Unudulmaz media xadimi
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Onun bioqrafiyası milli jurnalistikamızda peşəkar yüksəliş yoludur
Tanınmış ictimai və dövlət xadimi, jurnalist, naşir, pedaqoq İsrafil Nəzərov gözəl əməlləri ilə hörmət-izzət sahibi olub. Milli mətbuatın, radio və televiziyanın inkişafına danılmaz xidmətlər göstərib. Azərbaycan Jurnalistlər İttifaqının (AJİ) yaradıcısı kimi 15 il bu təşkilata rəhbərlik edib, bir neçə çağırış Ali Sovetin deputatı olaraq seçicilərinin etimadını doğruldub.
İsrafil İmamnəzər oğlu Nəzərov 1911-ci il avqustun 25-də Bakının Balaxanı kəndində anadan olub. Azərbaycan Dövlət Unuversitetində (indiki BDU) ali təhsil alıb. Yaradıcı fəaliyyətinin ilk dövrlərində “Gənc işçi”, “Yeni yol” qəzetlərində işləyib və hər iki qəzetin redaktorluğuna qədər yüksəlib. Sonra Azərbaycan Teleqraf Agentliyində redaksiya müdiri vəzifəsində çalışıb.
İkinci Dünya müharibəsi illərində o, Güney Azərbaycana göndərilib. Təbrizdə çıxan “Vətən yolunda” qəzetinin redaktoru Mirzə İbrahimovun müavini, ardınca isə “Vətən uğrunda” ordu qəzetinin redaktoru olub. Həmin vaxt siyasi rəhbər kimi orada olan Əziz Əliyevlə, eləcə də Süleyman Rüstəm, Osman Sarıvəlli, Ənvər Məmmədxanlı, Qılman İlkin, Qulam Məmmədli, Mehdixan Vəkilov və başqaları ilə birgə fəaliyyət göstərib.
Ordudan tərxis olunduqdan sonra “Kommunist” qəzetinin (indiki “Xalq qəzeti”) məsul katibi təyin edilən İsrafil Nəzərov pillə-pillə irəliləyib və vəzifələri tədricən böyüyüb. Müxtəlif vaxtlarda Mətbuat üzrə Dövlət Komitəsinin sədri, “Kommunist”in baş redaktoru, Mədəniyyət Nazirliyi Radio Məlumatları Baş İdarəsinin rəisi, nazirin 1-ci müavini olub. Respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən İsrafil Nəzərov daim böyük nüfuza malik olması ilə seçilib.
Onun həyatının ən işıqlı səhifələrindən biri 1945-ci ildə Azərbaycan Dövlət Universitetində jurnalistika şöbəsi və sonra fakultəsinin yaradılmasında fəal iştirakı olub. Uzun illər burada milli jurnalistika kadrlarının yetişdirilməsinə də o, öz töhfəsini verib...
Hər dəfə yolum Balaxanıdan keçəndə Mirzə Ələkbər Sabirin abidəsi önündə dayanır və onun 1910-cu ildə “Nəşri-Maarif” cəmiyyətinin buradakı camaat məktəbində müəllimlik etdiyini, dostluq etdiyi neftçilərin “Nur” kitabxanasının fəal üzvü olduğunu yadıma salıram. İsrafil Nəzərov Sabirdən 1 il sonra Balaxanıda dünyaya göz açıb və ömrü boyu ətrafına nur saçıb. Böyük satirik şairin 100 illiyində “Sabir” adlı sanballı oratoriya yazmış gözəl bəstəkar, Xalq artisti Cahangir Cahangirov də Balaxanıda doğulub. Bu kəndin adının belə böyük şəxsiyyətlərlə bir çəkilməsi balaxanılıları qürurlandıran faktlardandır.
İsrafil Nəzərov 9 övlad atası olub. Hamısı da ali təhsilli müxtəlif peşə sahibi kimi atalarının adına layiq olmağa çalışıb. Böyük oğlu – bir vaxtlar AzTV-də birgə çalışdığım Cahid Nəzərov tanınmış rejissor və Əməkdar incəsənət xadimi idi. Milli televiziya mədəniyyətinin inkişafında mühüm rol oynayıb. Xəzər neftçilərinin fədakar əməyinə həsr edilən “Bur Xəzərə hücum edir”, “Günəşə bir mərtəbə yaxın” kimi sənədli filmləri qalır. Onunla eyni çəkiliş qrupunda Ulu öndərin qəbullarından, görüşlərindən, keçirdiyi müşavirələrdən geniş reportajlar hazırlamışıq. Cahid müəllimin kiçik qardaşı Zahid isə televiziyanın aparıcı operatorlarından idi. Çəkilişlər zamanı onun da yaradıcılıq şövqünün şahidi olmuşam.
Arabir qardaşlarla İsrafil Nəzərovdan bəhs edirdik. Fəxrlə deyirdilər ki, ataları Mədəniyyət Nazirliyində məsul vəzifədə çalışdığı vaxt Azərbaycanda televiziya yayımının təşkili, indiki AzTV binasının inşası, onun avadanlıqla təchiz olunması, ilk kadrların işə cəlbi kimi işlərdə böyük zəhmət çəkib. Mədəniyyət naziliyində əvvəl radio və televiziya, daha sonra incəsənət və nəşriyyat sahələrinə kuratorluq edib.
...Hansısa əlamətdar bir gün idi. Dəvət olunduğumuz bütün tədbirləri kamera çatışmazlığı üzündən əhatə edə bilmirdik. Cahid Nəzərov da “Xəbərlər”in baş redaktorundan ömür-gün dostunun işlədiyi məktəbdəki tədbirə çəkiliş qrupu göndərməyi xahiş etmişdi. Amma... Bunu eşidən AzTV sədri Nizami Xudiyev əsəbi halda redaktorumuzu danladı: “Cahid müəllimin atası İsrafil Nəzərov televiziyanın yaradıcılarından olub. Özü isə ömrünü buraya həsr edib. İndi siz onun dediyi məktəbə göndərmək üçün kamera tapa bilmirsiniz. Bəs, o, axşam evə gedəndə nə desin? Hələ bu, bir yana, həyat yoldaşı sabah məktəbdə müəllim yoldaşlarının üzünə necə baxacaq? Ayıbdır. AzTV-də haqqı olan bir ailənin istəyi mütləq yerinə yetirilməlidir”. Bu danlaq-dansaqdan sonra həmin məktəbdəki tədbir də çəkilərək axşam efirə verildi.
İsrafil Nəzərovun Vətənə xidmətləri bir sıra orden və medallarla dəyərləndirilib. O, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Ümumdünya Jurnalistlər Birliyinin Qızıl medalı, AJİ-nin “Qızıl qələm” mükafatı ilə də təltif edilib.
Yüksək insani keyfiyyətləri və sadəliyi ilə fərqlənən İsrafil Nəzərov hər kəsə əlindən gələn köməyi edib. “Kommunist”in baş redaktoru olarkən işçisi və dostu Seyfəddin Dağlının elçisi kimi Cəfər Cabbarlının ömürdaşı Sona xanımın qapısını döyüb və onun qızı Gülarəni gənc yazıçı üçün istəyərək müsbət cavab alıb.
Tanınmış şəxsiyyət gənclik illərində Mikayıl Müşfiqlə də dost olub. Şairin həyat yoldaşı Dilbər xanımın “Müşfiqli günlərim” kitabında bu barədə qeydlər var. İsrafil Nəzərov xatirələrində bildirirdi ki, Müşfiq onların Balaxanıdakı evlərində çox olub və ailə albomuna şeirlərindən nümunələr də yazıb. Hətta İsrafil müəllim həmin alboma Müşfiqin öz əli ilə yazdığı misralara əsasən bəzi nəşrlərdə səhv getmiş şeirlərin orijinala uyğunlaşdırılmasını təmin edib. O həmin lirik şeirlərin orijinalını Nizami adına Ədəbiyyat Muzeyinə bağışlayıb.
Şair İlyas Tapdıq isə “Ulduz” jurnalında çap etdirdiyi “50-ci illərin ədəbi gəncliyi” yazısında məhz İsrafil Nəzərovun dəstəyi ilə təyinatının Maarif Nazirliyindən alınaraq Mədəniyyət Nazirliyinə verilməsini və oradan da Radio Komitəsinə işə göndərilməsini minnətdarlıqla xatırlayırdı. Rəşid Mahmudovun 2000-ci ildə “Xalq qəzeti”ndə dərc olunmuş “Jurnalistikamızın İsrafil müəllimi”, Cəmil Əlibəyovun “525-ci qəzet”də çıxmış “Əməli hikmət – ilahi məhəbbətdir” adlı oçerklərində, digər çoxsaylı müəlliflərin yazılarında Azərbaycan jurnalistikasının formalaşmasında əvəzsiz rolu olan ziyalının həyat yolu geniş işıqlandırılıb.
Əli NƏCƏFXANLI
XQ
Baxış sayı:116
Bu xəbər 25 Avqust 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















