Əli Əsədovdan yeni qərar
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarının digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydaları təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, “Hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydaları” təsdiq edilib.
Bu Qaydalar hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən, Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişin və heyət üzvləri barədə ilkin məlumatların, eləcə də sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi ilə bağlı qaydaları müəyyən edir.
Bu Qaydalar Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək bütün hava gəmilərinin uçuşlarına şamil edilir.
Bu Qaydaların məqsədləri üçün təkan metodu dedikdə hava gəmisinin istismarçısının öz informasiya sistemində toplanılmış məlumatları “bir pəncərə” sisteminə ötürdüyü elektron metod nəzərdə tutulur.
Bu Qaydalarda istifadə olunan anlayışlar Qanunda, Konvensiyada və onun əlavələrində nəzərdə tutulmuş mənaları ifadə edir.
Hava gəmilərinin istismarçıları tərəfindən sərnişinlər və heyət üzvləri barədə ilkin məlumatlar Konvensiyaya Əlavə 9-un 9.8-ci beynəlxalq standartına uyğun olaraq “Doc 9303, Maşınla oxuna bilən səyahət sənədlərinə dair Təlimat” sənədində, sərnişin adlarının qeydiyyat məlumatları isə Konvensiyaya Əlavə 9-un 9.24-cü beynəlxalq standartına uyğun olaraq “Doc 9944, Sərnişin adlarının qeydiyyat Məlumatlarına dair Təlimat” sənədi ilə müəyyən edilmiş maşınla oxuna bilən formada, eləcə də Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Ümumdünya Gömrük Təşkilatının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının birgə müəyyən etdiyi standartlara uyğun olaraq onların informasiya sistemlərindən “bir pəncərə” sisteminə ötürülür.


