Abşeron və Sumqayıtın 40-dan çox məktəbinin müəllimlərinin attestasiya prosesi həyata keçirildi.

Attestasiyadan uğur qazana bilməyən müəllimlər əlavə təlimlərə cəlb olunub

Bu prosesə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının peşəkar müəllimləri komissiya üzvü kimi cəlb olundu. Onların dəstəyini xüsusilə qeyd etməliyik. Artıq birinci mərhələ yekunlaşıb və burada kifayət qədər bacarıqlı müəllimlərimizi tanımaq fürsətimiz oldu. Komissiya üzvləri bir çox hallarda müəllimlərimizin nümayiş etdirdikləri peşəkarlıq səviyyələrini yüksək qiymətlənidirirdilər. Təbii ki, attestasiyanın nəticəsi ya “tutduğu vəzifəyə uyğundur”, ya da “tutduğu vəzifəyə uyğun deyil” formasında olur. Mədəniyyət Nazirliyinin rəhbərliyinin təşəbbüsü ilə attestasiyadan komissiyaların 3 mənfi, 2 müsbət qiyməti ilə keçə bilməyən müəllimlər üçün Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin koordinasiyası ilə təlimlər təşkil edildi. May ayının 1-dən etibarən təxminən 100-dən artıq müəllim təlimlərə cəlb olundu. Onlar üçün iki mərhələdən ibarət xüsusi müsabiqədə iştirak edərək yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılıb. Dövlət İmtahan Mərkəzi ilə birgə keçiriləcək test imtahanından və müsahibə mərhələsindən uğurla keçən müəllimlər əvvəlki iş yerlərində fəaliyyətlərini davam etdirə biləcəklər.

- Attestasiya prosesi ilkin mərhələdə hansı bölgələri əhatə etdi?

- Bu ilin fevral-iyul ayları ərzində Bakı, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan, Quba- Xaçmaz bölgələrinin musiqi, incəsənət məktəbləri müəllimlərinin attestasiyasını yekunlaşdırdıq. Təxminən 4000 nəfər müəllim bu prosesdə iştirak edib. Bir daha qeyd etmək istərdim ki, attestasiya prosesi yalnız qanunvericiliyin tələbi deyil, eyni zamanda, musiqi və incəsənət məktəblərində çalışan müəllimlərimizin peşəkar bilik və bacarıqlarının dəyərləndirilməsi ilə bağlı qarşımızda duran vacib bir öhdəlikdir. Bu proses vasitəsilə biz müəllimlərimizin peşəkar bacarıqlarını və eyni zamanda, ixtisaslaşma istiqaməti üzrə ehtiyaclarını müəyyən edə bildik. Attestasiya təkcə qiymətləndirmə deyil, həm də peşəkar inkişaf üçün istiqamətverici rol oynayır.

Attestasiyanın keçirilməsi hər bir müəssisə üçün tələbdir

- Attestasiya imtahanını keçirməkdə məqsəd yalnız tədrisdə keyfiyyəti artırmaq və şəffaflığı bərpa etmək idi, ya bu imtahanların keçirilməsinin arxasında həm də başqa məsələlər var idi? Məsələn, müəllimlərin tələb-təklif aspektindən sayca çoxluğu, nazirliyə ayrılmış büdcənin daha düzgün və səmərəli idarə olunması, gələcəkdə musiqi məktəblərinin azaldılması və s. kimi məsələlər də var attestasiyanın kulisində?

- Attestasiyanın pərdəarxasında hər hansı gizli məqsəd yoxdur. Bu, həm qanunvericiliyin tələbi, həm də məktəblərimizin inkişafı ilə bağlı qarşımızda duran əsas öhdəliklərimizdəndir. Müasir dövrdə peşəkar səriştələrin ölçülməsi zəruridir. Zaman o qədər sürətlə dəyişir ki, müasir dövr onunla ayaqlaşmağı tələb edir. 20-40 il əvvəl qazanılmış biliklərlə bu gün effektiv fəaliyyət göstərmək mümkün deyil. Təhsilalan artıq bu biliklərlə kifayətlənə bilmir, onun öyrənmə resursu böyükdür. Bu, təkcə müəllim deyil, texnologiyadır, süni intellektdir. Texnologiya bizə geniş məlumat imkanları təqdim edir, süni zəka isə saniyələr içində müəllimin belə bilmədiyi bilgiləri təqdim edə bilir.

Sosial şəbəkələrdə tez-tez səsləndirilən iradlar olur ki, əvvəlcə təlim verilsin, sonra attestasiya keçirilsin. Lakin hər hansı ölçü olmadan hansı istiqamətdə təlimin lazım olduğunu necə müəyyənləşdirmək olar? Bunu sadəcə sorğu ilə ölçmək mümkün deyil. Attestasiya zamanı komissiya üzvləri hər bir müəllimin sənədlərində hansı sahələrdə peşəkarlığın artırılmasına ehtiyac olduğunu qeyd edirlər. Bu məlumatlar elektron bazada toplanır və bundan istifadə edərək növbəti mərhələdə təlim planları hazırlanır. Artıq attestasiya mərhələsini keçən müəllimlərin təlimləndirilməsi, ixtisaslaşması və müasir bacarıqlarla yiyələnməsi ilə bağlı prosesə start verilib. Bir sözlə, bu prosesin arxasında hər hansı başqa niyyət yoxdur. Məqsəd daha səriştəli və hazırlıqlı müəllimləri müəyyən etməkdir.

- Musiqi, incəsənət məktəblərinə ayrılan büdcə effektivdirmi? Ümumiyyətlə, Azərbaycanda nə qədər musiqi məktəbi var?

- Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə ümumilikdə 237 musiqi, incəsənət məktəbi fəaliyyət göstərir. Azərbaycan azsaylı ölkələrdəndir ki, dövlət icbari təhsillə yanaşı, incəsənət təhsilinə də daha erkən yaşlardan maliyyə dəstəyi ayırır. İllik olaraq bu sahəyə 200 milyon manata yaxın vəsait ayrılır. Hazırda sistemimizdə təxminən 57 min şagird təhsil alır və 13 minə yaxın müəllim fəaliyyət göstərir. Bu rəqəmlər kontekstində müəllim-şagird nisbətini düzgün müəyyənləşdirmək vacib məsələdir. Neçə şagirdə bir müəllim düşməlidir? Bizim elə musiqi, incəsənət məktəblərimiz var ki, az qala hər iki uşağa bir müəllim düşür. Məsələn, Şəkidə fəaliyyət göstərən 5 məktəbdə 1607 şagird təhsil alır və onlara 747 müəllim dərs deyir. Yaxud da Goranboyun təxminən eyni intervalda yerləşən 6 kəndinin hər birində bir musiqi məktəbi fəaliyyət göstərir. Burada hər dörd şagirdə bir müəllim düşür. Bu statistikanı davam etmək olar. Bu müəllim şagird nisbətində analoqu olmayan hallardır.

Məqsədimiz keyfiyyətdir

- Elə musiqi məktəbləri var ki, onların arasında məsafə 500 metrdir. Müəllimləri attestasiya edərkən bu məktəblərin sayı barədə düşünülüb?

- Musiqi, incəsənət məktəblərinin fəaliyyətinin nə dərəcədə faydalı və səmərəli olduğunu dəyərləndirmək vacibdir. Əsas məsələ həmin məktəbin yaratdığı dəyərdir. Bu məktəblər Azərbaycan incəsənətinə hansı töhfəni verir? Bəzi musiqi məktəbləri ötən əsrin 90-cı illərinin əvvəllərində daha çox mövcud sosial şərtlər, məşğulluq kontekstində yaradılıb. Elə məktəblər var ki, 30-40 ildir fəaliyyət göstərir, lakin bu dövr ərzində həmin məktəblərdən ixtisaslaşmış ali və orta ixtisas incəsənət məktəblərinə bir nəfər belə qəbul olunmayıb. Belə halları onlarla məktəbdə müşahidə etmək olar.

Bəzi müəllimlər özlərinin həmin məktəbdə hansı dərsi dediyini yalnız monitorinq zamanı öyrəniblər

- Həmin məktəblərdə monitorinq aparmısınız?

- Bəli, bəzən elə hallar olub ki, müəllimlər özlərinin həmin məktəbdə hansı dərsi dediyini yalnız monitorinq zamanı öyrəniblər. Və ya məktəbin şagirdi həmin məktəbdə hansı sinifdə təhsil aldığını bilməyib. Belə hallar kifayət qədərdir. Mədəniyyət Nazirliyi bu istiqamətdə müntəzəm monitorinqlər aparır. Elə bölgələr var ki, məktəbdə 50-55 müəllim fəaliyyət göstərir, onların yarıdan çoxunun 30-36 saat dərs yükü var. Bu isə o deməkdir ki, bir müəllim həftədə 36 saat, yəni 3 stavka dərs deməklə tam iş günü rejimində çalışmalıdır. Bu dərs yükünün əməkhaqqı universitet professorunun maaşından əhəmiyyətli dərəcədə çoxdur. Aparılan monitorinqlər göstərir ki, bəzi hallarda müəllimlərin adı olsa da, real fəaliyyəti yoxdur. Belə hallar araşdırılır. Bu, çətin, lakin vacib bir prosesdir və biz bu məktəblərin funksionallığını dəyərləndiririk. Əgər bir məktəb faktiki fəaliyyətini itirib, yalnız formal olaraq mövcuddursa, bu məktəbin gələcək fəaliyyəti ilə bağlı ciddi dəyişikliklər edilməlidir. Azərbaycanın musiqi məktəbləri ölkə mədəniyyətinə mühüm töhfələr verməlidir. Tarixən bu məktəblər böyük sənətkarlarımızı yetişdirib. Məsələn, böyük ustad Vaqif Mustafazadənin adını daşıyan 2 nömrəli incəsənət məktəbi burada ilk musiqi təhsili almış Arif Məlikov, Vaqif Mustafazadə, Aqşin Əlizadə, Eldar Mansurov, Oqtay Rəcəbov, Faiq Sücəddinov, Kamil Cəlilov kimi böyük şəxsiyyətlərin yetişməsində mühüm rol oynayıb. Biz istəyirik ki, bu ənənə düzgün şəkildə, yaradıcı və şəffaf müstəvidə davam etsin. Məqsədimiz təhlillər əsasında daha sağlam mühit və səmərəli fəaliyyət göstərən incəsənət məktəbləri sistemini formalaşdırmaqdır.

- İldə, təxminən, nə qədər uşaq musiqi məktəbini bitirir?

- Ötən il təxminən 10 minə yaxın uşaq musiqi, incəsənət məktəblərinə qəbul olunub, bir o qədər şagird də həmin məktəbləri bitirib. Yəni hər il 10 minə yaxın şagirdimiz musiqi məktəblərindən məzun olur.

- Onlardan neçə faizi peşəkar musiqi ilə məşğul olur?

- Müəyyən ölçmələr aparmışıq, bu, 11% nisbətindədir. Belə deyək 1000 nəfər uşağın 110-u peşəkar musiqi təhsilini davam etdirir. Dövlət İmtahan Mərkəzinin qiymətləndirməsindən sonra nə qədər şagirdin ali incəsənət məktəblərinə, orta ixtisas musiqi məktəblərinə qəbul olunub-olunmadığını izləyirik. Bizə yaxın coğrafiyadakı ölkələrin də statistikasına baxdıq, onların rəqəmləri bizimkilərdən fərqlidir, 15- 25% aralığında dəyişir.

Bəzən uşaqlar valideynlərin arzusu ilə musiqi təhsil almağa başlayırlar

- Biz nəyə görə musiqi məktəblərinə gedirik? Ali zövq formalaşdırmaq üçün, yoxsa incəsənət sahəsində ixtisaslı kadr olmaq üçün?

- Bu sual bizi də düşündürür. Bəzən uşaqlar valideynlərin arzusu ilə gəlib 1-2 il musiqi təhsil almağa başlayırlar. Sonra onlarda maraq dəyişir, yaxud da dərs yükləri artır deyə, həvəsləri azalır və prosesdən uzaqlaşırlar. Biz indi təkliflər üzərində işləyirik ki, 1-2 il ərzində həvəskar səviyyədə incəsənət təhsili alanlar üçün xüsusi qayda müəyyən edilsin. Həmçinin daha çox təhsil müddətini oxuyanlar üçün fərqli keyfiyyətdə çərçivə müəyyən olunsun. Bir çox hallarda sanki məktəblə valideynlər arasında bir “qarşılıqlı anlaşma” formalaşdığını müşahidə edirik. Yəni, yekunda bir diplom, şəhadətnamə verək, o da musiqi məktəbini “bitirmiş” olsun.

- Onların həvəskar vərdişi üçün bu qədər pul ayırmaq ağlabatandır?

- Mən elə deməzdim ki, məzunların hamısı peşəkar incəsənətlə məşğul olmalıdır. Müasir tədqiqatlar da onu deyir ki, incəsənət təhsili alan şəxslərin idraki qabiliyyəti daha yüksək olur. Ona görə düşünmürəm ki, məzunların hamısı ali incəsənət məktəblərinə qəbul olmalıdır. Əsas odur ki, həmin şəxsin incəsənət, musiqi sahəsində olan qabiliyyəti inkişaf etsin və digər sahələrdə də musiqi təhsilinin onun təfəkkürünə, dünya görüşünə faydası dəysin. Amma bu proses həqiqətən baş versin.

- Onların musiqi həvəslərini təmin etmək üçün mədəniyyət evlərindəki özfəaliyyət dərnəklərini “diriltmək” yerinə düşməz? Hazırda mədəniyyət evlərindəki dərnəklərin çoxu formal xarakter daşıyır...

- Dərnək bir az fərqlidir, bir növ qısa müddətli kurslardır. Ancaq icazə verin sizinlə razılaşmayım. Dərnəklər ödənişli olduğundan orada davamiyyət daha fərqlidir. Bütövlükdə qiymətləndirmə ilə bağlı ciddi problemlər var. Bizim qiymətləndirmə modullarımız sovet vaxtından qalıb, amma dünyada tamam başqa modullarla qiymətləndirmə aparılır. Bəzən qarışıq modellərdən istifadə olunur.

- Təxminən 13 minə yaxın musiqi müəllimi var. Bunlardan 4000-i attestasiya prosesinə cəlb olunmuşdu. Ümumiyyətlə, müəllimlərin attestasiyaya cəlb olunması bir mərhələli olsaydı o zaman necə olacaqdı?

- Biz onsuz da bir mərhələli və əmək qanunvericiliyinin qaydalarına uyğun edirik. Yəni, biz istəsək də bunu fərqli edə bilmərik. Bildirişlərin göndərilməsi, komissiyaların cəlb olunması və hətta komissiya üzvlərinin harada əyləşməsi də püşkatma ilə müəyyən olunub. Əvvəlcə iki ixtisas üzrə, daha sonra xalq çalğı alətləri, instrumental alətlər və digər ixtisaslar üzrə attestasiya prosesini apardıq. Burada hər bir şey qanuna uyğun, xüsusi qaydalar çərçivəsində aparılıb. 8 min nəfərdən çox müəllimimizi növbəti il attestasiya prosesinə cəlb edəcəyik. Bununla bağlı payız aylarından başlayaraq həm məlumatlandırma sessiyası, həm də bildirişlərin göndərilməsini icra edəcəyik.

- Növbəti mərhələdə indiki prosesdən fərqli nəsə nəzərdə tutulub?

- Yox, eyni qaydada başlayacağıq. Öncə pianoçuları, daha sonra digər ixtisasları. Bu il necə eləmişiksə, proses elə həmin qaydalar çərçivəsində davam edəcək.

Elə müəllimlərimiz olub ki, Mendelsonun “Toy marşını” Azərbaycanın Dövlət himni ilə qarışıq salıb

- Attestasiyadan keçənlərin neçə faizi ali təhsil müəssisələrini bitirmişdi?

- Çox az qismi. Biz yəqin ki, iyul ayının sonlarına yaxın daha ciddi analitik təhlili təqdim edəcəyik. Amma ümumilikdə bizim ən ciddi problemimizdən biri budur: Azərbaycanın musiqi, incəsənət məktəblərində çalışan müəllimlərin 78%-i orta ixtisaslı müəllimləridir. Təxminən 16,5%-i ali təhsillidir və onların da bir hissəsi - 3,5%-i qeyri-profil ixtisaslarıdır. Biz bu sahədə ixtisaslaşan təhsil müəssisələrin rəhbərləri ilə müzakirələr aparırıq. Elm və Təhsil Nazirliyindən olan həmkarlar, eyni zamanda, ali incəsənət yönümlü təhsil müəssisələrimizin rəhbərliyi bu sahəyə xüsusi olaraq yanaşırlar ki, birgə şəkildə pedaqoji kadr hazırlığı ilə bağlı keyfiyyətli işlər görə bilək.

- Attestasiyadan keçməyənlər daha çox haranın məzunları idi?

- Burada orta ixtisas təhsili müəssisələrinin məzunları daha yüksək faiz təşkil edir. Bilirsiniz, elə məktəblərimiz var ki, məsələn, Biləsuvarın Xırmandalı kənd musiqi məktəbində 10 piano müəlliminin 7-si attestasiyada uyğun hesab olunmayıb.

Təəssüf ki, öz musiqi alətini kökləyə bilməyən müəllimlər də vardı

- Bildiyimə görə uyğun olmayan müəllimlər arasında himnimizin bəstəkarını bilməyənlər, məşhur bəstəkarlarımızı tanımayanlar olub.

- Elə müəllimlərimiz olub ki Mendelsonun “Toy marşını” Azərbaycanın Dövlət himni ilə dəyişik salıb. Təəssüf ki, tədris apardığı musiqi alətini – tar və ya kamançanı kökləyə bilməyən müəllimlər də var. Bu mövzuda çox danışmaq istəməzdim. Biz o tərəfə çox baxmaq istəmirik.

Musiqi məktəblərində mövcud olan dərsliklərin yenilənməsinə başlamışıq

Əsas odur ki, biz necə edək ki, daha keyfiyyətli müəllim kadrlarını məktəblərə cəlb edə bilək, daha yaxşı müəllimlərimiz olsun. Təəssüf ki, müəllimlərin ixtisasartırması ilə bağlı yeni yanaşmalar çərçivəsində məqsədyönlü işlər görülməyib. Mədəniyyət Nazirliyinin rəhbərliyi bizim qarşımıza məqsəd qoyub ki, biz yeni, dünyanın qəbul etdiyi modullarla ixtisasartırma keyfiyyətini tətbiq edək. Müəllimlərin diaqnostik təlimlərini həyata keçirək, onların açıq dərslərini təşkil edək. Onların bölgələrdəki təhsil müəssisələri ilə birgə əməkdaşlığını formalaşdıraq, təqdimatlarını edək. Eyni zamanda, musiqi məktəblərində mövcud olan dərsliklərin yenilənməsinə başlamışıq. İlk olaraq fortepiano dərsliyinin yenilənməsi ilə bağlı addım atmışıq. Bu il ərzində pilot qaydada məktəblərimizə təqdim edəcəyik. Bizim ən çox istifadə olunan fortepiano dərsliyimiz ötən əsrin 50-ci illərində tərtib edilib. Təxminən iki onillikdən sonra həmin dərsliyin 100 yaşı olacaq. Yəni bu dövr üçün onun müəyyən çatışmayan cəhətlər var, istəyirik ki, biz onu daha müasir dərsliklərlə əvəz edək və yaxud da alternativ dərslik yaradaq. Yaxşı xəbər odur ki, biz ilk dəfə olaraq “İMES” - İncəsənət Məktəblərinin Elektron Sistemi elektron bazasını yaratmışıq və burada siz istənilən incəsənət məktəbində şagirdlərin qeydiyyatı, onların dərsə davamiyyəti, hətta elektron jurnalları görə biləcəksiniz. Burada artıq bütün sistem bir nəzarət sxeminə malik olacaq. Elektron sistem bizim üçün faydalı resursdur.

Nəticələri uyğun olmayan müəllimlərin müxtəlif iradları var

- Bəs müəllimlərin imtahanlarla bağlı əsas narazılığı nədən ibarət idi?

- Nəticələri uyğun olmayan müəllimlərin müxtəlif iradları var. Məsələn, müəllimlərin iradları əsasən müxtəlif sosial problemlərlə bağlıdır. Bizə ünvanlanan müraciətlərdə bunlar daha çox üstünlük təşkil edirdi. İmtahan komissiyasının gəldiyi rəylərdə və əmək qanunvericiliyinin attestasiya ilə bağlı tələblərində nə mümkündürsə, onu nəzərə almalı olmuşuq. Çünki bu qaydaları qanunvericilik müəyyən edir. Mədəniyyət Nazirliyinin rəhbərliyinin bilavasitə təşəbbüsü ilə yaşı 60-dan yuxarı olan və ya ciddi xəstəliyi olan, attestasiya prosesində uyğun olmayan nəticə göstərən müəllimlərə alternativ iş təklifləri edilib və bu qəbildən olan müəllimlərimiz istər Bakıda, istərsə də Sumqayıtda alternativ işlərə - mədəniyyət müəssisələrində, müxtəlif işlərə təyin olunublar.

- Narazılıqlarda haqlı səbəbləri olan müəllimlər olubmu, siz onu araşdırmısınız?

- Haqlı səbəbləri olanların işi məhkəmə predmeti ola bilər və müxtəlif müraciətlər var. Onlar hazırda məhkəmədə araşdırılır. Bu, hər bir vətəndaşın hüququdur. Biz şəffaflığın təmin olunması üçün ən yüksək səviyyədə çalışmışıq. Əgər hər hansı bir qeyri-qanuni və ya qeyri-dürüst addımlar, hərəkətlər olarsa, Mədəniyyət Nazirliyinin müvafiq qurumlarına müraciət edilə bilər. Videomüşahidə, komissiya üzvlərinin püşk atma ilə seçilməsi, onların əvvəlcədən hansı namizədlə attestasiya imtahanında iştirak edəcəyini bilməməsini qeyd edə bilərəm. Bəzən komissiyaların qiymətləndirməsində qeyri-obyektiv hallar olduğu üçün biz həmin komissiyaları ləğv etmişik və onların nəticələrini də saymamışıq. Elə hallar da olub ki, şübhəli hesab etdiyimiz hallarla bağlı üzvlər komissiyadan dərhal kənarlaşdırılıb. Elə hal da olub ki, növbəti gün həmin komissiyanın tərkibini tamam dəyişmişik.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:19
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 İyul 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see533

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see161

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see119

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see117

FİFA PSJ nin baş məşqçisi və futbolçusunu cəzalandıra bilər

15 İyul 2025 07:32see114

Çin “Tuencou 9” yük gəmisini orbitə göndərib

15 İyul 2025 07:50see114

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Ukraynanın 55 PUA sı vurulub

15 İyul 2025 08:24see113

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see112

Meningitin müalicəsi də icbari tibbi sığorta hesabına həyata keçirilir

15 İyul 2025 10:54see112

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see111

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see111

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see110

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri