Əlli ilin saatsazı: Məndə bu peşəyə marağı Çelentano yaratdı
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 23 dekabr, AZƏRTAC
“Saat neçədir?” Gün ərzində bəlkə də ən çox verilən suallardan biri budur. Harasa gecikib-gecikmədiyimizi, harasa tələsməyimizi, harasa vaxtında yetişməyi, bir sözlə, günümüzü saatla tənzimləyirik. Qolumuzda, cibimizdə gəzdirdiyimiz həmin aksesuarın göstərdiyi zaman ölçülərinə uyğun olaraq həyat fəaliyyətimizi nizamlayırıq. Hər işini zamana uyğun quranların qolunda saat xarab olanda özlərini narahat hiss edirlər.
“Saatdan asılı olmaq ona aludə olmaq, ona öyrəşmək nəticəsində yaranır”, - deyə təcrübəli saatsaz Mehman Hacıyev söhbət açır.
“Saat sahibinin səviyyəsindən, onun zövqündən, dəqiqliyindən soraq verən aksesuardır. Bəlkə də, kimsə ona elə-belə adi bir əşya kimi baxır. Amma mənim üçün saat canlıdır. Bahalığından-ucuzluğundan, istehsal edildiyi firmadan asılı olmayaraq, nə qədər ki, o işləmir, mən ona ölü kimi baxıram. Lakin onu düzəldib, işlək vəziyyətə gətirəndə həzz alıram. Bəlkə də müqayisə o qədər də yerinə düşmür, amma necə ki, həkim xəstəyə şəfa verəndə, onu həyata qaytaranda öz işindən məmnunluq duyur, mən də əqrəbləri donuq vəziyyətdə olan, çıqqıltısı eşidilməyən saat görəndə özümü narahat hiss edirəm, onu həyata qaytarıb işlək vəziyyətə gətirmək istəyirəm”.
Mehmanın dediyinə görə, ona bu peşəyə həvəsi əmisi Veys oyadıb: “Əmim tamamilə başqa peşənin sahibi idi, özü də Tbilisidə işlədiyi müəssisənin həmkarlar təşkilatının sədri idi. Lakin onda saata çox böyük maraq var idi. Boş vaxtlarında həmişə qohum-əqrəbanın, dost-tanışın, qonşuların saatını düzəldər, ona ikinci həyat verərdi. O vaxt məşhur italyan aktyoru və müğənnisi Andriano Çelentanonun çəkildiyi filmlərə çox baxardım. Əmim mənə üzərində məşhur italyan müğənnisi Adriano Celentanonun şəkli olan plakat bağışlamışdı və onun da saatsaz olduğunu deyirdi. Desəm ki, bu peşəyə həvəs elə o vaxtlardan yaranmağa başladı, səhv etmərəm”.
O, dünyaya qədəmlərini Gürcüstanın Dmanisi rayonunun Qəmərli kəndində basıb. Orta məktəbi bitirəndən sonra Bakıdakı 12 nömrəli texniki peşə məktəbini saatsaz ixtisası üzrə fərqlənmə diplomu ilə qurtarıb. Bir neçə il Dmanisi rayonunda nasaz və köhnə saatlara həyat verib. Sonralar üç il Türkiyənin İstanbul şəhərində məşhur Kadiköydə işləyib, sonra yenidən Bakıya qayıdıb. Təcrübəli “Saat həkimi” 30 ildən çoxdur ki, Nəsimi rayonunda “Moskva” univermağının yaxınlığındakı köşkdə işləyir. Müştəri sarıdan qəti korluğu yoxdur. Hətta sifarişlərin əlindən başını qaşımağa macalı olmur. Onun müştərilərinin arasında beş-on il, bəzən daha əvvəllər müraciət edənlər də var.
“İki oğlum var, onların ikisinə də bu peşəni öyrətmişəm. Böyük oğlum Ramil İsveçrənin “Rolex”, “Patek” “Philippe”, “Cartier”, “Omega”, “Audemars Piguet”, “Longines”, “Tissot”, “Rado”, “Hublot” və digər məşhur saat şirkətlərinin hərəsində bir həftə treninqlərdə olub. Kiçik oğlum Omar 12 il mənim yanımda işləyib. İndi hər ikisi “Italdizayn” şirkətində işləyir”, - deyə Mehman övladları haqqında məlumat verir.
Əlli ilin sənətkarı Mehman Hacıyev deyir: “Hansısa peşəni gərək mükəmməl öyrənəsən. Yaxşı öyrənməsən, həm özün əziyyət çəkəcəksən, həm də sənə müraciət edənlər. Bir mühüm məsələ də işə vicdanlı yanaşmaqdır. Sənətin bir xüsusiyyəti də budur ki, keyfiyyətli iş görsən, gördüyün işə ürəklə yanaşsan, həmişə qapın döyüləcək, harada olsan, müştəri səni axtaracaq”.
Kiçik sahibkar Mehman Hacıyevin iş otağı xarab və işlək saatlarla doludur. O, səliqə ilə və tələsmədən növbə ilə onların hamısını təmir edəndən sonra sifarişçilərə qaytarır. Əqrəblər hərəkətə gəlir, saatın mexanizmi işə düşür, saniyələr gedir. Şairin məşhur misraları yada düşür:
Saatı olmayan tez saat alır,
Qızıldan, gümüşdən ona bağ salır.
Daha düşünmür ki, ömür azalır
Saat hərləndikcə hər bu dünyada...
“Əlbəttə, əqrəblər, saniyələr ömrümüzü qayçılayır, onun hər hərəkəti, çıqqıltısı vaxtı qovub aparır. Amma neyləmək olar? Zamanı tutub saxlamaqmı mümkündür? Əqrəblər hərlənməli, dəqiqələr ötməli, saatlar keçməli, zaman axıb getməlidir. Bu, həyatın hökmüdür. Başqa nə edə bilərsən?”, - deyə təcrübəli sənətkar mövqeyini bildirir.
Düz sözə nə deyəsən?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 23 Dekabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















