Icma.az
close
up
RU
COP30: Bakının təcrübəsi Belem qlobal gündəliyində

COP30: Bakının təcrübəsi Belem qlobal gündəliyində

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Braziliyanın Belem şəhərində keçirilən COP30 konfransında Azərbaycanın iştirakı həm iqlim dəyişiklikləri ilə mübarizədə ardıcıl liderliyi, həm də COP29 Sədrliyi dövründə əldə etdiyi mühüm nəticələri beynəlxalq ictimaiyyətə təqdim etmək fürsətidir. Bu, eyni zamanda, COP29-un uğurlu mirasını Braziliyaya ötürməzdən öncə ölkəmizin qlobal iqlim gündəliyində tutduğu fəal mövqeyin bir ifadəsidir.

Azərbaycan pavilyonu “Həmrəylik evi” adını daşıyır. Bu ad COP29-un əsas ideyasını – müxtəlif ölkələr arasında əməkdaşlıq və birgə məsuliyyət ruhunu simvolizə edir. Pavilyonun “İrs zalı” bölməsində həm qlobal COP29 irsi, həm də Azərbaycanın mədəni və ekoloji davamlılıq ənənələri xüsusi vurğulanır. Burada təqdim olunan ekspozisiyalar iqlim diplomatiyasında ölkəmizin qurucu rolunu nümayiş etdirir. Eyni zamanda, pavilyonda COP29 Sədrliyinin fəaliyyət proqramını formalaşdıran səkkiz əsas təşəbbüsə geniş yer ayrılıb.

Şəffaflıq, su ehtiyatlarının iqlim dəyişikliklərinə qarşı dayanıqlılığı, sülh quruculuğu və insan inkişafı kimi istiqamətlər interaktiv üsullarla təqdim olunur. Quraşdırılmış rəqəmsal monitorlar vasitəsilə ziyarətçilər bu təşəbbüslərin mahiyyəti, COP sədrlikləri arasındakı ardıcıllıq və qarşılıqlı əməkdaşlığın necə formalaşdığı barədə ətraflı məlumat əldə edə bilirlər.

Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP30 artıq ilk günlərindən qlobal diqqətin mərkəzinə çevrilib. Forumda müzakirələr əsasən iqlim adaptasiyası, şəhərsalma siyasətləri, su təhlükəsizliyi, tullantıların idarə edilməsi və yerli idarəetmənin gücləndirilməsi məsələlərinə fokuslanıb.

Belem konfransı bir daha göstərir ki, qlobal iqlim çağırışlarına cavab vermək üçün yalnız beynəlxalq razılaşmalar deyil, həm də yerli səviyyədə idarəetmə mexanizmlərinin çevikləşməsi həyati əhəmiyyət daşıyır. Konfrans çərçivəsində irəli sürülən yeni təşəbbüslər və əməkdaşlıq platformaları artıq “fəaliyyət dövrü”nün başlandığını nümayiş etdirir. Müxtəlif dövlətlər və beynəlxalq qurumlar əməli tədbirlərin maliyyələşdirilməsi, icra mexanizmlərinin genişləndirilməsi və iqlim maliyyəsinin ədalətli paylanması istiqamətində konkret razılaşmalara imza atıblar.

Noyabrın 11-də keçirilən “Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlər Görüşü”ndə təqdim edilən “Çoxtərəfli İdarəetmənin Sürətləndirilməsi Planı” (PAS) və Yüksək Ambisiyalı Tərəfdaşlıq Koalisiyasının (CHAMP) yeni modeli 2028-ci ilədək yüz ölkənin milli iqlim planlarına yerli idarəetmə strukturlarının inteqrasiyasını nəzərdə tutur. UN-Habitat-ın təqdim etdiyi “Urban Content in NDC 3.0” hesabatı isə göstərir ki, yeni milli planlarda şəhərlərə aid müddəaların sayı iki dəfə artıb. Bu, ölkələrin məsuliyyət və icra mexanizmlərinə daha real yanaşmasının təzahürüdür. Görüşdə Azərbaycan adından ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iştirak edib.

COP30-un ikinci günündə təqdim olunan “Beat the Heat” təşəbbüsü ekstremal istiliklərlə mübarizənin qlobal miqyasda yeni mərhələsini açır. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən həyata keçirilən bu layihə 185 şəhəri əhatə edir və 3,5 milyard insanı istilik risklərindən qorumağa yönəlib. Layihə çərçivəsində təbii soyutma üsulları, enerjiyə qənaətli texnologiyalar və yaşıllaşdırma proqramları tətbiq olunacaq.

Konfransda su resurslarının idarə olunması iqlim siyasətinin ayrılmaz hissəsi kimi dəyərləndirilib. “Dəyişimin suları” adlı nazirlər sessiyasında qəbul edilən birgə bəyanatda suyun iqlim fəaliyyətində mərkəzi rolu təsbit olunub. Latın Amerikası və Karib hövzəsi üçün elan edilən Su İnvestisiya Proqramı isə 2030-cu ilədək 20 milyard ABŞ dolları həcmində investisiyanın içməli su təhlükəsizliyinə, suvarma sistemlərinin modernləşməsinə və daşqın risklərinin azaldılmasına yönəldilməsini nəzərdə tutur.

Belem konfransında tikinti və tullantı idarəçiliyi sahəsində də mühüm qərarlar qəbul olunub. “GlobalABC” və Dünya Yaşıl Binalar Şurası tərəfindən təqdim edilən “Near-Zero and Resilient Buildings” standartı dövlət sektorunda dayanıqlı infrastrukturun tətbiqinə yeni yanaşma gətirir. Kolumbiya, Fransa, Finlandiya, Qana, Yaponiya və Keniya artıq bu istiqamətdə dəstək verəcəyini açıqlayıb. Eyni zamanda, “No Organic Waste (NOW)” planı 2030-cu ilədək üzvi tullantılardan yaranan metan emissiyalarını 30 faiz azaltmaq, bir milyon tullantı toplayıcısını dövri iqtisadiyyat sisteminə cəlb etmək və hər il 20 milyon ton ərzaq tullantısının bərpasını təmin etmək məqsədini daşıyır.

Ümumiyyətlə, COP30-un kommunikasiya komandasının məlumatına əsasən, builki konfrans çərçivəsində “Fəaliyyət Gündəliyi” üzrə 400-dən çox beynəlxalq təşəbbüs və 100-ə yaxın sürətləndirmə planı təqdim ediləcək. Bu, Belem konfransının “icra mərhələsi”nə keçidinin rəmzi sayılır. Tədbirin ikinci günündə keçirilən Qlobal Mutirao Plenar Sessiyasında 80-dən çox ölkənin nazir və merləri iştirak edib. Toplantıda vurğulanıb ki, Paris Sazişinin uğuru yerli icmaların və şəhərlərin fəal iştirakı ilə formalaşacaq.

Rövşən ABBASOV,
coğrafiya üzrə fəlsəfə doktoru, ekoloq

Təbii ki, Azərbaycanda keçirilən COP29 tədbirindən sonra Braziliyanın Belem şəhərində təşkil olunan COP30 konfransını həmin prosesin məntiqi davamı kimi qiymətləndirmək lazımdır. Çünki bu iki tədbir arasında sıx məntiqi və tematik əlaqə mövcuddur. Belem konfransı həm adaptasiya, həm də mitiqasiya istiqamətində bir sıra mühüm məsələləri qlobal gündəliyə gətirir.

Hazırda planetdə müşahidə edilən iqlim istiləşməsinin davametmə riski olduqca böyükdür. Bunun əsas səbəblərindən biri odur ki, bir çox ölkələrin milli iqlim planları və milli töhfə sənədləri hələ də gözlənilən nəticəni vermir. Bu vəziyyət emissiyaların azaldılması üçün, xüsusilə enerji, sənaye və nəqliyyat sektorlarında, daha intensiv və hətta müəyyən qədər radikal dəyişikliklərin həyata keçirilməsini zəruri edir.

Bu baxımdan, mitiqasiya sahəsində əsas prioritetlərdən biri ölkələrin yeni milli iqlim sənədlərini yaxın illərdə qəbul etməsi və istixana qazlarının azaldılması üzrə daha ambisiyalı hədəflər müəyyənləşdirməsidir. Eyni zamanda, adaptasiya məsələlərinə COP30-da çox geniş yer ayrılması tədbiri əvvəlki konfranslardan fərqləndirən əsas cəhətlərdəndir.

Burada şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşdırılması, meşə və torpaq istifadəsi, meşələrin qırılmasının qarşısının alınması, enerji sistemlərində ekoloji məsuliyyətin artırılması, fosil yanacaqlardan asılılığın azaldılması və torpaq deqradasiyasının qarşısının alınması kimi məsələlər ön plana çıxır.

Digər mühüm istiqamətlərdən biri iqlim maliyyəsinin və “yaşıl” investisiyaların genişləndirilməsidir. Artıq bu prosesə yalnız dövlətlərin deyil, özəl sektorun, xüsusilə iri şirkətlərin də fəal şəkildə cəlb olunması vacib sayılır. Bu baxımdan, “yaşıl karbon” bazarının formalaşdırılması və “yaşıl inkişaf” konsepsiyalarının tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bütün bu məsələlər “danışıqlardan icraya keçid” mərhələsinə daxil olmağın vacibliyini göstərir. Bununla belə, ABŞ-ın COP30-da yüksək səviyyədə təmsil olunmaması barədə yayılan xəbərlər müəyyən narahatlıq doğurur.

Çünki dünyada karbon emissiyalarının əsas hissəsinə məsul olan üç böyük ölkə – ABŞ, Çin və Hindistan – bu prosesdə həlledici rol oynayır. Onların fəal iştirakı olmadan qlobal iqlim məqsədlərinə nail olmaq mümkün deyil. Bu baxımdan, həm bu ölkələrin öz ərazilərində, həm də digər regionlarda həyata keçirəcəkləri transsərhəd mitiqasiya tədbirləri xüsusi əhəmiyyət daşıyır.

Bu tədbirlər meşələrin bərpası, “yaşıl enerji” layihələrinin dəstəklənməsi, adaptasiya proqramlarının icrası və istixana qazlarının azaldılması istiqamətlərini əhatə edə bilər. Lakin ABŞ-ın bu proseslərdə aktiv iştirakdan geri çəkilməsi, qlobal iqlim gündəliyində müəyyən ləngimələrə və prioritetlərin zəifləməsinə gətirib çıxara bilər.

Nurlan ABDALOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see364

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see287

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see224

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see207

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see206

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see188

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see184

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see180

Suriyada qaz boru kəmərində partlayış Təchizat dayandırıldı

19 Avqust 2026 06:56see171

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see170

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see161

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see160

Dövlətlə əmlak mübadiləsi mümkün olacaq DETALLAR

19 Avqust 2026 07:02see160

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see160

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see154

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see154

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see153

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see150

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see147

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri