“Davamlı şikayət edən insanın düşüncə tərzi zamanla mənfiyə yönəlir və bu da artıq psixoloji vərdişə çevrilir”
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Psixologiya Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru, psixoloq Almara Ağaqızı bildirib ki, tez-tez şikayət edən insanların düşüncə tərzi zamanla daha da mənfiyə yönəlir: “Mən deyərdim ki, son illərdə insanların gündəlik ünsiyyətində ən çox rast gəlinən davranışlardan biri şikayət etməkdir. Bəzən bunu stresslə, bəzən həyat çətinlikləri ilə əlaqələndiririk. Amma mənim fikrimcə, məsələ təkcə çətinliklərin çoxluğunda deyil, onlara necə yanaşmağımızdadır.
Təcrübələrimə dayanaraq deyərdim ki, tez-tez şikayət edən insanların düşüncə tərzi zamanla daha da mənfiyə yönəlir və bu artıq psixoloji vərdişə çevrilir. Burada elmi araşdırmalarla üst-üstə düşən bir məqam var. Müasir neyropsixoloji tədqiqatlar göstərir ki, davamlı şikayət amigdalanın aktivliyini artırır. Mənim müşahidələrimə görə də, bu insanlar daha tez həyəcanlanır, daha tez narahat olur və sakitləşməkdə çətinlik çəkirlər. Mən deyərdim ki, beyin şikayəti təhlükə siqnalı kimi qəbul edir. Hər dəfə eyni mənfi cümlələr təkrarlananda beyin bunu “normal vəziyyət” kimi kodlaşdırır. Nəticədə insan fərqinə varmadan daim problem axtaran bir zehniyyətə köklənir. İnsanların çoxu şikayət etdiklərinin fərqində olmur. Çünki bu davranış artıq avtomatik rejimə keçir. Elmi baxımdan desək, tez-tez təkrarlanan düşüncə və sözlər neyron əlaqələri möhkəmləndirir. Mənim fikrimcə isə, bu nöqtədə insan artıq vəziyyəti yox, yalnız narazılığı görməyə başlayır. Dəyişimin ilk addımı fərqindəlikdir. İnsan “mən indi şikayət edirəm” deyə bildiyi anda artıq avtomatik dövrə qırılmağa başlayır. Bu, həm praktik təcrübəmdə, həm də elmi mənbələrdə təsdiqlənmiş bir faktdır. Təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, çox təsirli metodlardan biri də şikayəti suala çevirməkdir. Yəni-“Hər şey niyə belə çətindir?” yerinə “Bu vəziyyətdə mənim edə biləcəyim nə var?” Bu dəyişiklik beyni passiv narazılıqdan aktiv düşünməyə keçirir”.
Almara Ağaqızı
Almara Ağaqızı vurğulayıb ki, mənfi düşüncələrdən qaçmaq mümkün deyil: “Mənim fikrimcə, mənfi düşüncələrdən tam qaçmaq nə mümkündür, nə də sağlamdır. Burada əsas məsələ onları idarə etməyi öyrənməkdir. Düşüncəni basdırmaq yox, onu anlamaq daha effektlidir. Elmi araşdırmalar da təsdiqləyir ki, düşüncəni adlandırmaq və yenidən çərçivələndirmək (reframing) emosional yükü xeyli azaldır. Hər günün sonunda insan özünə bu sualı versə kifayətdir: “Bu gün şikayət etdiyim anda başqa hansı baxış bucağı seçə bilərdim?” Təcrübələrimə dayanaraq deyə bilərəm ki, bu sual zamanla insanın düşüncə tərzini dəyişir və beynin mənfi dövrədən çıxmasına kömək edir.
Ən vacib məqam budur ki, beyin bizim sözlərimizi və düşüncələrimizi təlimat kimi qəbul edir. Tez-tez şikayət etdikcə beyni narahatlığa, fərqindəliklə yanaşdıqca isə sakitliyə öyrədirik. İndiyə qədərki müşahidələrimlə və elmi araşdırmalara dayanaraq belə nəticəyə gəlirəm ki, psixoloji dəyişimin başlanğıcı məhz burada - düşüncənin istiqamətində yatır”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 02 Yanvar 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















