Saatlıq əməkhaqqı sisteminə keçid
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2027-ci ildə ölkədə saatlıq əməkhaqqı sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əməkhaqqı sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənmiş iqtisadi fəaliyyət növləri üzrə çalışan müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində bir aydan az müddətə əmək müqaviləsi bağlanıldıqda, eləcə də həftəlik iş vaxtının müddəti 20 saat və ya ondan az müəyyən edildikdə tətbiq olunacaq. Büdcədən maliyyələşdirilən müəssisələrdə isə bu sistemin tətbiqinə yalnız müəyyən edilmiş əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu halda yol veriləcək.
Natamam iş vaxtı ilə işləyən və aylıq əməkhaqqı alan işçilərin əməkhaqqı müəyyən edilmiş iş vaxtına mütənasib olaraq minimum aylıq əməkhaqqından hesablanan məbləğdən aşağı ola bilməz. Saatlıq əməkhaqqı müəyyən edilmiş işçinin hər iş saatına görə ödənişi minimum saatlıq əməkhaqqından az olmamalıdır. Gündəlik iş vaxtı 1 saatdan az olduqda belə, işçiyə minimum bir saatlıq əməkhaqqı ödənilməlidir. Növbəti iş saatı da 1 saatdan azdırsa, həmin müddət bir saat kimi nəzərə alınmalıdır. Minimum saatlıq əməkhaqqının məbləği minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif (vəzifə) maaşından yüksək müəyyən edilməlidir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev bildirib ki, Azərbaycanda saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək. Onun sözlərinə görə, əsas məqsəd müasir məşğulluq imkanlarını genişləndirməklə yanaşı, vətəndaşların əmək və sosial təminat hüquqlarını qorumaqdır: "Bu istiqamətdə muzdla işləyənlər üçün minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Sistemin 2027-ci ildə tətbiqinə başlanılması planlaşdırılır".
Ekspertlərin fikrincə, saatlıq əməkhaqqı sisteminin əsas üstünlüklərindən biri əməkhaqqının sərf olunan iş vaxtına uyğun hesablanmasıdır. Mövcud aylıq əməkhaqqı sistemində işçinin faktiki işlədiyi saatlar bəzən kifayət qədər nəzərə alınmır. Saatlıq ödəniş sistemində isə işçi işlədiyi hər saat üçün müəyyən edilmiş məbləğdə əməkhaqqı alır. Bu, xüsusilə yarımştat işləyənlər, tələbələr, mövsümi işçilər və çevik iş qrafikinə ehtiyacı olan şəxslər üçün əlverişlidir.
Digər mühüm üstünlük əmək bazarında şəffaflığın artmasıdır. Saatlıq əməkhaqqı sistemi iş vaxtının dəqiq uçotunu tələb etdiyindən, işəgötürənlə işçi arasında əmək münasibətlərinin daha aydın qurulmasına şərait yaradır. Əlavə iş saatlarının müəyyənləşdirilməsi və buna uyğun ödənişin hesablanması asanlaşır.
Lakin saatlıq əməkhaqqı sisteminin mənfi cəhətləri də var. Əsas problemlərdən biri işçilərin aylıq gəlirlərinin sabit olmamasıdır. Müəssisədə iş həcmi azaldıqda iş saatları da azala bilər. Bu isə işçinin gəlirinin aşağı düşməsinə və ailə büdcəsinin planlaşdırılmasında çətinliklərə səbəb olur. Xüsusilə ailə xərcləri və kredit öhdəlikləri olan şəxslər üçün bu vəziyyət maliyyə riski yaradır.
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, bu yanaşma daha çox dövlət və büdcə sektorunda özünü göstərəcək. Layihə sayəsində yeni iş yerləri yaranacaq. Məsələn, hər hansı bir nazirlikdə və ya dövlət qurumunda hazırda 100 işçi var və onlar orta hesabla 1500 manat maaş alırlar. Saatlıq iş qrafikinə keçdikdə iş yerlərinin sayı sabit qalsa da, işçilərin sayı kəskin arta bilər. İqtisadçının fikrincə, bu addım həm dövlət büdcəsinə qənaət, həm də sosial layihə kimi təqdim ediləcək.
Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, ciddi dəyişiklik olmayacaq. Aqrar sektorda çalışanların əksəriyyəti onsuz da əmək müqaviləsi olmadan işləyir: "İlk növbədə, onları formal əmək bazarına cəlb etmək lazımdır. Yalnız bundan sonra onların hansı tariflə, saatlıq, yoxsa tam iş günü rejimində çalışması, eləcə də saatlıq və gündəlik ödəniş sisteminin tətbiqi məsələlərinə baxmaq olar. Əmək bazarında aylıq və saatlıq minimum əməkhaqqının paralel tətbiqindən ciddi dəyişiklik gözləmirəm. Hər halda, bu, işçiyə bir, iki və ya üç saat işləyib işlədiyi saata uyğun minimum ödəniş almaq imkanı yaradacaq. Söhbət minimum əməkhaqqından gedir. Məsələn, kommersiya qurumları bir və ya iki saat işləyən işçiyə minimum saatlıq əməkhaqqından iki, üç, dörd, hətta beş dəfə çox ödəniş edə bilərlər. Yəni bu sistem ödənişin aşağı həddini müəyyənləşdirəcək. Tutaq ki, bir saat üçün ödəniş üç manatdan aşağı ola bilməz. İşçi iki saat işləyibsə, ona ən azı altı manat ödənilməlidir".
İqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, bu sistemin əsas üstünlüyü işçinin əməkhaqqının faktiki işlədiyi vaxta uyğun hesablanmasıdır. Bu, xüsusilə natamam iş vaxtı ilə çalışanlar, tələbələr, mövsümi işçilər və əlavə iş axtaran şəxslər üçün imkanlar yarada bilər. Eyni zamanda, işəgötürənlər üçün əməkhaqqının hesablanmasını asanlaşdırır və iş vaxtından artıq çalışanların əməyinin düzgün uçotuna şərait yaradır.
Lakin sistemin müəyyən riskləri də var. Əgər saatlıq əməkhaqqının minimum həddi yaşayış xərclərinə uyğun müəyyən edilməsə, işçinin aylıq gəliri azala bilər. Tam ştatla işləyərək sabit maaş alan şəxs iş saatlarının azalması nəticəsində daha az gəlir əldə edə bilər. Digər tərəfdən, bəzi işəgötürənlər əməkhaqqı xərclərini azaltmaq üçün işçilərin iş saatlarını süni şəkildə məhdudlaşdıra bilərlər: "Fikrimcə, saatlıq əməkhaqqı sisteminə keçiddə ən vacib məsələ işçilərin sosial müdafiəsinin qorunmasıdır. Saatlıq tarif elə müəyyənləşdirilməlidir ki, normal iş vaxtı ərzində çalışan şəxsin aylıq gəliri onun əvvəlki əməkhaqqısından əsassız şəkildə aşağı düşməsin. Həmçinin iş vaxtının dəqiq elektron uçotu aparılmalı, əlavə iş saatlarına görə ödənişlər təmin edilməli və işəgötürənlərin sui-istifadə hallarının qarşısı alınmalıdır. Əslində, saatlıq əməkhaqqı sistemi özü-özlüyündə nə işçinin gəlirinin artmasına, nə də azalmasına zəmanət verir. Nəticə sistemin necə qurulmasından, minimum saatlıq tarifin hansı səviyyədə müəyyən edilməsindən və əmək qanunvericiliyinə nə dərəcədə əməl olunmasından asılı olacaq".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Noyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















