Icma.az
close
up
RU
“E3”ün Moskva missiyası

“E3”ün Moskva missiyası

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Sülh masasına qayıdış cəhdləri

Rusiya–Ukrayna müharibəsinin uzanması Avropanın təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişdirməklə yanaşı, diplomatik yanaşmalara da yeni məzmun qazandırır. Hələ ilk zamanlardan Qərb dövlətlərinin əsas strategiyası Ukraynaya hərbi, maliyyə və siyasi dəstəyin gücləndirilməsi, eyni zamanda, Rusiyanın beynəlxalq təcridinin dərinləşdirilməsi üzərində qurulmuşdu.

Lakin müharibənin illərlə davam etməsi, cəbhədə həlledici dönüşün baş verməməsi və qlobal təhlükəsizlik risklərinin artması Avropa paytaxtlarını alternativ yollar üzərində düşünməyə vadar edir. Ona görə də Fransa, Almaniya və Böyük Britaniya (“E3”) səfirləri Moskvada Rusiya rəsmiləri ilə görüşərək birbaşa sülh danışıqlarının bərpasına çağırış ediblər. “E3” rəsmilərinin bu görüşü Avropa siyasətində formalaşmaqda olan yeni yanaşmanın təcəssümüdür. Çünki son aylar Avropa liderlərinin açıqlamalarında hərbi dəstəyin davam etdirilməsi ilə yanaşı, müharibənin siyasi həll yollarının axtarılmasının vacibliyi daha çox vurğulanmağa başlayıb.

Müharibənin qitə üzərində artan yükü

Şübhəsiz, təşəbbüsün ortaya çıxması təəccüb doğurmamalıdır. Nəzərə alınmalıdır ki, müharibə artıq Ukrayna və Rusiya arasında qarşıdurmadan daha çox Avropanın iqtisadi sabitliyinə, enerji təhlükəsizliyinə və sosial rifahına təsir göstərən genişmiqyaslı geosiyasi problem kimi qəbul edilir. Uzun müddət davam edən qarşıdurma Avropa ölkələrinin müdafiə xərclərini rekord səviyyəyə çatdırıb, iqtisadiyyatlara əlavə yük yaradıb və təhlükəsizlik gündəmini digər strateji məsələlərin önünə keçirib. Hətta Avropa İttifaqı daxilində müharibənin gələcəyi ilə bağlı fərqli baxışların formalaşdığı da müşahidə olunur. Bir qrup dövlət Rusiyaya qarşı təzyiq siyasətinin daha da sərtləşdirilməsini müdafiə etdiyi halda, digər dairələr diplomatik kanalların açıq saxlanmasının vacibliyini vurğulayır. Moskva ilə təmasların artırılması ideyası məhz ikinci yanaşmanın güclənməsinin göstəricisi kimi anlaşıla bilər.

Məsələnin dərininə ensək, diplomatiya ilə hərbi strategiyanın paralel şəkildə aparılması beynəlxalq münasibətlər tarixində rast gəlinən hallardandır. Müharibələr cəbhədə davam etdiyi halda, danışıqlar masasında da paralel proseslər gedib. Hazırkı vəziyyətdə Avropa dövlətləri gələcək siyasi nizamın konturlarını müəyyənləşdirmək məqsədi güdürlər. Çünki istənilən halda müharibənin sonu danışıqlar masasında razılaşmalarla müəyyən ediləcək.

Fransa bu istiqamətdə xüsusilə fəal görünür. Paris son illər Avropanın strateji muxtariyyət ideyasını ön plana çıxararaq qitənin təhlükəsizlik məsələlərində daha müstəqil rol oynamasını müdafiə edir. Rəsmi Paris hesab edir ki, Avropanın gələcək təhlükəsizlik sistemi diplomatik mexanizmlər üzərində qurulmalıdır. Bu səbəbdən Moskva ilə əlaqələrin tamamilə kəsilməsinin uzunmüddətli perspektivdə Avropanın maraqlarına cavab vermədiyi fikri Parisdə daha çox səsləndirilir.

Almaniyanın mövqeyi isə daha çox praqmatik amillərlə izah olunur. Ukraynaya geniş dəstək göstərən Berlin, eyni zamanda, Avropanın iqtisadi sabitliyinin qorunmasında maraqlıdır. Enerji böhranının nəticələri, sənaye sektorunda yaranan çətinliklər və iqtisadi artım tempinin zəifləməsi Almaniya daxilində müharibənin perspektivləri ilə bağlı müzakirələri intensivləşdirib. Bu baxımdan alman diplomatiyası hərbi dəstəklə yanaşı, siyasi həll imkanlarının da araşdırılmasının vacibliyini vurğulayır.

Böyük Britaniya isə müharibənin başlanğıcından etibarən Ukraynanın ən qətiyyətli tərəfdarlarından biri olub. Buna baxmayaraq, Londonun da diplomatik proseslərdən kənarda qalmaq istəmədiyi görünür. Böyük Britaniya üçün əsas məqsəd Rusiyanın beynəlxalq hüququ pozan addımlarının legitimləşdirilməsinin qarşısını almaqla gələcək təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasında söz sahibi olmaqdır. Bu baxımdan Moskva ilə təmaslar kompromis axtarışından daha çox gələcək danışıqlar prosesinə hazırlıq kimi dəyərləndirilə bilər.

Moskva görüşü və siyasi reaksiyalar

Məsələnin mahiyyətini vurğulamaqda fayda var. Xatırladaq ki, görüş Londonda üç ölkənin Ukraynadakı müharibənin dayandırılması məsələsini müzakirə etmək üçün keçirdiyi sammitdən bir neçə gün sonra baş tutub. Məlumata görə, səfirlər Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüblər. Rusiya tərəfi məsuliyyəti Qərbin üzərinə ataraq onların siyasətini müharibənin uzanmasının səbəbi kimi təqdim edib. Həftənin əvvəlində isə Rusiya xarici işlər naziri Sergey Lavrov bu görüşlərin yaxın zamanda baş tutacağına işarə etmiş, eyni zamanda, səfirlərin onun müavinləri ilə görüşmək üçün “yalvardıqlarını” iddia etmişdi: “Son günlər hamı Avropa İttifaqının Ukrayna məsələsində diqqət mərkəzinə çıxmaq cəhdlərini izləyir; onlar vəziyyətin, guya, mümkün nizamlanması istiqamətində addımlar atmağa çalışırlar”, – Lavrov söyləmişdi. Bundan başqa, o, Böyük Britaniya, Fransa və Almaniyanın siyasi rəhbərliyinin müharibənin dayandırılması ilə bağlı hər hansı konstruktiv ideyalar irəli sürüb-sürə bilməyəcəyini sual edərək “E3”ü Rusiyanı təhqirdə və şəxsi hücumlara əl atmaqda ittiham etmişdi.

Məsələ ilə bağlı “Bloomberg”in məlumatları da maraqlıdır. Mənbə qeyd edir ki, Avropa liderləri birgə diplomatik təşəbbüsün ABŞ Prezidenti Donald Trampı da Moskvanı real sülh danışıqlarına məcbur etmək üçün koordinasiyalı təzyiqə qoşulmağa razı salacağına ümid edirlər. Lakin hazırkı vəziyyət elədir ki, Kreml Avropa İttifaqını etibarlı vasitəçi kimi qəbul etmir və bloku münaqişənin “birbaşa iştirakçısı” adlandırır.

Qlobal koordinasiya və gələcək sülh ssenariləri

Sonda bu qənaətə gəlmək olar ki, tədricən formalaşan, lakin hələ zəif və qeyri-sabit olan diplomatik çıxış yolları mövcuddur. Avropa məhz bu iki xətt arasında balans axtarır. Mövcud balansın necə formalaşacağı tərəflərin atacağı addımlardan asılı olacaq. Əgər tərəflər qarşılıqlı etimadın minimum səviyyəsini bərpa edə bilsələr, müharibə sonrası yeni təhlükəsizlik arxitekturasının konturları daha aydın görünə bilər. Əks halda, dünya uzunmüddətli geosiyasi qeyri-sabitlik mərhələsinə daxil ola bilər ki, bu da bütün beynəlxalq sistem üçün ciddi risklər yaradacaq. Yəni “E3”ün Moskva ilə dialoqa cəhdləri Avropanın öz təhlükəsizlik fəlsəfəsini yenidən düşünməsinin göstəricisidir. Prosesin nəticəsi yaxın illərdə qitənin siyasi xəritəsini və beynəlxalq münasibətlərin ümumi istiqamətini müəyyən edəcək əsas amillərdən biri olacaq.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see306

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see273

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see269

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see268

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see260

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see258

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see253

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see251

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see251

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see242

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see233

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see231

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see218

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see215

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see214

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see213

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see211

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see201

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see200

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri