Çirkli xəbər ölümcül zəhər...
O xatirə belə idi:
"...Vaxtı ilə eyni yataqxanada qaldığımız tanışımla - geologiya fakültəsinin məzunu ilə illər sonra qarşılaşanda salam-kəlamdan sonra yarızarafatla soruşmuşdum:
- İndi siz yerin altını da bilirsiniz, üstünü də?
Demişdi:
- Yox, altını bizdən soruşurlar, üstünü sizdən".
"Yerin üstü" deyəndə geoloq tanışım ölkə, dünya xəbərlərini nəzərdə tutmuşdu.
Əslində Yer kürəsi bir deyil, eyni vaxtda iki planet deməkdir. Biri sudur, daşdır, torpaqdır, bitkidir, heyvandır, insandır. O birisi isə xəbər kütləsidir. Obrazlı ifadə etməyə çalışsam, Yer kürəsi həm də yerli-yersiz xəbər kütləsidir və bəlkə də bu kütlə o Yerin özündən də ağır və daha qəliz kütlədir. Həm də ona inanan oxucu, tamaşaçı, dinləyici, izləyucu kütləsi ilə.
Əslində geoloq tanışımın cavabı tam deyil; media Yerin üstündən də, altından da, hətta Yer orbitindən kənardan - kosmosdan da xəbər verir.
Çox savadlı adama bəzən "çoxbilmiş" deyirlər. Bu, yaxşı mənada mediaya, jurnalistlərə də aid edilə bilər. Yəni Yerin altını da, üstünü də, üstünün üstünü də bilənlərə.
Hər şeyi bilmək mümkün deyil, amma hər şeydən xəbərdar olmaq mümkündür. Ya da çox şeydən. Xəbərdar olmaq üçün isə xəbər lazım gəlir. Özü də doğru xəbər. Deməli, yaxşı mənada çoxbilmiş olmaq - xəbərdar olmaq deməkdir. Çox şeyi bilmiş mənasında yox, çox şeyi doğru bilmiş mənasında. Başqa sözlə, sən nə qədər çox doğru xəbər almısansa, o qədər doğru məlumatlısan. Nə qədər doğru xəbərə söykənmisənsə, o qədər doğru adamsan.
Çoxlu məlumatlı olmaq hələ əsas deyil, doğru məlumatlı olmaq əsasdır. Deməli, ən birinci şərt - əsası qeyri-əsasdan, doğrunu yalandan ayırmağı bilməkdir. Bilmək üçün də öyrənmək lazımdır. "Media savadlılığı" dediyimiz şeyin də əsasında bu, dayanır.
Biz nə qədər doğru xəbər seçib qəbul ediriksə və nə qədər doğru xəbər seçib yayırıqsa, o qədər doğru adamıq. Yanlışa inanıb yalan yayana isə nə ad verirlər?! Təbii ki, yalançı.
Yalanı, əlbəttə, bilmədən də, qəsdən də yayanlar olur. Nəticə eynidir: başqalarını aldatmaq! İnsanlar isə aldanmağı sevmirlər, inanmağı sevirlər. Çünki yalanın meydan suladığı mühitdə-meydanda yaşamaq çətindir; daim tətikdəsən, hər an aldana bilərsən deyə davamlı təlaş içindəsən.
Cəmiyyət, bəli, hazırda dezinformasiya stressi içində yaşayır. Bu da insanları yorur. Ən pisi də yalan xəbərə inanıb öz həyatı ilə, eləcə də, başqa həyatlarla bağlı yanlış qərarlar verir. Amma doğru xəbərin çox və hakim olduğu ortamda insan rahatdır. Çünki aldığı xəbərin doğruluğuna hətta "gözüyumulu" inanır. Ona görə də doğru xəbər yayan jurnalist, yaxud media orqanı həmişə sayılıb-seçilir, nüfuzlu olur.
Sual doğur: bəs onda yalan xəbərləri yayanlar nə qazanır?!
Hə, problem də, bax, elə bu nöqtədə başlayır: doğru xəbər yayan hörmət qazanır, yalan xəbər yayan sərvət! "Sarı mətbuat" həmişə çoxtirajlı olub. Təkcə bizim ölkənin deyil, bütün dünyanın problemi budur: insanlar yalana daha tez inanırlar, nəinki həqiqətə. Bu, əsasən media savadsızlığından irəli gəlsə də, qismən də maraqdan doğur. Nə qədər qəribə olsa da, elə insanlar və ya insan qrupları var ki, qəsdən yayılmış yalan məlumatı elə qəsdən də doğru məlumat kimi "qəbul edir". Başqa sözlə, yalana inanmağı daha sərfəli bilir.
Bizə bu mənzərə artıq çoxdan tanışdır. Biz doğru informasiya dövləti olsaq belə, qonşuluğumuzda bir dezinformasiya dövləti - Ermənistan var və bu dövlətin qəsdən yaydığı yalan xəbərlərə dünyada qəsdən "inanan" adamlar, dairələr məlumdur.
Məsələn, Ermənistan Azərbaycanla şərti sərhəddə təxribat törədəndə, Azərbaycan, təbii ki, doğru informasiya verir; nə olubsa, onu deyir. Ermənistan isə dezinformasiya yayır ki, təxribatı Azərbaycan tərəfi törədib. Bu zaman dünyada, xüsusilə, Qərbdə qərar verən orqanlar, siyasətçilər doğru xəbərə deyil, yanlış, daha doğrusu, yalan xəbərə əsaslanaraq, qərar verirlər. Aparıcı xarici media platformaları belə informasiyaya deyil, dezinformasiyaya istinad edirlər. Biz eyni şeyi COP29 konfransında daha aydın gördük.
Əslində isə bizə bu reallığı (daha doğrusu, irreallığı) otuz illik işğal dövrü də aydın göstərmişdi. Azərbaycan Ermənistanın otuz illik işğalı dövründə həm də onun yalanları ilə mübarizə aparıb. Bu, təkcə silahların qarşılaşdığı müharibə deyildi, həm də qələmlərin toqquşduğu müharibə idi. Azərbaycan ərazisinin işğal olunmuş minlərlə kvadrat kilometrlik bir hissəsində böyük bir yalan - guya "müstəqil dövlət" dezinformasiyası quraşdırılmışdı. Bu terrorçu-separatçı hərbi xuntanın "müstəqil dövlət" kimi təqdim olunması o dərəcədə ağ yalan idi ki, Ermənistan özü də buna "inanmaqda" çətinlik çəkmişdi. Bununla belə dünyanı bu yalana inandırmağa çalışmışdı. Ancaq bunu bacarmadı.
Azərbaycan 2020-ci ildə - Vətən müharibəsində, eləcə də, 2023-cü ildəki birgünlük hərbi əməliyyatda təkcə Ermənistan ordusuna qalib gəlmədi, təkcə hərbi xuntanı məhv etmədi. Həm də rəqibin yalanlarına qalib gəldi, düşmənin "inandığı" və başqalarını da inandırmağa çalışdığı dezinformasiyanı süpürüb öz torpağından kənara atdı.
Azərbaycan, sadəcə, öz ərazisini işğalçı əsgərlərdən təmizləmədi, həm də çirkli xəbərlərdən təmizlədi.
Ancaq çox təəssüf ki, qarşı tərəf öz yanlış (yalançı) siyasətindən əl çəkmir. Bax, bu gün Ermənustanla sülh sazişi imzalamaq niyə mümkün olmur?! Səbəbi Ermənistan Konstitusiyasındakı böyük bir yalandır - Qarabağın Ermənistan torpağı olduğunu göstərən ağ yalan! Azərbaycan bu yalanı da Ermənistan Konstitusiyasından silib atmağa çalışır. Eləcə də, rəqibin aşkar yalana əsaslanan başqa narrativlərini də. Rəsmi İrəvan belə bir yalan tezis irəli sürüb ki, guya Azərbaycan ordusu onun ərazisinə müdaxilə etmək niyyətindədir, guya belə bir əmr gözləyir. Bu yalana "inanmaq" Qərb siyasi-hərbi, həmçinin kəşfiyyat dairələrinə də sərfəli olub ki, Azərbaycanla şərti sərhəddə "Avropa İttifaqının Mülki Müşahidə Missiyası" adı altında faktik olaraq NATO-nun hərbi kontingenti yerləşdirilib. Bunu Ermənistan gələcəkdə Fransa hərbi bazası kimi xəyal edir. Yaxud keçmiş Minsk Qrupu. Bu da ən azı özü boyda böyük bir yalandır. Amma Ermənistan bu yalandan da əl çəkmək istəmir.
Görürsünüzmü, yalana əsaslanan qərarlar, davranışlar hansı ağır nəticələrə gətirib çıxarır. İki dünya müharibəsinin ikisinin də başlamasına Yalan səbəb olmuşdu. Elə nasizm ideologiyasını götürək: almanların ali irq olması haqda Hitlerin qlobal yalanı qlobal fəlakətlərə səbəb olmadımı?! Yaxud onun kiçik versiyası olan "Böyük Ermənistan" yalanı. Bu haqda artıq yuxarıda bəhs etdik.
Bir yalan və ona kütləvi inam dünyada, eləcə də, bölgəmizdə necə qanlı müharibələrə, dağıdıcı inqilablara səbəb olub, bilirsiniz. NATO müttəfiqlərinin İraqa müdaxiləsini xatırlayın; guya orda kimyəvi silah axtarırdılar. İraqı işğal edəndən sonra özləri də etiraf etdilər ki, bu ölkədə kimyəvi silah yerli-dibli olmayıb.
Bu cür misalları çox göstərmək olar. Əsas demək istədiyim budur: biz ölkəmizi belə sarsıntılardan, dağıdıcı kataklizmlərdən, xaosdan, bir sözlə, ağlımıza gələn və gəlməyən hər cür fəlakətdən qorumaq üçün ən başda bir şeyi öyrənməliyik: həqiqəti yalandan ayırmağı.
Yalan xəbərlərə inanıb yanlış hərəkətlər etmək istəmiriksə, aldığımız və verdiyimiz informasiyanı saf-çürük etməyi bacarmaq lazımdır. Bir sözlə, bizə media savadlılığı hava-su kimi gərəkdir. Bu eləcə iki sadə söz, sadəcə, söz birləşməsi deyil ki. Bu iki söz iki fərqli yol deməkdir - biri həqiqətə aparan yol, biri qəflətə aparan yol. "Media savadlılığı" dediyimizhəmin o, sanki sıradan bir söz birləşməsi əslində informasiya ilə dezinformasiyanın ayrıldığı, fərdi və ictimai şüurun yalandan arındığı, aralandığı yolayrıcıdır.
İnsan hər eşitdiyinə dərhal inanmamalıdır, elə deyilmi? Çünki yalan ola bilər. Hər oxuduğun informasiyaya da anında inanmayacaqsan; dezinformasiya ehtimalı həmişə var. Məlumatı hansı mənbə verir, hansı faktlara əsaslanır, hədəfi nədir?! Bunlara diqqət etmək gərəkdir.
Biz yalanın dövlətlər arasında müharibələrə səbəb olduğunu yazmışdıq. Bunun miqyasını daha da kiçildək, konkretləşdirək: insanlar arasındakı dostluqlar da çox zaman bir yalan üzündən düşmənliklərə çevrilir, yəqin şahidi olmusunuz. Ya o iki dostdan birinin, ya da üçüncü birinin yalanı səbəbindən dostlar, hətta doğmalar bir-birinə qənim kəsilir. Hələ bu yalan mediada, sosial mediada xəbərə çevrilib, kütləvi titajlanmışsa, doğurduğu, yaxud doğura biləcəyi nəticələri özünüz təsəvvür edin...
P.S. Belə düşünürəm ki, media savadlılığı hələ orta məktəblərdən başlayaraq təhsil prosesinin bütün pillələrində xüsusi tədris olunmalıdır. Hazırlıqlı və etibarlı media mütəxəssislərinin təhsil ocaqlarında yuxarı siniflərlə, tələbələrlə, hətta bəlli qaydalar çərçivəsində əsgərlərlə müntəzəm görüşləri faydalı ola bilər. İnsanlara düzgün xəbər oxumağı - xəbəri düzgün oxumağı uşaqlıq, ya da, heç olmasa, yeniyetməlik dövründən öyrətmək lazımdır. Adını şərti olaraq"Həqiqət dərsi" qoyuram. Həqiqət dərsindən qaça bilmərik. Qaçsaq da, çox uzağa gedə bilməyəcəyik, çünki yaxınlıqda bizi yekəpər, zorba bir Yalan gözləyir...
...Ağıllı telefonları insanların əlindən ala bilmərik, amma ağıllı insanları telefonların əlindən almaq zorundayıq. Ağıllı insanı isə Həqiqət dərsləri yetişdirir. Bəşəriyyət qlobal iqlim dəyişikliyindən necə əziyyət çəkir! Səbəbi də atmosferin çirklənməsidir. Eynilə dünya, insanlıq informasiya çirkliliyindən də "zəhərlənir". Həm də ölümcül!
Bahəddin Həzi, bizimyol.info