Ekspert: Azərbaycan Yaxın Şərqdə və Körfəz ölkələrində ciddi nüfuz qazanıb MÜSAHİBƏ
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 dekabr, Tamilla Məmmədova, AZƏRTAC
Son illər Azərbaycan beynəlxalq arenada mövqelərini gücləndirir, iqtisadi, siyasi və mədəni əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir. Bu baxımdan Yaxın Şərq və Körfəz ölkələri ilə münasibətlər prioritet istiqamətlərdən biridir. Azərbaycan bu regionda etibarlı tərəfdaş və mühüm regional oyunçu kimi tanınır. Əməkdaşlıq təkcə energetika ilə məhdudlaşmır, texnologiyalar, nəqliyyat, turizm, təhsil sahələrini, eləcə də strateji tərəfdaşlıqları əhatə edir və qarşılıqlı əlaqələr üçün yeni imkanlar yaradır. Bu kontekstdə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərləri, strateji proqramların işə salınması və “Gələcəyin oyunları 2025” kimi beynəlxalq tədbirlərdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Bu addımlar təkcə liderlər arasında şəxsi diplomatik münasibətləri deyil, Azərbaycanın qlobal siyasət, iqtisadiyyat və regional təhlükəsizlikdə rolunu gücləndirməyə yönəlmiş daha geniş strategiyanı nümayiş etdirir.
AZƏRTAC Misirin Mərkəzi Asiya və Qafqaz üzrə eksperti, tədqiqatçı Əhməd Abdah Tarabeyklə müsahibəni təqdim edir.
– Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərini indiki regional və qlobal şəraitdə necə qiymətləndirirsiniz? Bu səfər Bakı ilə Əbu-Dabi arasında strateji dialoqun dərinləşdiyini göstərirmi?
– Son illər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Bu əməkdaşlığın genişlənməsi Azərbaycanın həm regional, həm də beynəlxalq səviyyədə mövqelərini möhkəmləndirmək istiqamətində apardığı siyasətin nəticəsidir. Güclü iqtisadi, siyasi, mədəni və hərbi potensiala malik Azərbaycan Yaxın Şərqdə və Körfəz ölkələrində ciddi hörmət qazanıb. BƏƏ regionun ən fəal dövlətlərindən biridir və bu səbəbdən Azərbaycanla BƏƏ arasında yaxınlaşma ərəb–Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfə verir. Münasibətlərin inkişafı fonunda ötən ilin sentyabrında iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq quruldu. Bu tərəfdaşlığın müxtəlif sahələrdə əməkdaşlığı ardıcıl və səmərəli şəkildə genişləndirəcəyi gözlənilir. Eyni zamanda, Azərbaycan və BƏƏ prezidentlərinin Bakıya və Əbu-Dabiyə qarşılıqlı səfərlərinin intensivləşməsi İlham Əliyevlə Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında mövcud olan yaxın münasibətlərin göstəricisidir. Bu səfərlər regional və beynəlxalq məsələlər üzrə məsləhətləşmələrin nə qədər vacib olduğunu aydın şəkildə ortaya qoyur.
– Hazırda Azərbaycan ilə BƏƏ arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etməsinin səbəbi nədir? Bu prosesə hansı geosiyasi amillər təsir göstərir?
– Prezident İlham Əliyevin bu ilin sentyabrında Əbu-Dabiyə səfəri zamanı hərtərəfli strateji tərəfdaşlığın başladığı elan olundu. Bu tərəfdaşlıq ikitərəfli münasibətləri daha geniş əməkdaşlıq və birgə fəaliyyət səviyyəsinə qaldırmağı, hər iki ölkənin maraqlarına xidmət etməyi hədəfləyir. Səfər çərçivəsində nəqliyyat, energetika, turizm, media, ədliyyə, əmək münasibətləri, konteyner gəmilərinin inşası və BƏƏ–Azərbaycan Biznes Şurasının yaradılması ilə bağlı bir sıra memorandumlar imzalandı. Bununla yanaşı, “Abu Dhabi Holding” ilə “Azerbaijan Investment Holding” arasında əməkdaşlıq sazişi imzalandı, bərpaolunan enerji və süni intellekt əsaslı təhsil həlləri üzrə imkanlar müzakirə edildi. Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası ilə bağlı ayrıca memorandum da qəbul olundu. Azərbaycan, Körfəz ölkələri və ümumilikdə ərəb dünyası bir sıra ortaq strateji maraqları bölüşür. Energetika, süni intellekt, turizm, müasir texnologiyalar, rəqəmsal iqtisadiyyat, Yaxın Şərqdə və Qafqazda sülhün təmin edilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq bu maraqların əsasını təşkil edir.
– Azərbaycanla Körfəzin aparıcı dövlətləri arasında dayanıqlı siyasi tərəfdaşlığın formalaşdığını demək olarmı?
– Azərbaycanla Körfəz dövlətləri arasında iqtisadi baxımdan ciddi oxşarlıqlar var. Həm Azərbaycanda, həm də Körfəz ölkələrində neft və qaz iqtisadiyyatın əsas dayağıdır. Eyni zamanda, hər iki tərəf enerji asılılığının azaldılması, yaşıl enerji, turizm, müasir texnologiyalar və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində oxşar hədəflər müəyyənləşdirib. Ötən ilin sentyabrında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında hərtərəfli strateji tərəfdaşlıq təsis edilib. Gözlənilir ki, bu tərəfdaşlıq Azərbaycanın Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv olan digər ölkələrlə münasibətlərinin möhkəmlənməsinə də töhfə verəcək. Bu xüsusilə onunla izah olunur ki, BƏƏ ilə Əməkdaşlıq Şurasına üzv digər dövlətlər arasında mövcud olan sazişlər Azərbaycanın BƏƏ-nin strateji tərəfdaşı kimi faktiki olaraq şura ölkələrinin statusuna yaxın imkanlar əldə etməsinə şərait yaradır.
Bundan əlavə, Azərbaycanla BƏƏ arasında qurulan bu strateji tərəfdaşlığın Əməkdaşlıq Şurasına üzv digər ölkələri, ilk növbədə Səudiyyə Ərəbistanını, Qətəri və Omanı da Azərbaycanla oxşar strateji tərəfdaşlıqlar yaratmağa təşviq edəcəyi ehtimal olunur.
– Bu gün ərəb dünyasında Azərbaycan necə qəbul olunur – enerji tərəfdaşı, tranzit mərkəzi, yoxsa müstəqil geosiyasi oyunçu kimi?
– Azərbaycanın ərəb dünyası ilə möhkəm tarixi əlaqələri mövcuddur və bu münasibətlər 1991-ci ildə müstəqillik əldə edildikdən sonra daha da inkişaf edib. Azərbaycan öz əlaqələrini və Şərq-İslam kimliyini bərpa etməyə çalışıb ki, bu da Azərbaycanla ərəb dövlətləri arasında beynəlxalq təşkilatlar, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlığa gətirib çıxarıb. Bu fəal yanaşma Azərbaycanın aparıcı İslam ölkələri tərəfindən etimad qazanmasını təmin edib və onun D-8 qrupuna üzv olmasına zəmin yaradıb.
Prezident İlham Əliyev 2014-cü ilin dekabrında Qahirədə keçirilən D-8 sammitində iştirak edərək üzv dövlətlər olan Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə arasında iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsini qarşıya məqsəd qoyub. Bu da inkişaf etməkdə olan İslam ölkələri arasında qarşılıqlı əlaqə və mübadilə imkanlarının genişlənməsinə xidmət edib. 2020-ci ildə baş vermiş Qarabağ müharibəsindən və öz torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycan müasir tarixində yeni mərhələyə qədəm qoyub. Dünya Azərbaycanı milli maraqlarını qoruya bilən, Qafqazda sülhün möhkəmlənməsinə töhfə verən və regionda fəal, təsirli rol oynayan güclü dövlət kimi qəbul etməyə başlayıb.
Azərbaycan SOCAR kimi nəhəng şirkətin fəaliyyəti sayəsində enerji sektorunda əsas oyunçulardan birinə çevrilib. Şirkət bu gün aparıcı qlobal enerji korporasiyaları ilə rəqabət aparır. SOCAR Qafqaz regionundan kənarda fəaliyyətini genişləndirərək Şərqi Aralıq dənizi qaz şirkəti ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalayıb. Bu saziş SOCAR-ı hasilat və istehlak baxımından dünyanın ən mühüm regionlarından birində qaz sektorunun fəal iştirakçısı kimi mövqeləndirir. Bu da onunla bağlıdır ki, Azərbaycan qlobal enerji bazarında əsas oyunçulardan biridir.
Son illər Azərbaycanın Afrikada da rolu nəzərəçarpacaq dərəcədə artıb və bu fəallıq siyasi, iqtisadi, hətta hərbi sahələri əhatə edir. Azərbaycan Cibuti ilə hərbi istehsal sahəsində hərbi əməkdaşlıq sazişi imzalayıb. Cibuti Şərqi Afrikanın əsas ölkələrindən biridir və bu, ilk növbədə onun Afrika Buynuzunda, Qırmızı dənizlə Hind okeanını birləşdirən Bab-əl-Məndəb boğazı yaxınlığında yerləşməsi ilə bağlıdır. Bu amil Azərbaycanın geosiyasi rolunun təkcə Qafqaz regionu ilə məhdudlaşmadığını, həm Yaxın Şərqdə, həm də Afrikada əhəmiyyətli mövqeyə malik olduğunu göstərir.
– Azərbaycan və BƏƏ liderlərinin “Gələcəyin oyunları 2025”in açılış mərasimində iştirakı rəmzi jestdir, yoxsa düşünülmüş “yumşaq güc” strategiyasının tərkib hissəsidir? Beynəlxalq idman və texnoloji tədbirlər Yaxın Şərq və Avrasiya ölkələri üçün hansı rolu oynayır?
– Prezidentlərin, liderlərin idman, texnoloji və digər qlobal miqyasda populyar tədbirlərdə iştirakı ev sahibliyi edən ölkəyə, təşkilatçılara göstərilən etimad və hörmət əlamətidir. Bu, eyni zamanda liderlər arasında mövcud olan dostluq münasibətlərini, qarşılıqlı hörmət və ehtiramı nümayiş etdirir, rəsmi protokol çərçivəsindən kənara çıxır. Bu baxımdan Prezident İlham Əliyevin Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətini qəbul edərək “Gələcəyin oyunları 2025”in açılış mərasimində iştirakı iki lider arasında möhkəm dostluğun və qarşılıqlı hörmətin açıq göstəricisidir. Bu müsbət münasibətlər iki ölkə arasında əməkdaşlığın bütün sahələrinə ciddi müsbət təsir göstərir.
Digər tərəfdən, böyük idman tədbirləri ölkələrin iqtisadi əlaqələrinin möhkəmlənməsində də mühüm rol oynayır. Azərbaycanın 2015-ci ildə Avropa Oyunlarına, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bunun bariz nümunəsidir. Bu tədbirlər Azərbaycanın “yumşaq güc”ünü əhəmiyyətli dərəcədə gücləndirib, turizm marşrutlarının və obyektlərinin tanıdılmasına şərait yaradıb, müxtəlif iqtisadi sahələrə investisiyaların cəlb olunmasını stimullaşdırıb.
Son illər Azərbaycan regional və beynəlxalq arenada əsas oyunçulardan birinə çevrilmək istiqamətində fəal siyasət yürüdür. Turizm, iqtisadiyyat, energetika, idman və sənaye ölkənin siyasi, iqtisadi və hətta hərbi sahələrdə mövqelərinin möhkəmləndirilməsində əsas alətlər kimi çıxış edir. Bu baxımdan beynəlxalq idman və texnoloji tədbirlər Yaxın Şərq və Avrasiya ölkələri üçün effektiv diplomatik vasitəyə çevrilib. Bu tədbirlər ölkələrə öz nailiyyətlərini nümayiş etdirməyə, ikitərəfli əlaqələri gücləndirməyə və ənənəvi siyasi kanallardan kənarda da təsir imkanlarını genişləndirməyə şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Dekabr 2025 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















