“Dəniz canavarı”nın Vətən müharibəsində qəhrəmanlığı
Fəqan Amil oğlu Zalov 1997-ci ilin aprel ayının 1-də Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir. 2003–2007-ci illərdə Füzuli rayonunun Marks Hacıyev adına Babı kənd tam orta məktəbində təhsil alıb. 2010–2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirib.
Üzünü görmədiyi ata yurdu, valideynlərinin qaçqınlıq xiffəti onu daim düşündürüb. Amma buna bir gün son qoyulacağına sövq-təbii inanıb. O, 2015-ci ildə Füzuli Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Əlinə təlimdə olsa belə silah götürəcəyinə sevinib, “silahdan istifadəni ciddi öyrənmək lazımdır, bir gün gələr, lazım olar” – deyə düşünüb.
Aprel döyüşləri
Onun əlinə təlimdə deyil, döyüşdə silah götürmək, ondan istifadə etmək arzusu gerçəkləşir. Fəqanın hərbi xidməti dövründə – 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında Tərtər və Cəbrayıl–Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayır.
Azərbaycan Artilleriya Qoşunlarının əsgəri Fəqan Zalov tarixə Aprel döyüşləri kimi düşən 4 günlük hərbi əməliyyatlarda iştirak edir. Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunur. Fəqanın da iştirak etdiyi həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun “yenilməz Ohanyan xətti” 40 dəqiqə ərzində darmadağın edilir.
Hərbi Dəniz qüvvələrinin xüsusi təyinatlıları döyüşə cəbhənin Goranboy istiqamətindən başlayırlar. 2 gün sonra Füzuli–Cəbrayıl istiqamətinə gəlirlər. Həmin döyüşlərdə yaralanıb hospitala göndərilən Fəqanın müalicəsi tam başa çatmamış müharibə bitir. O, bir müddət hospitalda qalmağa məcbur olur və müalicəsi bitdikdən sonra hərbi xidmətini davam etdirir. 2017-ci ilin yanvar ayında, müddətli həqiqi hərbi xidmətini başa vurur. 9 ay sonra, 2017-ci ilin oktyabrından dekabrınadək müddətdən artıq həqiqi hərbi xidmət qulluğu kursu keçərək, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin MAHHXQ matrosu olur.
“Dəniz canavarı”
Dəniz Fəqanın 2-ci evi olur. O, 2017-ci ilin dekabr ayından 2019-cu ilin mart ayına qədər Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsinin Gözətçi Gəmilər Diviziyasının “N” nömrəli gəmisində komendor (topçu matros) vəzifəsində xidmət edir. Xidmət dövründə Xəzəryanı dövlətlərin birgə təşəbbüsü ilə keçirilən “Beynəlxalq dəniz kuboku” yarışlarına qatılır. Fəqanın xidmət etdiyi gəmi dəniz kuboku yarışlarında dəfələrlə qalib gəlir və bir çox fəxri fərmanlarla təltif olunur.
2018-ci ilin mart ayından dekabr ayınadək “N” saylı hərbi hissənin nəzdindəki Xüsusi Təyinatlı Kəşfiyyat kursuna daxil olub çətin təlimləri uğurla başa vurur. Kursu birincilik dərəcəsi ilə bitirdiyinə görə, “kiçik miçman” rütbəsi alır. 2019-cu ilin mart ayından “N” saylı hərbi hissədə Sualtı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrində xidmət edir. Həmin xidmət dövründə kəşfiyyatçı kimi “Dağçılıq”, “Paraşüt”, “Antiterror”, “Amfibiya” adlanan çox ağır təlim kurslarını da bitirir. Təlimlərdə xüsusi fərqləndiyinə görə, o, həmin il “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilir.
Vətən müharibəsi
Artıq Fəqanın özünü təlimlərdə yox, həqiqi döyüş meydanında təsdiq etmək zamanı yetişir. 2020-ci il sentyabrın 27-də genişmiqyaslı silahlı təxribata başlayan Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə əks- hücum əməliyyatlarına qoşulur.
Vətənə xidməti dənizdə deyil, quruda davam etdirən Azərbaycan Ordusunun Sualtı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı Fəqan Zalov İkinci Qarabağ müharibəsi zamanı öncə Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşur. Cəbrayıl rayonundan başlayan əks-hücum əməliyyatlarında qarşı tərəfin illər boyu qurduğu və möhkəmləndirdiyi mühəndis-istehkam və müdafiə zolaqlarının yarılmasında bir çox istiqamətdəki strateji yüksəkliklərin ələ keçirilməsində fərqlənir. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən, Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi – Aşağı Maralyan, Çaxırlı, Mehdili, Quycaq, Şəybəy, Cəfərabad, Çərən, Daşəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şürbəyli və Yuxarı Maralyan işğaldan azad edilir. Özü dəfələrlə yüngül xəsarətlər alsa da, uşaqlara “ehtiyatlı olun, bu ərazi bizdə olmalıdır”– deyə onları döyüşə ruhlandırır.
Fəqan Zalov 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndi istiqamətində ayağından ağır yaralanır. Əvvəlcə Füzuli rayonunda, sonra Beyləqanda, sonuncu dəfə isə Hacıqabulda yerləşən xəstəxanaya yerləşdirilir. Müalicə ilə bağlı ona məzuniyyət verilir. Məzuniyyətdən imtina edərək döyüş meydanına qayıdan Fəqan ilk olaraq Xocavənd istiqamətində gedən döyüşlərdə adsız yüksəkliklərin ələ keçirilməsində fərqlənir. Oktyabrın 19-da SAH Xüsusi Təyinatlı Qüvvələrinin də iştirak etdiyi hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri də işğaldan azad edilir.
Fəqan bundan sonra Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərə qatılır. Əməliyyatlarda xüsusi fəallığı ilə seçilərək fərqlənir. Onun son döyüşü Xocavənd istiqamətində olur.
Şəhidlik məqamı
Fəqan Zalov 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasına 6 saat qalmış Xocavənd rayonunun (601 və 436 metr) yüksəkliklərinin cənub istiqamətində “Qızılqaya” adlı ərazidə yarımqrup tərkibində hücum əməliyyatını yerinə yetirən zaman qarşı tərəfin atdığı mərmilərin partlayışı nəticəsində yaralanır. Boyun hissəsindən girərək, ağ ciyərini və ürəyini parçalayan qəlpənin yarası ölümcül olduğu üçün onu xilas etmək mümkün olmur. Beləliklə o, şəhidlik zirəsinə ucalır.
Fəqan Zalov Füzuli rayonunun Babı kəndində yerləşən qəbiristanlıqda ana torpağa tapşırılır.
Ailəsi
Amil Zalovun 3 övladı olub – oğulları Fəqan, Nicat və qızı Gültəkin. Fəqanın qardaşı Nicat Zalov da İkinci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışdır. Fəqan Zalov subay idi.
Şəhidin haqqında çəkilmiş film onun qəhrəmanlıq yolunu, şəhidlik məqamını döyüş yoldaşlarının, doğmalarının dilindən anladır. Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun atası Amin Zalov deyir:
– Biz Füzuli rayonunun Aşağı Güzlək kəndindən məcburi köçkün düşmüşdük. Övladlarım Nicat və Fəqan Qarabağ eşqi ilə böyüdülər. Onların vətənpərvərlik ruhu yüksək olduğu üçün ikisi də hərbçi olmağı seçdi. Oğullarım həm Aprel, həm də II Qarabağ döyüşlərində ön sıralarda olublar. Böyük oğlum Nicat Zalov 16 ildir Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir, gizirdir. Nicat aprel döyüşlərində də iştirak edib xəsarətlər almışdı. II Qarabağ müharibəsində də ön sıralarda olub. Füzuli rayonunun Merdinli kəndində snayper atəşindən yaralanmışdı.
Kiçik oğlum Fəqan Cəbrayılda, Xüdafərin istiqamətində dizindən qəlpə yarası almışdı. Həkimlərə qəlpəni dizindən çıxarmağa imkan vermədi. Xəstəxanada qalmaq istəmirdi, döyüşə getməyə can atırdı. Onu yaralı vəziyyətdə hərbi hospitala göndərdilər. Həkimlər qayıtmasına icazə vermirdi. Məzuniyyət verilsə də 2 gün evdə qalandan sonra yenidən döyüş zonasına qayıtdı. Noyabrın 9-da saat 6 radələrində Xocavənd istiqamətində şəhid olub. Atılan mərmi boynuna, ürəyinə dəymişdi. Fəqan həmişə sinəsində bayraq gəzdirirdi. Mənə deyirdi ki, “ata, arzum odur ki, hansısa yüksəkliyə çıxsam, bu bayrağı ora sancım”. Qismət olmadı.
Atasının sözlərinə görə, oğlu son döyüşdə yoldaşlarından qabaq yüksəkliyə qalxmağa can atıb. Elə oradaca atəşə tuş gəlib. Şəhidin atası övladlarının hərbi sahəyə böyük maraq göstərdiklərini söyləyir:
– Nicat Ağdamda xidmət edirdi, bir gün zəng etdi ki, bəs XTQ-dən gəlib seçirlər, ora gedəcəyəm. Mən bir az təkid etdim ki, zəif uşaqsan, sənə çətin olar. Dedi ki yox, “bu yolu seçmişəm və getməliyəm”.
Kiçik oğlum Fəqan da əsgərlikdən qayıdandan sonra bildirdi ki, “hərbçi olmalıyam. Qardaşımın ardınca gedəcəyəm”. Kiçik oğlum Sabirabad rayonunda dünyaya gəlib. O, həmişə deyirdi ki, “ata, mən Qarabağı heç vaxt görməmişəm. Amma oranı tezliklə azad etmək ən böyük arzumdur”. Müharibə başlayanda bəzən onlarla söhbət etməyə imkan olurdu. İkisi də deyirdi ki, “ata, 27 ildir alnımızda olan bu damğanı, ləkəni təmizləyəcəyik. Torpaqlarımızı düşmən işğalından azad edəcəyik”. Bir gün Fəqan mənə dedi ki, “kəndinin şəklini mənə göstər”. Mən də telefondakı görüntünü göstərdim. Dedi: “Söz verirəm ki, şəxsən mən sənin kəndini azad edəcəyəm”. Müharibə başlayanda Fəqan və Nicat dedilər: “Ata, bizdən narahat olma. Biz Vətəni azad etməyə gedirik. Sənin yurdunu azadlığına qovuşduracağıq ki, həsrətin bitsin. Biz oğullar bunu etməsə, kim edəcək? Bu yolda yaralansaq da, şəhid də olsaq narahat olma”. Fəqan şəhid oldu, Nicat da ağır yaralandı.
Döyüş yoldaşları bizə Fəqanın həqiqətən qəhrəman olduğunu danışırdılar. Deyirdilər ki, Fəqangil Cəbrayıl uğrunda gedən döyüşlərdə neçə gündən bəri mühasirədə qalan bir taboru 6 nəfərlə itki və yaralı olmadan xilas etmişdilər.
Şəhidimizin anası Səridə Zalova:
– Balam 1 aprel gülüş günündə döğulmuşdu. Bilmirəm, ondandı, ya nədəndi, üzü həmişə gülürdü, hirslənəndə də sözünü gülə-gülə deyirdi. Adını mən seçmişdim, kükrəyən, sakit durmayan anlamı verirdi. Fəqan Vətəni sevirdi, bayrağı sevirdi. Yaxasına bayraq nişanı alıb vurmuşdu. Qoluna içində bayrağımızın şəkli olan saat taxmışdı. Elə hey, Vətən deyirdi. Daim təkrarlayırdı ki, mən mütləq torpaqlarımızın alınmasında iştirak etməliyəm. Aprel döyüşlərinin bitməsindən təəssüflənirdi, deyirdi ki, torpaqlarımızı nə gözəl azad edirdik, gərək dayanmayaydıq. Atası da onu sakitləşdirirdi ki, yəqin hələ zaman yetişməyib. Tovuz döyüşləri başlayanda Fəqan çiçək kimi açılmışdı. Deyirdi ki, atamın dediyi zaman artıq yetişib.
Mən Şuşada oxumuşam. Oranın şəkillərini göstərirdim. Deyirdi ki, heç insafdırmı, bu çür yerlərdə düşmən at oynatsın? Bu gözəl yerlər azad edilməlidir. Biz bunu bacaracağıq. Qayınım 1994-cü ildə həqiqi hərbi xidmətə çağrılanda demişdi ki, gedəcəm, 1-ci Qarabağ müharibəsində atəşkəs olacaq, müharibə dayanacaq. Atəşkəs imzalandı. Fəqan da deyirdi ki, mən də böyüyüb müharibəni davam etdirəcəyəm, o torpaqları geri qaytaracağıq. Elə də oldu.
Səxavət İbişov, dayısı:
– Xocavənd uğrunda gedən döyüşlərdə alınması çox şətin olan, aramsız atəşin hədəfi olan bir ərazi varmış. Komandir “kim gedə bilər?” – deyə döyüşçülərə müraciət edəndə Fəqan anında qabağa çıxıb və atəşi susdurmaq üçün irəli atılıb. Sərrast atdığı qumbara ilə atəş nöqtəsini darmadağın edib.
Cəbrayıl uğrunda gedən döyüşlərdə də çətin istehkamla üzləşiblər. Bunların yanına mərmi düşüb. Yaralanan yoldaşını döyüş meydanında qalmaması üçün çiyninə qaldırıb və şiddətli atəş altından onu sürünə-sürünə çıxara bilib.
O, vətənpərvər böyümüşdü. Ağıllı idi, dərslərini çox yaxşı oxuyurdu. Humanist idi, tanımadığı insana belə kömək əli uzadardı. Yaşlılara xüsusi ədəblə yanaşardı. Uşaqların da sevimlisi idi. Heyif ondan.
Gültəkin Mehrəliyeva, bacısı:
– Döyüş yoldaşları danışırdılar ki, şiddətli döyüşlərin birində onların sursatları qurtarır. Fəqan sürünə-sürünə keçib azad etdikləri postdan silah-sursat götürüb geri qayıdıb və döyüşə davam ediblər. Soruşanda ki, ay Fəqan, necə döyüşürsən, heç qorxursanmı? Zarafata salırdı, gülürdü, biz narahat olmayaq deyə. Əslində qardaşım qəhrəmanlıqlar edirmiş, bizim xəbərimiz yox. O özünü güllə qabağına verirmiş, haradan bilək? Yaralı halda döyüşə davam edib, yoldaşlarını da ruhlandırırmış mənim qardaşım. Görüntülü danışanda deyirdi, hər şey yaxşıdır. Sağ qalsaq, görüşərik. O bilmirdi ki, onun “sağ qalsaq” kəlməsi necə ürəyimizi paralayır. Biz görüşəmmədik. Qardaşım gəlmədi, Vətən Müharibəsi Qəhrəmanı oldu, onu elə Füzulidə atamın yurdunda dəfn etdilər.
O mənə fəxarət yaşadıb. Mən başı dik gəzirəm ki, qəhrəman bacısıyam. Fəxr edirəm ki, torpaqlarımızın işğaldan azad edilməsində mənim qardaşlarımın, xüsusilə, Fəqanın əməyi var. Onlar qan tökdülər, qan aldılar, qan və can verdilər. Fəqanı ölmüş bilmirəm ki... Elə bilirəm, hər zaman yanımdadır.
Qalib Rəhimov, döyüş yoldaşı:
– Fəqan həqiqətən döyüş zamanı, əməliyyatlar zamanı, adsız yüksəkliklərin alınmasında, səngər döyüşlərində, istər pusqu, istər basqın zamanı adına yaraşan bir döyüşçü kimi tapşırıqlarda fərqlənib. Düşmənlə dəfələrlə üz-üzə gəlib və onu dəf edib. “Cəhənnəm həftəsi” deyilən bir kurs var. Orada döyüşçülərin psixologiyasının möhkəmliyi yoxlanır. Döyüşçüləri “cəhənnəm həftəsi”ndən keçirərək, döyüşə hazırlıqlarına baxırlar. Fəqan onda da yoldaşlarının motivasiyasını qaldırır, zarafatlaşırdı. Göstərirdi ki, bu cür maneələrdən necə, hansı yolla özünü ələ alıb keçmək, dəf etmək olar. Həmişə deyirdi ki, məğlub ordunun generalı olmaqdansa, qalib ordunun əsgəri olmaq daha şərəflidir.
Əməliyyatlardan öncə Fəqan özünü çox sakit aparırdı. Cəbrayılda Əmirvarlıda Fəqan ilk dəfə yaralandı. Düşmənin 3-cü eşalonunun önündə qarşı-qarşıya, əl qumbarası olan məsafədə döyüş gedirdi. Fəqan əsil qəhrəman idi. Onun şəhidliyinin də şahidiyəm. Fəqan gözümün qabağında, həqiqətən qəhrəmancasına şəhid oldu. Ermənilərlə üzbəüz, çox yaxın bir məsafədə döyüşərək şəhidlik məqamına yüksəldi.
Təltif və mükafatları
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fəqan Zalova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Eyni zamanda, o, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Füzuli rayon 7 saylı tam orta məktəbin bir sinfi Fəqan Zalovun adını daşıyır. Horadiz şəhərindəki 3 saylı tam orta məktəbə Fəqan Zalovun adı verilib. Onun əziz xatirəsi döğmalarının, döyüş yoldaşlarının ürəyində həmişə qalacaq. Fəqan öz adını bütövləşən Azərbaycan tarixinin şanlı səhifəsinə qanı ilə yazdı. Ruhun şad olsun, “dəniz canavarı”, sən məharətini suda olduğu kimi quruda da göstərdin.
Zərifə HÜSEYNOVA
XQ