Dil öyrənmə stresinə süni intellektdən dost dəstəyi
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyədə aparılan araşdırmaya görə, süni intellektlə ingilis dilində danışıq məşqləri etmək dil öyrənən şagird və tələbələrin yaşadığı həyəcanı əhəmiyyətli dərəcədə azaldır. Səhv etmək və başqaları tərəfindən mühakimə olunmaq qorxusu hiss etməyən tələbələr ChatGPT ilə danışarkən özlərini dostları ilə müqayisədə daha rahat ifadə edirlər.
İngilis dilində danışarkən onları çətinliyə salan yalnız söz ehtiyatının və qrammatika qaydalarının azlığı deyil. Səhv etmək, qarşı tərəf tərəfindən anlaşılmamaq və başqalarının qiymətləndirməsinə məruz qalmaq qorxusu da danışmağa mane ola bilər. Bu bir növ kompleks yaradır və dil öyrənmə həvəsini boğur. Bəs ünsiyyət tərəfdaşı insan deyil, süni intellekt olduqda tələbələr özlərini daha rahat hiss edirlərmi?
Gazi Universitetinin Təhsil fakültəsinin İngilis dilinin tədrisi kafedrasının professoru Kadriye Dilek Bacanak və müəllim Sara Qənbərzadə bu suala cavab tapmaq üçün araşdırma aparıblar. Tədqiqatda 18–28 yaş arası, ingilis dili hazırlıq proqramında B1 səviyyəsində təhsil alan tələbələr iştirak ediblər. Araşdırma ingilis dilinin tədrisi, dilçilik və ədəbiyyat sahəsində elmi məqalələr dərc edən Journal for Research Scholars and Professionals of English Language Teaching (JRSP-ELT) jurnalında yayımlanıb.
Araşdırma çərçivəsində tələbələr iki qrupa ayrılıblar. Birinci qrupdakı tələbələr bir-biri ilə tərəfdaş olaraq ingilis dilində danışıq məşqləri ediblər. İkinci qrupun danışıq tərəfdaşı isə ChatGPT olub. Hər iki qrupa gündəlik həyatda qarşılaşa biləcəkləri, tanış mövzularda danışmaq tapşırılıb. Söhbətlər həm rəsmi, həm də gündəlik ünsiyyət situasiyalarını əhatə edib.
Tələbələrdən hazırlıqsız danışmaları tələb olunmayıb. Hər iki qrupa mövzular əvvəlcədən təqdim edilib və hazırlaşmaq üçün iki gün vaxt verilib. Əvvəl və sonra keçirilən sorğular vasitəsilə iştirakçıların danışıq zamanı keçirdikləri həyəcan ölçülüb. Nəticələr göstərib ki, danışıq məşqlərindən sonra hər iki qrupda orta narahatlıq göstəricisi azalıb. Lakin ChatGPT ilə işləyən qrupda bu azalma daha nəzərəçarpan olub. ChatGPT ilə danışan tələbələrdə narahatlıq göstəricisi 93,57-dən 80,43-ə düşüb, dostları ilə danışan tələbələrdə isə göstərici 95,43-dən 92,43-ə enib.
İstifadə olunan qiymətləndirmə şkalasında balın aşağı düşməsi tələbənin daha az həyəcan keçirməsi deməkdir. Professor Kadriye Dilek Bacanağın fikrincə, tələbənin qarşısında onu qiymətləndirə biləcək real insanın olması danışıq həyəcanını artıra bilər. Xüsusilə özündən daha yaxşı ingilis dilində danışan insanların yanında tələbə daha çox təzyiq hiss edir. Süni intellektlə ünsiyyət zamanı isə bu təzyiq nisbətən azalır.
Araşdırmada vurğulanır ki, tələbələrin səhv etmək ehtimalına baxmayaraq danışmağa davam edə bilməsi və ehtiyac yarandıqda rahat şəkildə kömək istəməsi dil öyrənmə prosesində mühüm rol oynayır. Tədqiqat müəlliflərinin qənaətinə görə, süni intellektlə danışıq məşqləri tələbələrin özlərini daha rahat və özünəinamlı hiss etməsinə kömək edə bilər.
Lalə Mehralı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 04 Noyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















