Emeri keçmiş komandasından qisasını almağa çalışacaq
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün avrokubokların 2026/27 mövsümündə ilk qalib müəyyənləşəcək: Avstriyanın Zaltsburq şəhərində Avropa Superkuboku (AS) oyunu keçiriləcək. Ümumilikdə 51-ci olacaq dueldə PSJ ilə “Aston Villa” qarşılaşacaq.
Hər iki komanda indiyədək AS-də bir dəfə qalib gəlib. 2024/25 mövsümündə Çempionlar Liqasında (ÇL) ilk dəfə çempion olan PSJ uğurunu davam etdirməyi bacarıb. 2025-ci il mayın 31-də Münhendə keçirilən finalda “İnter”i 5:0 hesabıyla məğlub edən Luis Enrikenin komandası tarixində ikinci dəfə AS-də oynamışdı. Xatırladaq ki, bu avrokubokda ilk dəfə 1997-ci ildə çıxış edən parislilərin debütü çox uğursuz alınmışdı. Onda UEFA Superkubokunun qalibi ikioyunluq mübarizədə müəyyənləşirdi. Evdə “Yuventus”a 1:6 hesabıyla uduzan paytaxt klubu İtaliyadakı cavab görüşündə 1:3 hesablı məğlubiyyətdən qaça bilməmişdi. İki oyunun ümumi nəticəsinə görə rəqibinə 7 top fərqi ilə boyun əyən PSJ turnirin tarixinə ən böyük hesabla uduzan klub kimi düşmüşdü. Ümumiyyətlə, paytaxt təmsilçisi Superkubok matçında iştirak edən yeganə Fransa klubudu. PSJ-nin bir il əvvəl – avqustun 13-də İtaliyanın Udine şəhərindəki ikinci cəhdinin uğurlu alındığını da xatırlatmalıyıq. Onda İngiltərənin digər təmsilçisi “Tottenhem”lə keçirilən matç çox maraqlı alınmışdı. Londonlular 48-ci dəqiqədə 2:0 hesabıyla önə keçsələr də, favorit statusunu daşıyan PSJ Li Kan İn ilə Qonsalo Ramuşun (hər ikisi bu yay Parisi tərk edib) son dəqiqələrdə vurduğu qollarla sensasiyaya imkan verməmişdi. Reqlamentə əsasən, bu avrokubokda əlavə vaxt nəzərdə tutulmadığından birbaşa penalti seriyası tətbiq olunmuş, ÇL-in qalibi seriyada 4:3 hesablı üstünlük əldə etmişdi. Fransanın Superkuboku qazanan 13-cü ölkə olduğunu da qeyd edək.
Parislilər ÇL-in ötən mövsümünün finalında “Arsenal”ı əsas və əlavə vaxtı 1:1 hesabıyla nəticələnən matçdan sonrakı penalti seriyasında məğlub etməklə titulu qoruyublar. Komandanı 2023-cü ildən çalışdıran Luis Enrike ilə bağlı faktlar daha cəlbedicidi. O, Superkuboku oyunçu və məşqçi kimi başı üzərinə qaldıran 5 futbol adamından biridi. Luis Enrike bu planda Karlo Ançelotti, Xosep Qvardiola, Dieqo Simeone və Zinəddin Zidanın sırasına daxildi. 56 yaşlı ispaniyalı 1997-ci ildə “Barselona”nın futbolçusu, 2015-ci ildə isə baş məşqçisi kimi sevinib. Luis Enrikenin Avropada Qvardioladan sonra mövsümü iki dəfə “trebl” ilə başa vuran ikinci məşqçi olduğunu da vurğulayaq. O, ilk dəfə 2014/15 mövsümündə “Barselona” ilə “qızıl het-trik” edib.
“Aston Villa” Avropa Superkuboku turnirində ikinci dəfə çıxış etmək hüququ qazanıb. İngiltərə təmsilçisinin bu yöndə ilk cəhdi 1982-ci ilə təsadüf edib. Birmingemlilər onda Çempionlar Kubokunun (ÇK) qalibi kimi Kuboklar Kubokunun ən güclüsü olan “Barselona”nı iki oyunun (0:1, 3:0) nəticəsinə əsasən üstələyiblər.
“Aston Villa” ötən mövsüm Avropa Liqasının (AL) finalında “Frayburq”dan üstün olub. Mayın 20-də Türkiyənin İstanbul şəhərində keçirilən finalda Yuri Tilemans, Emiliano Buendiya və Morqan Rocersin vurduqları qollar birmingemliləri tarixində 3-cü dəfə avrokubokun qalibi edib. Onların 44 ildən sonra ilk dəfə qitə kubokunun qalibi olduqlarını da vurğulayaq.
Əlbəttə, Unay Emerinin qitə arenasındakı uğurları başqa bir aləmdi. Əvvəla onun mayda karyerası ərzində avrokubokların finalında 6-cı sınağını verdiyini xatırladaq. Onun komandaları bütün hallarda AL-in həlledici oyunlarının iştirakçısı olublar. İspaniyalı mütəxəssis bu planda yalnız Covanni Trapattonidən geri qalır. İtaliyalı məşqçi “Yuventus”, “İnter” və “Bavariya” ilə 7 dəfə avrokubokların finallarının həyəcanını yaşayıb. Emeri AL-i 5-ci dəfə qalib başa vurmaqla öz rekordunu yeniləyib. 2014-16-cı illərdə “Sevilya”nı, 2021-ci ildə “Vilyarreal”ı turnirdə qələbəyə daşıyan 54 yaşlı məşqçinin komandalarından yalnız “Arsenal” 2019-cu ildə Bakıda keçirilən həlledici matçda “Çelsi”yə məğlub olub (1:4). Emeri AL-də üç müxtəlif klubla qalib gələn ilk məşqçi kimi tarixə düşüb!
O, əsas avrokuboklarda 5-ci titulunu qazanmaqla daha üç mütəxəssisə məxsus rekordu təkrarlayıb. İspaniyalıdan əvvəl Karlo Ançelotti (ÇL-də 5 qələbə), Joze Mourinyo (ÇL-də 2, UEFA Kuboku/AL-də 2 və Konfrans Liqasında 1 qələbə) və Trapattoni (ÇK-da 1, UEFA Kubokunda 3 və Kuboklar Kubokunda 1 qələbə) də qitə arenasında 5 əsas turnirin qalibi olmuşdular. Ümumiyyətlə, Emeri karyerasında 12 titul qazanıb. Bu uğurlardan yalnız biri ölkə çempionluğudu ki, onu məhz PSJ ilə reallaşdırıb! Bəli, parisliləri 2016-18-ci illərdə məhz o çalışdırıb və 7 titul qazanıb.
Bu yerdə Emerinin hazırkı komandası ilə qitə arenasında PSJ-yə qarşı duellərini də yada salaq. “Aston Villa” ÇL-in 2024/25 mövsümünün 1/4 finalında Parisdə 1:3 hesabıyla uduzandan sonra evdə 3:2 hesablı qələbə qazanmasına baxmayaraq, mübarizəni dayandırıb. Deməli, Emeri keçmiş komandasından qisasını almağa çalışacaq.
Superkubok matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Zaltsburq şəhərindəki “Red Bull Arena” stadionu uzun illər oyuna səhnə olan Monakodan təşkilatçılıq hüququ alınandan sonra matçın keçiriləcəyi 14-cü arena olacaq. Son illər ÇL və AL-in qaliblərinin duelləri Praqa, Kardiff, Tiflis, Tronheym, Skopye, Tallin, İstanbul, Budapeşt, Belfast, Helsinki, Pirey, Varşava və Udinedə baş tutub.
Budəfəki matça afrikalı hakimlərin təyinat alması da xüsusi vurğulanmalıdı. Oyunda somalili Omar Artan fit çalacaq. Ona cibutili Liban Ahmed ilə keniyalı Stefen Yiembe kömək edəcəklər. Bu təyinat UEFA ilə Afrika Futbol Konfederasiyası arasında imzalanan Əməkdaq Memorandumu çərçivəsində reallaşıb. 2025-ci ildə Afrikanın ən yaxşı hakimi seçilən Artan DÇ-2026-nın oyunlarını idarə edənlərin siyahısına daxil idi. Lakin 35 yaşlı referiyə əsas təşkilatçı ölkə olan ABŞ ərazisinə daxil olması üçün viza verilməmiş və bu hadisə dünya futbolunda ciddi narazılığa yol açmışdı.
Maraqlıdı...
ÇL-in (ÇK-nın) qalibləri AS-də indiyədək baş tutan 50 dueldən 30-nu qələbə ilə başa vurublar. AL-in qalibi kimi titula sahib çıxan sonuncu komanda “Atletiko” olub. Madridlilər 2018-ci ildə həmyerliləri “Real”a 4:2 hesabıyla qalib gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 12 Avqust 2026 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















