Icma.az
close
up
RU
Dövlət Komitəsinin sədr müavini: İnformasiya sivilizasiyası ilə sosial şəbəkələr fenomeninin cəmiyyətə təsiri nəticəsində ailələr çətinliklərlə üzləşiblər MÜSAHİBƏ

Dövlət Komitəsinin sədr müavini: İnformasiya sivilizasiyası ilə sosial şəbəkələr fenomeninin cəmiyyətə təsiri nəticəsində ailələr çətinliklərlə üzləşiblər MÜSAHİBƏ

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 may, Günel Türksoy, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva 15 May - Beynəlxalq Ailə Günü ilə əlaqədar Azərbaycanda ailə dəyərlərinin qorunması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, həssas qrupdan olan ailələrlə işin aparılması, komitəyə daxil olan müraciətlərin araşdırılması və digər məsələlərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. A. Sofiyeva ilə müsahibəni təqdim edirik

Müasir dövrdə bir çox dəyərlər dəyişikliyə məruz qalıb. Bu fonda ölkəmizdə ailə dəyərlərinin qorunub saxlanılması istiqamətində görülən işlər barədə məlumat verərdiniz...

- Azərbaycanda ailə cəmiyyətin əsasını təşkil edən sosial institut olmaqla yanaşı, hər zaman xalqımızın tarixən formalaşmış milli-mənəvi, yüksək mental və əxlaqi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi qiymətləndirilib. Xalqımız hər zaman bu dəyərlərin, ənənələrin işığında yaşayıb və onları böyük həssaslıqla qoruyub bu günə çatdırıb. Bütün bu məqamlar bizim milli kimliyimizə, keçmişimizə nə qədər bağlı olduğumuzu, həmçinin ölkəmizin bəşəri dəyərlərin, tolerantlıq xüsusiyyətlərinin beşiyi olduğunu sübut edir. Cəmiyyətimizdə həmişə birlik hissi qorunub və bu hər zaman belə də olmalıdır. Son illərdə tariximizə qızıl hərflərlə yazılan hadisələr bunu bir daha sübut edir ki, Azərbaycan xalqı kimi, cəmiyyətimiz kimi birlik nümayiş etdirən ikinci bir xalq, cəmiyyət yoxdur. Bizim birliyimiz türk kimliyimizdən, eyni zamanda, ailədə yetişmə, tərbiyə alma formamızdan irəli gəlir. Uzun illər keçsə də, gələcəkdə də gənclər hər zaman milli kimliyimizə sadiq qalaraq mədəniyyətimizi, ənənələrimizi, mənəvi dəyərlərimizi qorumalıdırlar. Xalqımızın dəyərlər sistemində ailə mühüm yer tutur. Ailə cəmiyyətin özəyidir, əsasıdır. Ailə bizim üçün müqəddəsdir və nəsillərarası körpü rolunu oynayır. Ən güclü münasibətlər məhz ailədə qurulur. Azərbaycan ailəsi möhkəm ailədaxili münasibətlər, böyüklərə hörmət və ehtiram, kiçiklərə qayğı, valideyn-övlad münasibətlərinin balansının qorunması kimi ənənələrlə tanınır.

Əlbəttə ki, dəyərlər zamanın təsirlərinə məruz qalır. Amma buna baxmayaraq, bir çox fundamental dəyərlər bu günə qədər qorunub saxlanılıb. Zaman dəyişib, ancaq ailənin əhəmiyyəti dəyişməyib. Bizim məqsədimiz bunu gələcək nəsillərə ötürmək, milli dəyərləri qorumaqdır.

Ailələrin hansısa təhlükə ilə üzləşməsi, cəmiyyətin təhlükə qarşısında qalması deməkdir. Bu bir həqiqətdir ki, informasiya sivilizasiyası ilə sosial şəbəkələr fenomeninin cəmiyyət həyatına ciddi təsiri və müdaxiləsi nəticəsində ailələr müəyyən çətinliklərlə üzləşiblər. Bu çətinliklər ciddi çağırışlar yaradır. Problemləri vaxtında həll etmək olduqca önəmlidir və bu gələcəkdə yaşanacaq böhranın qarşısını ala bilər. Bunun üçün də müəyyən bir dövlət siyasəti formalaşdırılır və həyata keçirilir.

Azərbaycanda ailənin bir sosial institut kimi hüquqi əsalarının müəyyən edilməsi, müdafiəsi, onun dövlət siyasətinin vacib bir istiqamətinə çevrilməsi, eləcə də əsas prinsiplərinin formalaşması, şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə ailə institutuna verilən önəm, onun qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti Ulu Öndərin uzaqgörən strateji yanaşmasına əsaslanır. Ümummilli Lider Heydər Əliyev üçün Azərbaycan xalqının rifahı və dövlətçiliyin möhkəmləndirilməsi ilə yanaşı, ailə cəmiyyətin əsası kimi strateji əhəmiyyət daşıyırdı. Onun rəhbərliyi dövründə ailə siyasəti təkcə sosial bir məsələ kimi deyil, həm də milli təhlükəsizlik və ictimai sabitlik məsələsi kimi qiymətləndirilib.

Prezident İlham Əliyev də Ümummilli Liderimizin bu tarixi missiyasını davam etdirərək Azərbaycanda ailə ənənələrinin qorunub saxlanmasına xüsusi diqqət ayırır. Ölkə başçısının çıxışları zamanı mütəmadi olaraq ailə dəyərlərinin, tarixi ənənələrin, möhkəm və dayanıqlı ailə institutunun önəmini vurğulaması, gənclərin ailədə bu dəyərlərə uyğun milli ruhda tərbiyəsinin əhəmiyyətini qeyd etməsi ailəyə verilən dəyərin bariz ifadəsidir. Dövlətimizin başçısı qeyd edir: “Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir”.

Ölkə başçısının çıxışlarında vurğuladığı məqamlar dövlətin müasir dövrün çağırışlarına uyğun davam etdirdiyi ailə siyasətinin əsaslandığı təməldir və reallaşdırılan bütün tədbirlər Azərbaycanın milli-mənəvi kimliyinin qorunmasına yönəlib.

Azərbaycanın ailə siyasəti milli-mənəvi dəyərlərə əsaslanan, ailə institutunun möhkəmləndirilməsini və sosial rifahının təmin olunmasını qarşıya məqsəd qoyan strateji bir istiqamətdir. Bu siyasət yalnız hüquqi və sosial tədbirlər kompleksi deyil, həm də cəmiyyətin mənəvi-əxlaqi dayaqlarının qorunmasına xidmət edir.

Ölkəmizdə ailə institutunun qorunması ilə əlaqədar mövcud qanunvericilik bazası barədə nə deyə bilərsiniz?

- Dövlətimiz ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir. Azərbaycanın iqtisadi imkanlarının artması isə ailələrin rihah halının yüksəlməsi istiqamətində mühüm dövlət proqramlarının, sosial layihələrin həyata keçirilməsinə şərait yaradıb. Dövlətin ailə siyasətinin əsası ölkədə ailə institutunun möhkəmləndirilməsi, mövcud problemlərin nəzərə alınaraq həll yollarının tapılması, xüsusilə, həssas təbəqədən olan ailələrin problemlərinin kompleks şəkildə həll edilməsi prinsipi ilə müəyyənləşdirilib. Bu prinsiplər Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlarda, bir sıra dövlət proqramlarında öz əksini tapıb.

Dövlətimizin başçısının sosial islahatlara yönəlik fəaliyyəti nəticəsində ailələrin sosial rifahını yüksəltmək, qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq və sosial müdafiəsini təmin etmək, xüsusilə həssas təbəqədən olan ailələrə dəstək məqsədilə geniş sosial proqramlar həyata keçirilib. Ölkənin strateji inkişaf prioritetlərindən biri kimi əhalinin doğma yurdlarına qayıdışını təmin etməyi hədəfləyən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” da hazırda uğurla icra edilir. Proqram çərçivəsində infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması, sosial xidmətlərin təşkili və dayanıqlı məskunlaşma üçün müasir həyat şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu proses yalnız ərazilərin bərpasını deyil, həm də xalqın mənəvi birliyinin, tarixi ədalətin və milli kimliyin bərpasını simvolizə edir.

Eyni zamanda, Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində Azərbaycan dövləti beynəlxalq hüquq normaları və insan hüquqlarına əsaslanaraq, tarixi torpaqlarından qovulmuş 50 minə yaxın ailənin – 300 min soydaşımızın təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünü təmin etməyə yönəlmiş siyasi səylərini davam etdirir.

Həyata keçirilən ölkəmiqyaslı mühüm tədbirlərin tərkib hissəsi kimi dövlətin ailə, qadın və uşaq məsələləri sahəsində siyasət və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yarandığı gündən Azərbaycan ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, cəmiyyətin saflığının və əxlaqi dəyərlərin qorunması, gələcək nəslə ötürülməsi istiqamətində çoxşaxəli iş aparır.

Dövlət Komitəsi tərəfindən dəyərlərin qorunması və inkişafı, eyni zamanda, müasir cəmiyyətdə ailənin, gənc nəslin hərtərəfli formalaşması məqsədilə bir çox layihələr, tədbirlər həyata keçirilir. Ailəni, ailə dəyərlərini, ailəvi həyat tərzini möhkəmləndirmək, ənənələri qorumaq yönündə bütün səylərin səfərbər edilməsi bu gün qarşımızda duran ən vacib vəzifədir. Biz çalışmalıyıq ki, gənclərimiz hər zaman milli ruhda ənənəvi dəyərlər əsasında tərbiyə edilsinlər, hər bir gəncimizdə milli düşüncə formalaşsın və məhz gənclərimiz yad dəyərlərin cəmiyyətimizdə tüğyan etməsinin qarşısını alsınlar.

Komitə həssas qrupdan olan ailələrlə bağlı hansı layihələri həyata keçirir?

- Komitənin fəaliyyətində prioritet istiqamətlərdən biri də həssas qrupdan olan, aztəminatlı ailələrlə işin aparılmasıdır. Bu istiqamətdə aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün aidiyyəti orqanlarla birlikdə tədbirlərin görülməsinə, uşaqların sağlam şəkildə böyüməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, zorakılıqdan müdafiəsi, xüsusilə də həssas qrupdan olan uşaqlar üçün bütün imkanların təmin edilməsinə önəm verilir. Buna görə də komitəyə daxil olan müraciətlər əsasında həssas qrupdan olan ailələrlə mütəmadi olaraq bir sıra işlər aparılır. 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonrakı mərhələdə dövlət tərəfindən ailələrin, xüsusilə də münaqişədən, o cümlədən təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı terror hücumlarından zərər çəkən vətəndaşların sosial rifahının təmin olunması məqsədilə kompleks tədbirlər həyata keçirilib. Şəhid ailələri və müharibə iştirakçıları üçün mənzil və sosial müavinət proqramları genişləndirilmiş, psixoloji reabilitasiya xidmətləri təşkil olunmuş, həmçinin sosial müdafiə sahəsində xüsusi mexanizmlər tətbiq edilib. Dövlət Komitəsi də öz növbəsində səlahiyyətləri çərçivəsində təmas xəttinə yaxın yaşayan, müharibədən zərər çəkmiş əhali təbəqəsi, o cümlədən şəhid ailələri ilə yaxından iş apararaq zərərçəkmiş ailələrin yanında olub, onların ehtiyaclarının müəyyən edilməsi məqsədilə psixo-sosial iş aparıb və cəbhəyanı bölgələrə səfərlər təşkil edilib. Goranboy və Ağdam rayonları ərazisində müharibədən zərər çəkmiş 300-dən çox ailə, 600-dan çox uşaq isə psixo-sosial qiymətləndirmədən keçirilib. Azərbaycanın mülki əhalisinə qarşı baş vermiş erməni terroru ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə Dövlət Komitəsi tərəfindən beynəlxalq təşkilatlara bəyanatlar və müraciətlər ünvanlanıb, mətbuat konfransları keçirilib.

Eyni zamanda, komitənin Ağdam və Goranboy Uşaq və Ailələrə Dəstək mərkəzlərinin birgə təşkilatçılığı ilə ekspert-psixoloqların fasilitatorluğu ilə 2021-ci ildən etibarən “Uşaq və ailələrə psixo-sosial dəstək” layihəsi həyata keçirilir. Sözügedən layihənin əsas məqsədi müharibədən zərər çəkmiş, böhran vəziyyətində olan uşaq və ailələrin psixo-sosial rifahını yaxşılaşdırmaq, uşaqların emosiya və hisslərini ifadə etməsinə kömək göstərmək, stresə davamlılığı gücləndirmək, psixi sağlamlığı möhkəmləndirmək, cəmiyyətə inteqrasiyasını sürətləndirmək, özünüqiymətləndirməsini və fəaliyyət qabiliyyətini yüksəltməkdir.

Layihə çərçivəsində yaşa görə formalaşdırılan qruplarda psixoloqların rəhbərliyi altında müxtəlif psixoloji tapşırıqlar yerinə yetirilir, interaktiv oyunlar keçirilir. Məşğələlər uşaqlarda emosional intellektin inkişaf etdirilməsinə, zorakılıq hallarından özünüqoruma yollarının öyrənilməsinə kömək göstərməklə yanaşı, onların yay aylarında asudə vaxtlarının səmərəli keçməsinə də şərait yaradır.

Uşaqlarla yanaşı, onların valideynləri ilə də psixoloji maarifləndirmə işi aparılır. Sosial pedaqoqlar tərəfindən valideyn bacarıqları, böhran vəziyyətində uşaqlara psixososial yardımın göstərilməsi, valideyn-övlad münasibətləri və digər mövzularda təlimlər keçirilir.

Daha öncə qeyd edildiyi kimi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” hazırda uğurla icra olunur, Qarabağda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Proqram çərçivəsində Dövlət Komitəsi də ailə, qadın və uşaq sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailə və uşaqlarla psixo-sosial işin təşkili layihəsini həyata keçirir.

Layihəyə 2024-cü ildən start verilib. 2024-2025-ci illərdə layihə çərçivəsində Füzuli, Zəngilan, Laçın, Xocalı və Cəbrayıl rayonlarında uşaq və valideynlərin iştirakı ilə 16 təlim keçirilib. Ünsiyyət bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlərdə 210 uşaq və 210 valideyn olmaqla, ümumilikdə 420 nəfər iştirak edib.

Bildirək ki, uşaqların problemləri, onların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, uşaq hüquqlarına dair maarifləndirmə işləri komitənin fəaliyyətində daim diqqət mərkəzində saxlanılır. Uşaqların hüquqlarının təmin edilməsi, onların etibarlı müdafiəsinin təmin olunması məqsədilə bir sıra tədbirlər həyata keçirilir, uşaqlarla bağlı geniş proqramlar reallaşdırılır. Bu istiqamətdə 2023-cü ildən etibarən hər il sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, sosial xidmətlərlə təmin olunması, cəmiyyətə inteqrasiyası və onların valideynlərinə psixo-sosial dəstəyin göstərilməsi məqsədilə daun sindromlu uşaqlar üçün yaz düşərgəsi təşkil edilir. 10 günlük düşərgə müddətində hər gün psixoloq, sosial işçi və təlimçilər tərəfindən valideynlər üçün təlimlər, uşaqlar üçün isə inkişafetdirici, interaktiv oyunlar, eləcə də art-terapiya, idman məşğələləri, rəqs dərsləri, eyni zamanda, iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncə proqramı, maraqlı ekskursiyalar təşkil olunur. Düşərgədə uşaqlar valideynləri ilə birlikdə iştirak edir. 3 il ərzində təşkil olunmuş düşərgələrə ümumilikdə 65 uşaq, 65 valideyn, 42 mütəxəssis cəlb edilib.

Komitə tərəfindən gender bərabərliyinin qorunması, xüsusən də qızların təhsil hüququnun təmin olunması məqsədilə bir sıra tədbirlər təşkil edilir. 2021-ci ildən başlayaraq Hacı Zeynalabdin Tağıyevin əsasını qoyduğu “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 Oktyabr - Beynəlxalq Qızlar Günü münasibəti ilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi xüsusi vurğulanmalıdır. Layihənin keçirilməsində məqsəd cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, xüsusilə də onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır. Eyni zamanda, H.Z.Tağıyevin xeyriyyəçilik və maarifçilik ənənələrini davam etdirmək məqsədi daşıyan layihəyə əsasən aztəminatlı ailələrdən və həssas qrupdan olan, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan regionlardan olan qızlar seçilir. 4 il ərzində respublikanın 58 rayonu üzrə 27 ali təhsil müəssisəsinə yüksək balla daxil olan 145 nəfər qız layihəyə cəlb olunub. Bu ali təhsil müəssisələri arasında Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti üstünlük təşkil edib.

“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi 2023-cü ildən Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişaf Fondu ilə birgə həyata keçirilir. Onu da qeyd edək ki, ilk dəfə olaraq layihə çərçivəsində 2 nəfər Qarabağ Universitetinə, 1 nəfər isə Türkiyə-Azərbaycan Universitetinə yüksək balla daxil olub. Layihə çərçivəsində 2024-cü ilin oktyabrın 30-da Dövlət Komitəsi ilə “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun imzalanmasının məqsədi qızların təhsil imkanlarını artırmaq və onların gələcək inkişafına dəstək olmaqdır. Bankla əməkdaşlıq çərçivəsində ilk təqaüd proqramı “Arzumuz var” sloqanı ilə həyata keçirilir. Təqaüd proqramının ilk mərhələsində Bakı şəhərindən, Ağcabədi, Qusar və Göyçay rayonlarından olan 15 nəfər abituriyent qıza dəstək göstərilir. Layihəyə cəlb olunan qızlar abituriyent hazırlığı üzrə kurslarda təhsil alır.

Xüsusilə qeyd etmək istərdik ki, şəhid ailələrinin cəmiyyətdə rolunun yüksəldilməsi, vətən uğrunda həlak olmuş şəhidlərin həyat yoldaşlarının təhsilinə dəstək olmaq, onlara diqqət və qayğı göstərmək məqsədilə 2021-ci ildən etibarən “Sən Tək Deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramına start verilib. Proqram çərçivəsində ali məktəbə daxil olmuş 25 şəhid xanımının təhsilinə dəstək göstərilib.

Bəs, nümunəvi ailələrin cəmiyyətə tanıdılması istiqamətində hansı işlər görülür?

- Komitə sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək onları yaşadan nümunəvi ailələrin cəmiyyətə tanıdılması və bu istiqamətdə təşviqat işinin aparılmasını daim diqqət mərkəzində saxlayır.

Bu istiqamətdə 2016-cı ildə nəşr edilən və Müstəqilliyin Bərpası Gününün 25 illiyinə həsr olunmuş “Azərbaycan ailəsi” kitabını xüsusi qeyd etmək istərdim. Bu kitabda Azərbaycan ailəsinin inkişaf tarixi təhlil olunub, zəngin adət-ənənələrə və əxlaqi-mənəvi dəyərlərə söykənən uzunömürlü, eyni zamanda, nümunəvi ailələrin cəmiyyətdəki inkişafından bəhs edilib, 65 ildən çox birlikdə yaşayan ailələrlə bağlı məlumatlar əksini tapıb.

Bu istiqamətdə iş “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində komitənin tabeliyində fəaliyyət göstərən Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl, Zərdab Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən davam etdirilir. Mütəmadi olaraq nümunəvi, uzunömürlü və gənc ailələr, şəhid və müharibə iştirakçılarının ailələri, tənha ahıllar, çoxuşaqlı ailələr ziyarət olunur, onların qayğıları ilə maraqlanılır, problemlərinin həlli istiqamətində komitənin səlahiyyətləri daxilində və aidiyyəti qurumlarla birlikdə müvafiq addımlar atılır.

Ailələr hansı məsələlərlə bağlı komitəyə daha çox müraciət edirlər?

- Vətəndaş müraciətlərinin qəbulu, onların baxılması, araşdırılması və müraciətlər əsasında bir sıra məsələlərin həlli daim komitənin diqqət mərkəzindədir. Hər bir cəmiyyətin inkişafı onun vətəndaşına göstərdiyi diqqətdən asılıdır. Komitəyə daxil olan hər bir ərizə, şikayət, müraciət çox diqqətlə araşdırılır və konkret istiqamətlər üzrə qruplaşdırılaraq, komitənin üzərinə düşən hüquqi bazanın təkmilləşdirilməsinə imkan yaradır.

Son illər ərzində komitəyə daxil olan şikayətlər sırasında alimentin ödənilməsi, uşaqla ünsiyyət, ailədaxili münasibətlər və valideyn məsuliyyəti ilə bağlı məsələlər üstünlük təşkil edir. Alimentin ödənilməsi məsələsinin Ailə Məcəlləsində və digər qanunvericilik aktlarında əks olunmasına baxmayaraq, daxil olan müraciətlərdə aliment ödəməkdən yayınanların sayının artdığının şahidi oluruq.

Bəs, daxil olan müraciətlərin həlli istiqamətində hansı işlər həyata keçirilir?

- Ümumiyyətlə komitəyə daxil olan müraciətlər əsasında həmin vətəndaşlara dəstəyin təmin edilməsi istiqamətində digər qurumlarla sıx əməkdaşlıq çərçivəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir, qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər irəli sürülür. Qeyd edək ki, ölkə başçısının müvafiq Fərmanları ilə müxtəlif illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları bölgələrdə yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğun artırılması, yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin azaldılması, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlığın inkişafı istiqamətində görülən işlərə təkan verib. Dövlət Komitəsi də regionlarda yaşayan qadın və uşaqların hüquqlarının müdafiəsi, həssas və risk qrupundan olan ailələrlə işin gücləndirilməsi, onlarla birbaşa sosial, psixoloji, hüquqi işin aparılması, eləcə də daxil olan müraciətlər əsasında araşdırmaların aparılması istiqamətində bölgələrdə vətəndaşlara və ailələrə xidmət göstərməkdədir. Belə ki, Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən icmada risk qrupundan olan qadın, uşaq və ailələrə, xüsusilə də aztəminatlı, şəhid və natamam ailələr, tənha qadınlar, qaçqın və məcburi köçkünlər, zorakılığa məruz qalmış qadın və uşaqlar, valideyn himayəsindən məhrum uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar və onların ailə üzvləri, uşaq müəssisələrində olan uşaqlar və onların ailə üzvləri olmaqla, 130 mindən çox insana müvafiq dəstək göstərilib. Mərkəzlərin fəaliyyəti əsasən aktiv terapiya, ünsiyyət terapiyası, psixoloji konsultasiyalar, inkişafetdirici məşğələlər, loqopedik məşğələlər, Denver II və Portec uşaq inkişaf testləri, müxtəlif kurslar və öyrənmə dərnəklərinin təşkilindən ibarətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp tamamilə yeni bir söz icad etdiyini dedi

15 May 2025 05:48see143

Hüseyn Həsənov axtarışa verildi

14 May 2025 19:38see142

Braziliyalı futbolçunun yolu haradı?

15 May 2025 00:09see120

Telekanallara rəhbərlik edənlər kimlərdir?

14 May 2025 17:11see118

Ən az yanacaq işlədən 10 avtomobil modeli: 2025 ci ilin reytinqi

14 May 2025 13:05see115

Biznes qura biləcəyiniz Avropa ölkələri: Vergilər çox aşağıdır…

14 May 2025 23:14see115

Yeni milli ideya firavan həyat

15 May 2025 15:13see115

Niyə Aytac üçün Kür çayının suyu vaxtında endirilmədi?

15 May 2025 15:02see115

Bakının bu qəsəbəsinə, nə təcili yardım maşını gedə bilir, nə də taksi VİDEO

14 May 2025 10:28see115

Quru incirin qadınlar və kişilər üçün faydaları

14 May 2025 09:37see114

AvtoVAZ Active Cross u təqdim edib…

14 May 2025 23:56see114

Oturaq həyat tərzinin daha bir gözlənilməz riski...

14 May 2025 23:47see114

Bilik və bacarığı yüksək bakalavrlar magistrlardan daha yaxşı maaş ala bilirlər Ramin Nurəliyev

14 May 2025 17:32see114

KİV: İran uranın dinc məqsədlərlə zənginləşdirilməsi üçün konsorsium yaratmağı təklif edib

14 May 2025 06:57see113

Zelenski Putinlə razılığa gələ bilər İki vacib məsələ

14 May 2025 09:57see113

Putin hələ də gələ bilər: Tramp bütün kartları onun əlindən alır

15 May 2025 15:03see113

Putin Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib, özü Türkiyəyə getməyəcək

15 May 2025 00:10see111

Zelenski: Ukrayna Rusiya ilə dialoqun başqa formatlarını müzakirə etməyib

14 May 2025 08:03see110

Zəfərdən dirçəlişə: Azərbaycanın yeni erası sürət götürüb

14 May 2025 07:33see110

“Rəqəmsal qızıl”ın dəyəri 100 min dollara çatıb

14 May 2025 09:12see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri