Dövlət Neft Fondu Azərbaycanın valyuta xəzinəsidir
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qurumun aktivləri 74 milyard dolları ötüb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri, eləcə də investisiya fəaliyyətinin yekunlarına dair hesabatını açıqlayıb. Hesabata əsasən, Fondun aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq 74 milyard 4 milyon dollara çatıb. 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 70 milyard 161,7 milyon dollar olub.
Hesabat dövründə Fondun neft-qaz gəlirlərində artım qeydə alınıb. Belə ki, neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər illik müqayisədə 11,5 faiz artaraq 8 milyard 740,6 milyon manat təşkil edib. Bu məbləğin 7 milyard 343,9 milyon manatı mənfəət neftinin və qazın satışından əldə olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz çoxdur. Bonus ödənişləri və tranzit gəlirləri 0,9 milyon manat, akrhesabı ödənişlər 4,9 milyon manat təşkil edib. Akrhesabı ödənişlər üzrə göstərici 1,4 dəfə artıb. Bundan başqa, “Cənub Qaz Dəhlizi” QSC-nin dövlətə məxsus payının satışından 1 milyard 390,9 milyon manat daxilolma qeydə alınıb.
Neft-qaz gəlirlərinin artmasına baxmayaraq, Fondun ümumi gəlirləri azalıb. Cari ilin yanvar-sentyabr aylarında ARDNF-nin ümumi gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz azalaraq 12 milyard 341,3 milyon manat olub. Bu azalmada vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan gəlirlərin aşağı düşməsi də rol oynayıb. Sözügedən fəaliyyət üzrə gəlirlər illik müqayisədə 31,2 faiz azalaraq 3 milyard 600,7 milyon manat təşkil edib.
Hesabat dövründə Fondun xərcləri də azalıb. Büdcə xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azalaraq 9 milyard 681,2 milyon manata düşüb. Dövlət büdcəsinə köçürmələr isə 11,9 faiz azalaraq 9,6 milyard manat təşkil edib.
Fondun neft-qaz gəlirlərinin formalaşmasında əsas mənbələrdən olan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından daxilolmalarda artım qeydə alınıb. Cari ilin yanvar-sentyabr aylarında bu yataqdan ARDNF-yə 6 milyard 570,6 milyon manat vəsait daxil olub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 6 milyard 183,9 milyon manatla müqayisədə 6,3 faiz çoxdur.
“Şahdəniz” yatağından (qaz və kondensat) daxilolmalarda isə azalma müşahidə edilib. Hesabat dövründə bu yataqdan Fonda 565,1 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə göstərici 697 milyon manat təşkil edib. Beləliklə, “Şahdəniz” yatağından əldə olunan gəlirlər illik müqayisədə 18,9 faiz azalıb.
***
ARDNF-nin aktivlərinin artımında investisiya portfelinin həcmi və strukturu da mühüm yer tutur. Cari ilin yanvar-sentyabr aylarında Fondun investisiya portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 842,7 milyon dollar və ya 5,5 faiz artaraq 74 milyard 3 milyon dollar təşkil edib.
İnvestisiya portfelinin xarici valyutalar üzrə bölgüsündə ABŞ dolları üstün mövqeyini qoruyub. Portfelin 70,9 faizi (52 milyard 466,8 milyon dollar) ABŞ dollarında ifadə olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
Avronun portfeldəki payı 3,2 faiz azalaraq 16,8 faizə düşüb. Bu valyutada investisiyaların həcmi 10 milyard 993,4 milyon avro təşkil edib. İngilis funt sterlinqinin payı 0,1 faiz azalaraq 4,8 faizə enib. Funt sterlinqdə investisiyaların həcmi 2 milyard 664,1 milyon olub. Çin yuanının payı dəyişməyərək 2,3 faiz təşkil edib. Bu valyutada investisiyaların həcmi 11 milyard 615,3 milyon yuan olub. Yapon yeninin payı 0,1 faiz artaraq 1,5 faizə yüksəlib, həcmi isə 169 milyon 479,4 min yen təşkil edib. Digər xarici valyutaların portfeldəki payı da 0,1 faiz artaraq 3,7 faizə çatıb. Bu kateqoriya üzrə göstərici 2 milyard 743,9 milyon dollar olub.
Fondun investisiya portfelinin aktivlər üzrə bölgüsündə də müəyyən dəyişikliklər baş verib. Hesabat dövründə istiqrazlar və pul bazarı alətlərinin payı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq 33,9 faiz təşkil edib. Səhmlərin payı isə 1,2 faiz artaraq 27 faizə yüksəlib. Daşınmaz əmlak və infrastrukturun portfeldəki çəkisi 0,1 faiz artaraq 6,8 faizə çatıb. Qızılın payı isə 0,5 faiz azalaraq 32,3 faiz olub.
Qızıl investisiyaları Fondun aktivlərinin əhəmiyyətli hissəsini təşkil edir. Hesabata əsasən, ARDNF-nin qızıl ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq 178,1 ton təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 184,8 ton olub. Fondun investisiya portfelində qızılın payı 32,3 faiz, onun dollar ifadəsində dəyəri isə 23 milyard 934,7 milyon dollar təşkil edib.
İnvestisiya portfelinin coğrafi bölgüsündə də dəyişikliklər qeydə alınıb. Cari ilin ilk doqquz ayında Fondun Yaxın Şərq və Avstraliya-Yeni Zelandiya ölkələrinə investisiyalarının payı müvafiq olaraq 0,5 və 0,1 faiz artıb. Sentyabrın 30-na investisiya portfelinin 1,9 faizi Yaxın Şərq ölkələrinin, 1,1 faizi isə Avstraliya və Yeni Zelandiya ölkələrinin payına düşüb.
Digər regionlar üzrə göstəricilərə gəlincə, Şimali Amerika ölkələrinin portfeldəki payı 2,6 faiz artaraq 27,4 faizə çatıb. Cənubi Amerikanın payı dəyişməyərək 0,1 faiz təşkil edib. Avropanın payı 2,8 faiz azalaraq 26,3 faizə enib. Asiya ölkələrinin payı 1 faiz artaraq 9,5 faizə yüksəlib. Afrikanın payı 0,01 faiz artaraq 0,03 faiz, beynəlxalq maliyyə təşkilatlarının payı isə 0,9 faiz azalaraq 1,4 faiz təşkil edib.
Musa BAĞIRLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 21 Oktyabr 2026 08:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















