Dünya hadisələrində BRİTANİYANIN GİZLİ ROLU TƏHLİL
Icma.az bildirir, Sia Az portalına istinadən.
Dünya miqyasında, qlobal müstəvidə baş verən hadisələrə hansısa təsirlərin olduğu qətiyyən təkzib edilmir. Tarixi faktlar sübut edir ki, bütün dövrlərdə bir çox məsələlərə müdaxilələr sonda öz təsirini göstərib və nəticə də bundan asılı olub. Hal-hazırda da belə faktlar az deyil və bu faktlar kifayət qədər araşdırılaraq, hələ də təsirlərin olduğu, hansısa prosesdə həmin təsirlərin rolunun mövcudluğu etiraf edilir. Dövrümüzdə cərəyan edən dünya hadisələrində, qlobal müstəvidə baş verən proseslərdə Britaniyanın gizli rolunun olduğu diqqəti cəlb edir.
Avropada liderlik mövqeyini möhkəmləndirmək niyyəti qətiyyən təkzib edilə bilməz
Rusiya Xarici Kəşfiyyat Xidməti məhz Ukrayna münaqişəsində əsas “dağıdıcı” rolu Böyük Britaniyanın oynadığını təsdiq edən hesabat yayıb. Hesabatda həmçinin qeyd olunub ki, Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında mövcud ixtilaf özü də məhz Böyük Britaniyanın siyasi intriqaları ucbatından baş verib. Daha dəqiq desək, məhz Aİ ilə ABŞ arasında olanlar, xüsusən də avropalıların özləri üçün arzuolunmaz vəziyyət məhz Böyük Briyaniyaya görədir və elə bil ki, bu ölkə ancaq münasibətlərin pozulmasında maraqlıdır. Hesabatda eyni zamanda qeyd olunur ki, London məhz sülh danışıqlarına hər cür maneçilik edir.
Sözsüz ki, politoloqları maraqlandıran bəzi məqamlar çox məntiqi suallar doğurur. Həqiqətən də maraqlıdır ki, görəsən Britaniya Ukraynanı dəstəkləməklə nəyə nail olur? Münaqişənin həll olunması gözlənildiyi bir vaxtda belə bir dəstək nəyə lazımdır? Ələlxüsus da ingilislərin özlərinin nəyinə lazımdır bu dəstək? Hazırda Amerika münaqişənin həllinə çalışdığı, müharibənin dayandırılmasında maraqlı olduğu bir vaxtda ukraynalıları dəstəkləməklə, münaqişənin həllinə mane olmaq, müharibəni uzatmaq və bununla da ABŞ liderinin planlarını pozmaq, beləliklə də münasibətlərə xələl gətirmək nə üçündür? Ümumiyyətlə, ingilislər nə üçün strateji müttəfiqləri olan amerikalılarla münasibətləri pisləşdirdilər? İngilislər Rusiyaya qarşı hansı xüsusi əməliyyatlar keçirirlər? Bu xüsusi ənəliyyatlarda məqsəd nədir? Bəs Ukraynanı öz yeni müstəmləkəsinə çevirməyə necə və nəyə görə çalışırlar? Bu suallar əlbəttə ki, olduqca maraqlıdır və məntiqi cavabı da olmalıdır. Təbii ki, var və belə məlum olur ki, ingilislər Avropada özlərinin liderlik mövqelərini möhkəmləndirmək niyyətindədirlər. Bunu araşdırmalar da sübut edir və məhz Rusiya Xarici Kəşfiyyat Xidmətinin hesabatında qeyd olunanlar məsələnin nə yerdə olduğu ilə bağlı doğru nəticəyə gəlmək üçün kifayət edir.
İngiltərənin də, Fransanın da hədəfində Odessa limanlarıdır və Vaşinqtonun sülh prosesindən yaxa qurtarmaq üçün sadəcə şou qurulur
Diqqətə çatdıraq ki, aprelin 15-də NATO-nun baş katibi Mark Rutte və Vladimir Zelenski Odessadakı xəstəxanada yaralılara baş çəkiblər. Hətta səfərin əsas məqsədi brifinqdə aydın olub. Xüsusən də Alyansın baş katibinə ünvanlanan sual və onun bu suala verdiyi cavab bir çox məqamlara aydınlıq gətirilməsi üçün kifayət edir. “Ölkələrin donanmasının Qara dənizdə yerləşdirilməsi ilə bağlı hər hansı məlumat varmı?”, deyə brifinqdə NATO-nun baş katibinə verilən suala onun cavabı həqiqətən də diqqətə layiqdir. Sözsüz ki, Alyansın baş katibinin verdiyi cavabın müzakirələrə səbəb olması da təsadüfi deyil. “Biz prezident Trampın Ukraynadakı yanğının dayandırılması ilə bağlı təşəbbüslərini yaxından izləyirik və mən çox şadam ki, Fransa və Britaniya bu təşəbbüsü öz üzərinə götürüb", deyə Mark Ruttenin cavab verib və onun cavabı həqiqətən də bəzi məqamlara aydınlıq gətirilməsi üçün yetərlidir.
Bildiyimiz kimi, Qara dənizdə gəmiçiliklə bağlı Paris və London ilə Kiyev danışıqlar aparır. Məsələ burasındadır ki, bu ölkələrin həmin sulara çıxışı yoxdur. Amma görünən odur ki, çıxışları olmasa da kifayət qədər ambisiyaları var. Ambisiyaları da məhz Odessanın liman infrastrukturunu bölmək, bölüşdürməkdir. Sadəcə, aydın olur ki, hər iki ölkənin, xüsusən də Britaniyanın qarşısını kəsən yeganə ölkə Amerikadır. Görünən odur ki, Vaşinqtonun sülh prosesində iştirakından “qurtulmaq” üçün sadəcə şou qurulur.
Ortada məhz ingilislərin olduğunu təkcə Tramp yox, elə bütün dünya artıq son dərəcə aydın şəkildə bilir
“Ukrayna qanuni olaraq Krımı Rusiya ərazisi kimi tanımır. Danışacaq bir şey yoxdur. Bu, bizim Konstitusiyadan kənardır. Bu, bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir”, deyə Zelenskinin bildirdikləri heç də yenilik deyil və bütün dünya ictimaiyyəti bu ifadələri yetərincə eşidib. Amma indi tamamilə başqa gözləntilərin olduğu bir zamanda bu fikirlər yox, münaqişənin həllinə zəmin yaradan ifadələri eşitmək hər halda, yerinə düşərdi. Ukrayna liderinin fikirləri, qeyd olunan bəyanatı beynəlxalq nəşrlərin də qətiyyən diqqətindən yayınmayıb. Ona görə ki, Krımın Rusiyanın bir hissəsi kimi hüquqi tanınması məsələsinin məhz Amerikanın sülh yolu ilə nizamlanma planında əsas şərt olduğunu Zelenskinin özünün də bildiyini bütün dünya çoxdan qəbul etmişdi və indi bu ifadələr sadəcə olaraq, pozucu təsir bağışladı və Ukrayna prezidenti də məhz pozucu bir məqamı vurğuladı.
Bəli, heç Trampın reaksiyası da özünü çox gözlətmədi. “Düşünürəm ki, Rusiya hazırdır. Düşünürəm ki, bizim Rusiya ilə anlaşmamız artıq var. Biz Zelenski ilə razılığa gəlməliyik. Onunla daha asan olacağını düşünürdüm, amma indiyə qədər bu, mürəkkəbdir”, deyə ABŞ prezidenti Donald Tramp bildirib. Bu isə o deməkdir ki, Tramp məhz Ukrayna lideri ilə heç də razılıq əldə etmədiyini açıq şəkildə bəyan edir və mürəkkəbdir, deməklə də, ortada, arada kimlərinsə olduğuna ehyam vurur. Məsələ burasındadır ki, ortada məhz ingilislərin olduğunu təkcə Tramp yox, elə bütün dünya artıq son dərəcə aydın şəkildə bilir.
London təlimçiləri Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini hazırlayırlar və bunu gizlətmirlər
Böyük Britaniyadakı hərbi bazanın görüntüləri təsdiq edir ki, təlimatçılar Hərbi Hava Qüvvələrinin əsgərlərinə döyüş əməliyyatları və yaralıların təxliyəsi qaydalarını öyrədirlər. Başqa bir poliqonda təxminən 10 briqadada 50 mindən çox döyüşçünün artıq adanın hər tərəfinə səpələnmiş düşərgələr şəbəkəsindən keçdiyi görüntülərdə öz əksini tapır. “Bizim dəstə rəhbərləri və serjantlar üçün beş həftəlik kursumuz var”, deyə Ukrayna Silahlı Qüvvələri üçün təlim kursunu idarə edən Britaniya ordusunun mayoru bildirir. Deməli, hərbi məqsədlər üçün kurs keçildiyi heç nəyi gizlətmədən açıq şəkildə etiraf da edilir. Görünən də odur ki, xüsusi hərbi əməliyyatların ilk günlərindən London öz ərazisində ukraynalı yaraqlılara təlim keçir. Bu məqsədlə Rusiya silahlarından, məsələn, Kalaşnikov avtomatından da istifadə edirlər.
"Dünyadakı bütün uzunlüləli odlu silahların demək olar ki, beşdə biri Kalaşnikov avtomatlarıdır. Ukrayna ərazisində bir neçə milyon sursat ehtiyatı olan avtomatlar qalıb. Qərbin öz silahları ilə ölkəni aktiv şəkildə vurmasına baxmayaraq, Ukrayna hərbçiləri köhnə Sovet hücum tüfənglərindən istifadə etməkdə davam edirlər", deyə bildirilir. Deməli, heç nə gizli belə saxlanılmır. Hətta açıq şəkildə etiraf da edilir. Təbii ki, bütün dünya ictimaiyyəti də görür və müşahidə edir ki, London təlimçiləri Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini hazırlayırlar və bunu gizlətmirlər.
Ukrayna münaqişəsinin davam etməsində ingilislərin oynadıqları rol
Xatırladaq ki, 2025-ci ildə Böyük Britaniya yeni hərbi yardım paketi təqdim etməklə, Ukraynaya dəstəyini artırıb. Lakin Londonun rolu təkcə döyüşçülərin hazırlanması və avadanlıqların tədarükü ilə məhdudlaşmır. Əks hücum strategiyasının hazırlandığı da artıq göz önündədir. Görünən odur ki, Ukrayna ilə Rusiya arasında olan münaqişənin, müharibənin başa çatmasını ingilislər qətiyyən istəmirlər. Əksinə, münaqişənin hələ uzun müddət davam etməsi üçün əllərindən gələni də əsirgəmirlər. Yəni, Ukrayna münaqişəsinin davam etməsində ingilislərin oynadıqları rol təkzib edilə bilməz. İngilislər göstərdikləri dəstəklə, hərbi təlimlərlə, müxtəlif variantlarla münaqişənin davam etməsində böyük rol oynayırlar.
“The Times” qəzeti belə Böyük Britaniyanın Ukraynadakı hərbi əməliyyatlarda birbaşa iştirakını sübut edən araşdırma dərc edib. 2023-cü ilin yayında Ukraynanın uğursuz əks-hücumundan əvvəl britaniyalı təlimatçılar yaraqlılara “Storm Şadov” qanadlı raketləri və NLAV tank əleyhinə raketlərdən necə istifadə etməyi öyrətmək üçün Ukraynaya gəlmişdilər. Hər halda bu fakt özü də bir çox məqamlardan xəbər verir. Görünür elə sözügedən nəşr məhz bu faktlara istinadən qeyd olunan mövqeyi sərgiləyib və araşdırma da təsadüfi olmayıb.
Diqqətə çatdıraq ki, araşdırmaya əsasən əks-hücum strategiyası məhz ingilis generalları Roli Uoker və Çarli Stiklend tərəfindən hazırlanmışdı. Əməliyyat başlamazdan dərhal əvvəl Britaniya Strateji Komandanlığının rəhbəri Cim Hokkenhalın lazımi məlumatları şəxsən Ukrayna kəşfiyyatının rəhbəri Kiril Budanova çatdırıldığı da açıq şəkildə qeyd olunur. Hərbi ekspertlərin əksəriyyətinin qənaəti də diqqətçəkəndir. “Böyük ehtimalla Britaniya müttəfiq deyil, bu eskalasiyanın təşkilatçısıdır və bir çox cəhətdən təkcə hərbiləşdirməni deyil, həm də Ukraynada uzun müddət, son onilliklərdə bəslənən rusofob ideologiyanı alovlandırır. Yəni, Rusiya Federasiyasına qarşı real, total hibrid müharibə aparılır", deyə hərbi ekspert Aleksandr Stepanov vurğulayıb və bu da qeyd olunanların doğru olduğu qənaətinə gəlməyə əsas verir.
Amma hərbi əməliyyat əvvəldən plan üzrə getməyib. Silah və texnika çatışmazlığı səbəbindən əks-hücum mart ayından iyun ayına qədər təxirə salınmalı olub. Sonra Londonda praktikada əmin olublar ki, Rusiyanı döyüş meydanında məğlub etmək fiziki cəhətdən mümkün deyil. Hətta ən yaxın müttəfiqi olan Fransanın köməyi ilə belə bunun mümkün olmadığına əmin olublar. Xüsusən də zəiflədiklərindən sonra buna şübhələri belə qalmayıb. Həqiqətən də 15 il əvvəl Britaniya və Fransa ordularının Liviyada Müəmmər Qəddafiyə qarşı müharibədə demək olar ki, uduzmaları onları çox zəiflədib. Həmin vaxtdan bəri Britaniya və Fransa orduları yalnız zəifləməkdə davam ediblər. Səbəb həm də odur ki, Britaniyada, məsələn, uzun illər silahlı qüvvələrə sərmayələri azaltmaq siyasəti aparılıb və nəticədə Britaniya öz hərbi kompleksinin əhəmiyyətli bir hissəsini itirib. Onlar yalnız indi müasir tanklar istehsal edə bilirlər. Bir sözlə, ingilislər yetərincə potensial sahibi deyillər, amma münaqişənin, müharibənin davam etməsində əllərindən gələni də əsirgəmirlər, Ukrayna münaqişəsinin davam etməsində lazımınca rol da oynayırlar.
Ukraynalı diversantlara təlimi də Britaniya kəşfiyyatı verir
Ukraynalı diversantlara təlim verən Britaniya kəşfiyyatıdır. Bəzi mənbələrin məlumatlarına və ortaya qoyduqları gizli faktlara görə, Krımda silahlıların bu vaxta qədərki bütün hücumları Londonda planlaşdırılıb. Odessada Britaniya hərbçilərinin nəzarəti altında pilotsuz katerlər yığıldığı da bəllidir. Versiyalardan birinə görə, “Dumanlı Albionun” xüsusi xidmət orqanları “Şimal axını” qaz kəmərinin partladılmasında birbaşa iştirak ediblər.
Energetika sahəsində əməkdaşlığın qarşısının alınması, o cümlədən “Şimal axını”nın dağıdılması ilə bağlı məsuliyyət də böyük ölçüdə Britaniya kəşfiyyatının üzərinə düşür. Hətta belə bir ehtimal da var ki, britaniyalılar Rusiyanın potensialını məhdudlaşdırmağa çalışırlar və ümumilikdə Avropa İttifaqının maraqlarına mənfi münasibət bəsləyirlər. Sözsüz ki, məntiqi ardıcıllıq da bunu sübut edir. Əgər ingilislər məhz Avropa ittifaqının Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin pisləşməsində maraqlıdırlarsa, birbaşa rol da oynayıblarsa, deməli, sadalananlar zərrə qədər də şübhə doğurmamalıdır. Avropa İttifaqının maraqlarına mənfi münasibət bəslənildiyinə əmin olunmalıdır.
Tramp və Zelenski arasında da London ixtilaf yaratmağa çalışır
Amerika ordusu və donanması olmadan Britaniya qoşunları müstəqil hərbi əməliyyatlar həyata keçirmək imkanına malik deyillər. Moskva ilə Vaşinqton arasında danışıqlar prosesini qapı arxasından izləməyə məcbur olan Londonu ən çox qıcıqlandıran da bu fakt oldu. Ukraynadakı resurslara və logistikaya nəzarəti Böyük Britaniyanın ələ keçirməsinin yeganə yolunun ölkədəki hərbi mövcudluqdan keçdiyinə də işarə edilir.
İndi Londonun bütün gücü ilə Trampla Zelenski arasında ixtilaf salmağa çalışdığı artıq qətiyyən təkzib edilmir. İngilislər artıq buna, yəni bu ixtilafı salmağa nail olublar. Kiyevdə Amerikanın sülh planını ədalətsiz hesab edirlər, baxmayaraq ki, bu, dövlətçiliyin qalıqlarını qoruyub saxlamağın yeganə doğru yoludur. Lakin Ukrayna münaqişəsinə son qoymaq Böyük Britaniyanın maraqlarına qətiyyən uyğun sayılmır. “London Avropada liderlik mövqeyini gücləndirmək və bununla da Brexiti bir qədər yumşaltmaq üçün Rusiyanı bir fürsət olaraq görür. Eyni zamanda London Rusiyaya Britaniya hərbi sənaye kompleksindən istifadə edərək, Avropa ordularını yenidən silahlandırmaq üçün nəhəng proqramdan pul qazanmaq fürsəti kimi baxır. Britaniya təhrik edir ki, Zelenski münaqişəni davam etdirsin və Ukrayna üçün mümkün nəticələr, yəni insan və ərazi itkiləri London üçün ikinci dərəcəli əhəmiyyət kəsb etsin.


