Doğru yol ortaq maraqlardan keçir
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
“Qaranlıq otaqda qara pişik axtaranlar”, nədənsə, bu həqiqəti anlamırlar
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulini tutduğu vəzifəyə görə boynuna düşən vəzifəsinin icrasından daha önəmli missiyası var. Haypərəstliyi “fontan” vuran bu personaj “Lenta.ru” saytına müsahibəsində bir daha antiazərbaycan bəyanatları ilə fərqlənməyi “bacarıb”. “Azərbaycandan Ukraynaya qaz nəqlinin Kiyevə açıq dəstək olduğunu” bəyan edən Zatulinin sözlərinə görə, Bakıda bu addımı çoxvektorlu siyasət adlandırsalar da, reallıqda “getdikcə Rusiyanın maraqlarından uzaqlaşır”.
Qarşımızda bir sıra ölkələrə, o cümlədən Azərbaycana, hətta Ermənistana girişinə veto qoyulmuş personajın primitiv təfəkkürünün və siyasi korafəhmliyinin daha bir nümunəsi var. Dumada MDB məsələləri ilə məşğul olan deputatın Azərbaycan ərazilərini 30 il işğalda saxlayan Ermənistanda belə “persona non-qrata” elan edilməsi maraqlı versiyalara yol açır. Axı, 2020-ci il müharibəsinə qədər İrəvana, Xankəndinə tez-tez baş çəkən Zatulini centlmen kimi qarşılayıb yola salırdılar.
Belə görünür ki, “sevimli” ölkəsi Ermənistana giriş qadağası K.Zatulinin sinir sistemini o dərəcədə ciddi zədələyib ki, Azərbaycanın müstəqil dövlət olduğu və xarici siyasət addımlarını Rusiya ilə razılaşdırmağa ehtiyac duymadığı faktını yaddaşından tamamilə silib. Bu məqamda Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədrinə Azərbaycanın KTMT-nin, Avrasiya İqtisadi İttifaqının, İttifaq dövlətinin üzvü olmadığını xatırlatmağa lüzum varmı? Ən azı, bu siyasi reallığı bilən kəs Bakının “Rusiyanın maraqlarından uzaqlaşması” iddiasını dilinə gətirməməlidir. Çünki bu iddia siyasi məntiqə görə də absurd sayılır. İki gün sonra Azərbaycan təbii qazının Türkiyə vasitəsilə Suriyaya tədarükünə başlanacaq. Bəlkə Bakı bunun üçün də Moskvanın “xeyir-duasını” almalıdır?
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov diqqəti məsələnin məhz iqtisadi aspektinə yönəltdi: “Hələ on beş il bundan əvvəl Azərbaycanda yeni qaz yataqları aşkar ediləndən və buna Avropa ölkələri tərəfindən maraq göstəriləndən sonra bu mövzu ətrafında kənar spekulyasiyalar müşahidə olunurdu. Vaxtilə Nabukko kəməri ilə Cənub Qaz Dəhlizi arasında seçim aparılarkən məsələ pik həddinə çatdı. Bununla bağlı Azərbaycanın mövqeyi həmişə sabit və dəyişməz olub. Prezident İlham Əliyev qaz ixracının siyasi məsələ olmadığını dəfələrlə bəyan edib. Yəni, bu, ilk növbədə iqtisadi məsələdir. O zaman Nabukko-nun sonuncu nöqtəsi Avstriya idi. Çünki Avropanın ən böyük qazpaylayıcı şəbəkəsi məhz Avstriyada mövcuddur və buradan qitənin hər tərəfinə qazın nəqli mümkündür. Amma məsələyə maddi maraq nöqteyi-nəzərindən yanaşanda, Mərkəzi Avropa ölkələri üçün ənənəvi bazar Rusiya hesab olunurdu. Bu bazara digər mənbədən qaz daxil olanda, təbii ki, həcm artır, qiymət isə aşağı düşür. Buna görə bu layihəyə siyasi baxışlar da yox deyildi. Bakı məhz bu səbəbdən sərfəli bazardan imtina edib, Rusiyanın olmadığı Cənubi Avropa ölkələrinə üz tutdu”.
Azərbaycanın məhz iqtisadi maraqlarını əsas tutaraq, “Qazprom”un olmadığı coğrafiyaya yol tapdığını vurğulayan politoloq bu məqsədlə Cənub Qaz Dəhlizini inşa etdiyini bildirdi: “Aydın məsələdir ki, Azərbaycanın bu seçimi Avropa bazarında qazın qiymətinə təsir göstərmirdi. Hazırda bizim qazımıza Rusiyadan “mavi yanacağ”ın alışını dayandıran Mərkəzi Avropa ölkələrində böyük ehtiyac var. Yəni, Rusiya məlum səbəbdən bu bazardan çəkiləndən sonra Azərbaycan qazı ora daxil olub. Zatulin bilməmiş deyil ki, Ukrayna bu ilin əvvəlindən Rusiyadan qazın alınmasını və ərazisindən nəqlini qadağan edib. İkinci məqam isə odur ki, keçən il Moskva özü Bakıdan xahiş etmişdi ki, öz ərazisindən Ukraynaya qaz nəql etsin. Rusiya hətta bu yolla qazın satişinda maraqlı idi. Son vaxtlar iki ölkə arasında münasibətlərin soyuması heç də o demək deyil ki, Azərbaycan hansısa bazarda Rusiya ilə rəqabətə girib”.
***
Ümumiyyətlə, normal strateji düşüncəyə malik hər kəs çoxdan başa düşüb ki, rəsmi Bakı xarici siyasətində müstəsna olaraq milli maraqlardan çıxış edir. Əgər Azərbaycan üçün Avropaya və ya Ukraynaya qaz satmaq sərfəlidirsə, bunu edəcək. Burada söhbət nə dostluqdan, nə də düşmənçilikdən gedir. Bu, praqmatizmə və geosiyasi hesablamaya əsaslanan suveren seçim məsələsidir. Yeri gəlmişkən, qeyd edək ki, Zatulin çoxvektorlu siyasətqdan neqativ bir təmayül kimi danışır. Baxmayaraq ki, əslində bu, ayaq üstə möhkəm duran və öz maraqlarını müdafiə etməyə qadir dövlətlərin siyasi müstəqilliyinin real göstəricisidir.
Siyasi icmalçı Tofiq Abbasov mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, Rusiyada Konstantin Zatulin kimi düşünən xəstələr az deyil: “Bu adamlara hələ də elə gəlir ki, Azərbaycan və postsovet məkanındakı digər müstəqil dövlətlər Rusiyanın müstəmləkəsi olaraq qalmaqdadır. Əslində, onlar reallıqdan ya uzaqlaşıblar, ya da onunla rabitəni itiriblər. Zatulin özünü o dərəcədə ermənilərdən daha çox erməni hiss edir ki, Paşinyan iqtidarı onu “persona non-qrata” elan edib. Yəni, bu deputatın hərəkətləri və sözləri əndazəni çox aşır ki, hətta başqalarının səlahiyyətlərini mənimsəməyə səy göstərir. Öz başına problem yaradan bu avantüristin dərdi ondadır ki, Dumada tutduğu vəzifəsinə uyğun olaraq, dövlətin siyasətini formalaşdırmaq əvəzinə, daim ermənilərin təəssübünü çəkməklə, onlarım maraqlarına xidmət etməklə məşğuldur. Aydın məsələdir ki, bunun müqabilində Rusiyadakı erməni diasporasından müəyyən qazanc əldə edir. Onun haylara bu təmənnalı qulluğunun adı isə lobbiçilik yox, muzdluluqdur. Zatulin məlum fəaliyyəti ilə bütün qırmızı xətləri keçdiyindən onu hətta Ermənistana da buraxmırlar”.
Azərbaycanın müstəqil dövlət olaraq qazını haraya göndərmək, kimlərə satmaq barədə qərarı özünün verdiyinə diqqəti çəkən siyasi icmalçı ciddi rəqabətin mövcud olduğu bu sahədə nefti və qazı olan ölkələrin öz performanslarını nümayiş etdirmələrini normal hal hesab edir: “Əgər Rusiya qazı Ukraynaya getmirsə, bu halda Kiyev alternativ mənbələr axtarır. Bu zaman Azərbaycan niyə Rusiyanın maraqlarına görə öz xeyrindən keçməlidir? Xeyr, burada məsələyə sağlam baxmaq lazımdır. Azərbaycan eyni vaxtda İranla da əməkdaşlıq edir, İsraillə də. Baxmayaraq ki, bu iki dövlət bir-birinə düşməndir. Bakı üçün vaxtilə Kiyev və Moskva yaxın tərəfdaşlar idilər. Amma indi öz aralarında müharibə aparırlar. Azərbaycan bir daha göstərdi ki, onun üçün əsas meyar kiməsə qarşı kiminləsə dostluq etmək deyil. Bakı məhz öz maraqlarından çıxış edərək, dostlarımıza, tərəfdaşlarımıza fayda verir, həm də özü qazanır. Bu bazarda istehsalçı və istehlakçı, ixracatçı və tranzitor da var. Hamı öz xeyrini güdür. Yəni, bu məsələləri siyasiləşdirməyə gərək yoxdur. Bunu edənlər proseslərə Zatulin kimi xəstə təxəyyüllə yanaşanlardır”.
***
İndi isə cənab Konstantin Zatulinə bir neçə sual ünvanlamağın məqamı çatıb: “Rusiya Ermənistanı silahlandıranda, onu raket sistemləri, tanklar və döyüş sursatları ilə təmin edəndə Moskvada bu məsələ ilə bağlı Azərbaycanın fikrini soruşan vardımı?”; “102-ci Rusiya hərbi bazası Ermənistanda, Gümrüdə yerləşdiriləndə rəsmi Bakının fikrini öyrənən oldumu?”. Aydın məsələdir ki, hər iki sualın cavabı eynidir: “Xeyr!”. Və bütün bunlar Rusiyanın Ermənistan–Azərbaycan münaqişəsinin həllinə yardım etmək üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq baş verirdi. Bu isə ritorik sualdır: “Niyə işğal fakt Rusiyanın təcavüzkar ölkəni – Ermənistanı dəstəkləməsinə mane olmadı?”.
Azərbaycan heç kimin köməyi olmadan müstəqil şəkildə gücünü toplaya, regionun lider ölkəsinə çevrilə, iqtisadiyyatını və ordusunu gücləndirə, doğma torpaqlarını erməni işğalından azad edə, milli maraqlara əsaslanan real çoxvektorlu xarici siyasət qura bildi. Dövlətimiz bu dürüst və sağlam kursu yenə davam etdirəcək. Ekspertimizin qeyd etdiyi kimi, rəsmi Bakı dəfələrlə və aydın şəkildə bildirib ki, Azərbaycan heç vaxt özünün enerji fəaliyyətini siyasiləşdirmək niyyətində deyil.
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bu mövzuya ətraflı toxundu: “Biz heç bir halda Rusiya ilə rəqabət aparmağa çalışmamışıq. Hətta o dövrdə ki, Rusiya Avropaya 150 milyard kubmetr qaz nəql edirdi, heç vaxt deməmişik ki, buna alternativ ola bilərik. Biz sırf kommersiya prinsipləri əsasında fəaliyyət göstəririk. Bizim enerji siyasətimiz biznes məqsədli olub. Biz bunu heç vaxt siyasiləşdirməmişik, heç bir zaman qazın həcmini azaltmamışıq. Hətta o ölkələrə ki, onlar heç vaxt bizimlə razılaşmayıblar. Bu, sırf kommersiya prinsiplərinə əsaslanaraq öhdəliklərimizi rədd etdiyimiz mənasına gəlmir və heç bir ölkəyə qaz nəqlində indiyə qədər fasiləyə yol verməmişik. Budur, bizim məsələmiz belədir. Əlavə 8 milyard kubmetr üçün bazarlar müəyyən edilir. Biz Avropa İttifaqının üzvü olan bir neçə ölkədən təkliflər almışıq. O ölkələr ki, bəziləri artıq bizim qazımızı alır, digərləri isə hələ də Azərbaycan qazını almır. Biz bu təklifləri dəyərləndiririk. Bazara çıxış baxımından da biz bu məsələləri kommersiya prinsipləri əsasında dəyərləndiririk”. Dövlətimizin başçısının bu konkret izahı və məsələni siyasi ehtirassız, obyektiv dəyərləndirməsi zatulinlərə, eləcə də onun kimi “qaranlıq otaqda qara pişik axtaranlara” ən layiqli cavabdır.
Postsovet ölkələrinin hazırda yeni əməkdaşlıq formatları axtarmaları heç kəsə təəccüblü gəlməməlidir. Bəli, Rusiya və Azərbaycanın maraqları bir çox məsələlərdə üst-üstə düşür. Buna misal olaraq, Qafqazda və Xəzəryanı regionda sülhün və sabitliyin təmin olunmasını göstərmək olar. Bakı bölgə və bölgəətrafı ölkələrin “3+3” formatında əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir. Məhz bu formatda əlaqələrin möhkəmləndirilməsi həm Rusiya ilə ikitərəfli münasibətlərin normallaşmasına səbəb olar, həm də Cənubi Qafqazda sabitlik və inkişafı, eləcə də təhlükəsizliyi təmin edər. Bundan ötrü Şimal qonşumuzun üzünü ortaq maraqların kəsişdiyi nöqtələrə tərəf çevirməsi kifayətdir.
İmran BƏDİRXANLI
XQ


