Icma.az
close
up
RU
Elm fəlsəfə ədəbiyyat üçbucağı

Elm fəlsəfə ədəbiyyat üçbucağı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Riyaziyyat üzrə fəlsəfə doktoru, fəxri professor, şair-esseist, yazıçı Əli Şirin Şükürlü əhatəli elmi-pedoqoji fəaliyyətlə məşğul olur. Hazırda təsadüfi proseslər nəzəriyyəsi və elm fəlsəfəsi üzrə elmi-tədqiqat işlərini davam etdirir. Onun fəlsəfə üzrə elmlər doktorluğu mövzusu “Bilik fəlsəfəsi” ixtisasına aid olub, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və süni intellektin fəlsəfi təhlilindən ibarətdir. Alimin elm və fəlsəfənin inteqrasiyasında ərsəyə gələn Ədəbi suprematizm – intellektual poeziya haqqında nəzəriyyəsi, Oxşarlıqlar nəzəriyyəsi, Özünüyaratma sənəti və Yuxugörmə barədə, eləcə də digər konsepsiyaları müxtəlif yerli və xarici elmi dərgilərdə və dövri mətbuatda çap edilib.

Əli Şirin Şükürlü müxtəlif dillərdə çap olunmuş elmi, elmi-publisistik məqalələrin, ali məktəb tələbələri üçün “Ehtimal nəzəriyyəsinin elementləri” adlı metodik vəsaitin, “Ədəbi suprematizm və dünyaya yeni baxış” adlı bir elmi-populyar kitabın, həmçinin 4 şeir kitabının, povest, esse və hekayələrin müəllifi, dünya ədəbiyyatından 5 kitabın tərcüməçisidir. Əsərləri bir neçə dilə çevrilib. Azərbaycan ədəbiyyatında əsasən şeir-esse janrının və ədəbi suprematizm adlı ədəbi-fəlsəfi cərəyanının təmsilçisi kimi tanınır. Onun müəyyən elmi-bədii yaradıcılıq nümunələrini oxuculara təqdim edirik:

Bu model üç komponentdən ibarətdir: elmi informasiya – fəlsəfi düşüncə– bədii təfəkkür (Eİ – FD – BT). Ədəbi suprematizm nəzəriyyəsinin (həmçinin ədəbi-fəlsəfi cərəyanın) əsasını bu model təşkil edir və elmi informasiyanın fəlsəfi düşüncə vasitəsilə bədii mətnə gətirilməsi bu modelin köməyi ilə həyata keçirilir. Bu rubrikada oxuculara elm, fəlsəfə və ədəbiyyatın sinkretik vəhdətinə dair esselər yer alıb.

1-ci mövzu: Bədii mətnlərdə sonsuzluq anlayışı

Sonsuzluq anlayışı müəyyən paradokslara, polemikalara qapı açan anlayışlardan biri olub, ətrafında maraqlı və ziddiyyətli düşüncə şəbəkəsi yaratmışdır. Bu anlayış müəyyən elm sahələri ilə yanaşı, fəlsəfi dünyagörüşünün də mərkəzində olmuş, yaratdığı düşüncə şəbəkəsi heyranlıqla qarşılanmaqla yaradıcı sahələrə də təsirsiz ötüşməmişdir. Necə deyərlər, nə qədər anlaşılırsa, anlaşılmazlığa bir o qədər də geniş meydan verir sonsuzluq.

Bu mövzuda sonsuzluq anlayışı barədə müəyyən elmi-fəlsəfi fikirləri bir araya gətirib, formatımıza uyğun olaraq bədii mətnlərə körpü salmağa çalışacağıq. Rast gəldiyim bir mənbədə Soyer adlı mütəffəkkirin bu baradə fikri mənə fəlsəfi, eyni dərəcədə poetik təsir bağışladığından ondan başlamaq qərarına gəldim. O, sonsuzluğun təyinini bu şəkildə verir: Sonsuzluq – mümkün olmayan hadisənin baş verdiyi yerə deyilir. Aydınlıq üçün misal göstərir; hər hansı bir nöqtədən dayanıb müşahidə edirsən – uzaqda yerlə göy birləşib. Nə qədər getsən də, yerlə göyün birləşdiyi yerə çata bilmirsən.

Növbəti maraqlı mülahizə: Sonsuzluqdan sonsuzluğu çıxsan, sonsuzluq alınar (Kantor).

İslam düşüncəsinə görə, sonsuzluq Allahın hifzindədir. Bütün yaranmışlar indisi, keçmişi və gələcəyi ilə bir “an”da yaradılıb və sonsuzluğa qədər mövcuddur.

Sonsuzluq barədə fikirlərlə bağlı kifayət qədər nümunələr göstərmək olar. İndi isə bir qədər öz mülahizələrimiz üzərində dayanaq.“Sonsuzluq nədir?” sualına ilkin cavab belə olacaq: Sonu olmayan – sonlu. Əslində bu cavab nə qədər sadə olsa da, ağlabatandır. İnsan düşüncəsinin əvvəl və axırını qəbul edə biləcəyi nə varsa sonludur. Yəni düşüncədə tam şəkildə proyeksiyalana biləcək nəsnələr sonludur. Kainat sonsuzdur, çünki onun nə əvvəlini, nə də axırını təsəvvürə sığışdıra bilmirik. Yarımçıqlıq, hardasa qırılma baş verir düşüncədə. Düşüncə hər hansı nöqtədən başlasa da, varlığın sonuna gedib çıxa bilmir. Deməli, sonsuzluq həm də bir tərəfin sona qədər ağla sığmamasıdır. Kainatı dayandığımız nöqtədən seyr edə bilərik; qarşımızda bir-birini əvəz edən varlıqlar ardıcıllığı düşüncənin qəbul edə biləcəyi müəyyən sərhədə qədər davam edər və nəhayət, müəyyən həddən o tərəfə bir qaranlıq – anlaşılmazlıq məskən salar.

Bəs sərhədləri düşüncəyə sığan – sonlu olan varlıqlarda sonsuzluq necə iştirak edir. Məsələnin qoyuluşu qəribə oldu: sonluda sonsuzluq axtarmaq. Əgər varlıqlar bölünəndirsə, hissələrdən ibarətdir. Fikir verin, istənilən bir nəsnəni nə qədər istəsən, bölmək mümkündür. Bölündükcə daha çox hissələr əmələ gələcək, amma yox olmayacaq. Hər bölünmədən sonra hissələrin sayı artacaq, əslində. Sonu görünməyən bir proses. Deməli, ilk baxışdan sonlu görünənlər də mahiyyətcə sonsuzluğa bürünüb.

Leybnitsin təsvir etdiyi xəttə nəzər salaq: xətt sonludur. Əvvəli və axırı var. Amma xəttin üzərində qeyd olunan istənilən iki nöqtənin arasında həmişə üçüncüsü mövcuddur. Xəttin üzərində qeyd olunan hər hansı bir nöqtədən sonsuzluq açılır. Yəni xətt sonsuz sayda nöqtələrdən ibarətdir, baxmayaraq, əvvəli və sonu var. Deməli, üzdən sonlu görünən varlıqlar da mahiyyətcə sonsuzluğa bürünüblər.

Sonsuzluq barədə mülahizələri, elmi və fəlsəfi düşüncələr şəbəkəsini istənilən qədər genişləndirmək olar. Lakin məqsədimiz bu anlayışın daşıdığı fəlsəfi anlamdan bədii mətnə qapı açmaqdır. Əvvəlcə bu qapının qarşısında dayanıb bir məsələ barədə düşünək, sonsuzluq anlayışını sadə bir misalla əsaslandıraq və sonra bu qapıdan bədii aləmə daxil olmağa səy göstərək. Bir-birinə yaxın iki ədəd götürək. Məsələn: 0 və 1. Sırada yanaşı dayanan, ilk baxışdan bir-birinə yaxın ədədlərdir. Lakin ədəd oxunda 0 və 1 arasında sonsuz sayda ədədlər mövcuddur. Yəni bu ədədlər bir-birinə yaxın olduğu qədər də uzaqdır – arada sonsuzluq. Sonsuzluğa aid bu sadə misal üzərində qurulmuş bir şeirlə fikrimizi ümumiləşdirək:

Uzaqlıq

0 və 1; bir-birinə
Yaxın, çox yaxın ədədlər arasında
sonsuzluq - bilirsənmi?
Bilirsənmi, dostum, bilirsənmi
nə böyük uzaqlıq yaxınlıqlar içində?!
İ
llərcə
uzun-uzun məsafələri
addım-addım,
maşın-maşın,
qatar-qatar... adlasaq da,
aşa bilmədik aradakı sərhədi.
Bir-birimizə yaxın,
çox yaxın olsaq da,
sonsuz uzaqlıqdayıq fəqət...

Hər hansı bir anlayışın elmi-fəlsəfi anlamı sayəsində intellektual bədii mətnlər yaratmaq və fərqli bədii təsvir vasitələrinə nail olmaq mümkündür, yetər ki, ilk növbədə, həmin anlayışın həyatla – təsvir olunan hadisə (mövzu) ilə adekvatlığı tapılsın (bu tezisi tez-tez təkrarlamaq onun qarşımıza qoyduğumuz məqsəd üçün nə dərəcə vacib olduğunu gösrərir). Hər bir hadisə barədə isə çoxlu sayda, bəlkə də elə sonsuz fikir variasiyası yaratmaq mümkündür; sonsuzluğun özü barəsində olduğu kimi.

Sonsuzluq
(şeir-esse)
1. Başlanğıc
Dayanıb, otağın pəncərəsindən
seyr edirəm səssizliyi könlümün dəli vaxtında;
uzaqda dənizlə sevişən göy üzü...
Hər şeyin sonu yox,
sonsuzluğu var.
Parça-parça edilib küçəyə atılmış şəkil –
dayanmış zamanı oynadır külək.
Heç nə yox olmur ki, hər şey dəyişir azaldıqca,
kiminsə parça-parça edilib, ayaqlar altına atılmış
şəkili kimi...
Dənizə baxıb
xoşbəxtlik barədə düşünərkən
qara bir qarğa döyəcləyir maşının pəncərəsini…
Hər şeyin sonsuzluğu var...
Mən dənizə baxıb sevindim;
uzaqda dənizlə sevişən göy üzünə sevindim.
Elə o anda acıdım
tapdadığım qarışqa taleyinə…
Heç nə yox olmur ki,
hər şeyin sonu yox,
sonsuzluğu var.
2. Son
Dayanıb,
otağın pəncərəsindən seyr edərkən səssizliyi
xoşbəxtlik barədə düşündüm,
sevindim uzaqda dənizlə sevişən göy üzünə,
acıdım tapdadığım qarışqa taleyinə...
3. Sonsuzluq
Nə axtarırsan, qara qarğa,
nə axtarırsan pəncərə şüşəsində,
hara uçdunuz, qağayılar,
hara uçdunuz?...

(ardı var)

Əli Şirin ŞÜKÜRLÜ,
riyaziyyat üzrə fəlsəfə doktoru, şair

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 İyul 2025 06:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see171

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see165

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see153

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see142

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see142

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see141

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see137

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see135

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see133

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see133

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see132

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see130

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see130

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see129

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see129

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see128

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see128

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see128

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin Onkoloq xəbərdarlıq etdi

08 Sentyabr 2025 23:00see126

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri