Elm nə üçündür?
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Məlumdur ki, insan xoşbəxt yaşamaq üçün yaradılış qayəsinə uyğun hərəkət etməlidir. Allaha inanmaq Onun müəyyən etdiyi həyatı yaşamaq, təbiəti qəbul etmək isə təbii şəraitlə uyğunlaşmaq deməkdir. Bunun əksi isə insanın fərdi və ictimai fəlakətindən başqa bir şey deyil.
Bu gün insanın qarşı-qarşıya qaldığı ən böyük fəlakətlər hər gün daha da alovlanmaqda olan müharibələr və hər gün daha da kəskinləşməkdə olan ətraf mühitin çirklənməsi problemidir. Artıq hamı daha təmiz dünyadan və daha təmiz ətraf mühitdən danışsa da, bu problemlərin əsl səbəbkarları bu problemlərin əsas səbəbləri üzərindən sükutla keçməyə çalışırlar.
Müasir dövrümüzdə bitib-tikənmək bilməyən münaqişələrin də, qarşısıalınmaz bir həddə gəlib çatan ətraf mühit probleminin də ən mühüm səbəbi insanın öz yaradılış qayəsinə zidd həyat tərzi yaşamasıdır. Onun bütün bu fəaliyyətləri axirət həyatını inkar etmək və dünya həyatını daha yaxşı yaşamaq arzusundan irəli gəlir. Bir sözlə, insan “homoekonomikus”a, yəni iqtisadiyyatla düşünən, iqtisadiyyatla yaşayan bir varlığa çevrilir. Məlumdur ki, onun elmi fəaliyyətləri də eyni məqsədə xidmət edir.
Həqiqətən də, son əsrlər elm və texnikanın inkişaf etməsinin ən mühüm səbəblərindən biri Orta Əsrlərdə həyat təsəvvürünün daha çox işləmək və daha çox qazanmaq prinsipi istiqamətində dəyişməsidir. Halbuki hələ o əsrlərdə iqtisadi dəyərlər həyatın əsas qayəsini təşkil edən mənəvi dəyərlərə tabe idi. Ancaq İntibah Dövrü ilə eyni vaxtda bu təsəvvür də kökündən dəyişdi. Artıq öz coğrafi məkanlarına sığmayan insanlar yeni coğrafi məkanların axtarışına çıxdılar. Bundan sonra harada olursa-olsun, yalnız var-dövlət haqqında düşünən yeni tiplər meydana gəlməyə başladı. Bu oyanmaqda olan bir dünyanın aclığının nəticəsi idi və artıq dünyanın yuvarlaqlığını yoxlamaq vaxtı gəlib çatmışdı.
Məsələn, Con Meynard Keyns kimi iqtisadçılar tərəfindən formalaşdırılan Qərb iqtisadi təsəvvürünün əsasını daha çox istehlak etmək üçün daha çox qazanmaq prinsipi təşkil edir. Təbii ki, burada məqsədə çatmaq üçün bütün əxlaqi prinsiplər arxa plana keçir. Məsələn, Keyns öz nəzəriyyəsində: “Acgözlülük və ehtiyatlılıq hələ bir müddət bizim əqidəmiz olmalıdır”, - deyirdi.
İstehlakı əsas götürərək həyat səviyyəsini illik istehlak səviyyəsi ilə ölçən və çox istehlak edənin az istehlak edəndən daha yaxşı, hətta daha xoşbəxt yaşadığını iddia edən bu iqtisadi təsəvvür istehsalın əsas amilləri olan əməkdən, sərmayədən və torpaqdan heç bir məsuliyyət hiss etmədən yalnız daha çox istehlak və daha çox istehsal üçün istifadə etməyi adi bir şey kimi qəbul edirdi. Ancaq dünyanın sərvətlərini bölüşdürmək uğrunda gedən mübarizə istər regional, istərsə də, beynəlxalq miqyasda sonu görünməyən münaqişələrin əsasını qoydu.
Məşhur fransız mütəfəkkiri Bertran de Juvenel iqtisadi fəaliyyəti həyatının yeganə qayəsinə çevirən insanları belə təsvir edir: “İnsan öz əməyindən başqa heç bir şeyi xərc hesab etmir. İsraf etdiyi təbii ehityatlar barədə düşünmür, nə qədər canlını məhv etdiyini fikirləşmir, hətta eko-sistemin bir parçası olduğunu da dərk etmək istəmir. Sanki insan şəhərlərdən idarə edilən bir dünyada eko-sistemə nə qədər bağlı olduğundan xəbərsizdir. Buna görə də, su və ağac kimi əvəzsiz nemətləri ağlasığmaz bir etinasızlıqla istismar edir. İnsanın torpağı və təbiəti böyük bir etinasızlıqla istismar etmək “hüququ” barədə Yevgeni Rabinoviç görün nə deyir: “Öz yoxluqları ilə insanı bioloji baxımdan təhlükə qarşısında qoyan yeganə canlılar bədənimizdəki bakteriyalardır. Qalan şeylərə gəlincə, yer üzündə insanın yeganə canlı kimi yaşaya bilməyəcəyini sübut edən heç bir inandırıcı dəlil yoxdur. Qeyri-üzvi maddələrdən ərzaq məhsullarını sintez etmək mümkün olsa, insan asılı olduğu bitkilərdən də canını qurtara bilər”. Mən də daxil olmaqla insanların böyük əksəriyyəti belə bir şeyi (heyvansız və bitkisiz mühiti) düşünəndə tükləri biz-biz olur. Halbuki bu gün Nyu York, Çikaqo, London və ya Tokio kimi şəhərlərdə yaşayan milyonlarla insan haradasa bütün həyatını Azoy Erasındakı kimi heç bir canlı görmədən keçirir”.
Bəli, bunun nəticəsidir ki, uzun illər bütün elmi fəaliyyətlərin kökündə eyni iqtisadi amillər dayandı. Buna görə də, elmi kəşflər çox vaxt müharibələrdə istifadə olundu və bəşəriyyət üçün əsl bəlaya çevrildi. Bu gün də eyni səbəblərlə sərmayə sahibləri yüksək məbləğlər ödəyərək alimlərdən istifadə edirlər. Hətta Eynşteyn də bunu çox aydın görür və: “İqtisadi baxımdan müstəqil olan heç bir alim yoxdur”, - deyirdi.
Bernard Dikson “Elm nə üçündür?” adlı kitabında Cim Şapiro adlı bir alimin başına gələn bir hadisəni belə təsvir edir: “Cim Şapiro adlı harvardlı bir alim 1969-cu ilin noyabrında bakteriya vasitəsilə irsiyyət genini təcrid etmək mümkün olduğunu açıqladı. Eyni zamanda o, genetik mühəndislikdə mühüm bir addım olan bu kəşfdən xəstəlikləri (xüsusilə də irsi xəstəlikləri) müalicə etməkdə və insanın davranışlarına nəzarət etməkdə istifadə etmək mümkün olacağını sübut etdi. Bir müddət sonra Cim Şapiro tibb cəmiyyətlərinin birindən bir təklif aldı. Cəmiyyət ona böyük bir məbləğ müqabilində gizli bir proqramın hazırlanmasında iştirak etməyi təklif edirdi. O, bu telefon söhbətindən sonra ciddi sarsıntı keçirdi. Bu göstərirdi ki, bir ovuc insan ən ciddi məsələlərdən bəhs edən bir elm sahəsini belə öz mənafeyi üçün ələ keçirməyə hazırdır. Buna görə də, Cim Şapiro elmi fəaliyyətlərdən əl çəkərək bütün ömrünü siyasi fəaliyyətlərə həsr etdi”.
Əlbəttə ki, burada əsas məsələ elmi fəaliyyətlər deyil, elmi fəaliyyətlər də daxil olmaqla bütün fəaliyyətlərin insanın yaradılış qayəsinə uyğun olmasıdır. Bu qayəni müəyyən edən isə insanı da, onun bağlı olduğu mühiti də yaradan Allahdır (c.c.). Ondan başqa heç kim insan üçün zəruri olan dəyərlər sistemini müəyyən edə bilməz. Ancaq insan bunu unutduğu üçün əsrlər boyu aparılan elmi fəaliyyətlər elm üçün yox, müəyyən dəyərlər sistemi üçün həyata keçirildi.
Və bu dəyərlər sistemi onun fitrətinə uyğun olmadığı üçün elm xeyir gətirməkdən çox, bəşəriyyətin başına bəla oldu, sonu görünməyən müharibələrdə ölənlərin sayı bəşəriyyət tarixinin başlanğıcından İntibah Dövrünə qədər ölənlərin sayından qat-qat çox oldu.
Həmçinin, eko-sistemin pozulmasından və insan fitrətinə zidd sistemin meydana gəlməsindən doğan xəstəliklər hər il əvvəlki əsrlərdəki epidemiyalarda ölən insanlardan daha çox insanın ölümünə gətirib çıxardı. Odur ki, bu gün dünyada elm və texnika sahəsində söz sahibi olanlar elm və həyat haqqında təsəvvürlərini yenidən nəzərdən keçirməlidirlər. Ehtimal ki, onların bizim dünyamızdakı təqlidçiləri də onlar həqiqəti dərk etdikdən sonra vicdanlarını hesaba çəkməyə ehtiyac duyacaqlar.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Ovucdakı xətlər nə üçündür?
07 Fevral 2026 11:18
Elm bizi xilas etmək üçündür, yoxsa məhvə aparmaq üçün?
21 Noyabr 2025 14:32
PSA analizi nə üçündür? VİDEO
15 Noyabr 2024 14:20
Notbuklardakı bu işarə nə üçündür?
10 Mart 2026 03:03
Telefonların böyründəki dəlik nə üçündür?
03 Aprel 2026 12:41
Baxış sayı:109
Bu xəbər 06 Sentyabr 2026 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















