Icma.az
close
up
RU
ƏN QOCAMAN VƏ ƏN PÖHRƏ ÇİNARLARIN YAŞIDI Rafael Hüseynov yazır

ƏN QOCAMAN VƏ ƏN PÖHRƏ ÇİNARLARIN YAŞIDI Rafael Hüseynov yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rafael HÜSEYNOV
Akademik

Hamımız torpağınıq. İnsan oğlu torpaqdan yaranır, torpağın üstündə yaşayır, torpağın üzərində qurur, yaradır və son olaraq yenə torpağa qovuşur. Torpağı torpaq eləyən insandır. Dünyanın hər yerindəki torpaq torpaqdır. Ancaq dünyanın o başındakı torpaqla üzərində yaşadığın, sənə doğma vətən olan torpağı fərqləndirən odur ki, orada sənin tarixin var. Orada səni bu yurda bağlayan min bir tel var.

Və təbii, hər insan doğulduğu yer, yurd haqqında, övladı olduğu torpaq haqqında ömrü boyu mütləq düşünür. Rəsul Rza da, əlbəttə ki, həmin düşüncələrə dəfələrlə dalmışdı, Nigar Rəfibəyli də dönə-dönə bu haqda fikirləşmişdi. Əlində qələm olan, düşüncəli, duyğulu insan bu fikirlərsiz yaşaya da bilməz.

Və günlərin birində Rəsul Rza o qəbil düşüncələrin cövhəri sayıla biləcək bir şeir də yazdı - “Mən torpağam”. O şeirdə torpağı torpaq edən bütün dəyərlərin də izi var, Rəsul Rzanın öz bioqrafiyası, dünyaduyumu, həyata baxışları da əks olunub. O şeir bu misralarla başlanırdı ki, “mən torpağam, məni atəş yandırmaz”. Niyə torpağı atəş yandırmaz? Su alışan alovları söndürəndir, ancaq suyun özünün də od tutub yana biləcəyini el bayatısı çoxdan təsdiqləyib (Dərdimi suya dedim, Alışdı, su da yandı). Təkcə torpaq yanmır və torpağın niyə yana bilməməsinin də cavabını Rəsul Rza anladırdı. Həm birbaşa cavabdır, amma həm də o bilavasitə cavabın fəlsəfəsi, dərin hikməti də var.

Mən torpağam, məni atəş yandırmaz.

Tərkibimdə kömürüm var, külüm var.

Tərkibində kömürü və külü varsa, demək, o torpaq dönə-dönə yanıb kömürləşib, kösövləşib, nəhayətdə külə çevrilib. Odur ki, onun daha yanmaqdan qorxusu yoxdur.

Rəsul Rza özü həyatı boyu belə oldu. Yanmaqdan, alovların onu qarsmasından çəkinmədi, daim qorxmadan odlara doğru getdi.

Dönə-dönə müxtəlif sınaqlardan keçəndən, vaxtın min bir məngənəsini arxada qoyandan sonra onun artıq yanmaqdan, hansısa büdrəmələrdən, hansısa maneələrin ağırlığından nə hürküsü olasıydı ki?!

Həyatın müəllimlərin ən güclüsü olan məktəbi onu mübarizələrə alışdırmışdı.

Torpağın köksündən bulaqlar qaynayıb çıxır, torpağın başı üzərindən küləklər əsib keçir. Rəsul Rza həmin şeirində özünü bulağa da bənzədirdi, torpağın, yurdun başı üzərində əsən küləklərə də.

Mən küləyəm, əsməsəm,

Kim bilər ki, mən varam?!

Bir var yüngülcə yel əsib keçsin, bir də var dəlisov küləklər cövlan etsin. Rəsul Rzanın payına düşən vaxt kəsiyi elə idi ki, qasırğalar aram tapmırdı.

Fırtınalar əyyamında küləksənsə, gərək elə əsəydin ki, qasırğalar səni udmayaydı, çovğunlara sinə gərməyi bacarmalıydın ki, girdablar səni udmasın. Lakin hərəkətsiz və biganə də qalmaq olmazdı. Ona görə də Rəsul Rza deyirdi ki, mən küləyəm, əsməsəm, kim bilər ki, mən varam. Varlığını sübut etməli idi və Rəsul Rza da ilk gəncliyindən başlayaraq ömrünün sonunacan “mən varam” həqiqətini sübut etməyə çalışdı - şəxsiyyəti, mübarizələri, qələmi, düşüncələri ilə.

Özünü çeşməyə oxşadırdı, “Mən bulağam, tapşırıqla axmıram” deyirdi. Nəfəsi gedib-gələn son günlərinəcən ötkəm oldu, daxili sərbəstliyini, ruhunun azadlığını əldən vermədi. Rəsul Rza elə bir siyasi mühitin içərisində yaşayırdı ki, insan sağa-sola baxanda da, bir söz deyəndə də, hətta gündəlik həyatını yaşayanda da mütləq nələrisə nəzərə almalıydı. Cəsarətin, müəyyən həddən çıxmaların özünün belə irəlicədən şərtləşdirilmiş, qanunlaşdırılmış, müəyyənləşdirilmiş, razılaşdırılmış çərçivələr hüdudunda olduğu zamanlarda Rəsul Rza heç vaxt qəliblərə, çərçivələrə sığmadı. Ona görə bulaqsayağı azad olduğunu, heç kəsin buyruğuyla hərəkət etmədiyini bəyan edəndə səmimi və bir kəsin yanında gözükölgəli olmamasından məmnun idi.

Düyməsi yuxarıdan basılanlardan olmadı - heç vaxt tapşırıqla söz demədi, ürəyindən keçəni, düşüncəsindən gələni söylədi. Ona görə də dövrlər, siyasi mühitlər dəyişsə də, yüksək insançı məna daşıyan o deyişlərin heç biri kəsərini itirmir.

Torpağı torpaq edən onun üstündəki insan, insanı insan edən köksündə çırpınan ürəkdir. Ona görə də Rəsul Rza özünü elə bir bütöv könül sayaraq “mən ürəyəm, döyünməsəm ölərəm” deyirdi.

Hər insan kimi, Rəsul Rza da həyatını yaşadı, getdi. Ancaq onun duyğun ürəyi döyünməkdə davam edir. Çünki ürəyinin döyüntülərini şeirlərinə köçürmüş, misralarıyla sinxronlaşdırmışdı.

O səbəbdən də hər şeiri diri qaldıqca, hər misrası səsləndikcə Rəsul Rzanın nəbzi də çarpacaq, ürəyi də döyünməkdə davam edəcək.

...Hər şair, hər yazıçı dilə, sözə borcludur. Dil olmasa, sözlər yoxsa, nə şair var, nə yazıçı. Söz - şairin, yazıçının özünü ifadə etməsinin vasitəsi, körpüsüdür. Ancaq söz də, dil də qarşılıqlı olaraq güclü şairlərə, qabil ədiblərə borcludur. Çünki dilin içərisindəki fəzanı genişləndirən, sözün daxilindəki məna qatları və çalarlarını daha başqa şəkildə nümayiş etdirməyi bacaran məhz ədiblər, onların mahir qələmləridir.

Və Rəsul Rza da yolunun başlanğıcından sözə həmdəm kimi baxdı və məsuliyyətli münasibət bəslədi. Həmişə sözün üstündə əsdi, dilin təəssübünü və qayğısını çəkdi. Sözü incidənləri də heç vaxt bəyənmədi. Sözün xətrinə dəyilməsi anlayışı altında Rəsul Rza heç vaxt yalnız hansısa sözü yerində işlətməməyi düşünmədi, sözə qarşı saxtakarlıq etməyi də dilə münasibətdə bir başqa dönüklük saydı.

Ana dilini qorumağı Rəsul Rza ta cavanlığından etibarən elə vətənin sərhədlərini mühafizə etmək kimi qavradı və Rəsul Rzanın da ömür möhləti elə gətirmişdi ki, o, dilimizin olmazın çətin sınaqlardan keçməli olduğu sovet onillərində yaşadı, 3 əlifba dəyişiminə şahid oldu.

Rəsul Rzadan qalan bütün əlyazmalarını birər-birər araşdırmışam. Mühüm qismi ərəb əlifbasındadır. İlk gəncliyində öyrəndiyi ərəb əlifbasından ömrünün sonunacan əl çəkmədi, artıq kirilə tam keçmişdisə də, köhnə yaddaşla hərdən latınla, bəzən də əski əlifba ilə yazmaqda yenə davam edirdi. Bir yaş nəslinin ömründə üç əlifba əvəzlənməsinin olması ağrı, bir millətin taleyində bir neçə əlifba dəyişiminin varlığı böyük dərd, lap əsl adı ilə ifadə edilirsə, faciədir.

Və bu əlifba dəyişmələrinin hər biri də müəyyən siyasi əks-sədalarıyla Rəsul Rza ömrünə təsirini göstərmişdi.

1950-ci illərin sonlarında, 1960-cı illərdə Kremldən gələn dalğaların təsiri ilə ana dilimizin sıxışdırılması, kürsülərdən kənarlaşdırılması, rəsmi yazışmaların, yığıncaqların, böyük toplantıların əksərinin rus dilində aparılması, təbii ki, ana dilinin keşiyində dayanan Rəsul Rzanı daxilən əzməyə, incitməyə bilməzdi. Ancaq o, görüb-duyduqlarına gendən biganə baxanlardan deyildi. Millətinə, dilinə qarşı bu münasibət vardısa, mütləq onun etirazçı səsi gəlməliydi və gəlirdi də.

Bu səs ən başda onun sətiraltı, hərdənsə elə açıqca hissediləcək dərəcədə qabarıq sətirüstü ifadələriylə dikbaş şeirlərindən dikəlirdi. Rəsul Rzanın 1967-ci ildə qələmə aldığı “İtiyazan qızlar” şeiri o çağların bəhrələrindəndir. Əvvələn, şair elə sərlövhədəncə dilimizə daha bir təzə söz gətirib, “stenoqrafist” kəlməsini azərbaycancaya “itiyazan!” kimi oturdub.

Sovet dövründəki dövlət və partiya əhəmiyyətli yığıncaqlar və müşavirələr əvvəldən-axıracan sözbəsöz yazıya alınardı.

Rəsul Rzanın şeiri elə hər kəsin təqribən hər gün gördüyü və belə də olmalıymış kimi qəbul etdiyi həmin gedişat haqqında idi.

Qan-tər içində nitqləri durmadan kağıza köçürənlər rus dilindəki mətnləri yazanlardır - çıxışçılar hamısı rusca danışır. Azərbaycan dilindəki nitqləri yazmalı olan qızlar əsnək döyür - azərbaycanca danışanlar yoxdur.

İş ondadır ki, o çağlar elə vərdiş yaradılmışdı ki, nəinki rusca təhsil almış, bu dili yaxşı bilən azərbaycanlılar, hətta rus dilini qart-qurt, ləhcəylə, təhrif edə-edə danışanlar da toplantılarda rusca danışmağa üstünlük verirdilər, az qala rusca bilməmək, rusca danışmamaq əskiklik kimi qəbul edilirdi.

Rəsul Rza bu şeiri yazmışdı və sovet senzurası iti qayçısıyla ortada idi və bircə misra da onun sayıq gözündən yayınaraq çap edilə bilməzdi. Nəşr, dərc ediləsi istənilən yazıda siyasi nöqteyi-nəzərdən bir “əmma” görsəydilər, onun qəzetə, mətbuata çıxmasına qətiyyən yol verməzdilər. Rəsul Rza isə ustaydı, elə yazmağı bacarırdı ki, həm həqiqəti desin, həm də senzorun qırmızı qələmi onun yazdıqlarını seçdirərək budaya bilməsin.

Natiqlər qalxdı kürsüyə,

Natiqlər düşdü kürsüdən.

Kimi yeni maşınlardan danışdı,

kimi məhsuldan,

kimi balıq kürüsündən.

Qızlardan ikisi yazdı

Alnında damcı-damcı tər.

Biri oturdu bekar,

qarşısında yonulmamış qələm,

yazılmamış vərəqlər.

1950-ci illərin sonlarında, 1960-cı illərdə Azərbaycan cavanlarının bir neçə gizli antisovet təşkilatı olmuşdu ki, əsas hədəflərindən biri elə ana dilinin qorunmasından ibarətdi. Rəsul Rzanın və eyni ruhun daşıyıcısı olan oçağkı digər söz ustalarımızın belə cəsarətli şeirləri həmin gəncləri ruhlandırır, cəsarətləndirir, həyatlarını, gələcəklərini risklər altında qoyaraq qoşulduqları mübarizə yolunun gərəkliyinə onlardakı inamı qüvvətləndirir, böyük ölçüdə onlara hayan olurdu.

O dövrdə Sovet İttifaqı respublikalarının bir neçəsində də milli dillərə aşağılayıcı münasibətə qarşı etirazı ifadə edən gizli təşkilatlar yaranmışdı. Həmin təşkilatlarda birləşən vətənpərvər gənclərin aqibəti sərgüzəştli oldu. Bəzilərini həbs etdilər, bəzilərini guya psixoloji, ruhi çatışmazlıqları var deyə dəlixanalara yerləşdirdilər, bəzilərinəsə necə təpindilərsə, sonra ömürlərinin axırınadək özlərinə qapılaraq yaşamağa vadar qaldılar. Ancaq o mübariz ruh sınmadı, insan-insan ötürüldü və milli dillər ayrı-ayrı respublikalarda, o sıradan Azərbaycanda möhkəm ayaq üstündə dura bildisə, burada Rəsul Rza kimi və həmin təpərli vətənpərvərlərin unudulmamalı müstəsna xidmətləri var.

Rəsul Rza Azərbaycan dilində yazıb-yaradırdı. Azərbaycan dili ona babaların yadigarı idi. O sözlər ki ona keçmişlərdən gəlib çatmışdı, onun da qələmində və dilində vardı. Amma həmin sözlərə Rəsul Rza yeni mənalar yükləyə, onları içəridən böyüdə bilirdi. Ancaq bununla da ürəyi soyumurdu. Rəsul Rzanı tanıyanlar, onun yaradıcılığına bələd olanlar yaxşı bilirdilər ki, Rəsul Rza Azərbaycan dilinin söz imkanlarını genişləndirmək yolunda həm özü çalışır, həm də bunu təşviq edirdi. Ondan Azərbaycana bir qatar yeni söz yadigar qaldı. İşlənməkdə davam etsələr də, ağır səslənişləri ilə dilimizə yük olan xeyli ərəb-fars kəlməsini saf Azərbaycan sözləri ilə, türk əsilli kəlmələrlə əvəz etdi. Hərdən el dilində qalan, amma ədəbi dövriyyədə olmayan sözləri dirçəldərək müasir şeirimizə və nitqimizə gətirdi, bəzən bəlli sözlərimizi qovuşduraraq onlardan yeni kəlmələr yaratdı və bunların da bir çoxu yazıda, nitqdə işlənməyə başladı. Zaman keçəndən sonra çoxlarının heç xəbəri olmadı ki, bunları yaradan Rəsul Rzadır. Məgər haçansa bir el bayatısını qoşan, bir xalq nəğməsini yaradan, bir ata sözünü vücuda gətirən insan düşünərdimi ki, haçansa onun da adı bu yaratdığının yanında səslənəcək? Bunu ona görə edirdilər ki, ürəklərinin istəyi belə idi, millətə xidmətin min yolundan biri kimi sözə xidməti də vacib sayırdılar.

Rəsul Rzada dillərə münasibətdə həssaslıq həmişə olub. Gənclik dövründə, 20 yaşında ikən Bakıya gəlib çatanda, elə özünün də yazdığı kimi, hələ rus dilini kifayət qədər yaxşı bilmirdi. Ancaq qısa zamandan sonra rus dilini elə mükəmməl mənimsədi ki, o dildən çox gözəl tərcümələr etməyə başladı.

1938-ci ildə gənc Rəsul Rza Azərbaycan Filarmoniyasının direktoru idi. Moskvada Azərbaycanın ilk ədəbiyyat və incəsənət ongünlüyü keçirilirdi. Azərbaycan sənətkarları sovet lideri zəhmli Stalinin qarşısında çıxış edirdilər. O konsertlərin aparıcısı Bakı Filarmoniyasının direktoru, şair Rəsul Rza idi. Ruscanı səlis bilməsəydi, digər konfransyeləri kənara qoyaraq belə ifrat məsul səhnədə aparıcılığı ona tapşırmazdılar ki. O konsertlərdəki təqdimatlarla bağlı bir məşhur əhvalat da gəlib çatıb bizlərə.

Rəsul Rza çıxır, növbəti ifa edəcək musiqi nömrəsini elan edir: “Ürək nəğməsi”. Bəstəkar Qara Qarayev”. Stalin yerindən sual verir: “A slova çği?” (“Sözlər kiminkidir?”). Rəsul Rza qayıdır ki, “Slova moi, tovarih Stalin” (“Sözlər mənimkidir, yoldaş Stalin”). Stalin yenə dillənir: “Nado obcəvlətğ!” (“Elan etmək lazımdır”).

Rəsul Rzanın filarmoniyada işlədiyi dövrdə də, Azərbaycan Yazıçılar İttifaqının sədri olduğu dönəmdə də, daha sonralar, Azərbaycan kinosuna başçılıq etdiyi zamanlarda da bütün başqa işlərindən savayı vacib xətlərindən biri də dili qorumaq idi.

Rəsul Rzanın xarici dillərlə “xoş münasibəti”, onlara tez isinişə bilməsinin bir səmti onun ruscanı qısa zamanda yaxşı öyrənə bilməsi idisə, digər istiqamət də onun daha əvvəllərdən az-çox bələd olduğu farscanı gərək olduğu anda - 1940-cı illərin əvvəllərində Nizami məsnəvilərinin farscadan azərbaycancaya bədii tərcümələri məsələsi ortaya çıxanda və özünün də bu işə qarışması zəruriyyəti yarananda qısa vaxt ərzində təkmilləşdirərək işlək səviyyəyə çatdırması oldu.

Farscanı Rəsul Rzanın yaxşıca bilməsinə şahidim ilk sırada öz arxivi, əlyazmalarıdır. Nizaminin “Xosrov və Şirin”ini çox qəlbəyatan səslənişdə və dəqiqlikdə tərcümə edib. Əlbəttə ki, mətnin sanballı sətri tərcüməsi, “Xəmsə”nin digər tərcüməçiləri kimi, onun qarşısında da vardı. Ancaq Nizami Gəncəvinin “Xəmsə”sindəki mətnlərin ana dilimizə 1940-cı illərdəki tərcüməsinin belə gözəl alınmasının əsas səbəblərindən biri ondan ibarət idi ki, sətri tərcümələrdən savayı Səməd Vurğun özü də farscanı bilirdi, Süleyman Rüstəm də həmin təhər, Abdulla Şaiq də o sayaq, Mikayıl Rzaquluzadə də o cür, Mübariz Əlizadə üçünsə uşaqlığından bildiyi farsca ona elə ana dili kimi idi (Süleyman Rüstəm “Məxzən ül-əsrar”ı, Rəsul Rza “Xosrov və Şirin”i, Səməd Vurğun “Leyli və Məcnun”u, Mikayıl Rzaquluzadə “İqbalnamə”ni, Abdulla Şaiq “Şərəfnamə”ni çevirmişdi və rəsmən “Həft peykər”in tərcüməçisi Məmməd Rahim yazılsa da, əslində o çevirmənin müəllifi Mübariz Əlizadədir.). Rəsul Rza da farscanı duya bildiyindən misraların dərinlərindəki məna çalarlarını, incəlikləri çatdırmağa müvəffəq olmuşdu.

Yəni Rəsul Rzanın dilə münasibəti həmişə həssas olmuşdu, onda dil öyrənməyə maillik də vardı, qarşısına məqsəd qoysaydı, bir neçə başqa dili də gərəyincə və o dillərdən də, olsun ki, çox gözəl tərcümələr edə bilərdi. Ancaq bunların fövqündə Rəsul Rzanın bildiyi daha vacib bir dil vardı ki, ona sahib olmaq çox zaman heç 20-30 dil bilən poliqlotlara da nəsib olmur.

Tariximizdə, mənəviyyatımızda da Rəsul Rzanı həmişə yaşadacaq əsas hikmət də məhz o dilə danışıqsız sahibliyi idi.

O, insan lisanının hər üzünə bələd idi. O, insan ruhunun dilinin çox mahir tərcümanı idi. Bu o yerdir ki, daha kimin hansı dildə, hansı sözlərlə danışmasına bənd olmağa ehtiyac qalmır, dilini ilk dəfə eşitdiyini də anlamağa qadir olursan. Bəlkə peyğəmbər Süleymanın quşların, heyvanların dilini də bildiyini təsdiqləyən əsatir sözün birbaşa deyil, məcazi mənasını nəzərdə tuturmuş? Yəni Süleyman peyğəmbər uçarlara və qaçarlara elə məhrəmmiş ki, onların nə “danışdıqları”nı da anlayacaq gücdəymiş.

Müxtəlif dillərdən edilən tərcümələr öz yerində, ancaq insanın içərisinin tərcümanı ola bilmək hətta saysız dilləri əladan-əla bilən, qələmi də mahir olan, hər sənətkara qismət olan səadət deyil. Rəsul Rza kimi insancanı bilən şairlərin yazdıqları hansı dilə çevrilsə, o dilin adamları onu elə öz doğma şairləri kimi duyacaq, anlayacaq, sevəcək. Rəsul Rzaya görə, hansı dildə yazılmağından asılı olmayaraq şeiri anlamağın tək yolu var - qanmaz olmasan yetər:

Hər kim nə deyir-desin!

Şeir dili aydındır.

İstəyirsən sevincdən,

istəyirsən qəmdən yaz.

Elə aydındır bu dil,

nadan yüz yol oxusun -

yenə bir şey anlamaz.

Rəsul Rzanın bir çox şeirləri var ki, onları axırıncı şeiri kimi yazıb. Həmin şeirdən sonra daha olmasaydı da, ədəbiyyata və əbədiyyətə sözünü demiş kimi idi. Həmin şeirlərin hər biri də onun həm bütöv yaradıcılığına önsöz (ya sonsöz) ola bilər, ya da yazdıqlarının hamısını nəhəng bir kitabda toplayaraq üstünə “Külliyyatı”, yaxud “Seçilmiş əsərləri” əvəzinə ayrı bir başlıq qoymaq istəsən, ən sərrast sərlövhə kimi uyğun gələr.

“İnsan şəkli” Rəsul Rzanın məramnaməsi sayılası həmin şeirlər cərgəsindəndir. Əslində onun bütün yaradıcılığı insan mənzərələridir - bəşər övladı, onun içəri dünyası, düşüncə, duyğu aləmi, sevinci, ağrısı, ümidi, həsrəti, qəzəbi, mərhəməti.

Və Rəsul Rza təkrarsızlığı ondadır ki, bu şeirdə (və bütün irsində) insan mənzərələrini - ən müxtəlif çöhrələrdən və təbiətlərdən ibarət palitranı Rəsul Rza insan dilini həssaslıqla bilərək canlandırmağı bacarıb.

Mənə bir sərgi salonu verin,

Orda bir insan şəkli asacağam -

                     adi bir insan.

Nə elə kiçik ki, məhəl qoymayasan,

nə elə böyük ki, baxanda qorxasan.

Orda bir insan şəkil asacam,

görünsün dünyanın hər yerindən;

zamanın keçmişindən,

dövranın indisindən,

əsrin gələcəyindən.

Kimdir o sərgi salonunda - insanlıq sərgisində şəkli düzülənlər? Onları əslində hamı tanıyır. Çünki onların hər biri insanlığın keçib gəldiyi əzablı, səadətli, fərəhli, dərdli, arzusu tükənməyən, ümidləri əskilməyən uzundan-uzun yolçularıdır və onların hər biri elə həm də sənsən, mənəm, bizik. O portretlər cərgəsinin də rəssamı Vaxtın Sahibi, Vaxtın özüdür:

Bir insan şəkli asacam -

qapalı dodaqlarında söz yanığı,

ətrafında bayram təntənələri.

Baxışında sınaq günləri,

dözüm sənələri.

Şəklin müəllifi - Zaman.

Adı - insanlığın ömür yolu.

Rəsul müəllim dahi bəstəkarımız Qara Qarayevlə ömrü boyu dost olmuşdu. 1938-ci ildən onların arasında başlanan yaradıcılıq əməkdaşlığı sonrakı onillər boyu da davam etdi. Ancaq bu birbaşa yaradıcılıq əməkdaşlığından daha əvvəl və daha üstdə onların həmfikirliyi, həmduyğuluğu, həməqidəliyi dayanırdı. Tez-tez birlikdəydilər və onlar eyni fikir cəbhəsinin, eyni məslək yolunun adamları idilər.

O da, bu da yenilikləri sevən idi. O da, bu da çərçivələrə sığmayan idi. Ona görə Rəsul Rza yazılarında Qara Qarayevi təqdir edir, Rəsul Rza əleyhinə hansısa həmlələr başlayanda Qara Qarayev ona qahmar çıxırdı (Bu etibarlı dostluq onların ömürlərinin bitəcəyinədək davam etdi. Rəsul Rza 1981-ci ildə Bakıda keçinəndə Qara Qarayev Moskvada xəstə yatağında idi və oradan bura qüssəli teleqram göndərmişdi: “Şərq xalqlarının parlaq poeziya ulduzu söndü. Böyük şairin və insanın geniş, xeyirxah ürəyi susdu. Azərbaycan xalqının mədəniyyətinə əlacolunmaz itki üz verdi, onun dostları yetim qaldı”).

Və Qara Qarayevin Rəsul Rza sənətini qiymətləndirərkən bölüşdüyü incə bir müşahidə var. O, Rəsul Rzanın qələmindən çıxanları musiqi ilə tutuşduraraq “polifonik poeziya” adlandırırdı. Niyə belə düşündüyünü də Rəsulun 60 yaşı tamam olanda heç bir təklif gözləmədən yazaraq “Ədəbiyyat və incəsənət” qəzetinə apardığı, 1970-ci il iyulun 14-də dərc olunan məqaləsində xırdalamışdı.

Cazibədar səslər bolluğu, insanın içərisindəki dərinləri tərpədən melizmlər zənginliyi, səslərin min bir calağı və çalarının qovuşuğundan yaranan təkrarsız mənzərə.

Rəsul Rzanın doğurduğu bu tablo, onun insanca və insan dilində doğurduğu irs həmişə bizi də, o sərvətə duyğuyla yanaşan hər kəsi də öz əlvanlığıyla cəzb edəcək.

Rəsul Rza isə Qara Qarayevin musiqisini ədəbiyyatla deyil, riyaziyyatla müqayisə edirdi. 1978-ci ildə bəstəkar dostu haqqında yazırdı ki, ali riyaziyyat da ən sadə rəqəmlər, işarələr əsasında bünövrələnir. Qaranın yaratdığı əsərlərdə Azərbaycan melosunun xalları aydın duyulur. Bəstəkarın “Leyli və Məcnun”, “Yeddi gözəl” kimi əsərlərini xatırladan şair Qara Qarayevin yaratdığı əsərlərdə milli ahəngin musiqi sitatı kimi deyil, xalqın ali riyazi pilləyə qaldırılmış doğma ruhu olaraq duyulduğu inamında idi.

Bir yadigar xronika qalır. 1970-ci illərin sonlarıdır. Rəsul Rza Nigar xanımla Buzovnada, bağındadır. Şeirin daxilindəki gücdən söz açır və ustadı, yenilikçi Mirzə Fətəlini yada salaraq deyir ki, Axundzadənin fikrincə, əgər bir poetik əsərin dəyərini müəyyən etmək istəyirsənsə, onu mütləq başqa bir dilə tərcümə elə. Bu tərcümə zamanında məzmun, fikir itmirsə, demək ki, bu, poetik əsərdir.

Eyni meyarla Rəsul Rzanın əzbərimdə olan şeirlərini xəyalımdan keçirirəm, fikrən onları bildiyim bir neçə Şərq və Qərb dilinə çevirməyə cəhd edirəm və hiss edirəm ki, məna tam sərrastlığı ilə qalmaqdan əlavə bədii yox, hələ lap sətri tərcümə ediləndə də o sətirlərdəki şeir zərifliyi itmir.

Mirzə Fətəlinin tövsiyə etdiyinə, Mirzə Fətəlidən əxz edərək başqalarına məsləhət gördüyünə Rəsul Rza özü də ömrü boyu səliqə ilə riyaət edib və onun dünya insanını fəth edəcəyi daha gözəl gələcək hələ qarşıdadır (Düzdür, dünyaya sırınan və artıq dövlət siyasəti kimi tətbiq edilməyə başlanan süni intellekt əyyamlarının ənənəvi insanlığa son qoyub ayrı bir zaman başladacağının nisgilli ehtimalı da qaçılmaz sunami kimi üstümüzə gəlməkdədir. Buna da inanmaq istəyirəm ki, bəşəri o bəladan gec-tez xilas edib yaraları sağaldacaq vasitələr arasında insanca düşünüb insanca yaratmışların, o sıradan Rəsul Rzanın mirası yardımçı olacaq).

...Rəsul Rza köklü-köməcli, çinarları bol olan Göyçaydan Bakıya gəldi. Yolun başlanğıcında çinarları öyən bir şeir yazdı və ömrünü də çinar ömrü kimi vüqarla yaşadı. Cavanlığında yazdığı o “Çinar” şeiri onillər boyu nəşr edilən sıra-sıra kitablarına daxil edildi. Bunu özü də etdi, özündən sonra Rəsul Rza toplularını nəşrə hazırlayanlar da həmin səliqədən yan keçmədilər. Səbəbsiz deyildi. Çünki “Çinar” şeirində onun şair olmasının, dünyanı ayrı cür yox, məhz bu cür görməsinin fəlsəfəsi vardı. “Çinar” o yazılardandır ki, bir yaradıcı sanki o əsərində sonrakı bütün yolu üçün özünə təməlləri, başlıca istiqamətləri, ümdə şərtləri müəyyənləşdirir. Yaxşı tanıdığım, yaradıcılığına dərindən bələd olduğum bir neçə bəstəkarda da bunu müşahidə etmişəm. Haçansa ilk gənclikdə, başlanğıcda yazdığı bir kiçik musiqi lövhəsi elə bil ki, qəlibləşir, sonra onillərcə bəstələdikləri nə qədər müxtəlif olsa da, həmin birincinin xəfif, ya güclü əks-sədası yenilərin hər birindən sezilir. Rəsul Rzanın “Çinar”ı da bir növ onun yaradıcılığının bərəkətverici acıtmasına, mayasına döndü.

Gecə keçmiş, ulduzlar ağ, göy qara,

Söykənmişəm qocaman bir çinara.

Bir yanımdan ömür kimi axar su,

Qaçmış bu gün təbiətin yuxusu.

Təbiətin yuxusunun qaçdığı o gecədən, o şeirin yazıldığı dəqiqələrdən sonra Rəsul Rza üçün ömür çayı 45 il 10 ay 12 gün və bir neçə saat, bir neçə dəqiqə axıb keçdi.

Karvan çəkər göydə qara buludlar,

Çovğun gələr, şaxta kəsər, buz donar.

Xan çinarım əyməz məğrur başını,

Kimsə bilməz xan çinarın yaşını.

Bu elə Rəsul Rzanın öz ömür filmi oldu. Tufan da qopdu, yağış da yağdı, od qamçılı ildırımlardan da keçdi. Amma əyilmədi, büdrəmədi, sınmadı, şax dayandı. Çünki o şeiri ilə belə durmağı hələ 25 yaşındaykən bir müqəddəs dua kimi özünə təlqin etmişdi:

Gecə qara, durdum düşündüm bir az,

Dedim nədən ulu çinar yıxılmaz?

Birdən çinar dilə gəlib dedi: “Bax!

Bu torpaqda dərindən kök salaraq,

hər tərəfə uzatmışam qolumu,

övladlarım bürüyüb sağ-solumu.

O qədər uzun müddətcə dik qala bilməsinin gizlinci, hikməti elə bunda imiş - torpağına, elinə-obasına könüldən bağlılığında və tək olmamasında, övladlarının - yalnız belindən gələn uşaqlarının da deyil, fikircə, hissiyyatca, təbiətcə ona doğma olan zövq, əqidə balalarının varlığında və çoxluğunda!

Rəsul Rzanı yenilməz edən onun millətinki olması idi. Onun gücü xalqın çox dərinlərə işləmiş, mənəvi köklərinə təmənnasız sədaqətində idi.

Və Rəsul Rza çox dərinlərə işləmiş köklər həmişə sağlam qalsın, həmişə var olsun deyə, o köklərin üzərində yeni-yeni pöhrələr, budaqlar ucalsın deyə ömrü boyu vüqarlı yaşadı və yaratdı. O vüqara gendən baxıb buna özünüdartma deyən də oldu, təşəxxüs kimi mənalandıran da, xudpərəstlik hesab edən də. Kimin nə deməsindən və necə düşünməsindən asılı olmayaraq, əsl səbəbi dəqiq bildiyindən Rəsul Rza belə çinar ömründən məmnun idi və sonacan da çinarlığında sabitqədəm olaraq qaldı:

Belə məğrur durmağımla haqlıyam.

Mən kökümlə bu torpağa bağlıyam.

Rəsul Rza gəncliyində olduğu kimi, ixtiyar çağında da eyni cür düşünürdü və əslinə-kökünə bağlılıqla, məğrurluqla dolu mübarizəli bir ömür yaşadı. Amma o yol bitməyib, o ömür davam etməkdədir.

Rəsul Rzanın çətin həyatı bahasına qazandığı ən ali mükafatsa budur ki, onun da payına millətin əbədiyaşar digər seçkinləri kimi bu yurd, bu dil, bu xalq, bu torpağın üstündəki axırıncı çinar qalanadək yaşamaq bəxtiyarlığı düşdü.

Ədəbiyyatımız var olduqca, dilimiz danışıldıqca, Azərbaycan insanı bütün gələcəklər boyu bu ruhda, bu mənəviyyatda ömrünü davam etdirdikcə Rəsul Rzanın o tək “Çinar” şeiri də yaşayacaq, yaradıcılığının çinar fəlsəfəsi də davam edəcək, Rəsul Rzanın bütün yaradıcılığı da, şəxsiyyəti də Azərbaycan ədəbiyyatının ən ucalarında, ən möhtəşəm çinarlar kimi yüksələcək.

Rəsul Rzanın  biroturuma deyil, təqribən il yarıma yazdığı ayrı bir çinarlı şeiri də var. 1976-nın iyununda başlayıb, 1977-nin oktyabrında bitirib. İlk çinarlı şeirini Azərbaycandan aralıda, Yaltada yazmışdı, bu sonuncunu Bakıda başlayıb, Göyçayda tamamlayıb. “Çinar ömrü” adlı bu şeirini Rəsul Rza ilk dəfə uşaqkən gördüyü, ondan 430 il yaşlı olan ağaca həsr etmişdi. Göyçaydakı o gövdəli çinar 500 yaşının dolmasına bircə il qalmış qurumuşdu. Uzun ömrü boyunca o çinar insanlar, nəsillər görmüşdü, dürlü hadisələrə şahid olmuşdu. Budaqları quşlara yuva olmuşdu, kölgəsində yayın qızmarından təntiyən qoyun-quzu dincəlmişdi, meydan tutan çətirinin altı camaatın görüş yerinə dönmüşdü, hər yaz gələndə təzə yarpaqlarının ipək işıltısı gözləri oxşamışdı. Ən mühümü - onillərcə, yüzillərcə el-obaya simsarlıq, həmdəmlik etmişdi. Şair o ömrü başa çatıb quruyan çinara baxırdı, onun taleyini düşünürdü, bu qürurlu çinar kimi bir gün hökmən bitəcək öz həyatı haqqında fikrə dalırdı.

Ömrün ilk günü,

son günü var.

Beş yüz ildən bir əskik

yaşadı çinar.

Fırtınada, qasırğada

əyilmədi.

Acizlik, qorxu nədir -

bilmədi.

Yaşadı çinar kimi;

Budaqları çətir-çətir,

kölgəsi meydan-meydan.

Az da, çox da yaşasaydı,

Belə yaşayacaqdı.

O çinarı Rəsul belə görmüşdü, belə tanımışdı və özü də elə həmin sayaq yaşamışdı. Bu şeiri yazdığı vaxt özünün də ömrün “nigaran günlərində” olduğunu, yəqin ki, əbədi gedişə çox qalmadığını təsəvvür edirdi. Ömründən keçənlər, mütəmadi həyəcanlar, bir çox xəyal qırıqlıqları, sarsıntılar və onların fəsadı kimi ard-arda gələn səhhət böhranları şairi vaxtından tez qocaltmışdı. Əlbəttə, məsləhət Allahınkı idi, amma labüd sonun da çox aralıda olmadığı hər halda duyulurdu. Şair ömründəki ən qocaman əzizinin gedişinə baxa-baxa özünün aqibətini düşünürdü və arzulayırdı:

Çinar getdi.

Ondan -

“Kaş bir il də yaşayaydı!..” -

bir arzu qaldı.

Dibindən qaynayan

bir bulaq su qaldı.

Bir belə çinar ömrü

olsun deyirəm ömrüm.

İllərin sayına görə yox!

Bir ömür ki,

xatirələrdə yanğısı, izi qalsın

neçə-neçə ömürdən çox.

Bir ömür ki, kimsəyə

əziyyəti dəyməmiş olsun.

Bir ömür ki,

heç gileyə enməmiş,

heç kəsə baş əyməmiş olsun.

Bir ömür ki,

həm yoxuşu şərəfli,

həm dözümlü enişi.

Bir insan ömrü -

Kişi ömrü, kişi!

Bu şeiri bitirəndən, bu son ən böyük arzusunu qələmə gətirəndən 3 il sonra Rəsul Rza həyatdan getdi.

Və onu ən yaxından tanıyanlardan biri, Rəsul Rzanın həyatının hər fəslinə bələd, yolunun bütün eniş-yoxuşlarından agah olan, onun necə ömür yaşadığını hər kəsdən daha yaxşı bilən, ülfətləri 1942-ci ildə Kerçdəki od-alovlu müharibə dövründən başlanmış köhnə sirdaşı Abbas Zamanov ÇİNAR  DOSTUNUN gedişindən sonra  qələmə aldığı xatirə-məqalələrindən birinin başlığını sanki şairin son arzusuna cavabmış kimi “Kişi şair” qoymuşdu. Yazırdı ki, “Rəsul Rza Sabiri “kişi şair” adlandırırdı. Bu ad həyat yolu dramatik əfsanəyə bənzəyən Rəsulun özünə də yaraşır: Rəsul Rza kişi şairdir!”.

...Rəsul Rza dünyaya gəlməmişdən də Göyçayda da, Azərbaycanın dörd bucağında da çox çinarlar əkilmişdi, Rəsul Rzanın ürəyinin dayandığı vaxtdan keçən qırx ildən artıq zaman boyunca da çox çinarlar əkilib.

Rəsul Rza o çinarların ən qocamanı ilə də, ən sütülüylə də yaşıdddır. Çünki özü də o qafilədəndir.

Gedəniylə gedir, hər yeni gələniylə təzədən ucalır...

...Vaxtilə böyük Nazim Hikmət Rəsul Rzanın “Rənglər” silsiləsindən bəhs edəndə yazmışdı ki, bu şeirlər sırasında Rəsul Rza özünü də ötüb keçib.

Mənə görə, fəlsəfi düşünən Nazim Hikmətin bu doğruçu qiyməti yalnız Rəsul Rzanın “Rənglər” silsiləsinə aid deyil, onun şəxsiyyətinə də, bütün yaradıcılığına da şamil edilə bilər.

Rəsul Rza bəlli bir vaxt içərisində yaşadı, ancaq o zamana sığmadı. Köhnə şairlər arasında ən çox sevdiklərindən biri İmadəddin Nəsimi idi. Azərbaycanlılardan gedib İmadəddin Nəsiminin məzarını tapan, onu ilk ziyarət edən də məhz Rəsul Rza olmuşdu.

Nəsiminin o məşhur beyti hər kəsin yadındadır: “Gövhər-i laməkan mənəm, kövn ü məkana sığmazam. Məndə sığar iki cahan, mən bu cahana sığmazam”.

Rəsul Rzaya da xas olan məhz bu sığmazlıq idi. Dövrünə sığmadı, vaxtına yerləşmədi, mühiti ona dar gəldi. Şeirləriylə, şəxsiyyətiylə özü təzə bir mühit və yeni bir dövr yaratdı, Nazim Hikmət demiş, özü özünü də ötüb keçdi. Ən böyük arzularından biri XXI əsrdə heç olmasa bircə günün şahidi olmaq idisə də, təzə minilliyə yetişmədi. Ancaq özü bu əsrə çatmadısa da, köhnəlməz şeirləri - məktubları ki yetişib!

Ona görə də əslində Rəsul Rza qədəm basmağı dilədiyi üçüncü minilliyə də çatıb və insan yeni zamanlarda məskən saldıqca, o da bundan sonrakı çox dövranlarla zamandaş olacaq - şeiri də yaşayacaq, sözü də solmayacaq. Çünki ötkəm, sabahçı, irəliçi, yenilikçi düşüncə və duyğularıyla özündən də irəli getməyi bacarmış sənətkarın gələcəklər qoynunda həmişə var olmaq, əlbəttə ki, halal haqqıdır.

23 may 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyun 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see435

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see197

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see115

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see114

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see113

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see112

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see111

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see111

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see111

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110

Özbəkistan Mərkəzi Bankı dünyada ən çox qızıl satan ölkə olaraq qalır

04 İyun 2025 08:40see110

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri