Əkrəm İmamoğlunun müşaviri: “2015 ci ildə Meral Akşenerə nazir olmaq təklif edilmişdi” MÜSAHİBƏ
“Bakı ilə İstanbul qardaşlaşmış şəhər ola bilər”
“Cebheinfo.az” saytının “Türk Söhbəti” layihəsinin buhəftəki qonağı İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun müşaviri İbrahim Özkandır.
7 il İYİ Partiyanın üzvü olan siyasətçi ilə Türkiyədə 2023-cü ildə keçirilən prezident və 2024-cü ildə keçirilən bələdiyyə seçkiləri barədə danışdıq. Onunla, həmçinin İYİ Partiyadan ayrılma səbəbləri, Meral Akşenerin “altılı masa”nı tərk etmə prosesi və İstanbul Böyük Şəhər Bələdiyyəsi barədə söhbət etdik:
- İbrahim bəy, İYİ Partiyadan nə üçün ayrıldınız?
- İYİ Partiyanın İdarə Heyəti 2024-cü ildə keçirilən bələdiyyə seçkilərinə müstəqil şəkildə qatılmağa qərar verdi. Yəni hansısa ittifaqda yer almayacaqlarını bildirdilər. Mən isə o qərarın həmin vaxt yanlış olduğunu düşündüm. Ona görə ki, müxalif seçicilər güclü namizədə səs verirdilər. Xüsusilə Ankarada mütləq şəkildə işbirliyinə gedilməsinə və İYİ Partiyanın orada bələdiyyələrinin olmasının zəruriliyinə inanırdım. Bununla bağlı görüşlər keçirdim, lakin təklifim qəbul edilmədi. Hətta ovaxtkı sədr Meral Akşener mənim istefamı istədi. Mən də partiyadan ayrıldım.
Hərçənd ki, ittifaqda olsaydıq, İstanbulda İYİ Partiyaya 3 bələdiyyə veriləcəkdi. Seçkidə həmin bələdiyyələr Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən qazanıldı. Daha dəqiq desək, İYİ Partiya seçkiyə ittifaq şəklində getsəydi, həmin bələdiyyələri qazanacaqdı. Dünən “ölkəni idarə edər” dediyimiz insanların səhəri gün məmləkəti idarə edə bilməyəcəklərini demək mənim siyasi duruşuma uyğun gəlmədiyi üçün istefa verdim.
Nəticədə, İstanbulda 10 faizə qədər səsi olan İYİ Partiya sadəcə 0,63 faiz səs yığa bildi. Bununla da Bələdiyyə Məclisində belə təmsil olunmadı. Bu gün təəssüf ki, İYİ Partiya heç bir böyük şəhərdə təmsil olunmur. Hətta heç rayonlarda da bir nəfər belə Bələdiyyə Məclisi üzvü yoxdur. Bu isə mənim təklifimin doğru olduğunu göstərir. Hazırda İYİ Partiya İstanbul və Ankarada Bələdiyyə Məclisində təmsil olunmur. Əgər Ankara və İstanbulda ittifaqla seçkiyə girsəydilər, ciddi qazanc əldə edə bilərdilər. Mən də buna görə mübarizə apardım. Təkliflərim qəbul olunmadıqda isə partiyadan ayrılmaq məcburiyyətində qaldım.
- Seçkilərdən söz düşmüşkən, 2023-cü ildə keçirilən prezident seçkilərində Meral Akşenerin masadan qalxması və yenidən qayıtması barədə də danışaq. Siz həm Meral Akşenerə çox yaxın idiniz, həm də proseslərdə iştirak edirdiniz. Müxalifət Kemal Kılıçdaroğlunun seçilməməsinə Akşenerin masadan qalxmasının təsir etdiyini deyir. Əslində, o dönəm nələr yaşandı? Akşener nə üçün masadan qalxdı və geri qayıtdı?
- Əslində, “Millət İttifaqı”nın prezidentliyə namizədinin açıqlanması son günlərə buraxılmamalı idi. Meral Akşener o dönəm “qazanacaq namizəd” üzərində dayandı, amma ittifaq namizədi müəyyən etdikdən sonra onun arxasında daha yaxşı şəkildə dayanmaq olardı. Akşenerin masadan qalxıb, sonra geri dönməsinin mən də seçicilərə mənfi təsir etdiyini düşünürəm. Bu, seçicilərin xəyal qırıqlığı yaşamasına gətirib çıxardı. Onun nə üçün belə bir addım atmasının səbəbini bilmirəm.
- Həqiqətən Akşener “qazana bilməyəcək namizəd” deyəndə Kılıçdaroğlunu nəzərdə tuturdu?
- Akşener o dönəm “Millət İttifaqı”nın prezidentliyə namizədinin müəyyən olunması ilə bağlı anket keçirilməsini təklif edirdi. Yəni namizədi müəyyən etmə metodunun bu olduğunu düşünürdü. Məncə də namizədi bu şəkildə seçmək olardı. Lakin Kamal Kılıçdaroğlunun namizədliyini masadakı partiya sədrləri dəstəklədiyi üçün Meral Akşener tək qaldı.
O da buna təpki vermək üçün masadan qalxdı, amma yenidən qayıtdı. Ümumiyyətlə, 7 nəfərin vitse-prezident olacağını açıqlamaq da seçicilərə pis təsir etdi. Çünki bu qədər çox vitse-prezidentin olması birmənalı qarşılanmadı. Ona görə seçicilərin əksəriyyəti Ərdoğana səs verdi.
- Meral Akşener Əkrəm İmamoğlu və Mansur Yavaşla çox yaxın idi. Hətta 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində onların qazanmasında da İYİ Partiyanın böyük rolu oldu. Lakin son prezident seçkilərindən sonra tərəflər arasındakı münasibət pozuldu və bu gərginlik keçən il keçirilən bələdiyyə seçkilərində də özünü göstərdi. Maraqlıdır, Akşenerin İYİ Partiyadan ayrılmadan əvvəl nə üçün Yavaş və İmamoğlu ilə münasibətləri pozuldu? Mansur Yavaş və Əkrəm İmamoğlu partiyaya mənsub olduqlarına görə partiya nizam-inzitamından kənara çıxmadılar. Başqa partiya sədrinin prezidentliyə namizəd olması təklifini qəbul etmədilər. Bəs hər iki namizəd də vəzifəni qəbul etsəydi, nə olacaqdı? Həm Mansur bəy, həm də Əkrəm bəy təklifi qəbul etsəydi, kimin namizəd olacağını püşkatma ilə seçəcəkdik?
Məncə, uzlaşma yolu ilə həll olunmalı idi. Yəni daha əvvəldən masada müzakirə edilib, qərar verilməli idi. Lakin masada danışmayıb, kənarda vəzifəyə dəvət etməyi bələdiyyə sədrləri qəbul etmədilər. Ümumiyyətlə, Cümhuriyyət Xalq Partiyası (CHP) böyük partiyadır və minimum 30 faiz səsi var. Ona görə də Yavaş və İmamoğlu prosesdən kənarda qalmaq istəmirlər.
- Son günlər Meral Akşenerin Türkiyənin vitse-prezident olacağı iddia edildi. Düzdür, bu iddia təkzib olundu, amma yenə də soruşmaq istəyirəm. Sizcə, belə bir ehtimal nə qədər inandırıcıdır?
- 2015-ci ildə konsensus hökuməti Meral Akşenerə nazir olmağı təklif etmişdi. Lakin o, bu təklifi qəbul etməmişdi. O vaxt qəbul etmədisə, indi siyasəti buraxdıqdan sonra geri qayıtmaz. Dolayısı ilə Akşenerin vitse-prezident olacağı iddiaları tamamilə dedi-qodudur. O, özü də bunu təkzib etdi. Belə bir ehtimalın reallaşacağına inanmıram.
- Son zamanlar İYİ Partiyadan çox sayda istefa var. Hətta partiyanın Türkiyə Böyük Millət Məclisindəki (TBMM) millət vəkili sayı 44-dən 28-ə düşüb. Sizcə, bütün bunlara səbəb nədir?
- İYİ Partiya mərkəz siyasət aparmaq məqsədi ilə qurulub. İndiki sədr Müsavat Dərvişoğlu da bu məsələdə ciddi səy göstərir, hətta iqtidarı çox sərt şəkildə tənqid edir. Amma millət vəkillərinin istefa verməsi və hakim Ədalət və İnkişaf Partiyasına (AKP) keçmələri öz siyasi seçimləridir. Üstəlik, istefa verənlərin bir çoxu İYİ Partiyanın qurulmasında əməyi olmayan, daha sonradan gələnlərdir. Bəlkə də vəzifə gözləntiləri olduğu üçün iqtidar partiyasına keçirlər.
- Rəy sorğularında da İYİ Partiyanın xeyli gerilədiyi görünür. Necə düşünürsünüz, İYİ Parti kiçilməyə doğru gedir?
- Siyasi partiyalar canlı orqanizmlərdir. Gedənlər və ya gələnlər ola bilər. İYİ Partiya 81 vilayətdə təmsil olunan, xəzinə yardımı alan, parlamentdə qrupu olan böyük siyasi partiyadır. İYİ Partiyanın kiçilmə ehtimalı yoxdur. Gələcəkdə bu partiyanın daha güclü olacağını düşünürəm, yaxşı olmalarını istəyirəm. Orada mənim də 7 illik əməyim və qiymətli dostlarım var. Ümid edirəm ki, qısa zamanda toplarlaya bilərlər.
- Necə oldu ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun müşaviri vəzifəsinə təyin olundunuz?
- Mən və dostlarım İYİ Partiyadan 2023-cü ilin noyabr ayının sonunda istefa verdik. Türkiyədə isə bələdiyyə seçkiləri 2024-cü ilin mart ayında keçirildi. Mən iş insanıyam, uzun müddət öz işlərimlə məşğul oldum. Eyni zamanda, Əkrəm İmamoğluna siyasi mənada kənardan dəstək istədim. İstanbulda mənimlə bərabər hərəkət edən təxminən 7 min nəfər var.
Onlar mən istefa verdikdən sonra İYİ Partiyadan ayrıldılar. Onlarla bərabər seçki müddətində Əkrəm İmamoğluna dəstək verdik. İmamoğlunun 1 milyon səs fərqi ilə yenidən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri seçilməsində mən və dostlarımın az da olsa payı oldu.
Onun gələcəkdə prezidentlik üçün güclü namizədlərdən biri olacağını düşünürəm. Son 2 aydır Əkrəm İmamoğlunun müşaviri vəzifəsindəyəm. Müşavir olduqdan sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü oldum. Çünki bizim keçmişimiz və təcrübəmiz var. Siyasət aparmaq üçün ən doğru seçimin CHP olacağını düşündük.
- Meral Akşenerin İYİ Partiyadan ayrıldığı dönəmdə Əkrəm İmamoğlu ilə münasibətləri yaxşı deyildi. Sizin İmamoğlunun müşaviri olmağınıza Akşener cəbhəsindən hansısa reaksiya gəldimi?
- Xeyr, reaksiya gəlmədi. Ümumiyyətlə, Meral Akşenerlə aramızda hansısa problem yoxdur. Hələ də İYİ Partiyalı dostlarımın problemi olanda mənə zəng edirlər. Hər zaman onlara dəstək olmağa çalışıram. Əslində, mən də hansısa bələdiyyə sədrliyinə namizəd ola bilərdim, ancaq bu addımı atmaq istəmədim.
Çünki mənim namizəd olmağım kənardan döyüşə bənzəyərdi. Bu isə İmamoğluna zərər verə bilərdi. Ona görə bu barədə tələbimin olmadığını dedim. Həmçinin, bələdiyyə məclisinə də namizəd olmadım, sadəcə kənardan Əkrəm bəyə dəstək verdim.
- İstanbul Böyük Şəhər Bələdiyyəsi ilə bağlı da bəzi gözləntilərimiz var. Məsələn, İstanbul və Bakı arasında hansı sahələrdə işbirliyi qurula bilər? Bakı ilə İstanbul qardaşlaşmış şəhərlər ola bilər?
- Təbii ki, İstanbul və Bakı qardaşlaşmış şəhər ola bilər. İstanbul Böyük Şəhər Bələdiyyəsinin çox böyük bələdiyyəçilik təcrübəsi var. Bunlardan qarşılıqlı şəkildə istifadə edilməsi mümkündür. İstanbul Böyük Şəhər Bələdiyyəsi beynəlxalq arenada bir çox şəhərlə qardaş olub.
Bakı böyük bir türk şəhəridir. Bakının da İstanbulla qardaş şəhər olmasından məmnun olarıq. Hesab edirəm ki, iki şəhər arasında şəhərçilik, bələdiyyəçilik, sosial yardım layihələrinin planlanması, infrastruktur və nəqliyyat kimi sahələrdə ortaq addımlar atıla bilər. Yaxın zamanda bu istiqamətdə addımlar atılacağına ümid edirəm.
- İstanbulda azərbaycanlı və ya Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan ölkələrdən xeyli sayda tələbə var. Onlar üçün özəl tələbə yataqxanaların ayrılması mümkündürmü?
- Bəli, bu istiqamətdə addımın atılması mümkündür. Bakı ilə qardaşlaşmış şəhər olduqdan sonra qarşılıqlı protokollar imzalana bilər. İstanbul Böyük Şəhər Bələdiyyəsinin nəzdində daha əvvəl tələbə yataqxanaları yox idi, amma 2019-cu ildən etibarən açıldı. Hazırda 6 min tələbə həmin yataqxanalardan istifadə edir. İstanbulda təhsil alan azərbaycanlı tələbələrin bu yataqxanalara müraciət etməsi də bizi məmnun edər.
Həmçinin, azərbaycanlı tələbələr üçün ayrıca yataqxana salına bilər. Bunun qarşılıqlı protokol əsasında olması da mümkündür. Eyni zamanda, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan digər ölkələr üçün də bənzər çalışma ola bilər. Onlar da bizim övladlarımızdır, hər zaman dəstək olmaq istəyərik.
Elmir Mustafa
“Cebheinfo.az”