Dava dava oyunu Nodar Macaraşvilinin hekayəsi
Kulis.az saytına istinadən Icma.az xəbər verir.
Kulis.az Nodar Macaraşvilinin "Dava-dava" oyunu" hekayəsini təqdim edir.
Robert “sapojniklikdən” heç cür əl çəkə bilmədi. And olsun ki, bu işə pulsuzluqdan baş qoşmayıb. Bizim həyətdə çılpaq qadınların və Al Paçinonun plakatları ilə bəzənmiş köşkü var idi. Ayaqyolunu da içəridə düzəltmişdi, unitazın oturacağını elə yumşaq və rahat düzəltmişdi ki, oturmaq adamın xoşuna gəlirdi. Dava-dava oyununu sevməzdi, bizi əlimizdə avtomatla görəndə qıcıqlanar, “vay sizin yiyənizin halına” deyərdi. Bizim gülməyimiz gələrdi və Stallone kimi çənəmizi yana çevirməyə, Çak Norrisin hərəkətlərini təkrarlamağa çalışardıq. Çox qaçırdıq, siyməyimiz gələndə isə Robertin tualetinə gedirdik. İşimizi gördükdən sonra kim əlini yuyurdu – heç kim. Bunun zamanı deyildi, kranı açana, Robertin arvadının çirkli dəsmalı ilə qurulanana kimi Koba, Saşka, yaxud Valera səni amansızcasına güllələyə bilərdi.
Robertin köşkündə həmişə Mark Tvenin və Mayn Ridin kitabları olurdu. Kitablar rəfdəki kimi yan-yana düzülmüş olmurdu, üst-üstə yığırdı. Ən inanılmazı və təəssüf doğuran isə onlardan tualet kağızı kimi istifadə etməsi idi. Mark Tvenin kim olduğunu öyrənənə kimi mən də kitabdan vərəqləri heyfim gəlmədən qoparırdım. Heyfim gələsi nə var idi, axı bilməmək ayıb deyil. Ancaq indi dərk etdim ki, çox vaxt bilməmək ayıbdır, hətta ayıbdan da betərdir. Sonra Robert buna tamamilə alışdı, çünki işi üçün əlli tetri alırdı. Bir dəfə otuz tetrim var idi, məni içəri buraxmadı, az qalsın şalvara siyəcəkdim; Robert kirayə qiymətini azaltmırdı axı.
Atam heç vaxt mənə avtomat hədiyyə etməyib, həmişə yazı pozanlar alırdı, məni sevindirdiyini düşünürdü. İllər ötüb, amma indi də əmindir ki, məni orijinal şəkildə mükafatlandırırdı.
“Heklberri Finnin macəraları”ndan dəstək, “Şahzadə və dilənçidən” qundaq, “Tom Soyerin macəraları”ndan lülə, “Başsız atlıdan” isə “kurok” düzəltmişdim. Avtomatı “Tven-Rid” adlandırmışdım. Bəs nə edəydim? Oyuncaq silah almaq üçün pulu haradan alacaqdım. Atəşi açanda “da-da-da-da-da” deyirdim. Tanınmış “boyevikin” adından istifadə edirdim, məhəllənin “vzrosluları” mənə komando da deyirdilər. Sevgiyə və lirik məktublara heç kimin vaxtı yox idi, axı müharibə sevgi tanımır. Evə də belə girirdim: “da-da-da-da-da”! Atam deyirdi, bu uşaq gözlə-qaş arasında zay oldu, bu cümlədə zövq titrəməsi keçirirdim, özümü həqiqi “boyevik” kimi hiss edirdim. “Tven-Rid”i divardan asmışdım, dərs oxuyan zaman hərdən ona baxırdım. Ağzımla səsli atəş açmaq, dostlarımın isə ölüm səhnəsini bacarıqsız şəkildə təcəssüm etdirməsi üçün tələsirdim. Onların qeyri-təbii ölümünə heç cür uyğunlaşa bilmirdim və hamının görməsi üçün hava gülləsi mənə dəyəndə Belmondo kimi yıxılırdım.
Roberti geyinilmiş ayaqqabı oğurladığı üçün həbs etmişdilər. Ona görə də dava-dava oyunu zamanı ayaqyoluna evə getməyə məcbur idim. Buna görə həmişə ərinirdim. Bizim “sapojniki” bir aya buraxdılar və ayaqyolu da açıldı. Tualet isə on tetri bahalaşdı.
Saşka həmişə mənim batalyonumda topçu işləyirdi, doğrudur, anadan topçu doğulmamışdı, amma partlayış səsini əla çıxarırdı. Elə bilirdin London kimi, bütün Tbilisini yanğın bürüyüb. Britaniyanın paytaxtında əvvəllər nə baş verdiyini eşitmisinizmi? “Tven-Rid” islandı, çünki yağışda belə düşmən qarşısında silahımı yerə qoymazdım. Keyfiyyətli kağız silahım var idi. Ancaq dünən yağan doluya dayana bilmədi. Bu dəfə Rozanov və Klimovun vərəqlərindən nəhəng pulemyot düzəltdim. Artıq heç kim məni məğlub edə bilməzdi.
Atam elə gərgin şəkildə “Xəbərlər”i izləyirdi, onun gicgahında qalın qara damar qabarırdı.
– Bu gün Gürcüstanda buludlu hava və ... – bundan artığını dinləyə bilmədi. Çünki qapını təpiklə açdım, Ştirlis siması aldım və atəş açdım: “da-da-da-da da-da-da!” Sonra istehza ilə atama baxdım və “Rozanov-Klimovu” çiynimə asdım. İki saniyəyə mənim tərifli silahımı parçalara çevirdilər. “Xəbərlər”in hava proqnozundan qıcıqlanan valideynim pulemyotu başıma keçirdi. Ondan sonra utancaq-sayğılı “boyevik” oldum, hər halda, öz ailəmdə.
Robertin üstünə düşdüm ki, tualet kağızının keyfiyyətini yaxşılaşdırıb möhkəmləndirsin. O, kartona oxşar qalın kağızlardan ibarət Bayronun kitabını qoydu.
– Bu ağrıtmır, to? – “sapojnik” qürurla güldü. Var gücümlə aşağı dodağımı çevirdim. Bu jestlə onun təsəvvüredilməz mazoxistliyini və dözümlülüyünü təriflədim. Bayrondan tapançanı özü düzəltdi, həm də xəbərdarlıq etdi: Hesab et ki, bu göydən düşüb, çünki uşaqlıqdan dava-dava oyunundan zəhləm gedir. Mənim topçum Saşka da onun başının üstünü aldı və “kalaşnikov” düzəltməsini xahiş etdi. Ancaq “sapojnikdən” Lauranın ayaqqabısının dabanı ilə çiyninə dayaq yedi. Yaxşı ki, kənara çəkilməyi çatdırdı, yoxsa başına dəyəcəkdi. Saşka rus idi, əsl slavyan, sarışın və qəhvəyi gözlü. Biz sinif yoldaşı, çox yaxın dostuq. Sinifdən kənar isə batalyon başçısı və topçu. Həmişə mənimlə birlikdə nahar edirdi və yemək vaxtı “da-da-da-da” deyəndə gülməkdən ölürdü. Bir az böyüdükdən sonra rus dilində poemalar yazmağa başladı. Lermontovu təqlid etməyə çalışırdı. Fədakar döyüşçü kimi “Borodino”nu əzbər bilirdi. Amma danışan zaman tez-tez ortada yanılırdı. Pulemyot da... daha doğrusu, indi pulemyot zamanı deyil... naqanım da köhnəlib və dağılıb. Vərəqlədim və “Don Juanı” oxumağa başladım. Başımda “da-da-da və da-da-da” fırlanırdı. Demək olar, heç nə başa düşmədim, ancaq bir neçə abzas incə şəkildə ürəyimə yatdı və yadımda qaldı. Böyüdüm və dava-dava oyunundan bezdim. Ancaq qardaşlarımın yanında utanmayım deyə özümü elə aparırdım ki, guya “boyevikliyə” yenə davam edirəm. Robertin yanına getdim və yeni kitablar istədim. Tualetə gir, götür, dedi. Kefsiz şəkildə icazə verdi. Dümanın və Dodenin cildlərini gətirdim.
– Bu qədər kitabı neynirsən?
– Tanka oturdum, – yavaşca cavab verdim.
– Bu dava-dava oyunu bitmədimi?! – təəssüflə ah çəkdi və mənə elə baxdı ki, onu bezdirdiyimi aydın şəkildə başa düşdüm.
Mütaliəmi sürətləndirdim və Saşkanı da özümə qoşdum. Yazıq Robert, yeni kitablar gətirənə kimi yoxsulluq içində gəzirdi. İnsan hər şey bacara bilər: möcüzələr yarada, heyrətamiz fikirləşə, Tanrı kimi düşünə, düşmənlərin dağılmış sevgisi ilə inşa edə, Düma kimi romanlar yaza və sonra belə romanlardan tualetdə istifadə edə bilər. Əvvəl dahilərə onların əsərləri ilə belə davranıldığına görə yazığım gəlirdi. Ancaq bir müddət əvvəl bununla bağlı fikrim dəyişdi. Yazıçı nə qədər güclüdür ki, hər hansı gücdən, qayğıdan kənar savadsız adamlara qədər gedib çıxmağa nail olur. Düşündüklərinin və yazdıqlarının düşüncəsiz şəxsə çatmasına hər cür çalışır. Və cəhd uğursuz da alınsa bəzisinə avtomat, bəzisinə fincan altı, bəzisinə isə silkələnməsin deyə şkafın və ya stolun ayağının altına qoymaq üçün, stul olaraq, bəzisinə lap elə tualet kağızı olaraq gedib çatar. Mümkün deyil ki, avtomatlı şəxs qundağa çevrilmiş kağıza heç olmasa bir dəfə də olsun nəzər yetirməyə. Oturmağa hazırlaşan şəxs bir dəfə də olsun nəyin üzərində oturduğuna baxmaya, yaxud nə ilə silindiyini müşahidə etməyə. Böyük yazarlar maraqsız adamlara qədər gedib çıxırlar. Bunu yalnız kitab bacara bilər, başqa heç nə. Saşka romanlar yazmağa başladı. Dəhşətli prozaçı idi. Ancaq bəzən onun yazdıqlarına ürəkdən gülərdim.
Məktəbi bitirdikdən sonra Rusiyaya qayıtdı. Gedəndə “praşalkada” qardaşlığımızın sağlığına üç dəfə içdi. Xatirə olaraq ona oyuncaq silah verdim. Buna baxanda da-da-da da-da-da-da-nı xatırlayarsan dedim. Həə, – deyə kövrəlmiş razılaşdı. Robert də gəlmişdi. Mən və Saşka aralı olsaq da dostluq edirdik, mühüm yazışmalarla əlaqə saxlayırdıq. Bəlkə bacarıb yanıma gələsən deyə yalvarırdı. Heç cür bacarmadım. Yekaterinburqda doğma qardaşını tapıb. Atası hansısa stüardessa ilə sakitcə uşaq düzəldibmiş. Saşka yazırdı ki, bomba şeydir, “prosta” bir az ağciyərdi; arvad almışam, uşağım da var; xilas oldum, çünki uşaq mənim kimi dava-dava oyununa həvəsli görünmür, yoxsa onun “da-da-da da-da-da”sına dözmək olmazdı.
“Boyevik” oyununu unutmuşdum ki, ruslar Kartliyə od vurdular. Taxıl zəmiləri qaraya büründü, əziyyətlə tikilmiş körpülər çaya düşdü, torpaq becərmək, alma, şaftalı yetişdirməklə məşğul olan kəndlilər köçkünə çevrildilər. Əhali xəstəxanalarda qan verirdi ki, qansız qalmış hərbçilərə yardım etsinlər. Bu dəfə əlimizə həqiqi avtomat verdilər, haydı, Kemertə doğru! Mənə dedilər rezervistsən, səsin çıxmasın. İki həftəlik hərbi hazırlıq keçmişdim, amma silahı toxa kimi tuturdum.
– Silkələndik, şeçema! – Səmada bombardmançılar görünəndə naməlum hərbçilərə səsləndim. Kim hara qaçırdı bir Allah bilirdi. Bir təlaş var idi ki, bəzisinin hərəkətini Tanrı da tanımazdı.
– Ay! Ay! Silkələndik! Gözlənilən gəldi! – Gurlayır və avtomatın darağını təyyarəyə boşaldırdım. Məhz uşaqlıqdakı səsə bənzəyirdi: da-da-da, da-da-da! Ancaq indi bunun zamanı deyildi. Yazıq hərbçilər çaşıb qalmağı belə çatdırmadan dünyadan köçürdülər. O yan-bu yana baxdım, tərk edilmiş həyətdə tək dururdum. Birdən kimsə başıma avtomat dayadı.
– “Ne dviqaysa” – tərpənmə dedi. Tərpənmə nədir, tərpənmək və tərpətmək eyni oldu. Çevrildim ki, Saşka!
– Ey! Mənəm, to! Tanımadınmı?
– Ubyu, suka! – Qışqırdı və məni qundaqla vurdu.
– Mənəm, şeçema!
– Qovoryu ubyu!
– Saşka! Mənəm! – Qışqırırdım. Məni ağac tərəfə atdı və avtomatın darağından keçirdi. Bütün uşaqlığım bir saniyədə gözümün qarşısından keçdi: Robertin tualeti, “da-da-da da-da-da”, avtomatın qundağında “Don Juan” oxumağım və Saşka. Güllə başıma dəydi və... O, məni “kontrolka” ilə vurmadı, öldüyümü sandı. Özümə gələndə heç kim yox idi. Taxıl yanırdı, tarla tüstülənirdi. Müharibə bitdi. Həmişə olduğu kimi uduzduq. Amma deyirdilər ki, udmuşuq. Mən məğlub olmuşdum. Çünki məni Saşkam öldürmüşdü və xilas olmuşdum. Belə xilas olmağın anasını! İki həftədir içirəm və iki həftədir Saşkanın, həyatın anasına söyürəm. Telefon zəng çaldı.
– Da.
– Mənəm, Saşka! Sən sağsan? Eşidirsən, Saşkayam?!
Qanım dondu və çiyinlərimdən tər axdı.
– Get, sənin!
– Alo! Alo! Eşidilmir! Mənim bu ağılsız qardaşım Kartlidə vuruşurdu. Dünən qürurla danışırdı ki, hansısa gürcünü güllələdim. “Trupu” təsvir etdi, sənə çox bənzəyirdi. Bilirdim sən də vuruşursan, az qaldı ürəyim yata. Allaha şükür ki, sən deyilmişsən, sağsan! Sənə atəş açmış olsa, öz əlimlə bunu öldürəcəkdim... – əlaqə kəsildi.
– Saşka! Alo! Alo! Saşka! Alo! – Əllərimlə üzümü örtdüm və ağladım. Xoşbəxtlikdən ağlayırdım. Yaşamım geri qayıtdı, sevgi yenə məni tapdı, uşaqlığım və “da-da-da da-da-da” geri qayıtdı. Papağımı götürdüm və Robertin köşkünə doğru qaçdım. Küçədə ümid yağırdı, yaşamaq ümidi. Robert qapını açdı. Salam da vermədim, tualetə keçdim.
– Orada nə gəzirsən, to, daha kitablarım yoxdur.
– Hara apardın?
– Oxumağa başladım. – Daşa döndüm. Birdən sevincdən məni gülmək tutdu. Həqiqətən xoşbəxt idim. Roberti qucaqladım. Əllərini möhkəm sıxmışdım.
– Gəl içək, gəl, – xahiş etdim və gözlərinə baxdım.
– Eee! Müharibədən sonra adətən belə olur... depressiya... depressiya... di gəl, içək!
Gürcü dilindən tərcümə etdi: Aynurə Əliyeva
Əsgəranı daşnaklardan qoruyan generalımız - O, həbsxanadan Xüsusi Şöbənin rəisinə yazdığı məktubda nə istəyirdi? Zahidə Məmmədsalahova vəfat etdi “Maqsud Şeyxzadə” bədii filmi çəkiləcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 04 Yanvar 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















