ÇİPSİ VƏ ŞİRİN SUYA AKSİZ , TAKSİYƏ VERGİ... Məcəllədə nələr dəyişir?
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliklər layihəsi ictimaiyyətdə və biznes mühitində müzakirələrə yol açıb. Sənəd bir tərəfdən dövlət büdcəsinin gəlir mənbələrini şaxələndirməyi, nəzarət mexanizmlərini gücləndirməyi və müəyyən sahələrdə inzibatçılığı sadələşdirməyi hədəfləsə də, digər tərəfdən həm əhalinin alıcılıq qabiliyyətinə, həm də kiçik sahibkarlığa və xidmət sektoruna əlavə maliyyə yükü gətirir.
“AzPolitika” təqdim olunan layihənin detallarını, onun sosial-iqtisadi nəticələrini təhlil edir.
Vergi paketi nələri dəyişir?
Təklif olunan dəyişikliklər geniş bir spektrı - gündəlik istehlak mallarından tutmuş nəqliyyat, xidmət və daşınmaz əmlak sektoruna qədər bir çox sahəni əhatə edir. Belə ki:
Taksi sürücülərinin qazancından 1 faiz vergi tutulması, kuryerlər üçün isə aylıq 15 manat sabit verginin tətbiqi nəzərdə tutulur;
Ağıllı saatlar (hər birinə 20 manat), şirin qazlı sular (hər litrinə 0.1 manat) və çipsilər (hər kq-a 1 manat) aksizli mallar sırasına daxil edilir;
Xaricdən mal alışında "Smart Customs" sistemi ilə ölkəyə daxil olan mallara tətbiq edilən 2 faizlik vergi güzəşti ləğv edilir;
Bərbərxana və gözəllik salonu fəaliyyəti ilə məşğul olanlar 5 il müddətinə sadələşdirilmiş vergi ödəyicisi olacaqlar. Nağd dövriyyə üzrə 8%, nağdsız dövriyyə üzrə isə 6% vergi, eləcə də ƏDV güzəştləri tətbiq ediləcək;
Mənzil və ya obyektini kirayə verənlər üçün 1 yanvardan etibarən iki fərqli vergi rejimi təklif olunur:
İcarə haqqından birbaşa 14%;
Xərclər gəlirdən çıxılmaqla 20%.
Kiçik sahibkarlıq subyektlərinə əmək münasibətlərinin pozulmaması şərtilə gəlir/mənfəət vergisinin 25%-i həcmində 5 illik güzəşt verilir. Hotellərin əcnəbilərə xidmət dövriyyəsi isə 2027-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir və mənfəət vergisindən azad edilir. Ölkədaxili yükdaşıma fəaliyyəti göstərənlərə də 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi hüququ verilir.
Vergi Məcəlləsindəki bu dəyişikliklər birtərəfli deyil; həm stimullaşdırıcı, həm də risk doğuran məqamları özündə birləşdirir. Belə ki, şirin qazlı sulara və çipsilərə aksiz vergisinin tətbiqi rəsmi olaraq "sağlam həyat tərzinin təbliği" və zərərli qidaların istehlakının azaldılması kimi izah olunsa da, bu, daxili bazarda həmin məhsulların qiymətinin qaçılmaz olaraq artmasına səbəb olacaq.
Eyni zamanda, "Smart Customs" vasitəsilə gətirilən sifarişlərdə 2 faizlik güzəştin ləğvi xarici e-ticarət platformalarından mal alan sadə vətəndaşların xərclərini artıracaq.
Son illərdə ölkədə yüz minlərlə insanın məşğullğunu təmin edən taksi və kuryer sektoru dövlətin daimi diqqət mərkəzindədir. Taksi qazancından 1% vergi və kuryerlər üçün sabit 15 manatlıq vergi kağız üzərində şəffaflığı təmin etsə də, real sektorda sürücülərin və kuryerlərin xərclərini artırır. Sahibkarlar və fərdi şəxslər bu əlavə xərci öz üzərilərində saxlamaq əvəzinə, adətən gediş və çatdırılma qiymətlərinə əks etdirirlər.
İllərdir kölgə iqtisadiyyatının əsas hissəsini təşkil edən kirayə mənzil bazarının vergiyə cəlb edilməsi dövlət üçün nəzarət mexanizmi yaratsa da, burada ciddi risklər mövcuddur. Təcrübə göstərir ki, dövlət tərəfindən 14% və ya 20% vergi tətbiq edildikdə, ev sahibləri bu məbləği öz cibindən ödamaq əvəzinə, kirayəhaqlarını həmin faiz qədər artırırlar. Bu da tələbələr və kirayənişinlər üçün əlavə xərc deməkdir.
Nağdsız ödənişlərə keçid və biznesə dəstək
Layihənin müsbət tərəflərindən biri kimi bərbər, gözəllik salonları və yükdaşıma kimi sahələrdə nağdsız ödənişlər üçün vergi dərəcəsinin daha aşağı müəyyənləşdirilməsini (6%) qeyd etmək lazımdır. Bu, iqtisadiyyatın ağardılmasına və nağdsız dövriyyənin təşviqinə güclü təkan verir. Eyni şəkildə, hotellərə verilən vergi azadlıqları turizm sektorunun rəqabət qabiliyyətini gücləndirə bilər.
Beləliklə, Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliklər paketindən aydın görünür ki, dövlət büdcə daxilolmalarını artırmaq və iqtisadiyyatın müxtəlif sahələrini tam nəzarətə götürmək istiqamətində addımlar atmaqdadır. Lakin bu fiskal siyasət tətbiq olunarkən təhlil edilməlidir ki, əlavə vergi yükləri sahibkarlara mənfi təsir etməsin və qiymət artımına səbəb olmasın. Əks təqdirdə, qısamüddətli büdcə gəlirləri orta perspektivdə istehlak bazarında bahalaşmaya və sosial problemlərin artmasına səbəb ola bilər.
E.Rüstəmli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Noyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















