Icma.az
close
up
RU
Ekspert: “Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsi müasir iqtisadi tələblərə cavab verəcək MÜSAHİBƏ

Ekspert: “Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsi müasir iqtisadi tələblərə cavab verəcək MÜSAHİBƏ

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

İqtisadi sabitliyin və biznes mühitinin dayanıqlığının qorunması müasir dövrdə hər bir ölkə üçün prioritet məsələlərdəndir. Bu baxımdan borclu və kreditor münasibətlərinin şəffaf şəkildə tənzimlənməsi, müflisləşmə və iflas proseslərinin müasir iqtisadi reallıqlara uyğunlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Hazırda Ədliyyə Nazirliyi tərəfindən hazırlanan “Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni Qanun layihəsi bu istiqamətdə mühüm islahat sənədi kimi çıxış edir. Layihənin əhəmiyyəti, onun beynəlxalq təcrübə ilə uzlaşdırılması və iqtisadi münasibətlərə gətirəcəyi yeniliklərlə bağlı Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin əməkdaşı, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Biznesin müflisləşməsi işçi qrupunun eksperti Fərid Yaqublu ilə söhbətləşdik:

- Müflisləşmə və iflas prosedurları hər bir ölkənin iqtisadi sistemində mühüm yer tutur. İlk olaraq, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyacın yaranma səbəblərini necə izah edərdiniz?

- Bəli, tamamilə doğrudur. Müflisləşmə və iflas mexanizmləri iqtisadi dövriyyənin sabitliyi, kreditor və borclu münasibətlərinin balanslaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. 1997-ci ildə qəbul edilən “Müflisləşmə və iflas haqqında” Qanun uzun illər ərzində iqtisadi münasibətlərin hüquqi əsasını təşkil edib. Lakin son 20 ilə yaxın müddət ərzində ölkəmizdə iqtisadi, sosial və hüquqi sahələrdə baş verən dəyişikliklər bu qanunun yenidən işlənilməsini zəruri edib.

Azərbaycan Respublikası bu illər ərzində dünya iqtisadiyyatına sürətlə inteqrasiya edib, investisiya mühiti xeyli genişlənib, hüquq sistemimiz beynəlxalq tələblərə uyğunlaşdırılıb. Bununla yanaşı, Mülki Məcəllə, Mülki Prosessual Məcəllə və digər normativ aktlar da yenilənib. Belə bir şəraitdə müflisləşmə və iflasla bağlı hüquqi mexanizmlərin də müasir iqtisadi münasibətlərə cavab verən formada tənzimlənməsi vacib idi.

- Yeni qanun layihəsinin hazırlanması hansı məqsədləri daşıyır və hansı prinsiplərə əsaslanır?

- Əsas məqsəd – borclunun sadəcə müflis elan edilməsi deyil, onun ödəmə qabiliyyətinin bərpa olunmasına yönəlmiş mexanizmlərin yaradılmasıdır. Yəni, borclu sahibkarın fəaliyyətinin tam dayanması deyil, onun maliyyə vəziyyətinin sağlamlaşdırılması ön plana çəkilir. Bu yanaşma həm iqtisadi aktivliyin qorunmasına, həm də kreditorların maraqlarının daha səmərəli şəkildə təmin olunmasına xidmət edir. Yeni Qanun layihəsində sağlamlaşdırma prosesi təkmilləşdirilib, borclunun müvəqqəti ödəmə çətinliyi zamanı iflas proseduruna keçmədən maliyyə vəziyyətini düzəltməsi üçün hüquqi imkanlar yaradılıb. Həmçinin layihəyə beynəlxalq (transsərhəd) iflas mexanizmləri də daxil edilib ki, bu da qlobal biznes münasibətlərində mühüm rol oynayacaq.

- Qeyd etdiyiniz kimi, “Müflisləşmə və iflas haqqında” Qanunun yenidən işlənməsi həm ölkə qanunvericiliyi, həm də beynəlxalq standartlarla uyğunlaşdırılma zərurətindən irəli gəlir. Maraqlıdır, bu istiqamətdə əsas hansı dəyişikliklər və ya yeniliklər nəzərdə tutulur və beynəlxalq təcrübə burada hansı rolu oynayır?

- Qeyd edilən amillər 1997-ci ildə qəbul edilmiş “Müflisləşmə və iflas haqqında” Qanunun da Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, eyni zamanda Dünya Bankının Prinsipləri, Beynəlxalq iflas haqqında UNCİTRAL Model Qanunu, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) rəyi və digər beynəlxalq maliyyə və iqtisadi təşkilatların tələblərinə uyğunlaşdırılaraq yenidən işlənilməsinin zəruriliyini təsbit edir.

- Müqayisəli təhlil baxımından, xarici ölkələrin bu sahədəki təcrübəsi necədir?

- Bu layihənin hazırlanması zamanı bir çox ölkənin təcrübəsi öyrənilib. Əksər xarici ölkələrin müflisləşmə və iflas haqqında qanunvericiliyində borclunun müflisləşməsindən daha çox onun ödəmə qabiliyyətinin bərpası istiqamətində tənzimləmə mexanizmi müəyyənləşdirilib.

Məsələn, Türkiyə qanunvericiliyində “sağlamlaşdırma” anlayışı “konkordato” adlanır. Bu, borcunu ödəməkdə çətinlik çəkən şəxslərə və şirkətlərə maliyyə vəziyyətlərini bərpa etmək üçün verilən bir imkan kimi qiymətləndirilir. Borclu şəxs məhkəməyə müraciət edərək öz vəziyyətini və borclarını əks etdirən sənədləri təqdim edir, həmçinin gələcək ödəniş planını əlavə edir. Məhkəmə ərizəni qəbul etdikdə borcluya möhlət verir və bu qərarı elan edir. Elanlar rəsmi qəzetlərdə və yerli mətbuatda dərc olunur ki, kreditorlar – yəni borclunun borclu olduğu şəxslər və qurumlar bu prosesin rəsmi şəkildə başladığını bilsinlər. Bu həm şəffaflığı təmin edir, həm də maraqlı tərəflərə prosesdə iştirak və etiraz etmək imkanı yaradır.

Konkordato müddətində məhkəmə borcluya müəyyən “möhlət” verir – yəni bu dövrdə onun əleyhinə yeni iflas işi açıla bilmir və əvvəlki icraatlar dayandırılır. İlk mərhələdə 3 aylıq möhlət təyin olunur, lazım gələrsə bu müddət 2 ay uzadıla bilər. Daha sonra məhkəmə 1 illik əsas möhlət verir və zərurət olduqda onu 6 ay da artırmaq mümkündür. Beləliklə, ümumilikdə borcluya təxminən 1 il yarım vaxt tanınır ki, maliyyə vəziyyətini düzəltsin və kreditorlara borclarını qaytarsın.

Qazaxıstanda müflisləşmə və iflas qaydaları 2014-cü ildə qəbul edilən “Sağlamlaşdırma və müflisləşmə haqqında” Qanunla tənzimlənir. Bu qanuna əsasən proses üç mərhələyə bölünür: yenidən təşkil, sağlamlaşdırma və müflisləşmə.

Belə ki, Qazaxıstan Respublikasında sağlamlaşdırma prosesi qanunvericiliyə zidd olmamaqla borculunun ödəmə qabiliyyətinin bərpa edilməsinə yönəlmiş tədbirləri özündə ehtiva edir. Bu proses adıçəkilən Qanunda müvafiq olaraq “rehabilitation” adlandırılaraq borclunun müvəqqəti olaraq ödəmə qabiliyyətini itirdiyi təqdirdə tətbiq edilir. Borclunun müvəqqəti ödəmə qabiliyyətini itirməsi dedikdə isə həyat və sağlamlığa dəymiş ziyan üzrə, aliment ödənişləri, əmək müqaviləsinə əsasən işçilərə ödənilməli və digər qanunvericilikdə göstərilmiş öhdəliklərin 3 ay və daha artıq müddət ərzində, digər öhədliklər üzrə yaranan öhdəliklər əsasında yaranmış ödənişləri isə 4 ay və daha artıq müddət ərzində gecikdirdiyi hallar nəzərdə tutulur.

Nəticə etibarilə, əgər bir şəxs və ya şirkət 3-4 ay ərzində ödənişlərini yerinə yetirə bilmirsə, bu, onun müvəqqəti ödəmə qabiliyyətsizliyi hesab edilir və sağlamlaşdırma prosesi başlaya bilər.

Sağlamlaşdırma prosesinin həyata keçirilməsi məqsədilə borclu məhkəməyə müraciət edir və öz maliyyə vəziyyətini əsaslandırmalıdır. Məhkəmə prosesi başladıqdan sonra sağlamlaşdırma planı hazırlanır - bu plan borcların necə və hansı müddətdə qaytarılacağını göstərir. Plan 3 ay ərzində borclu və kreditorlar tərəfindən birgə hazırlanmalı və kreditorların azı 50 faizinin razılığı ilə təsdiqlənməlidir.

Qazaxıstanda sağlamlaşdırma planının standart forması da qanunla müəyyən olunub, bu da prosesin vahid qaydada həyata keçirilməsini təmin edir. Sağlamlaşdırma prosesi adətən 5 ilə qədər davam edir, bu müddətdə kreditorların prosesi dayandırması və ya ləğv etdirməsi çətinləşir. Bu da borcluya öz vəziyyətini bərpa edib öhdəliklərini yerinə yetirmək üçün sabitlik və vaxt qazandırır.

Almaniyada sağlamlaşdırma “restructuring proceedings” adlanır və əsas məqsədi şirkətlərin iflas həddinə çatmadan maliyyə vəziyyətlərini düzəltməsinə kömək etməkdir. Bu sistem 2019-cu ildə qəbul olunmuş Avropa İttifaqının Sağlamlaşdırma və İflas Direktivinə əsaslanaraq yaradılıb və “Şirkətlər üçün Stabilləşdirmə və Yenidənqurma Çərçivəsi Aktı” (“the Act on the Stabilisation and Restructuring Framework for Companies”/ StaRUG) ilə tənzimlənir.

StaRUG-un əsas fərqi ondan ibarətdir ki, proses məhkəmədənkənar şəkildə də həyata keçirilə bilər - yəni, məqsəd borcluya iflas elan olunmadan əvvəl borclarını qaydaya salmaq üçün vaxt və imkan verməkdir. Proses borclunun məhkəməyə müraciəti ilə başlayır. Əsas şərt - borclunun növbəti 24 ay ərzində öhdəliklərini yerinə yetirə bilməyəcəyini, yəni müflisləşmə riski ilə üzləşdiyini bildirməsidir. Bu, Almaniya İflas Məcəlləsinin 18-ci maddəsinə əsaslanır.

Sağlamlaşdırma mərhələsində borclu yenidənqurma planı (Restrukturierungsplan) hazırlayır. Bu planda kreditorlardan borcun güzəşti, borcun ödənilməsinin təxirə salınması, yaxud hissə-hissə ödənilməsi kimi borclu tərəfindən həyata keçirməli sağlamlaşdırma tədbirləri əks olunur. Bundan əlavə, borclu kreditorlarla danışıqları asanlaşdırmaq və ortaq razılığa gəlmək üçün yenidənqurma moderasiyasına (Restrukturierungsmoderation) müraciət edə bilər. Bu, prosesin daha şəffaf və qarşılıqlı anlaşma əsasında aparılmasına şərait yaradır.

Nəticədə, Almaniyada tətbiq olunan bu mexanizm şirkətlərin fəaliyyətini dayandırmadan borclarını tənzimləməsinə, iqtisadi sabitliyi qorumasına və iş yerlərinin itirilməsinin qarşısını almağa xidmət edir.

- Bəs beynəlxalq (transsərhəd) iflas anlayışı nədən ibarətdir və bu mexanizmin tətbiqi nəyə xidmət edir?

- Beynəlxalq (transsərhəd) iflas anlayışı dedikdə, bir neçə ölkədə fəaliyyət göstərən şirkətin iflas etməsi halında onun borclarının və aktivlərinin necə idarə olunacağını müəyyən edən hüquqi prosedur nəzərdə tutulur. Belə ki transsərhəd fəaliyyətlər həyata keçirən sahibkarlıq subyekti müflis elan edildiyi təqdirdə aktivləri barədə müvafiq tədbirlərin görülməsi, kreditorların tələblərinin ödənilməsi ilə bağlı məsələlərin həll edilməsi zamanı beynəlxalq (transsərhəd) iflas prosesi mühüm əhəmiyyət kəsb edir. Günümüzdə mühüm rola malik olan beynəlxalq (transsərhəd) iflas hüququn tətbiq olunacağı ölkə məhkəmə qərarlarının tanınması və icrası qaydaları kimi bir sıra məsələləri tənzimləyir.

Beynəlxalq iflas məsələlərində iki əsas yanaşma mövcuddur:

Yerli (territorial) yanaşma – hər ölkə yalnız öz ərazisində olan əmlak və kreditorlara münasibətdə qanunlarını tətbiq edir;

Universal (universalist) yanaşma – bütün proseslər vahid şəkildə, bir inzibatçı tərəfindən, borclunun aktivləri və kreditorlarının harada olmasından asılı olmayaraq aparılır.

Bu sahə kifayət qədər mürəkkəbdir, çünki ölkələrin qanunvericilik sistemləri fərqlidir və bir ölkədə baş verən iflasın digər ölkədə tanınıb-tanınmaması məsələsi bəzən çətinlik yaradır. Bu çətinliyi aradan qaldırmaq üçün 1997-ci ildə BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) “Transsərhəd İflas haqqında Model Qanun”u qəbul edib. ABŞ, Böyük Britaniya, Kanada və digər 40-dan çox ölkə bu modeli tətbiq edir. Qanun beynəlxalq (transsərhəd) iflas halları üçün ümumi tənzimlənmənin yaradılmasını, bu məqsədlə də ölkələr arasında iflas proseslərinin tanınmasını və sözügedən sahədə əməkdaşlığın formalaşdırılmasını hədəfləyir.

Bundan başqa, Avropa İttifaqı da üzv ölkələr arasında bu məsələlərin vahid şəkildə tənzimlənməsi üçün 2000-ci ildə “İflas Proseslərinin Tənzimlənməsinə dair Direktiv” qəbul edib.

Ümumilikdə, bu beynəlxalq sənədlər və sazişlər ölkələr arasında əməkdaşlığı gücləndirir, iflas hallarında ədalətli və şəffaf mexanizmin formalaşmasına kömək edir.

- Bu islahatlar çərçivəsində Azərbaycanda konkret hansı tədbirlər görülür?

- Ədliyyə Nazirliyinin rəhbərliyi ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupu yaradılıb. Bu işçi qrup Dünya Bankının “Business Ready” layihəsi çərçivəsində fəaliyyət göstərir.

2024-cü il üçün hazırlanmış Yol Xəritəsinə əsasən, “Sağlamlaşdırma və müflisləşmə haqqında” Qanun layihəsi hazırlanıb və hazırda müzakirə mərhələsindədir.

Yeni Qanun layihəsi hazırkı qanunvericilikdə mövcud olan problemləri, sahibkarlıq subyektlərinin üzləşdiyi çətinlikləri və beynəlxalq təcrübəni nəzərə alaraq borcluların iflas prosesindən daha çox ödəmə qabiliyyətinin bərpası istiqamətində geniş tənzimləmələr nəzərdə tutur. Layihədə sağlamlaşdırma prosesi təkmilləşdirilərək, borclunun müvəqqəti ödəmə qabiliyyətini itirdiyi hallarda belə iflas prosesinə başlamadan sağlamlaşdırmanın həyata keçirilməsi imkanı, həmçinin beynəlxalq (transsərhəd) iflas proseslərinin ölkəmizdə tətbiqi üçün müvafiq mexanizmlər müəyyənləşdirilir.

- Sonda, yeni qanunun qəbulundan gözlənilən əsas nəticələr nələr olacaq?

- Yeni qanunun qəbulundan sonra Azərbaycanda müflisləşmə və iflas prosesləri beynəlxalq standartlara uyğun, daha çevik və şəffaf şəkildə tənzimlənəcək. Bu islahatlar həm sahibkarların hüquqlarının müdafiəsinə, həm də ölkənin iqtisadi sabitliyinə mühüm töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Oktyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see266

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see208

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see200

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see163

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see145

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri