“Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı”
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fundamental nəşrdə Azərbaycan elminin 80 illik inkişaf yolu salnamələşdirilib
Azərbaycan Milli Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır. …Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın elm məbədidir. Ötən il 80 illik yubileyi ərəfəsində “Elm” nəşriyyatında nəfis şəkildə işıq üzü görən “Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı” kitabında bu mötəbər qurumun yaranması və inkişaf tarixinin parlaq səhifələrindən ətraflı bəhs edilir. Akademik Arif Həşimovun müəllifi olduğu bu qiymətli nəşr geniş ictimaiyyətin dərin rəğbətini qazanıb.
Kitabda XX əsrin ilk illərində ali elmi qurum kimi formalaşan Elmlər Akademiyasının (EA) tarixi zərurət və elmi tələblərdən doğan təşəkkül prosesi, keçdiyi inkişaf mərhələləri əhəmiyyəti təhlil edilir. Nəşrdə EA-nın strukturu, cəmiyyətin inkişafındakı yeri və rolu barədə görkəmli alimlərin, tanınmış ictimai-siyasi xadimlərin fikir və düşüncələri də yer alıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Elm” qəzetinin 14 fevral 2025-ci il tarixli nömrəsində dərc etdirdiyi “Azərbaycanın elm məbədi və simaları” adlı məqaləsində Akademiyanın inkişaf tarixini mərhələlər üzrə təhlil etmiş, 80 illik fəaliyyətini dövrlərə ayırmışdır. Məlumat üçün bildirək ki, akademikin AMEA-nın dövrləşmə konsepsiyası birinci mərhələdən (1923–1932-ci illər — qurumun yaradılmasının başlanğıc mərhələsi) 2022-ci ildən sonra başlanan yeniləşmə və islahatlar mərhələsinədək 8 mərhələni əhatə edir.
Yeri gəlmişkən, AMEA-nın prezidenti nəşrə yazdığı “Ön söz”də qeyd edib ki, indiyədək Akademiyanın fəaliyyətinə həsr olunmuş monoqrafiyaların yazılaraq ortaya çıxarılmasına çoxsaylı cəhdlər olub, amma bu böyük elm məbədinin sistemli tarixini yaratmaq vəzifəsi, təəssüf ki, son vaxtlaradək həll olunmamış qalırdı. Akademik Arif Həşimovun “Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı” kitabı məhz bu istiqamətdə yazılan ilk və olduqca dəyərli elmi-tədqiqat əsərlərindəndir.
Akademik İsa Həbibbəyli daha bir məqamı vurğulayıb: monoqrafiyanın müəllifi akademik Arif Həşimov fizika üzrə görkəmli alim olmasına baxmayaraq, humanitar və ictimai elmlər sahəsinin tədqiqatçıları kimi arxivlərə, muzeylərə və kitabxanalara baş vuraraq, hətta görkəmli elm xadimlərinin ailə kolleksiyalarına da müraciət edərək çoxsaylı mühüm sənədlər və şəkillər əldə etmiş, onların bir çoxunu ilk dəfə elmi dövriyyəyə gətirmişdir.
Hörmətli oxucu, indi isə sizi xalqımızın mənəvi sərvətinə çevrilən AMEA-nın tarixinə akademik Arif Həşimovun bələdçiliyi ilə retro səyahətə dəvət edirik.
Beləliklə, 1945-ci il martın 31-də Azərbaycan SSR Elmlər Akademiyasının I ümumi iclası keçirilmişdir. Yığıncaqda Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov yekdilliklə Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti seçilmişdir. Görkəmli alim bu vəzifəni 1947-ci ilədək icra etmişdir.
Məlumat üçün bildirək ki, Akademiyanın ilk təsisçiləri Mir Əsədulla Mirqasımovla bərabər, Üzeyir Hacıbəyov, Səməd Vurğun, İosif Yesman, İvan Şirokoqorov, Aleksandr Qrossheym, Mustafa Topçubaşov, Yusif Məmmədəliyev, Mirzə İbrahimov, Şamil Əzizbəyov, Heydər Hüseynov, Mirəli Qaşqay, Sadıq Dadaşov və Mikayıl Useynov kimi görkəmli şəxsiyyətlər olmuşlar. Onlar, həqiqətən də, Azərbaycan elmi və incəsənətinin unudulmaz simaları idilər.
Müəllif hesab edir ki, Akademiyanın təsis olunması elmi biliklərin institusional idarə olunması prosesinin başlanğıcı olmaqla, Azərbaycanda fundamental və tətbiqi elmlərin sistemli inkişafına şərait yaratmışdır. Bu, həm də intellektual kapitalın mərkəzləşdirilməsinin ilk forması idi. Akademiya yarandığı gündən xalqımızın elmi və mədəni həyatında əhəmiyyətli yer tutmuşdur və bu tarixi missiyanı yüksək səviyyədə davam etdirir.
Belə bir faktı da qürur hissi ilə vurğulamaq lazımdır ki, dahi mütəfəkkir Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olunmuş təntənəli mərasim məhz o dövrdə yeni yaradılan Akademiyada təşkil olunmuşdur. Qeyd edək ki, Azərbaycanda və keçmiş ittifaq miqyasında Nizaminin yubiley tədbirlərinə hazırlıq 1946-cı ildən başlayıb. Həmin ilin 22 sentyabrında Azərbaycan SSR Elmlər Akademiyasının binasında dahi şairin anadan olmasının 800 illiyi ilə bağlı SSRİ Yazıçılar İttifaqı Rəyasət Heyəti ilə Azərbaycan Sovet Yazıçılar İttifaqı İdarə Heyətinin birgə plenumu keçirilmişdir. Giriş nitqini SSRİ Yazıçılar İttifaqının baş katibi, görkəmli şair Aleksandr Fadeyev söyləmişdir. Toplantıda Nizaminin yubileyi ilə bağlı geniş məruzələr və çıxışlar səsləndirilib. O dövrün mətbuatı yazıb ki, Xalq şairi Səməd Vurğunun “Nizami irsi və müasir dövrümüz” adlı məruzəsi xüsusilə maraqla dinlənilmişdir.
Plenum iki gün davam etmişdir. İki gün sonra, 1946-cı il sentyabrın 24-də Azərbaycan paytaxtında Nizami muzeyinin açılışı olmuşdur. Rusiyadan və digər müttəfiq respublikalardan paytaxtımıza təşrif buyuran hörmətli qonaqlar muzeyin açılış mərasimində iştirak etmişlər.
Azərbaycan SSR Elmlər Akademiyasının yaranmasının 10-cu ildönümü ilə bağlı ilk yubiley sessiyası 1955-ci il aprelin 23-də keçirilmişdir. Sessiyanı giriş sözü ilə qocaman alim, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü Mir Əsədulla Mirqasımov açmışdır. Elmlər Akademiyasının prezidenti, akademik M. M. Əliyev “Azərbaycan SSR Elmlər Akademiyasının 10 illiyi” adlı məruzə ilə çıxış edərək respublikamızın xalq təsərrüfatının, eləcə də elm və mədəniyyətinin inkişafındakı mühüm nailiyyətlərdən bəhs etmişdir.
AMEA-nın keçdiyi tarixi yola nəzər saldıqda, onun ayrı-ayrı üzvlərinin geniş və səmərəli fəaliyyəti məmnunluq hissi doğurur. Belə şəxsiyyətlərdən biri də görkəmli alim, akademik Həsən Əliyevdir. Ötən əsrdə iqtisadi fəaliyyətin ekosistemin ekoloji tutumundan kənara çıxmasının gözlənilən fəsadlarına dair ilk çağırışları edən məhz akademik Həsən Əliyev olmuşdur. AMEA və müttəfiq respublikaların elmlər akademiyaları arasında ilk dəfə olaraq 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti nəzdində Təbiəti Mühafizə Komissiyası təşkil edilmiş və bu komissiyaya akademik Həsən Əliyev rəhbərlik etmişdir.
Xalq şairi Məmməd Araz akademik Həsən Əliyev haqqında “Böyük alim, böyük insan” məqaləsində yazmışdır: “Vaxtilə Yer kürəsində əhalinin indikindən xeyli az olduğu bir dövrdə, Həsən Əlirza oğlu Əliyevin yazdığı kimi, tənasüb pozulur, təbiət bir növ “məğlub kimi geri çəkilir”. Lakin insan bu qələbəsinə görə “döşünə döyməməlidir”. Çünki insanın bioloji dövrana təsiri təbiətin zənginləşməsinə xidmət etmirsə, deməli, göyə atılmış daşın altından qaçmaq çox da asan olmayacaq. Müəllif respublikamız daxilində ətraf mühiti “vərəqləyir”, onun təbii mənzərəsinin xəritəsini göz önünə gətirməklə, əlvan rənglərdən danışmaqla bərabər, bu əlvanlığın pozulmaq qorxusundan da həyəcanla söhbət açır”.
Akademik Arif Həşimov kitabda dönə-dönə qeyd edir ki, Azərbaycan dövləti ölkədə elmin inkişafına diqqət və qayğısını heç vaxt əsirgəməyib. Xüsusi vurğulamaq lazımdır ki, XX əsrin ikinci yarısında Azərbaycanda elmin çiçəklənməsi dahi siyasətçi Heydər Əliyevin adı, onun uzaqgörənliyi, biliyi və təcrübəsi ilə sıx bağlıdır. Müdrik siyasətçi ölkəmizin davamlı inkişafını elmi-texniki nailiyyətlərdə və qabaqcıl texnologiyaların geniş tətbiqində görürdü. Bu görkəmli dövlət xadiminin bilavasitə iştirakı ilə Azərbaycanda aktual elmi-texniki və humanitar məsələlərlə bağlı mühüm tədbirlər, o cümlədən beynəlxalq forumlar keçirilib. Paytaxt Bakı mütəmadi olaraq mötəbər elmi konqreslərə və konfranslara ev sahibliyi edib.
Bəli, məhz Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə (1969–1982) Azərbaycan elmi misilsiz yüksəliş mərhələsinə daxil olub. Azərbaycan SSR Elmlər Akademiyası 1970-ci illərdə beynəlxalq aləmdə böyük nüfuz qazanıb, elmi kadr potensialını gücləndirib və maddi-texniki bazasını möhkəmləndirib. Ulu öndərin müdrik rəhbərliyi altında dövlətin elm siyasəti yeni keyfiyyət mərhələsinə yüksəlib, elmi-tədqiqat institutlarının sayı artırılıb, yeni binalar və müasir laboratoriyalar inşa edilib, elmin prioritet istiqamətlərinə xüsusi diqqət yetirilib. Xüsusilə, Heydər Əliyevin təşəbbüsü ilə minlərlə azərbaycanlı gəncin SSRİ-nin aparıcı ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil alması və təcrübə qazanması böyük müvəffəqiyyətlə təmin edilmişdir ki, bu da ölkənin intellektual potensialının formalaşmasına güclü təkan vermişdir.
Ulu öndərin Azərbaycan elminin davamlı inkişaf etdirilməsi ilə bağlı uzaqgörən siyasətini, xoşbəxtlikdən, möhtərəm Prezidentimiz İlham Əliyev yeni dövrün reallıqlarını nəzərə alaraq uğurla davam etdirir. Xatırladaq ki, möhtərəm Prezidentin 2005-ci və 2015-ci illərdəki müvafiq sərəncamları ilə AMEA-nın 60 və 70 illik yubileyləri təntənəli şəkildə qeyd edilmişdir. Dövlətimizin başçısı 9 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Elmlər Akademiyasının təsis edildiyi 27 mart tarixini respublikada “Elm Günü” olaraq müəyyən etmişdir.
Prezidentin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli fərmanı ilə ölkəmizdə elm və təhsilin yeni inteqrasiya modelinin müəyyənləşdirilməsi ilə əlaqədar mühüm vəzifələr irəli sürülmüşdür. Bu vəzifələri yüksək səviyyədə yerinə yetirmək məqsədilə AMEA rəhbərliyi tərəfindən vaxt itirilmədən yeni islahatlara start verilmişdir.
Akademik Arif Həşimov vurğulayır ki, bu islahatlar, əsasən, ictimai və humanitar profilli elmi müəssisələrdən ibarət Akademiyanın dövlətin ideoloji və milli-mədəni siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına, Azərbaycan xalqının tarixinin, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəniyyət abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin və milli memarlıq məktəblərinin müasir çağırışlar, yeni nəzəri-metodoloji baxışlar, xüsusən də azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəldilib.
Akademikin fikrincə, dövlətin ideoloji siyasətinə uyğun olaraq həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, 2023-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq və respublika səviyyəli konfransların miqyasına, nəşr olunan fundamental araşdırmaların elmi keyfiyyətinə görə, Akademiya bu sahədə respublikada flaqmana çevrildi. Bu tədbirlərdə dünya şöhrətli dahi siyasətçinin Azərbaycan elminin inkişafındakı tarixi xidmətləri qədirbilənliklə yada salındı, qarşıda duran vəzifələr müzakirə olundu.
Kitabda belə bir məqam da vurğulanır ki, son illər AMEA-nın beynəlxalq elmi əlaqələri müstəqil dövlətçilik prinsipləri əsasında yenidən qurulub. Xüsusən də türk dövlətlərinin elmi qurumları ilə sıx əməkdaşlıq daha da gücləndirilib. Türk ölkələrinin elmi qurumları ilə yüksək səviyyədə təşkil olunan hərtərəfli əlaqələr AMEA-nın 80 illik yubileyinin ilk dəfə olaraq Beynəlxalq Türk Akademiyası, TÜBİTAK, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu kimi nüfuzlu təşkilatların, eləcə də digər türk ölkələrinin elmlər akademiyaları və ali təhsil müəssisələrinin iştirakı ilə, sıx əməkdaşlıq şəraitində keçirilməsinə imkan yaradıb. Akademiyanın digər aparıcı beynəlxalq qurumlara üzvlüyünün təmin edilməsi istiqamətində də mühüm addımlar atılıb.
“Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı” kitabı barədə yuxarıda deyilənlərə əlavə edək ki, ötən il noyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə AMEA-nın 80 illik yubileyi yüksək səviyyədə qeyd edilib. Dövlətimizin başçısı toplantıda dərin məzmunlu nitq söyləyərək vurğulayıb ki, Akademiya 80 il ərzində böyük yol keçmiş, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində ölkəmiz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasa da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirib.
Sonda qeyd edək ki, akademik Arif Həşimovun haqqında söz açılan monoqrafiyası elmi-populyar üslubda yazılıb. Ümumi fikir belədir ki, nəşr, həqiqətən də, AMEA-nın fəaliyyəti haqqında oxucularda dolğun təsəvvür yarada bilir. Görünən budur ki, hörmətli akademik kitabın ərsəyə gəlməsi üçün böyük zəhmət çəkib. Burada ilk dəfə olaraq yeni məlumatlar, fikir və mülahizələr yer alıb. Bütün bu üstün xüsusiyyətlərinə görə kitab geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb.
Məsaim ABDULLAYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 27 Oktyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















