Icma.az
close
up
RU
HEYDƏR ƏLİYEVİN ƏN MÖHTƏŞƏM ABİDƏSİ Rafael Hüseynov yazır

HEYDƏR ƏLİYEVİN ƏN MÖHTƏŞƏM ABİDƏSİ Rafael Hüseynov yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Rafael HÜSEYNOV
Akademik

O, bir-birindən bir neçə əsr aralı yaşamış iki zirvənin rəsmini çəkmişdi. İkisini də hələ məktəbli ikən, amma buna müəllimlərinin xüsusi tapşırığı olmadan. Elə ürəyinin istəyi ilə çəkdikləri hər gün gözünün qabağında olan Möminə Xatun türbəsi idi, bir də şeirləri və surəti dərsliklərdən yaddaşına və ürəyinə hopmuş Füzulinin portreti. Hər iki şəkil çox bəyənilmişdi, görənlər "deyəsən, rəssam olacaqsan" söyləmişdilər, Füzulisi məktəbdə keçirilən rəsm müsabiqəsində mükafatlandırılmışdı.

Böyüdü, rəssam olmadısa da, hafizəsinə və qəlbinə hopanları unutmamaq, daim içərisində daşımaq, gördüyü işləri, qurub-yaratdıqlarını rəssamca gözəl görüb gözəl təqdim etmək vərdişi onunla həmişəlik qaldı. Bu, sabahın böyük azərbaycanlısı Heydər Əliyev idi. Ömrü uzunu iftixar ediləsi çox işləri oldusa da, artıq ixtiyar çağlarında, keçdiyi yolun zirvəsindəykən keçmişləri ananda hansısa daha vacib əməllərini yada salaraq deyil, şagird ikən çəkdiyi o rəsmləri xatırlayaraq fəxr edirdi. Bəlkə həmin ilk təcrübələr vacib təməl kərpicləri, düşüncəsi və ruhunun qəliblənməsinin başlanğıcı, təkan nöqtəsi olduğu üçün belə düşünürmüş?

Hər bir millətin, hər bir dövlətin tarix içərisində rahat yaşamaq, yüksəlmək, özünü daha artıq təsdiq etmək üçün güclü şəxsiyyətlərə, qüdrətli sərkərdələrə, böyük kitablara ehtiyacı var. Heydər Əliyev XX yüzildə Azərbaycan xalqının taleyinə qismət olmuş güclüdən-güclü bir şəxsiyyət, düşüncələri ilə, əməlləri ilə, tarixdə qalan izləri ilə millət dərsliyi olan böyük bir müəllim idi.

"Biz gedərik, əsər qalar yadigar". Bu müdrik kəlam Heydər Əliyevin hələ məktəbliykən şəklini çəkdiyi Möminə xatun türbəsinin memarı Əbu Bəkr Əcəmidən bizə əmanət olan sözlərdir. Səkkiz əsr yaşı olan o sözlərin həkk olunduğu Möminə Xatun türbəsinə uşaqlıq çağlarından görüb heyran qalan Heydər Əliyev o məftunluğu ömrü boyu qəlbində yaşatdı. Yəqin, onun mədəniyyətə, sənətə sonra həyatı boyu sürəcək bağlılığının başlıca səbəblərindən biri ağlı dünyanı dərk edəndən belə böyük sənətin abı-havasında böyüməsi oldu. Ömrünün son parçasında böyük rəhbər növbəti dəfə ata yurduna - Azərbaycanın qədim guşəsi Naxçıvana getmişdi, növbəti dəfə Əcəmi yadigarına - Möminə Xatun türbəsinə valeh olurdu və növbəti dəfə bu inciyə nəvazişli nəzərlərlə baxaraq köhnəlməz məhəbbətinin ifadəsi olan sözlərini deyirdi. Əslində, söylədikləri bir nəsihət, tövsiyə və həm də vəsiyyət idi. Heydər Əliyev o sözlərlə yalnız ətrafına toplaşanlara deyil, bütün Azərbaycana və sabah bu yurdda yaşayıb bu yurdu yaşadacaq insanlara xitab edirdi. Söyləyirdi ki, bu abidəni yaradan ulu babalar ağıllı insanlar olublar, müdrik, uzaqgörənmişlər ki, millətə bu cür gözəl bir əsər yadigar qoyublar. Onların övladları da ağıllı, uzaqgörən, müdrik balalar olublar ki, bunu qoruyub saxlayıblar.

Və Heydər Əliyev bu sözləri həm ətrafında toplaşan insanlara bir vəsiyyət olaraq dilə gətirirdi, həm mətləbini bütöv millətə çatdırırdı, həm də yanında dayanmış, sabah bu dövlətin sükançısı olacaq oğlu İlham Əliyevə söyləyirdi.

Belə bir nəsihəti, belə bir tövsiyəni, belə bir vəsiyyəti etməyə isə Heydər Əliyevin mənəvi haqqı vardı. Çünki onun özü də bütün ömrü boyu bu millətə, bu millətin sabahına yadigar qalacaq bir əsər yaratmışdı - müasir, güclü, qüdrətli, mədəni, zövqlü Azərbaycan! Bir qədər giley qarışıq və gileyində də nəsihət olan bu sözləri də Heydər Əliyev deyib: "Məni incidən odur ki, bizim xalqımız öz tarixini, zəngin mədəniyyətini, dərin tarixi köklərini o vaxtlar da, yəni keçən əsrlərdə də, ondan sonrakı dövrdə də, indi XX əsrdə də açıb dünyaya, birinci öz xalqına göstərə bilməyib, ikinci dünya göstərməyi bacarmayıb. Bu gün Azərbaycanın böyük bir hissəsi - həm Naxçıvan tərəfində olan hissəsi, həm də Araz çayının o tərəfində olan hissəsi qədim Azərbaycan dövləti olub - Atabəylər dövləti. Ona görə də biz buna tarixi qiymət verməliyik. Və bu baxımdan, şübhəsiz ki, Möminə Xatun türbəsini onlar öz böyük insani keyfiyyətlərinə görə yaradıblar. Onlar müdrik insanlar olublar. Əgər o müdriklik, o böyük zəka, ağıl olmasaydı, məsələn, Şəmsəddin Eldəniz öz həyat yoldaşına bu cür türbənin yaranmasına qərar qəbul etməzdi. Gör o nə qədər ağıllı olub və onun nəsli nə qədər ağıllı insanlar olubdur ki, oğlu da yolu davam etdirib. İndi bu qədər əzəmətli memarlıq abidəsi həm də bizim tariximizi təsdiq edən sənəddir"

Dünya böyük, millətlər və ölkələr çoxdur. Azərbaycandan ərazicə qat-qat böyük olan dövlətlər də, əhalisinin sayı Azərbaycandan dəfələrlə çox olan millətlər də nə qədər desən. Söz yox, tarixcə bizdən qədim olan xalqlar və ölkələr də var. Amma Azərbaycanın bünövrədən gələn qiymətli bir sərvəti var ki, onun sayəsində dünyanın, istənilən göstəricisi ilə bizdən daha irəlidə olan milləti və ölkəsi ilə qarşı-qarşıya dayana və öz üstünlüyünü gərək olanda sübuta yetirə bilər. Bu sərvət mədəniyyətimiz, həmin mədəniyyəti doğurmuş müstəsna şəxsiyyətlərimizdir.

Millət rəhbəri Heydər Əliyev ömrü boyu Azərbaycanı qüdrətli etmək naminə çalışdı. Millət quruculuğu, Azərbaycan quruculuğu onun həyatının ən ümdə amalı idi və millət, Azərbaycan quruculuğu məqsədini gerçəkləşdirmək yolunda arxalandığı dayaqlardan əvvəlincisi elə mədəniyyətimizdi.

Mədəniyyətimizə tükənməz sevgini Heydər Əliyev müdam düşüncəsində, duyğularında yaşatdı - mədəniyyətimizdən qayğısını heç vaxt əskik etmədi, mədəniyyətimizi yaxşı bildi, mədəni irsimizin ayrı-ayrı nümunələrindən ləzzət və güc aldı, mədəniyyət incilərimizin dünyada təsdiqi və təbliği üçün yorulmaz, bir çox hallarda isə fədakar fəaliyyətlər göstərdi.

Və o nadir dövlət adamının mədəniyyətə münasibətinin, mədəniyyət xadimlərinə yanaşmasının fəlsəfəsinə dalanda bütün bunların nüvəsində millət üçün həlledici olan bir hədəfin dayandığını anlayırıq: Heydər Əliyev əslində mədəniyyətə azərbaycançılıq məfkurəsinin, Azərbaycan dövlətçiliyinin özəyi kimi baxır, onu Azərbaycanın dünyada özünütəsdiqinin ən bariz əlamətlərindən biri sayırdı. Elə uşaqlıq illərindən cazibəsinə düşdüyü, sehrindən ömrünün axırınadək çıxa bilmədiyi Əcəmi yadigarı Möminə Xatun türbəsiylə əlaqədar düşüncələrində həmin fəlsəfə açıqca hiss edilməkdədir. Heydər Əliyevədək bu abidəyə memarlar da, sənətşünaslar da, tarixçilər də, ədiblər də öz baxış bucağından qiymətini vermişdi. Ancaq onun mənalandırması tamam fərqli idi. Heydər Əliyev bu inciyə yalnız bir memarlıq möcüzəsi, keçmişin misilsiz "asar-i ətiqəsi" kimi baxmır, həm də tikilini inşaat müstəvisindən ayıraraq Azərbaycanın dövlətçilik rəmzlərindən biri kimi qavrayır, dövlətçiliyimizin torpaq üstündə əsrlərcə dikəlməkdə olan önəmli sütunlarından biri olaraq təhlil edirdi: "Abidənin, əlbəttə ki, qiyməti yoxdur. Çox vaxt bunu gözəl memarlıq abidəsi kimi təbliğ ediblər, elə bu gün də edirlər. Bu, təbiidir, doğrudan da, belədir. Dağılanlar dağılıb, amma qalanların arasında Möminə Xatın türbəsi kimi abidə XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu sübut edir və həm də Azərbaycanda nə qədər böyük memarlıq məktəbinin olduğunu göstərir. Əcəmi Naxçıvani və onun yaratdığı məktəb bir Naxçıvanı əhatə etmir. Şərq aləminin böyük bir hissəsində onun memarlıq üslubu, memarlıq məktəbi davam edib və böyük əsərlər yaranıb. Ancaq bu abidənin, hesab edirəm ki, memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Tək memarlığın zənginliyini deyil, dövlətçiliyin nə qədər zəngin olduğunu, dövlətçiliyin nə qədər möhkəm olduğunu göstərir. Dövlətçilik bu qədər yüksək səviyyədə olmasaydı, onlar bu cür abidənin yaranması qərarını necə qəbul edə bilərdilər?"

XX əsr Azərbaycan mədəniyyətinin tarixindəki fövqəladə əsrdir və Heydər Əliyevin ömür yolu da yurdumuzun XX yüzildəki bioqrafiyası ilə birbaşa bağlı olan, xeyli cəhətdən bu tərcüme-yi halının məhz belə alınmasını müəyyənləşdirmiş və həyatın çeşidli sahələrində, o cümlədən mədəniyyətdəki yüksəlişlərin yönəldicisi olmuş, qazanılmış uğurların əksəriyyətinin altında mötəbər imzasının dayandığı bir həyatdır.

Heydər Əliyev siyasət ölçüləri ilə düşünən şəxsiyyətdi və çox zaman verilən suallara cavablarında diplomatiklik birbaşalıqdan daha çox olardı. Ancaq günlərin birində ondan soruşulan "ən sevdiyiniz dramaturq kimdir" sualına ümumiləşdirici, yaxud bir neçə adın sadalandığı deyil, tam birbaşa cavab verərək Hüseyn Cavidin adını çəkmişdi. O Cavidin ki, 41 illik Sibir ayrılığından sonra Azərbaycan xalqına vücudunun da, irsinin də tam və birdəfəlik qayıdışı Heydər Əliyevin ictimai vicdanımız və millətimiz qarşısında həmişə ən dərin sayğı ilə xatırlanmalı ən əvəzsiz xidmətlərindən biri, bəlkə də birincisidir. Dillər əzbəri olan və mədəniyyətin bizlərdən ötrü hansı uca mərtəbədə dayandığını nişan verən bu zərbülməsəl siqlətli beyt də Cavidinkidir: "Turana qılıncdan daha kəskin ulu qüvvət yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!"

Heydər Əliyevin Azərbaycan mədəniyyətinin tarixinə qədimlərdən üzü bu yana mükəmməl bələdliyi öz yerində, onun digər üstünlüyü də görkəmli mədəniyyət xadimlərimizin hər birini yaxşı tanıması, sənətin ayrı-ayrı sahələrinə sadəcə seyrçi kimi yox, elə o sahənin peşəkarı qədər kamil aşinalığı idi. Taleyi elə gətirmişdi ki, yeniyetməlik, gənclik illərindən sənətin ayrı-ayrı sahələriylə bağlanmışdı. Rəssamlıq da etmişdi, aktyorluğu - səhnəyə çıxaraq rollar ifa etdiyi də olmuşdu, memarlıq üzrə təhsil almağa da başlamışdı, musiqi də lap yolunun başlanğıcından canına, qanına qovuşmuşdu.

Bu da ayrı bir qismət idi ki, hərtərəfli yaradıcı istedada malik, məhz o sahəyə üz tutarsa ən seçkinlərdən birinə çevriləcəyi şəksiz təsəvvür edilən Heydər Əliyev lap gənckən dövlət işinə bağlandı, ürəkdən sevdiyi bu sahələrlə məşğul olmağa nə vaxtı, nə imkanı qaldı, ancaq həmin səmtlərdən hər biri də vəfa göstərərək heç vaxt ondan ayrılmadı, dövlət işində də onun etibarlı yardımçısına çevrildi.

...Həmin gün bir nəfərin, yubileyi də yox, sadəcə növbəti doğum günü qeyd edilirdisə də, bu yığıncaq təmtəraqlı sənət bayramına çevrilmişdi. Səbəbsiz də deyildi - masa arxasındakıların hamısı ulduzlardı. Böyük müğənni İosif Kobzonun ad günü bayram edilirdi və məclisdəki şöhrətli qonaqların arasında onun köhnə dostu Müslüm Maqomayev də vardı.

Müslüm təbrik sözlərini yığnağın şux ovqatına uyğun olaraq zarafatla başladı ki, Kobzon durmadan işləyən, çalışmaqdan yorulmayan müğənnidir və sovet bəstəkarlarının o qədər mahnısını oxuyub ki, bu miqdar sanki həmin mahnıların əsl sayından da çoxdur. Və əlavə də etdi ki, indi, bu ad gününə hədiyyə olaraq sovet dövrünün məşhur bir bəstəkarının mahnısını oxuyacaq, ancaq Kobzon heç vaxt ondan sonra bu nəğməni oxuya bilməz.

Estradada olduğu onillər boyunca həm də məhsuldarlığı, əməksevərliyi ilə başqa oxuyanlardan fərqlənmiş İosif Kobzonun hansısa hətta ən çətin mahnını, özü də oxu üslubu ona xeyli yaxın olan başqa bir müğənninin artıq səsləndirərək bu əsəri necə ifa etmənin tərzini göstərəndən sonra oxuya bilməyəcəyini ağla gətirmək adama mümkünsüz kimi gəlir.

Ancaq nə baş verdi? Müslüm başladı Üzeyir bəyin "Sevgili canan"ını oxumağa. Həmişəki kimi sonsuz məlahətlə və Azərbaycan dilində oxuyurdu. Rusiyanın Mərkəzi Televiziyası ilə göstərilən bu kadrları izləyirdik, köksümüz qabarırdı. Qürrələnirdik ki, Moskvadan göstərilən, yüz milyonlarla insanın baxdığı həmin məclisdə Azərbaycan ucalardadır, ana dilimiz səslənir.

O qədər ünlü, hamısının da rusdilli olduğu sənət ulduzunun toplaşdığı, illah da videoya alınan, tarixləşdirilən o qəbil məclislər təkrar-təkrar baxıldıca köhnəlməyən, doyulmayan bədii filmlər kimidir. Müslümlü həmin Kobzon axşamı da "dünya hörümçəyi"nin - internetin yaddaşındadır, bugünəcən hər millətdən olan milyonlarla insan seyr edib, bundan belə də milyonlar baxacaq.

Müslüm ilk gəncliyindən Azərbaycan çərçivəsindən çıxaraq bütün Sovet İttifaqınınkı sayılan sənətçilər məqamına qalxmışdı və illər ötdükcə çevrilib dünya səviyyəli olmuşdu. Həm dünyanın, həm keçmiş SSRİ ərazisindəki bütün xalqlarınkı olan Müslüm Maqomayev o gün, o Kobzon axşamında ilk növbədə Azərbaycanınkı idi, oxusuyla "Mən azərbaycanlıyam!" deyirdi və o anlarda necə iftixar duymayaydın?! Çoxdandır ki, nə İosif Kobzon həyatdadır, nə Müslüm Maqomayev. Sonralar da həmin yadigar yazını dəfələrlə seyr etmişəm, hər dəfə də eyni fərəhi yaşamışam, hər dəfə qəlbimdən bu unudulmaz sənətkara minnətdarlıq hissi keçib. Ancaq hər dəfə də eyni minnətdar duyğuyla unudulmaz Heydər Əliyevi anmışam. Müslümün ogünkü könüllərimizi sevindirən azərbaycançı davranışının əsl səbəbkarı Heydər Əliyevdir ki var!

Heydər Əliyev Müslümü onun yolunun başlanğıcından, hələ Xəzər Dənizçilərinin Mədəniyyət Evinin özfəaliyyət ansamblında oxuduğu vaxtlardan tanıyırdı, həmişə onu bəyənmişdi, sevmişdi, əlində geniş səlahiyyətlər olandan, 1969-cu ildən respublikaya rəhbərlik etməyə başladığı vaxtlardan da ona daim qayğı, diqqət göstərmiş və özünün dəfələrlə açıq bəyan etdiyi kimi, sözün birbaşa mənasında himayədarlıq etmişdi. O, Müslümün hansı dərəcəli müstəsna sənətkar olduğunu müxtəlif illərdə dönə-dönə söyləsə də, 2002-ci ilin 8 sentyabrında müğənninin 60 illiyi şərəfinə Bakı Əyləncə Mərkəzində təşkil etdiyi rəsmi qəbulda sanki bütün indiyədək dediklərinə yekun hesab ediləcək qiyməti verirdi: "Müslüm zəmanəmizin böyük müğənnisidir, mən bunu mübaliğəsiz deyirəm. Dünyada elə bir təşkilat yoxdur ki, kimin daha böyük olduğunu təyin etsin, bunu elə insanlar özləri müəyyənləşdirirlər. Müslüm tarixə böyük müğənni kimi daxil olmuşdur".

Elə həmin gün bunu da deyirdi ki, 30 ildən çoxdur Müslümü dinləyir, bütün oxumuş olduqlarını birini digərindən daha üstün tutub fərq qoymadan gözəl sayır, amma hər halda bircə nəğmə var ki, onu məxsusi hekayətinə görə seçdirir və həmin mahnının üstündə ayrıca dayanırdı: "Müslüm çox mahnılar yaratmışdır, yəni o özünü bəstəkar kimi də gözəl tanıtmışdır. Ancaq onun ən görkəmli nəğməsi Azərbaycana həsr etdiyi mahnısıdır. Bu mahnı Azərbaycanın himni kimi səslənir. Müslüm həmin mahnının musiqisini 1970-ci illərin ortalarında gözəl şairimiz Nəbi Xəzrinin sözlərinə bəstələmişdir. Amma ən başlıcası budur ki, Müslüm bu mahnını elə yaratmış, elə ifa etmişdir ki, onu heç kim belə ifa edə bilmir. Bu, müstəsna mahnıdır. Bu mahnı ayrıca görkəmli bir əsər kimi tarixə daxil ola bilər və yəqin ki, daxil olacaqdır. Müslümün ifasında bu mahnını mən hər dəfə böyük həyəcanla dinləyirəm".

O mahnı ilə bağlı bir sirri isə Heydər Əliyev daha əvvəllər açmışdı. Söyləyirdi ki, 1974-cü ildə həmin mahnını Müslüm ilk dəfə Azərbaycanın baş səhnəsində - Leninin adını daşıyan (tarixin məntiqi ilə o gün də yetişəcək ki, bu saray elə onu ərsəyə gətirmiş Heydər Əliyevin adı ilə qovuşacaq) sarayında oxumuşdu, elə həmin gün də yeni nəğmənin klavirini üstünə imza ataraq Rəhbərə təqdim etmiş, əsəri ona həsr etdiyini söyləmişdi.

Ehtiyatlılıq cilalanmış peşəkar vərdişlərindən olan Heydər Əliyevsə sovet dövrünün mühafizəkar partiya elitasının qısqanc nəzərində bu ithafın təşəxxüs, özünüreklam kimi yozula biləcəyini diqqətə alaraq rica etmişdi ki, hədiyyəni qəbul edirəm, sağ ol, amma bunu bir sən bil, bir mən.

Və əsas olan Heydər Əliyevin həmingünkü başqa sözü idi. Həm rica, həm tövsiyə etmişdi ki, bu mahnını yalnız Azərbaycanda deyil, hər yerdə oxu və azərbaycanca oxu.

Müslüm də o gündən başlayaraq bütün sonrakı illərdə səhnədə olduğu, kütlələr qarşısına çıxdığı, ekranda göründüyü çoxsaylı konsertlərində repertuarında o mahnını daimi etdi və Heydər Əliyevin məsləhətinə də əməl edərək azərbaycanca oxuduğu mahnı və romansların da miqdarını asta-asta artırmağa başladı.

Bu cərgədə çox keçmədən Niyazinin "Arzu"su da, Üzeyir bəyin "Sənsiz"i də daimi yer aldı və hansı ölkədə, hansı şəhərdə çıxış etməsindən asılı olmayaraq bunları Azərbaycan dilində ifa etdi.

Müslüm böyük idi, qeyri-adi şöhrətə və populyarlığa malikdi və hər belə ifası ilə hər dəfə öz böyüklüyünü, öz qeyri-adi şöhrətini də Azərbaycan adına calaq edərək aləmə car çəkirdi.

Üzdən baxanda bu bir mədəniyyət hadisəsi idi, amma Heydər Əliyev elə nəhəng miqyaslı siyasət xadimi və dövlət başçısı idi ki, sabitləşmiş düşüncə ülgüləri onun dəsti-xəttinə çevrilmişdi, iliyinədək işləyərək onun təbii həyat meyarına dönmüşdü - nə edirdisə, hər addımın daxilində, cövhərində mütləq həm dərin və incə siyasət, həm həssas və təəssübkeş millətpərvərlik vardı.

Müslüm Bakıda rusca təhsil almışdı, ömrü də əsasən rusdilli mühitdə ötmüşdü, uzun müddət də Moskvada yaşamışdı, Azərbaycan dilini bilsə də, daim rusca danışırdı. Amma qulaq asın onun ana dilimizdə oxuduqlarına. Nə qədər səlis, rəvan, dilimizin ruhunu incidəcək xırdaca sapıntı belə yoxdur, sanki bu adam elə gecə-gündüz Azərbaycan dilində danışırmış.

Müslüm də, Heydər Əliyev də haqq dünyasındadırlar. Heydər Əliyevin nəsihəti ilə Müslümün Azərbaycan dilində oxuduğu nəğmələr yenə diridir, yenə insanlara zövq bağışlamaqdan əlavə irəlicədən uzaqgörənliklə və aqilcəsinə düşünüldüyü kimi yerinə yetirməli olduğu milli vəzifəni yenə müvəffəqiyyətlə və təsirli bir şəkildə icra etməkdədir.

Böyük sənətkarın insanlara xoş həyəcan, ovqat duruluğu, daxili dinclik bağışlamaqda davam edən ruhu şad olsun!

Əsl millət öndəri tədbirliliyi ilə ən doğru yolu göstərməsi hesabına Heydər Əliyev əslində hamınınkı və beynəlmiləl olan Müslüm Maqomayevin əbədiyyən ən əvvəl özümüzünkü kimi, həm də başqaları tərəfindən də məhz ilk növbədə Azərbaycanınkı olaraq danışıqsız qəbul edilməsinə möhkəm və daimi bünövrə yaradıb.

Müslümün hamıya sonsuz zövq, bizə isə intəhasız zövqdən savayı həm də bitməz iftixar bağışlamaqda davam edən ana dilimizdəki səs irsinin yaranmasının səbəbkarı olmuş Heydər Əliyevə də, əlbəttə ki, bütün gələcəklərdə Maqomayevə ünvanlanan alqış və alxışlardan ana südü kimi halalı olan pay düşəcək.

...Bakımızın mərkəzində misilsiz Cəfər Cabbarlının füsunkar abidəsi ucalır. Heykəltəraş Murəli Mirqasımovun əsəridir. Bu gün o heykəl orada olmaya bilərdi. Varsa, hələ Azərbaycan durduqca ucalacaqsa, bunun da səbəbkarı yenə Heydər Əliyevdir.

...Heydər Əliyev mənim sayğı və məhəbbət bəslədiyim şəxsiyyətdir, üstəlik, yazılarımın qəhrəmanına çevrilənlərə onsuz da, hər müəllif kimi, mənim də məxsusi sevgim olur və belə hissiyyat bolluğunda bəzən qiymətverən qələmin hərdən içərisindəki aşırı rəğbətin təsirinə düşə biləcəyi gümanı da istisna deyil.

Ancaq o nadir şəxsiyyətlə bağlı hər yazımı insanların mühakiməsinə çıxararkən mən hər dəfə tarix qarşısında məsuliyyətimi əsla unutmuram, heç vaxt hissə qapılmamağa, yalnız olanları çatdırmağa can atıram.

Mirələsgər Mirqasımov şanlı bir nəslin övladı idi, istedadlı insandı, tale və təbiət bir tərəfdən ondan parlaqlığı, vergini əsirgəməmişdisə, digər tərəfdən umsuq qoymuşdu - o, eşitmir və danışmırdı. Vəfalı və ötkəm ömür yoldaşı Gültəkin İsrafilova onun həm dili, həm qulağı idi. Mirələsgər müəllim təbiətcə nə qədər yumşaq idisə də, sənət məsələlərində barışmaz, sözündən dönməz idi.

Ən əziz əsəri olan Cəfər Cabbarlı abidəsi üzərində 20 il işləmişdi. Abidənin istədiyi məkanda və arzuladığı kimi tökülərək ucaldılması üçün o, illərlə səbrini basaraq gözləmişdi və bu heykəlin öz yerini tapanacan keçən həyəcan və sarsıntılarla dolu müddət ona iki infarkta başa gəlmişdi.

Abidənin 1982-ci il martın 23-də açılışı oldu. Abidənin üstündəki örtük çəkildi, elə həmin məkandaca Cabbarlısevərlərin iştirakı ilə bir kiçik mərasim də keçirildi - çıxışlar edildi, fotolar çəkildi, kinokameralar baş verənləri lentə aldı. O xronika da qalır, fotolar da. Ancaq kadr arxasında qalanlardan xəbəri olanlar tək-tükdür. Bütün ayrıntıları ilə əhvalatı əvvəldən-sona mənə vaxtilə Gültəkin xanım söyləmişdi. Amma gerçəyi Heydər Əliyevin öz dilindən bilin - 1997-ci ilin 15 apreli Heydər Əliyev üçün həssas gün idi. Bakı İncəsənət Mərkəzində həmin axşam onun zövcəsi Zərifə Əliyevanın görkəmli heykəltəraş Ömər Eldarovun yaratdığı abidəsinin təqdimat mərasimi idi. Heydər Əliyev söyləyirdi ki, təcrübəsində iki dəfə olub ki, heykəltəraşlar ondan yaradılacaq abidə üçün seçilmiş materialın bütöv olmasını əsas şərt kimi qoyublar. Sonuncusunu - böyük ölçülü bəyaz mərməri Zərifə xanımın abidəsi üçün Ömər Eldarov istəmişdi. Heydər Əliyev yada salırdı ki, o vaxt Kremldə işləyirmiş, sovet hökumətinin rəhbərliyində olduğundan belə məsələləri həll etməsi müşkül deyilmiş. Amma obiri əvlalat 1981-ci ildə baş vermişdi: "Mirqasımov məsələ qoydu ki, bu heykəli yaratmaq üçün gərək elə böyük qranit gətirəsiniz ki, bütöv olsun. Mənə dedilər ki, bu, mümkün deyildir. Mirələsgər Mirqasımov öz xanımı ilə mənim yanıma gəlib dedilər ki, əgər belə olmasa, biz bu heykəlin qoyulmasını istəmirik. Şübhəsiz ki, mən də istəyirdim Cəfər Cabbarlının heykəlini yaradaq, şəhərin gözəl bir guşəsində qoyaq. O vaxt mən tədbir gördüm və Ukraynada belə böyük qranit tapıldı. Siz onu görmüsünüz, rəngini də bilirsiniz. Mənə dedilər ki, lazım olan rəngdə və ölçüdə qranit tapılıb, ancaq onu vaqona qoyub gətirmək mümkün deyildir, elə vaqon yoxdur ki, bu ağırlığa dözsün, onu mütləq parçalamaq lazımdır. Yenə də Mirələsgər Mirqasımovun tələbləri mənim qarşımda durdu və dedim ki, nə edirsiniz-edin, vəzifə yerinə yetirilməlidir. Və biz buna nail olduq".

Heydər Əliyevin o dövrdə Kreml səviyyəsində sözükeçərliyi, sovet lideri Leonid Brejnevin ona xüsusi rəğbəti bu və bu qəbil Mərkəzdən asılı məsələlərdə həlledici rol oynamışdı. Bu niyyətin həyata keçirilməsinin necə çətin olduğunu Heydər Əliyev hər kəsdən yaxşı bilirdi və ümidvardı ki, hər halda gələcəkdə əhvalatdan xəbərdar olanlar onun əməklərini unutmaz: "On altı ildir ki, biz o heykəli qoymuşuq, hesab edirəm, Cəfər Cabbarlıya layiq olan bu heykəl Bakının gözəl guşələrindən birində yüzillərlə yaşayacaq və bizdən sonra gələnlər də birinci növbədə Mirələsgər Mirqasımova dua edəcəklər. Ola bilər duanın bir hissəsi də bizə çatsın".

Əlbəttə ki, çatacaq! O zəhmətlər və nəvazişlər ki sizdən bu abidə və müəllifi görüb, onları ayrı-ayrı insanlar unutsa da, tarix yaddan çıxarmaz.

Gültəkin xanım nağıl edirdi ki, abidənin yeri hələ elə heykəlin indiki yeri olaraq 1959-cu ildə seçilib təsdiqlənmişdi, hətta ora nişangah - heykəlin məhz burada qurulacağı haqda daş lövhə də qoyulmuşdu. Müsabiqə keçirilmiş, Mirqasımovun eskizləri də ən yaxşı kimi qəbul edilmişdi və o da başlamışdı işə. Ancaq sovet dövlətinin ovaxtkı başçısı Nikita Xruşşovun sənət adamlarıyla mərəkəyə başladığı, cılız iddialarla rəssamlar, şair və yazıçılar kimi heykəltəraşların da üstünə düşdüyü əyyamlarda onlara qarşı yürüdülən başlıca tələblərdən biri də Stalin epoxasına xas olan iri ölçülərdən vaz keçmək idi.

Beləcə, hay-küylü axında istər-istəməz bu iş də dayanır.

Vaxt ötür, Xruşşov gedir, siyasət dəyişir, Azərbaycan rəhbərliyinə Heydər Əliyev gələndən sonra Cəfər Cabbarlı heykəli məsələsinə yenidən qayıdılır. Fəqət yenə aşağılarda Mirqasımovun səhhətini gəmirən müzakirələrdə abidənin Nizami kinoteatrının arxasındakı Cabbarlı bağında qoyulmasını təkidlə dilə gətirirlər.

Bu növbəti maneəni də Mirqasımov qəti etirazla, gərili əsəblə qarşılayır ki, həmin məkanın şəhərsalma, memarlıq özəllikləri orada uzaqbaşı büst qoyulmasını mümkün edir. Bu ölçüdə abidəni ora qoymaq heykəli küncə sıxışdırıb ovsanadan çıxarmağa bərabərdir.

Heydər Əliyev qəti sözünü deyir: "Heykəltəraş haranı arzulayırsa, abidə orada da qoyulacaq!"

Bu höcətləşmə bitincə digər mübahisə başlayır ki, abidə beş metr yarım deyil, beş metr olsun.

Rəssamlar İttifaqında da, Bədii Yaradıcılıq Fondunda da bir az baxış başqalığından, söz yox ki, bir qədər də paxıllıqdan heykəltəraşı hey cırnadırlar.

Axırı əlacı yenə Heydər Əliyevə məktubla müraciət etməkdə görür.

Heydər Əliyev gəlir emalatxanaya (zavallı Gültəkin xanım "Emalatxana!" deyə-deyə getdi dünyadan. Mən də ha çalışdım, ora-bura Milli Məclis adından ha məktublar yolladım, oranı özəlləşdirməkdə özünü ərinin yaradıcılığına həsr etmiş bu diribaş qadına, heyiflər ki, yardım edə bilmədim).

Abidənin 2 metrlik eskizini görüncə Heydər Əliyev bəyənir, tam dəstək göstərəcəyini vəd edir.

Axıracan da vədinə sadiq qalır!

Heykəlin hündürlüyünün də Mirqasımovun düşündüyü kimi qalmasını, seçilən qranitin də 280 tonluq bütöv qaya olmasını, o nəhənglikdə və ağırlıqdakı daşın Bakıya çatdırılmasını da təmin edir!

Azərbaycan bir sovet respublikası idi, Mərkəzi Komitənin Birinci katibi ən yüksək vəzifə idisə də, onun səlahiyyətləri və imkanlarının hüdudları vardı, hər mühüm işi Moskva ilə ən xırda detallarınadək razılaşdırmadan son qərarı vermək ağlasığmaz idi. Ortada belə çətinliklər varkən Heydər Əliyevin məsələyə hədsiz canıyananlıqla yanaşaraq axıradək getməsi ayrı bir hünər, qeyrət məsələsi idi.

Sovet dönəmində Mərkəzdən eyni asılılığı olan başqa bir müttəfiq respublikada belə işlərin az-çox oxşarını etmiş ikinci bir rəhbər haqqında nə oxumuş, nə eşitmişəm, təbii, olmuş olsaydı, xəbər tutardıq...

Bütün ayrı köməkləri bir qırağa, Heydər Əliyev öz şəxsi həkiminə tapşırıq da veribmiş ki, Cabbarlı abidəsi ilə bağlı illərcə sürən çək-çevirlərdə sağlamlığı laxlamış Mirəli Mirqasımovun səhhətini daimi nəzarətdə saxlasın, vaxtaşırı müayinə etsin, müalicəsini aparsın.

Başqalarına qiymət verməkdə sərraf olan Heydər Əliyev özünə də gendən baxmaq gücündə idi və Cəfər Cabbarlı heykəli ilə bağlı arxada qoyulmuş aşırımlarda ara vermədən sənətkarın dayağı ola bildiyi üçün daxilən məmnun idi: "Rəssam, heykəltəraş - incəsənət ustası öz istəyini yerinə yetirmək istəyəndə - əgər bu istək, doğrudan da, yeni, böyük bir əsərin yaranmasına kömək göstərəcəksə, - bunu etmək lazımdır. Dövlət adamlarının, dövlət işində olan insanların borcu odur ki, bunu etsinlər. O vaxt mən bunu etdim və öz həyatımda gördüyüm çoxsaylı işlərin ən dəyərlilərindən biri hesab edirəm".

Daim düşüncəli Cəfər Cabbarlı heykəlinin yanından bundan belə keçərkən yaddaşınızda bu gerçəklər də dolaşsın və onun da fikrini edin ki, heykəlin müəllifi də, onun hamisi də məqsədə yetmək naminə qranit kimi dayanmasaydılar, bu qranit abidə də bu gün belə vüqarla dikəlməzdi.

Bu Tarix, bu da Heydər Əliyev!

Heydər Əliyevin bu gün Azərbaycan boyu, ölkəmizdən kənarlarda da sıra-sıra abidələri ucalmaqdadır.

Ancaq Heydər Əliyevin o heykəllərdən dəfələrlə möhtəşəm və zaman küləklərinin heç vaxt əzəmətini azalda bilməyəcək ən yenilməz ABİDƏSİ sənətə, sənətkara, millətə və yurda məhəbbətlə dolu belə MƏRDANƏ ƏMƏLLƏRİDİR!

7 may, 2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
archiveBu xəbər 10 May 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sovet kosmik obyekti Yerə çırpılacaq: Azərbaycan üçün təhlükə varmı?

09 May 2025 02:13see191

Orta məktəbdə bıçaqlanma Yaralı var KONKRET

09 May 2025 14:11see180

Meyvə və tərəvəzlərdə olan gizli təhlükə...

08 May 2025 21:07see176

İkinci Dünya Müharibəsi iştirakçılarına və əlillərinə 10 min dollar verilib

08 May 2025 18:54see150

Zelenski Trampla müzakirələr apardı

08 May 2025 23:30see138

“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının rayon turu İsmayıllıda təşkil olunub

09 May 2025 02:46see130

Geyindiyi cırıq ağ köynəyi ilə gündəm oldu FOTO

09 May 2025 03:15see129

Başqa variant yoxdur, böyük müharibə başlayır Pakistan

10 May 2025 00:36see129

“Sabah”ın baş məşqçisi: “Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır”

09 May 2025 00:36see129

Putinin prezidentlərlə görüşündən MARAQLI ANLAR Lukaşenkoya GÖRÜN NƏ DEDİ (VİDEO) KONKRET

08 May 2025 21:21see128

Rusiya və ABŞ arasında yeni görüş planlaşdırır

09 May 2025 13:55see123

Nyu Delhi hava limanında ən azı 130 reys ləğv edilib

08 May 2025 14:20see122

Fənərbaxça nın ulduzu vətəninə niyə yollandı?

08 May 2025 23:51see119

“Bu mükafat mənə böyük stimuldur” Əməkdar artist

08 May 2025 18:41see116

Nadir Qafarzadə toyda Aşıqla əlbəyaxa olub İDDİA

09 May 2025 12:02see116

El Klasiko nun hakimi Barselona azarkeşi imiş

09 May 2025 07:44see114

Çex Respublikasında Heydər Əliyevin büstü açıldı

10 May 2025 00:59see113

300 dən çox sərnişini olan təyyarə pilotun səhvi səbəbindən yanıb

09 May 2025 18:20see113

FIFA qadınlar arasında dünya çempionatının iştirakçılarının sayını artırdı

10 May 2025 06:48see113

Tramp ABŞ Federal Ehtiyat Sisteminin rəhbərini təhqir etdi

09 May 2025 03:13see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri