Dumanlı havanın yaz ovqatı FOTOREPORTAJ
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 16 fevral, AZƏRTAC
“Duman, gəl get bu dağlardan...” Klassik poeziyada dağların, bəyaz zirvələrin üzünə cuna çəkən ağappaq dumanın yır-yığış edib getməyinə həm də ictimai motiv verirdilər. Dumanın başı qarlı dağlardan çəkilib getməyini arzulayanlar onun təbiətə füsunkarlıq, dünyaya əmin-amanlıq gətirməyini istəyirdilər.
İndi mavi Xəzərin sahillərində nə bəyaz zirvələr var, nə də başı qarlı dağlar. Azərbaycan paytaxtı bu səhər ağappaq dumanla qol-boyun olmuşdu. Duman çökmüş küçə və prospektlər, məhəllələr bir özgə görkəmdə idi. Elə bil kimsə şəhəri güclə silkələyib yuxudan oyatmışdı. Evlər, binalar, yollar, dənizin sahili mürgülü gözlərlə ətrafa baxırdı. Necə ki, gün işığı buz parçasını əridib suya döndərir, səhər açıldıqca ağappaq dumanın da köynəyi öz-özünə sökülməyə başladı. Bakı qatı dumandan sıyrılıb çıxdı.
El təqvimi ilə desək, kiçik çillənin son günləridir. Daha bir neçə gün ötəcək, allı-güllü yazın nəfəsi yavaş-yavaş duyulmağa başlayacaq. Qar altından boy göstərən nərgizin sarı çiçəkləri torpağa yaraşıq verir, daha bir neçə gündən sonra bənövşə çiçəkləri kolların dibində göy dəsmal sərəcək.
Duman gözəllikdir, bəyazlıqdır, təravətdir. Ağappaq duman toyu tutulu gəlinin duvağını xatırladır. Heyf ki, təbiətin bu ağ duvağı, bu bəyaz donu uzunömürlü olmur. AZƏRTAC-ın fotomüxbiri Aydın Məmmədov bu gün Bakıya çökən dumanlı hava şəraitini əks etdirən bir neçə kadr lentə alıb. Lakin çox keçmədi ki, duman qəsil gəldiyi kimi, qəfil də duvağını çəkib getdi...
Bir də ki, bu vaxtın dumanının heç bir təhlükəsi yoxdur. Necə deyərlər, qış dumanı qar gətirər, yaz dumanı bar... Təki ovqatımız həmişə yaz ovqatı olsun!
Baxış sayı:117
Bu xəbər 16 Fevral 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















