COVID keçirən şəxslərdə sonsuzluğun kişi faktorunun daha çox artdığını müşahidə edirik Həkimdən AÇIQLAMA
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tibb elmi gün keçdikcə sürətlə inkişaf edir, diaqnostika və müalicə imkanları genişlənir. Lakin bütün bu irəliləyişlərə baxmayaraq, sonsuzluq problemi bu gün də öz aktuallığını qoruyub saxlayır və minlərlə ailəni narahat edən əsas tibbi-sosial məsələlərdən biri olaraq qalır.
Bəs sonsuzluğa səbəb olan amillər hansılardır? Bu problem daha çox genetik faktorlarla bağlıdır, yoxsa sonradan yaranan səbəblər üstünlük təşkil edir? Ümumiyyətlə, tibbi praktikada müraciət edən cütlüklər arasında sonsuzluq halları daha çox qadınlarda müşahidə olunur, yoxsa kişilərdə?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim mama-ginekoloq Nigar Həsənova bildirdi ki, hər zaman cütlüklər arasında sonsuzluq əsas problemlərdən biri olub:
"Sonsuzluğu biz nə vaxt sonsuzluq adlandırırıq? Əgər cütlüklər bir il ərzində mütəmadi cinsi münasibətdə olurlarsa və heç bir qorunma vasitəsindən istifadə etmirlərsə, lakin hamiləlik baş vermirsə, bu, artıq sonsuzluq hesab olunur. Yəni bir il ərzində hamiləlik yoxdursa, cütlüklər sonsuzluq üzrə müalicəyə başlaya bilərlər. Təbii ki, biz müalicəni cütlük şəklində aparırıq. Qəbul zamanı mütləq cütlük birlikdə gəlməli və ətraflı müayinədən keçməlidir. Sonsuzluğun həm kişi faktoru, həm də qadın faktoru ola bilər. Qadınlarda yumurtalıqların, uşaqlığın, uşaqlıq borularının vəziyyəti, müəyyən infeksiyalar və hormonların səviyyəsi yoxlanılır. Kişilərdə isə spermoqramma göstəriciləri hesablanır, varikoz genişlənmənin olub-olmaması araşdırılır. Təbii ki, bu müayinələrin nəticəsində əsas səbəbin nə olduğunu müəyyən edə bilirik".
Həkimin sözlərinə görə, bəzən elə hallar olur ki, cütlüklərin hər ikisində vəziyyət normal olur, heç bir problem aşkar edilmir, lakin sonsuzluğun səbəbi bilinmir:
"Bu zaman biz bunu “idiopatik sonsuzluq”, yəni səbəbi bilinməyən sonsuzluq adlandırırıq. Bəzən də hər şey normal olur, xanım hamilə qalır, lakin hamiləlik inkişaf etmir. Bu halda inkişaf etməmiş hamiləliyin materialı götürülərək genetik analizlərə göndərilir və səbəb bu yolla araşdırılır. Yəni qeyd etdiyim kimi, səbəblər müxtəlifdir. Əsas məsələ həmin səbəbləri düzgün araşdırmaq, doğru istiqamət seçmək və sonsuzluğu düzgün şəkildə müalicə etməkdir. Çox təəssüf ki, son zamanlar, xüsusilə pandemiyadan sonra, COVID keçirən şəxslərdə sonsuzluğun kişi faktorunun daha çox artdığını müşahidə edirik. Bu virus infeksiyası kişilərdə sonsuzluğun yaranmasına səbəb ola bilir. Təbii ki, bu hallarda da müalicə müştərək şəkildə aparılır. Əgər qadında hormonal problem varsa, endokrinoloqla birgə çalışırıq; əgər kişi sonsuzluğu varsa, androloqla əməkdaşlıq edirik. Məqsədimiz insanların sonsuzluğunun səbəbini düzgün müəyyən edib, effektiv müalicə aparmaq və ailələrin övlad sahibi olmasına nail olmaqdır".
Ginekoloq qeyd etdi ki, bəzən isə bu müalicələr də yetərli olmur və uzunmüddətli müalicələr nəticə vermir.
"Bu zaman aşılama və ya süni mayalanma üsullarına müraciət edə bilərik. Xüsusilə spermoqramma göstəriciləri ciddi problemlər yaradan kişilərdə normal yolla hamiləlik baş vermədikdə, bu üsulların uğur ehtimalı daha yüksək olur. Çünki tibb və texnologiya son illərdə çox inkişaf edib və bu üsullarla cütlüklər hətta əkiz hamiləlik və ya cinsiyyət seçimi imkanından da yararlana bilirlər.
Demək olmaz ki, sonsuzluğun səbəbləri yalnız qadınlarda və ya yalnız kişilərdə olur. Biz bu mövzuda konkret statistika aparmırıq, çünki səbəblər qarışıq ola bilər, həm kişi, həm də qadın faktorları eyni anda mövcud ola bilər. Əsas olan odur ki, həm kişi, həm də qadın eyni vaxtda müayinə olunmalıdır. Təəssüf ki, bəzi rayonlarda və bəzi ailələrdə, müasir dövr olmasına baxmayaraq, sonsuzluğun səbəbi daha çox qadın üzərində axtarılır. Qadınlara ailə üzvləri, qayınanalar və böyüklər tərəfindən təzyiq göstərilir. Bu, qətiyyən düzgün yanaşma deyil. Mənə müraciət edən cütlüklərə hər zaman vurğulayıram ki, mütləq hər iki tərəf birlikdə müayinə olunmalı, səbəb müəyyən edilməli və müalicə buna uyğun aparılmalıdır. Buradan arzu edirəm ki, inşallah sonsuzluq müalicəsi alan bütün cütlüklər övlad sahibi olsunlar. Bizim işimizin ən gözəl və fərəhli tərəfi də məhz budur, ailələrə sevinc bəxş etmək, hamiləlik xəbəri vermək, övlad sevinci yaşatmaq. Bu, işimizin ən qürurlu və fəxr ediləsi tərəfidir. Digər həkim sahələrindən fərqli olaraq, bizə daha çox xəstəliklə deyil, belə gözəl xəbərlərin əldə olunması üçün müraciət edirlər. Bu da işimizin stresini və yorğunluğunu azaldan, ən xoş tərəfidir", - deyə Nigar Həsənova bildirdi.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 19 Yanvar 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















