Dünya 20 Yanvar hadisələrini radiodan eşitdi...
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
(ŞAHİDLƏR, FAKTLAR, SƏNƏDLƏR)
1990-cı ilin 20 Yanvar faciəsi zamanı Azərbaycanda insanların yeganə informasiya aldığı mənbə radio idi. Çünki faciədən bir neçə saat əvvəl televiziyanın enerji bloku partladılmış, mərkəzi radionun, Moskvanın kütləvi informasiya vasitələri isə yalan, həqiqətə uyğun olmayan xəbərləri tirajladığından Bakıda nələrin baş verdiyindən dünya ictimaiyyəti, eləcə də ölkə sakinləri məlumatsız qalmışdı.
Hadisələrin şahidləri danışır ki, faciə ərəfəsində teleradio kütlə tərəfindən blokadaya alınır və piketçilər iş prosesinə ciddi maneələr yaradırlar. Ancaq bu piketin kimlər tərəfindən təşkil edildiyi indiyə kimi də qaranlıq qalır. Bəzi öyrədilmiş adamların hadisələrdən xəbərsiz olduğu, nələrin baş verdiyini anlamadan mitinqdə kortəbii iştirakı şübhələri artırır. İşçilər həmin gün teleradioya daxil omaqda, eyni zamanda içəridən çıxmaqda çətinlik yaşayırlar. Şahidlərin sözlərinə görə, Xalq artisti Məxluqə Sadıqova “Bulaq” verilişini aparmağa gəlibmiş. Çox xahişdən sonra onu efirə buraxırlar. Ümumiyyətlə, faciədən bir gün öncə xanım əməkdaşların işə gəlməməsi tövsiyə olunur. Güman olunur ki, Bakıda qırğın olacağı xəbəri rəhbərliyə sızdırılıbmış. Piketçilərin tələbi ilə mərkəzdən translyasiyanın dayandırıması ilə bağlı (yalan məlumatlara görə) teleradio rəhbərliyi tərəfindən Moskvaya teleqram da vurulur. Amma Moskva susmur, Azərbaycanla bağlı yanlış informasiya verməkdə davam edir və bu da ölkə əhalisində qıcıq yaradır.
20 Yanvar faciəsi ərəfəsində radio kollektivi də hadisələrdən mütəəssir olmuş, efir idarəçiliyində çaş-baş qalmışdılar. Komitənin Texniki İstehsalat Birliyinin radio kompleksinin rəisi Akif Babayev danışır ki, yanvarın 19-da saat 14-dən başlayaraq, televiziyada işçilər kütləvi şəkildə evə buraxılırdı. Ancaq radionun texniki şöbəsində, eləcə də aparat otaqlarında qızlar işləyir, verilişlər hazırlanır, proqramlar davam edirdi. Saat 16-17 radələrində baş mühəndis direktora zəng vurur ki, bir məsləhət alsın. Dəstəyi qaldıran olmur. Məcbur olub sədrin otağına gedir. Qəbul otağında baş mühəndis R.Darafərin, sabiq direktor müavini H.Sadıqov və partiya komitəsinin katibi S.Sücəddinova ilə rastlaşır. Onların da hazırlaşıb, çıxmaq istədiyini görür və heç kimdən müfəssəl məlumat ala bilmir və naəlac qalıb öz iş yerinə qayıdır. Yenidən aparat otaqlarına baş çəkir, verilişlərin hazırlanması prosesini müşahidə edir və öz-özlüyündə belə gərgin bir vəziyyətdə radioda çoxunun işdə olduğunu, televiziyada isə fərqli mənzərə ilə qarşılaşdığını deyir. Bircə sual onu düşündürür. “Hadisələrin belə cövlan etdiyi bu ağır məqamda iş yerini kimə tapşırıb gedirlər?..”
Ölkədə siyasi sabitliyin pozulduğu məqamda Azərbaycan televiziyası respublikada cərəyan edən hadisələrin gedişinə “göz yumsa da” (bunun səbəbi yuxarıdan idarə olunması, ölkə rəhbərliyinin nəzarəti ilə fəaliyyət göstərməsi idi), radio fərqli mövqedən hadisələrə baxış sərgiləyir, cəsarət nümayiş etdirir və lazımi anda xalqa doğru informasiya verməkdən çəkinmir. Radionun Baş redaktorları Mailə Muradxanlı və Valid Sənani mitinq iştirakçılarının səslərini lentə alır və radio ilə səsləndirir. Həmin gün onların əlindəki mikrofona bir rus qadını müsahibə verir və sovet əsgərinə müraciət edərək, azərbaycanlılara atəş açmamağı xahiş edir. “Əsgərlər, azərbaycanlılara atəş açmayın! Azərbaycanlılar çox dinc xalqdır, çox mehriban xalqdır. Bunları bu yola çıxaranlar var. Bunların arasını qarışdıranlar var”.
Yanvarın 19-da saat 17:02-də “Son xəbərlər”in buraxılışında Bakıdan kəskin etirazlar səslənir. Bakı efirindən iki saat əvvəl SSRİ rəhbərliyindən Vadim Bakatin (Xatırladaq ki, Bakatin 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridilməsinin əmrini verən şəxslərdən biri olub. Əməliyyata rəhbərlik etmək üçün həmin vaxt daxili işlər naziri olan Bakatin SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahında olub) və müdafiə naziri Dmitri Yazovun Azərbaycanla bağlı müsahibəsi ikrah doğurur. Onlar ümumittifaq dinləyicisinə xəbər verirlər ki, guya Azərbaycanda vətəndaş qırğınıdır, ermənilərlə azərbaycanlılar arasında əsl müharibə gedir... “Zaman” xəbərlər proqramında Azərbaycanın ünvanına deyilənlər əks yönümlü informasiyalara dərhal münasibət bildirilir. Bakıdan səslər, müsahibələr təqdim olunur və beləliklə, ilk operativ xəbər yayımlanır. Məhz həmin gün, ayın 19-da radioda hadisələrə doğru baxışın və qərəzsiz informasiyaların efirə verilməsindən dərhal sonra piketçilər dağılışır.
1990-cı il yanvarın 19-da saat 19:26-da Azərbaycan televiziyasının enerji bloku “Alfa” qrupu tərəfindən partladılır, radioda da verilişlər susur.
Akif BABAYEV: “Radioda avadanlıq dayananda tez gərginlik şitinə nəzər saldıq. Əsas xətdə gərginlik yox idi, biz ikinci xəttə keçdik. Saat 20:07-dir. Göz-gözü görmür. Vahiməli səslər sakitliyi pozur. İşçilər otaqlardan dəhlizə çıxıb qaranlıqda bir-birinə təskinlik verirlər. Diktorlardan Yusif Muxtarov, Sevda Saleh, Elxan Quliyev, məsul buraxıcı Elmira Aslanova beşinci mərtəbədən aşağı düşürlər ki, evə getsinlər. Həyətdə Yusif Muxtarovdan ev telefonunun nömrəsini aldım, çünki o dedi ki, nə vaxt zəng vursan, gələrəm. Növbədə olanlardan Nazim Qasımov, Vaqif Babayev, Böyükağa Kərimov, Akif Hüseynov hadisə yerinə getdik. Mən burada Bakı şəhər elektrik şəbəkəsinin işçisinin olub-olmamasını soruşdum. Zakir adlı bir nəfər mənə yaxınlaşdı. Qaraj tərəfdə bizim bir enerji şitimiz var, radio korpusunun işıq şitləri orda idi. Biz Zakirlə və dövlət televiziyasının işıq sexinin rəisi Arif Zamanovla şitə baxdıq. Burada açılan xətləri yenidən qoşduq və texnoloji gərginlik bərpa olundu. Saat 20:45 dəqiqədə proqramlar davam etməyə başladı. Gərginlik tam itdikdən sonra Rabitə Nazirliyinin aparat kommunikasiya paylaşdırıcı bölməsindən xahiş elədik ki, birinci respublika kanalına Moskvanın birinci proqramını, “Araz” kanalına isə “Mayak” proqramını qoşsunlar ki, verici stansiyalarda boşdayanma olmasın...”
Diktor Yusif Muxtarov radioda həmin gün gecə efirində növbətçi qalır. Baş proqram direktoru Zöhrab Zeynalov ona təxminən bu məzmunda mətn verir. Mətndə yazılır ki, “Azərbaycan televiziyasının enerji blokunda qəza baş vermişdir...” Diktor mətnin əvvəlinə iki dəfə “Diqqət! Diqqət! Yoldaşlar!..” sözlərini əlavə edir və onu həyacanlı səs tonu ilə oxuyur. Səsdəki təlatüm, ürək ağrısıyla ifa dinləyiciyə bir işarə verir ki, xalqımız gərgin saatlar yaşayır. Elanın bu cür oxunması adamları da çox həyəcanlandırır. Elanı düz saat 20:30-da beş-altı dəfə oxuyur. Sonralar həmin anları ürəkağrısıyla yada salan sənətkar xatirələrində yazır: “Azərbaycan radiosunun tarixində ilk dəfə olaraq “Günün səsi” proqramını tək səslə, özü də 45 dəqiqə oxudum və bu dəqiqələrdə mən də, yoldaşlarım da baş verəcək hadisələrdən xəbərsizdik”.
Bəli, televiziyadakı hadisədən bir saat sonra partlayış haqqında ilk məlumat Azərbaycan radiosu ilə efirə verilir. Qəza baş verməsi ilə əlaqədar verilişlərin efirə ötürülməsinin müvəqqəti dayandırılacağı bildirilir. Lakin qəzanın səbəbi, kim tərəfindən törədilməsi əməkdaşlara məlum olmadığından bu barədə əlavə informasiya verilmir.
Azərbaycan radiosunun efirindən Bakıda baş verən qırğınlarla bağlı ilk informasiya da həmin qanlı şənbə gecəsi səslənir. O zaman Bakıya ilk güllə atılanda, şəhid xəbərləri eşidən kimi qurumun üç əməkdaşı, redaktor Hikmət Abuzərli, teleoperator Seyidağa Mövsümov və operator köməkçisi Azər Muradov qərara gəlir ki, radiodan bu xəbəri xalqa bəyan etsinlər. Onlar studiyanın işıqlarını yanılı görür və özlərini efirə yetirirlər. Təbii ki, Akif Babayev onları efirə buraxmağa əvvəlcə cürət etmir və rəhbərlikdən icazə almağın gərək olduğunu bildirir. Səlahiyyətli işçilərdən biri ilə əlaqə yaradılır, lakin onun da tərəddüd etdiyindən, efirə çıxmaqda çətinlik çəkirlər. Ancaq anidən, mütləq bu xəbər efirə getməlidir deyib, icazəsiz üz tuturlar mikrofona sarı. Həmin vaxt efirdə “Mayak”dan veriliş gedirmiş. Gecə yarı teleoperator Seyidağa Mövsümov qısa bir mətn yazır. “Əziz atalar, analar, bacılar, qardaşlar! Sovet ordusu Bakıya hücum edib! Bakı qan içindədir! Bakıya köməyə gəlin!” Üç dəfə eyni mətni göz yaşları ilə səsləndirirlər. Onlar məlumatı verəndən beş dəqiqə sonra əraziyə xeyli silahlı əsgər gətirilir. Hər üçünü yerə uzandırıb, sənədlərini yoxlayırlar. Səhərə yaxın general Vladimir Dubinyak (həmin gün Bakı şəhərinin hərbi komendantı təyin edilib - red.) və Bakıya yeridilən “Alfa” qrupunun rəhbəri, general Vyaçeslav Viktoroviç Ovçinnikov televiziyaya gəlir. Onları müşayiət edən kapitan isə erməni olur.
Təxminən bir saat sonra general-mayor Aleksandrov adlı şəxs Azərbaycan radiosu ilə Bakıda fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı M.Qorbaçovun əmrini efirdən səsləndirir. Mətni Azərbaycan dilində tərcümə etmək tələb olunur. Ancaq heç bir əməkdaş onun əmrini yerinə yetirmir. Həmin günlərdə başda Yusif Muxtarov olmaqla, radionun bütün diktorları, çox böyük cəsarət və mərdlik nümunəsi göstərərək komandantlığın heç bir əmri yerinə yetirmirlər, hətta sonrakı günlərdə belə yeni sədrin də dəfələrlə təkidinə baxmayaraq, onlara verilən mətnləri oxumaqdan imtina edirlər. Azərbaycan radiosunun mikrofonları yad səslərin əsarətinə çevrilir. Əmrləri kələ-kötür səslə hərbçilər özləri oxumaq məcburiyyətində qalır.
Yanvarın 20-si, şənbə günü, səhər 3 nəfər radionun mərkəzi aparat otağına daxil olur. Əli avtomatlı əsgərlərin müşayiəti ilə efir üçün senzor ayrılır. Efirə gedən materiallara və texniki işçilərə nəzarət olunmağa başlayır. Diktorlar imtina etdiyindən (Azərbaycan radiosunun diktorları düz 43 gün efirə çıxmır) Bakı şəhəri xüsusi rayonu hərbi komendantının materiallarını hərbçilər özləri səsləndirir. Qanlı şənbə günü mühəndis Ramiz Quliyev, texnik Akif Həsənov, radio verilişləri sexinin rəisi Əziz Bəbirov böyük çətinliklərlə, təhlükə altında növbəyə çıxırlar. Şahidlər danışır ki, gecə növbəsindən çıxanlar da evə getməyə tələsmirlər. Şəhərdə atışma, güllə səsləri və bir də sükutu arabir radiodan eşidilən nigaran dolu səslər, həyəcanlı danışıqlar pozurdu.
Yusif Muxtarov: “Yanvarın 20-də saat 11-də radioya gəldim. Şirkətin girəcəyindən iş yerinə beş dəqiqəyə gəlirdik, indi isə düz on iki yerdə yoxladılar. Başqalarını buraxmasalar da, bir-birinə him-cim edib mənim içəri girməyimə icazə verdilər. Təxminən, bir saatdan sonra diktor otağına girdim və təəccüb elədim: bura hərbi komendaturanı xatırladırdı. Kim isə ucadan: “Budur, baxın, diktor gəldi!” - dedi. Polkovnik rütbəli bir şəxs (sonra öyrəndim ki, o, Penkov idi) mənə yaxınlaşıb dedi: “Siz bu əmri oxuya bilərsinizmi?” Mən mətnə baxan kimi ona qaytardım. “Yox, mən bunu oxuya bilmərəm!” - dedim. O mənə: “Niyə, siz diktor deyilsiniz?” Mən bir az susub soruşdum: “Bəs siz kimsiniz?” O, əlini uzadıb familiyasını dedi və əlavə elədi:
- Mən də bakılıyam...
Mən saat 18-ə qədər diktor otağında oturub hərbçilərə tamaşa elədim. Bu vaxt ərzində diktorlarımızdan bir neçəsi də gəldi. Biz qəti qərara gəldik ki, komendantın əmrinə tabe olmayaq, onların verdiyi heç bir mətni oxumayaq. Bu, bizim etirazımız idi. Onu da deyim ki, bizi fikrimizdən döndərmək istəyənlər də oldu, lakin baş tutmadı”.
Yanvarın 20-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova öz köməkçisi ilə qəfildən radioya gəlir və birbaşa efirdən xalqa müraciət edir.
Elmira Qafarovanın bu bəyanatı növbədə çalışan texniki heyət tərəfindən lentə alınır. Gün ərzində senzuradan xəlvəti dəfələrlə səsləndirilir. Sonradan məlum olur ki, efirə nəzarət edənlər bu çıxışın necə və haradan verildiyini, hansı aparatdan təkrar yayımlandığını ayırd edə bilmirlər. Bu da efir mütəxəssislərinin səriştəli olmasından, güllə altında belə qorxu-hürkü bilməməsindən, silahlı hərbçilərin önündə əyilməzlik nümayiş etdirməsindən və cəsarətli davranışından xəbər verir. Xaricə yayım redaksiyası bu bəyanatı ərəb ölkələrinin, İranın Tehran, Təbriz və Türkiyənin Ankara radioları vasitəsilə bütün dünyaya yayır. Bakıdakı hərbi komendantlıq Respublika radisonu nəzarət etsə də, Beynəlxalq radionun da ayrıca dalğalara malik olmasını tamam unutmuşdu.
Xalqımızın Ümummilli lideri Heydər Əliyev xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək təcavüzə kəskin etirazını bildirir, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edir, dərhal qoşunların Bakıdan çıxarılmasını tələb edir. Onun bəyanatı imperiyanın mərkəzi olan Mosvadan faciəyə verilən ilk siyasi qiymət idi. Heydər Əliyevin tarixi bəyanatı da qısa zamanda xarici radiostansiyaların efirindən səslənir.
Qanlı şənbə səhərində respublika radiosu ilə Azərbaycan KP MK, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti və Nazirlər Sovetinin bütün Azərbaycan xalqına 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda faciəli hadisələr zamanı həlak olanların ailələrinə, qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı oxunur.
Radioda Xarici verilişlər üzrə proqram direktoru Cahangir Bağırov: “Senzor hərbçilərə aid adi faktları belə mətndən çıxardırdı. Biz isə xarici dinləyicilərin görüşünə “sadəlövh” faktlarla gedə bilməzdik. Mən bir proqram direktoru kimi, studiyada keşik çəkən hərbçilərlə dil tapmağa çalışdım.
Heç bir izafi şişirtmə rəqəm və ya fakta meyl göstərmədən həqiqəti yazdıq, yəni efir üçün təsdiq olunmuş materialları özümüzün bildiyimiz şəkildə redaktə etdik. İlk dəfə əlimizdə informasiya qovluğu studiyaya girəndə əsgərlər qabağımızı kəsdilər.
- Siz nə oxumaq istəyirsiniz?
- Heç bir şey. Dünənki hadisələrlə bağlı qısa məlumat. Bildirmək istəyirik ki, Bakıda fövqəladə vəziyyət elan olunub.
- Ancaq bunumu?
- Bəli.
- Zəhmət çəkib gedin, mətninizi mərkəzi senzordan keçirin.
Çox çək-çevirdən sonra xəbəri general Ovçinnikovun qələminin altından sağ-salamat çıxarda bildik. Türk, fars, ərəb dili redaksiyalarının redaktorları iş başındaydılar. Lakin Cənubi Azərbaycana verilişlər baş redaksiyasının diktoru işə çıxmamışdı. Onun da başına bir qəza gəlmişdi. Unutmaq olmazdı ki, bütün Qərb ölkələri bizim informasiya verdiyimiz xarici ölkələrdən bir mənbə kimi istifadə edirlər. Ona görə mən özüm, naəlac qalıb diktor kimi mikrofon arxasına keçdim. Saat on bir - on iki radələrində hərbçilərin nəzarətsizliyindən istifadə eləyib tez o biri diktorları da studiyaya saldım. Türk diktoru Sabir Axundov, fars diktoru Rasim Ələkbərov, bir də mən səsimizi lentə aldırdıq. Mətn belə idi: “Yanvarın 19-dan 20-nə keçən gecə Bakının dörd bir tərəfindən sovet tankları görünməmiş vəhşiliklər törədə-törədə şəhərə girmiş, dinc əhaliyə avtomat silahlardan güllə atılmış, camaatın üzərinə tanklar yeridilmişdir. Şəhər, demək olar ki, istila edilmişdir. Sovet tankları uşaq, qoca, cavan, qadın bilmədən camaatın üzərinə yeriyib. Çoxlu şəhidlərimiz var. Bütün Azərbaycan xalqı rus qoşunlarının bu hərəkətini qətiyyətlə pisləyir”.
Bu xəbər Azərbaycan, türk, fars, ərəb dillərində Cənubi Azərbaycan xəttilə efirə ötürüldü. Hərbçilər bizdən xəbər aldılar ki, o nədir ki, bir dəqiqədən bir dəfələrlə təkrar verirsiniz? Dedik: “Heç, sizin senzordan keçirdiyimiz xəbəri veririk. Elə bir mühüm fakt, xəbər yoxdur”.
Yoldaşlara tapşırdım ki, efir vaxtı qurtarandan sonra lentləri fonotekada qoymasınlar. Hər şey ola bilərdi. Çox şükür ki, bizim xəbərimiz səssiz-sədasız qalmadı. Səhəri gün bizim bu verilişlərə istinad edərək İran radiosu farsca “Bakı radiosunun xarici şöbəsinin verdiyi məlumata görə, dünən sovet qoşunları Bakıya daxil olublar” xəbərini verdi. Həmin bu xəbəri sonra Qərb radiostansiyaları yaymağa başladı. Deməli, zəhmətimiz hədər getməmişdi”.
Üç gündən sonra hərbi komendant xarici verilişləri bağlayıb. Əməkdaşlar general Ovçinnikovun yanına gedirlər.
- Sizin verilişlər verdiyiniz dillərdə bizim mütəxəssisimiz yoxdur, - deyir.
- Ola bilsin, biz rus variantına qol çəkəndən sonra siz orada ağlınıza gələn hər şeyi deyəsiniz.
Daha sonra sədr Elşad Quliyevə müraciət olunur.
- Elşad müəllim, hərbçilər xarici verilişlərdən nə istəyirlər? Biz nə veririk ki?
- Nə verdiyinizi mən yaxşı bilirəm, - Elşad müəllim deyir, - amma onlar bilmirlər. Yaxşı eləyirsiniz. Kim qoymur sizi?
- Generalın yanından gəlirik.
Elşad müəllim daxili telefonla generala zəng eləyir.
- “Yerli radionu demirəm”, - dedi: “Bəs bu xarici radionu niyə bağlayırsınız, buna xaricdəkilər nə deyərlər? Deyərlər ki, Bakı əməlli-başlı batıb, bombalanıb ki, onun səsi tamam alınıb. Onsuz da bunların verdiklərinin çoxu musiqidir. Bu da senzordan keçəndən sonra efirə gedir”.
Telefonda təxminən 2 dəqiqə pauzadan sonra Elşad müəllimə razı olduğunu bildirir. Sədr dəstəyi yerə qoyur:
- “Gedin, işinizdə olun!” - deyir...”
Əhalinin bütün nəzərlərini özünə cəlb edən, xalqın yeganə dayağı, bu günlərdə tək informasiya mənbəyi olan Azərbaycan radiosu həm də millətin tribunası idi. Xalq şairi Bəxtiyar Vahabzadə, Məzahir Abbasov, Vəli Məmmədov, Aliyə Təhmasib, Mirvarid Dilbazi, Respublika Qadınlar Şurasının sədri Zemfira Verdiyeva, Respublika Kitabsevərlər Cəmiyyətinin sədri Zərifə Salahova, Tamilla Musayeva, rusdilli xalqların nümayəndəsi Valentina Sergeyeva və digər ziyalılar xalqımıza təsəlli verir, səbirli olmağa səsləyirdilər.
27 yanvar 1990-cı il saat 20:00-da respublika televiziyasının ekranlarına işıq gələnə kimi bütün ümidlər radioya dikilmişdi. Televiziya fəaliyyətə başlayan kimi diktor Rafiq Hüseynov dörd dəqiqə həcmində xalqımıza, analara-bacılara, atalara-babalara, qız-gəlinlərə, qohum-qardaşlara ürək ağrısı ilə başsağlığı verir. Mətn olduqca təsirli idi. Xalqın övladları şəhid olmuş, Azərbaycanımız matəm içində idi. Səbr, səbr deyib, ekranımız, efirimiz xalqı təmkinli olmağa səsləyirdi. Həmin başsağlığı bir saat sonra, saat 21:00-da radio ilə də yayımlanır.
Proqram direktoru Zöhrab Zeynalov: “Yeddi xəbərini, radionun öz xəbərinin özündə verilməsinin icazəsini general Ovçinnikovdan güc-bəla ilə aldıq. Bu xəbər şəhidlərin dağüstü parkda dəfn edilməsi idi... Xəbər musiqisiz diktor Eldost Bayramov tərəfindən oxundu. Sonra isə respublikanın Xalq artisti Ramiz Mustafayevin səsində və musiqi fonunda həmin xəbəri lentə yazdırıb kəndə-kəsəyə məlumat verdik. Bu lent yazısı gün ərzində hər yarım saatdan bir səslənirdi. Mənə elə gəldi ki, bu gün nə isə edə, vətəndaşlıq borcumun cüzi bir hissəsini ödəyə bildim... Sonrakı efir günlərimiz də bir-birindən ağır keçdi. O vaxt belə bir şaiyə yayılmışdı ki, guya ruslar Bakıdan köçməyə başlayıblar. Elə ona görə müxtəlif zümrədən olan adamlar dəstə-dəstə studiyaya gəlirdilər. Onlar da öz yazdıqlarını hərbi senzora göstərdikdən sonra birbaşa efirə çıxır, Azərbaycan və rus dillərində ürək sözlərini deyirdilər...”
Fövqəladə vəziyyət rejimində Xalq artisti Vasif Babyev, radionun “Biləyən” verilişinin müəlifi Rafiq Ağayev (Rafiq Savalan) və rejissor Azər Zamanlı hərbçilər tərəfindən həbs olunur və ölkədən kənara aparılır. Ulyanovskda türmədə amansız işgəncələrə məruz qalırlar...
Faciədən sonra Zöhrab Zeynalov Mailə Muradxanlıya zəng edib, onu işə çağırır. O radionu matəm ab-havasından çıxarmaq üçün dözümlü olmaq, efirə qayıtmaq, xalqı nikbinliyə kökləmək üçün efir adamların öz iş başınıda olmasını istəyir. Radiodakı matəm musiqisi millətin qamətini daha da əydiyindən ayağa qalxmaq üçün güclü taqət lazım idi. Mailə xanım da eynisini düşünür və işə çıxır. Rus dilində mətnlərin ana dilimizə tərcüməsi ilə şəxsən özü məşğul olmağa başlayır. Şəhidlərin yeddisi günü “Xəbərlər" baş redaksiyasının baş redaktoru Valid Sənani ilə Şəhidlər xiyabanından reportajlar hazırlayırlar. Təxmini bir plan tuturlar ki, bu günlər efirə nə vermək olar? Yazdıqları mətnləri efirə verməkdə isə əvvəlcə çətinlik çəkirlər. Lakin Dövlət Təhlükəsizlik Nazirliyindən Vəli Kərimov adlı bir cavan oğlan Azərbaycan dilində verilən mətnlərə baxır və milli təəssübkeşliyi ilə diqqət çəkir. Onun sayəsində Azərbaycan efiri həmin faciəli günlərdə ürəyi istəyən kimi danışa bilir. Xalqın səsi efirdən olduğu kimi, necə varsa, eləcə də yayılır. Xalq şairi Bəxtiyar Vahabzadənin əsəbi və kəskin çıxışı da radio ilə verilir. O, bütün xalq deputatlarını sessiyaya gəlmək üçün təcili Bakıya çağırır. Teleoperator Seyidağa Mövsümov: “Bəxtiyar Vahabzadə komitəyə gələndə general Ovçinnikov və erməni zabiti onlara yaxınlaşır. Şair soruşur ki, “bu kimdir?”, dedim, “xalqımızın qanını tökənlərdən biridir!” Bəxtiyar müəllim qəzəblə Ovçinnikovun üzünə tüpürdü! Rus generalı üzünü silə-silə soruşdu ki, “kimdir bu?” Rejissor Nazim Abbas dedi ki, Azərbaycanın Xalq şairidir. Ovçinnikov: “Əgər adi bir insan olsaydı, bu dəqiqə burada güllələyərdim!” Həmin gün Bəxtiyar müəllim radioda çıxış edir. Bəxtiyar müəllim radio ilə elan edir ki, “yanvarın 21-i axşam Ali Sovetin fövqəladə sessiyası çağırılır, bütün deputatlar gəlib iştirak etsinlər”.
Vəli Kərimov diktor Ramiz Mustafayevə deyir ki, mətni Azərbaycan dilində yazıldığı kimi oxusun. Mailə xanım və Valid müəllimin Azərbaycan dilində aldıqları reportajların hər biri efirə gedir. Radio xalqın yanında olur və onun səsini hər tərəfə yayır. Şəhidlər xiyabanında yaşanan hadisələrdən efirin köməyi ilə bütün bölgələr anında xəbər tutur.
Efirin öz axarına düşməsi üçün və həm də real hadisələrdən danışması üçün uşaqların radio məktubları təşkil olunur. Bəxtiyar Vahabzadənin “Muğam” poemasını efirdə səsləndirmək qərara alınır. Mailə xanım deyir ki, senzor soruşanda belə cavab verirlər.
- Heç! - dedik - Leyli-Məcnundandır. Məhəbbət dastanı...
Beləliklə, Azərbaycan radiosunun efiri yavaş-yavan nizama düşür. Düşünülmüş proqram siyasəti nəticəsində xalqı mübarizəyə səsləyən, gələcəyə inamla baxmağa ruhlandıran verilişlər, radiokompozisiyalar hazırlanıb.
Yanvar ayının 27-də “Şəhriyara salam”, “Mənəm həqq” verilişləri efirə verilir. Beləliklə, radionun cəfakeş insanları onu susmağa qoymurlar. Kədərli musiqiləri tədricən muğamat əvəz eləyir. Rəşid Behbudovun ifasında “Ana” və “Sənsiz” mahnıları, “Yaddaş”, “Diskussiya” adlı verilişlər yayımlanır.
Zöhrab Zeynalov deyir ki, Qafqaz Müsəmanları Ruhani İdarəsinin sədri Hacı Allahşükür Paşazadədən radiodan şəhidlərin ruhuna “Quran” oxumağı xahiş edirlər. Şeyx razılaşır, ancaq əvvəlcə efirdən hadisələrə münasibət bildirmək istəyir. SSRİ Xalq deputatı və Ruhani İdarəsinin sədri olmasına baxmayaraq, hərbçilərin rəhbəri Penkov onun birbaşa efirə çıxmasına etiraz eləyir. Yalnız çıxışı lentə yazdıqdan sonra efirə verəcəyini bildirir. Şeyximiz isə birbaşa çıxış üçün söz ala bilmədiyindən acıqlanıb, studiyadan çıxır.
Yanvarın 28-də proqram direktoru efir vasitəsilə baş redaktorları və bütün əməkdaşları işə çağırır. Kollektivin təşəbbüsü ilə yanvar hadisələrindən sonra ilk verilişlərin müəlliflik haqqı şəhidlərin ailələrinə kömək məqsədi ilə yaradılan fonda keçirilir. Sonra bu təşəbbüsə komitənin bütün heyəti qoşulur. Bu, respublika paytaxtında ilk təşəbbüs idi.
Fevral ayının sonunda şəhidlərin qırxına həsr olunmuş verilişlərin hazırlanmasına icazə veriləndə Ədəbi-Dram Verilişləri baş redaksiyasının baş redaktoru Mailə Muradxanlı öz əməkdaşı, ssenarist Rafiq Rəhimliyə sonluğu nikbin əhvali-ruhiyyə ilə bitən radiopyes yazmağı tapşırır.
“Ölməzlik” radiokompozisiyası Rasim Balayev və Əminə Yusifqızının ifasında lentə alınır... Xatırladım ki, Rafiq Rəhimli 20 yanvar hadisələri zamanı komitədə yaşanan hadisələri, əməkdaşların təəssüralarını “Efirin Göz Yaşları” kitabında geniş şəkildə işıqlandırıb. Kitab diktor Yusif Muxtarovun maliyyə dəstəyi ilə 2003-cü ildə işıq üzü görüb. Tarixi faktlarla, xroniki materiallarla zəngin olan kitabda həmin dövr baş verən hadisələr olduğu kimi təsvir olunub...
Düz 40 gün Azərbaycan radiosu şəhidlərimizə matəm saxladı. Kamil Cəlilovun qaboyu, Habil Əliyevin kamanı susmadı. “Zəminxarə”, “Segah”, “Bayatı-şiraz”, “Çahargah”, “Humayun”la xalqımızın nakam həyatdan köçən övladlarının ruhu yad edildi. Bəs sual doğur ki, bu qədər matəm musiqisi haradan əldə edildi. Hadisələr incəsənət adamlarını elə sarsıtmışdı ki, qısa zaman içərisində, iki-üç gün ərzində xeyli sayda əsərlər yazıldı...
Müstəqillik dövrü jurnalistikamızın başlanğıcı üçün yeni doğulan üfüq məhz o zamandan işarmağa başladı. Uzun illər radioda sosializmi təbliğ edən radio jurnalistlərinin qəflət yuxusundan oyanışı, milli azadlıq uğrunda qələmi ilə mübarizəyə atıldığı günlərin təməli qoyulan dövr kimi yadda qaldı. Düz 36 ildir ki, Şəhidlər xiyabanının yanından keçib, üzü radioya qalxırırq. Hər səhər onların ruhuna salavat çevirib, yolumuza davam edirik. Şükürlər olsun ki, ilk azadlıq mücahidlərinin qanları yerdə qalmadı. Çoxlu şəhidlər verdik, amma düşmənə məğlub olmadıq. İndi radioda qələbə “Zəfər”imizdən, “Dəmir Yumruğ”dan şövqlə danışılır. Şəhid məzarlarının yanından isə qürurla keçirik. Azərbaycan radiosu azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərindən bəhs edir...
Şəlalə Məhyəddinqızı
Filologiya üzrə fəlsəfə doktoru
Baxış sayı:88
Bu xəbər 19 Yanvar 2026 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















