Icma.az
close
up
RU
Dəyənəyin iki başı...

Dəyənəyin iki başı...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Sanksiyalardan həm Rusiya, həm də Qərb dünyası ciddi şəkildə təsirlənir

Son 5 ildə Rusiya-Ukrayna müharibəsi yalnız sahədə, döyüş meydanlarında getməyib. Deyə bilərik ki, kollektiv Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu müharibənin ən mühüm istiqamətlərindən birinə çevrilib. Fərqli paketlərdə tətbiq edilən sanksiyaların əhatə dairəsi kifayət qədər genişdir və sayı da getdikcə artır.

Qadağaların tətbiqində əsas məqsəd Rusiyanın bir sıra strateji məhsulların, xüsusilə də neft, qaz və kömürün ixracından əldə etdiyi gəlirləri azaltmaqla, bu ölkənin müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırmaqdır. Əlbəttə, sanksiyalar Rusiyaya güclü təsir göstərir və onu iqtisadi baxımdan zəif salır. Lakin dəyənəyin iki başı var, deyiblər. Yəni sanksiyalar Rusiyanın maliyyə resurslarını azaltmaqla yanaşı, Qərb dünyası da bundan böyük dərəcədə təsirlənir. Hazırda Avropa İttifaqı (Aİ) ölkələrində izlənilən bir sıra mənfi proseslər - enerji təhlükəsizliyinin təhdid altına düşməsi, qiymətlərin artması, inflyasiyanın sürətlənməsi və bütün bunların nəticəsi olaraq insanların sosial vəziyyətinin ağırlaşması bunun əyani təsdiqidir. Mütəxəssislərin qənaətinə görə, müharibə yaxın vaxtlarda başa çatsa belə, həm Rusiyada, həm də Qərb dünyasında sanksiyaların təsirləri uzunmüddətli olacaq və onların fəsadlarını aradan qaldırmaq üçün uzun illər lazım gələcək.

Sanksiyalar “cəbhəsində” son durum - Rusiyanın 1 trilyon dollar zərəri

Qeyd etdiyimiz kimi, Rusiyaya qarşı sanksiyaların tətbiqi davamlı prosesə çevrilib. İndiyədək Aİ Rusiyaya qarşı 21 sanksiya paketi qəbul edib. Məhdudiyyətlər ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli mallar, həmçinin qızıl və brilyantlar da daxil olmaqla geniş sahələri əhatə edir.

Sanksiyalar çərçivəsində Rusiya xam neftinin və müəyyən neft məhsullarının dəniz yolu ilə Aİ ölkələrinə daşınmasına qadağa, Rusiya bankları ilə bağlı əməliyyat məhdudiyyətləri və bir sıra Rusiya media qurumlarının yayım fəaliyyətinə qadağa tətbiq edilib. Aİ-nin məlumatlarına görə, tətbiq edilən sanksiyalar hazırda təxminən 3 min fiziki və hüquqi şəxsi əhatə edir.

Bütövlükdə, Rusiyanın  zərərinin 1 trilyon dolları ötdüyü bildirilir. Sanksiyalar Rusiya iqtisadiyyatını dərhal çökdürməsə də, ölkəni yüksək inflyasiya, maliyyə imkanlarının məhdudlaşması və texnoloji geriləmə ilə xarakterizə olunan “hərbi relslər üzərində iqtisadiyyata” (guns over butter) keçməyə məcbur edib. Özünü göstərən əsas əlamətlərdən biri büdcə kəsirinin əhəmiyyətli dərəcədə artmasıdır. Eləcə də Rusiyanın iqtisadi şoklara qarşı ən böyük “təhlükəsizlik yastığı” olan Milli Rifah Fondunun likvid aktivləri azalaraq müharibədən əvvəlki ÜDM-in 6,5 faizi səviyyəsindən 1,8 faiz səviyyəsinə qədər geriləyib. Mərkəzi Bank yaranan vəziyyəti nəzərə almaqla sərt pul siyasəti aparmaq və uçot dərəcəsini yüksək səviyyədə saxlamaq məcburiyyətində qalıb. Sanksiyalardan kritik dərəcədə təsirlənən sahə isə enerji sektorudur. Ölkənin gəlirlərinin azalmasının əsas səbəbi neft və qazın ixracının məhdudlaşması ilə bağlıdır. Sanksiyalar çərçivəsində qiymət tavanının (hər barel üçün 60 dollar məhdudiyyəti) müəyyənləşdirilməsi səbəbindən Rusiya həm də özünün strateji əhəmiyyətli enerji məhsullarını endirimlə satmaq məcburiyyətindədir. Aparıcı araşdırma mərkəzlərinin (məsələn, CREA) hesablamalarına görə, Rusiya neft və qaz ixracına qoyulan  məhdudiyyətlər səbəbindən gündə təxminən 160-170 milyon avro potensial gəlir itirir.

Bununla belə, ixracın məhdudlaşdırılması Rusiyanın neft-qaz gəlirlərindən tamam məhrum qalması anlamına gəlmir. Müxtəlif mənbələrin məlumatına əsasən, bu ölkə qalıq yanacaq ixracından gündə təxminən 600-700 milyon avro civarında birbaşa gəlir qazanır. 

Sanksiyaların isə ardı-arası kəsilmir. Avropa İttifaqının son - sayca 21-ci sanksiya paketi cari ilin iyul ayında təsdiqlənib. Bu paketdə əsas yeniliklərdən biri kriptovalyuta əməliyyatlarına münasibətdə ekstraterritorial yanaşmanın tətbiq olunmasıdır. Yeni qaydalara əsasən, Aİ artıq təkcə ayrı-ayrı kriptobirjalara deyil, sanksiyalardan yayınmağa şərait yaradan platformaların fəaliyyət göstərdiyi ölkələrə qarşı da tam ölkə səviyyəsində məhdudiyyətlər (full third-country ban) tətbiq edə biləcək.

Bundan əlavə, Aİ ölkələri Rusiyanın “kölgə donanması” ilə əlaqəli gəmilərin yanacaqla təmin edilməsi (bunkerləmə) və ekipajların işə götürülməsi ilə məşğul olan şirkətlərə qarşı da sanksiyalar tətbiq etmək səlahiyyəti əldə ediblər.

Yeni paket çərçivəsində, əgər üçüncü ölkədə yerləşən neft emalı zavodunun Rusiya neftini alıb emal etdiyi sübuta yetirilərsə, həmin müəssisə də sanksiyalar siyahısına daxil edilə bilər. Məlumata görə, məhdudiyyətlər artıq Belarusdakı bir iri neft emalı zavoduna, eləcə də Rusiyada fəaliyyət göstərən üç neft emalı zavoduna şamil olunub.

Hələ bu da son deyil.  Avropa Komissiyası Rusiyaya qarşı daha geniş əhatə dairəsinə malik yeni sanksiyaların anonsunu edib.  Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində bildirib. “Payızda müharibə başlayandan bəri Rusiyaya qarşı ən əhatəli sanksiyalar siyahısı təqdim ediləcək”, - deyə Kallas vurğulayıb.

O qeyd edib ki, yeni məhdudlaşdırıcı tədbirlərin qəbul edilməsi sanksiyalara məruz qalan Rusiya vətəndaşlarının, hüquqi şəxslərin və qurumların sayını artıracaq.

Eyni zamanda, ABŞ Konqresi Nümayəndələr Palatasının Prosedur Komitəsi bu günlərdə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsini dəstəkləyib və onu baxılması üçün aşağı palataya göndərib. Məlumata görə, ABŞ Senatı qanun layihəsini ötən ay böyük səs çoxluğu ilə təsdiqləyib.

Qanun layihəsi ABŞ Prezidenti Donald Trampa Rusiyadan xam neft və təbii qaz alan beş ən böyük ölkəyə, həmçinin Rusiyaya enerji sanksiyalarından yayınmağa ən çox kömək edən beş ölkəyə qarşı 100 faizlik tariflər tətbiq etmək səlahiyyəti verəcək. Bildirilir ki, layihə həm respublikaçıların, həm demokratların, eləcə də Ağ Evin dəstəyinə malikdir.

Avropanın enerji bazarında risklər artır

Müharibədən ən çox təsirlənən ölkə, əlbəttə ki, Ukraynadır. Təkcə 2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək. Raket hücumları nəticəsində mülki infrastruktur və sənaye müəssisələri böyük ziyana məruz qalıb. Ukraynanın iqtisadiyyat və ətraf mühit naziri Aleksandr Kravçenko deyib ki, hazırda ölkədə biznes çox çətin vəziyyətdədir. Ölkədə enerji təchizatı kritik dərəcədə çətinləşib və bu, qış aylarında özünü daha qabarıq şəkildə göstərəcək. İş o yerə çatıb ki, Ukraynanın büdcəsi belə xarici yardımlar hesabına idarə olunur, həmçinin milyonlarla insan ölkəni tərk edib.

Müharibədən əvvəl Avropa ölkələrinin nisbətən ucuz enerji məhsulları ilə təchizatında Rusiya böyük paya malik idi. Hazırda isə Avropanın enerji bazarında risklər artıb ki, bu da digər təsirlərlə yanaşı, həm də Rusiyaya qarşı sanksiyalardan qaynaqlanır. Avropada təbii qaz ehtiyatlarının son illərin ən aşağı səviyyələrindən birinə enməsi və neft məhsullarının sürətlə bahalaşması qarşıdakı qış mövsümündə enerji bazarlarında yeni qiymət təzyiqi yarada bilər. Rumıniyanın “Profit.ro” nəşrinin “Bloomberg”in təhlilinə istinadla yaydığı məlumata görə, Avropada təbii qazın qiyməti 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatıb. Qaz anbarlarının doluluq səviyyəsi isə cəmi 67 faiz olmaqla  payızın ilk ayı üçün xüsusilə aşağıdır.

Eyni zamanda, neft məhsulları bazarında xam neftlə müqayisədə daha kəskin bahalaşma müşahidə olunur. “Brent” markalı neft yenidən 1 barel üçün 100 dollar həddini keçdiyi halda, dizelin topdansatış qiyməti 1 barel üçün təxminən 200 dollara çatıb. Vergilər nəzərə alındıqda istehlakçı üçün yekun xərc daha yüksək olur.

Qlobal dizel təklifindəki məhdudiyyətlərin əsas səbəbləri sırasında emal güclərinin yetərsizliyi, Rusiya neft məhsullarının ixracına qoyulan məhdudiyyətlər və qış mövsümü yaxınlaşdıqca tələbin artması göstərilir. Yaxın Şərqdə davam edən geosiyasi gərginlik də enerji daşımaları və emal sektoruna əlavə təzyiq yaradır.

Ayrı-ayrı ölkələrdə izlənilən kritik vəziyyət

Bahalaşmanın Rumıniya bazarına təsiri də artıq hiss olunur. “Profit.ro”nun məlumatına görə, ölkənin aparıcı yanacaqdoldurma şəbəkələri sentyabrın 11-də qiymətləri yenidən artırıb. OMV stansiyalarında dizelin 1 litri 10,43, benzinin 1 litri isə 9,97 leyə çatıb.

Rumıniyada yanacaq aksizinin müvəqqəti azaldılması qiymət artımını müəyyən qədər məhdudlaşdırır. “Profit.ro” hesablayır ki, hazırkı güzəşt tətbiq edilməsəydi, bir sıra şəbəkələrdə dizelin qiyməti 11 ley həddini keçə bilərdi.

Yunanıstanda vəziyyət xüsusilə qış mövsümü ərəfəsində diqqətlə izlənilir. Hazırkı bazar şərtlərinin davam edəcəyi təqdirdə istilik mazutunun yeni mövsümdə bir litr üçün təxminən 1,80 avroya qədər bahalaşa biləcəyi bildirilir. Ötən mövsümün başlanğıcında qiymət təxminən 1,13 avro idi.

Beləliklə, istilik yanacağının qiymətində təxminən 60 faizə çatan artım riski ev təsərrüfatlarının xərclərinə ciddi təsir göstərə bilər. Yunanıstan hökumətinin mümkün əlavə dəstək tədbirlərini nəzərdən keçirdiyi bildirilir.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Sentyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri