Enerji əməkdaşlığından innovativ strateji tərəfdaşlığa doğru
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniya Qərb məkanında Azərbaycanın neytral və praqmatik müttəfiqidir
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət nümayəndəsi lord Con Alderdeyslə Londonda keçirdiyi görüş iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın növbəti ideoloji və iqtisadi dərinləşmə mərhələsi kimi qiymətləndirilə bilər.
Azərbaycan–Böyük Britaniya münasibətlərinin tarixi inkişaf trayektoriyası, əslində, müasir beynəlxalq münasibətlər sistemində enerji amilinin siyasi alətə çevrilməsinin regional nümunəsidir. 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsi ilə yaranan geosiyasi boşluqda Qərb dövlətləri, xüsusilə də Böyük Britaniya Xəzər hövzəsində enerji resurslarının istismarını iqtisadi maraq və regionda siyasi sabitliyin təminat mexanizmi kimi qiymətləndirirdilər. Məhz bu kontekstdə 1992-ci ildə Bakıda Böyük Britaniya səfirliyinin açılması strateji niyyətin ifadəsi idi – London regionda uzunmüddətli mövcudluq planını enerji platforması üzərində qurmağa qərar vermişdi.
BP şirkətinin Azərbaycanda fəaliyyətə başlaması və 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” bu niyyətin reallaşmış forması oldu. Müqavilə, faktiki olaraq, Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının başlanğıcı, eyni zamanda, onun suverenlik modelinin iqtisadi dayağının formalaşması idi. BP-nin rəhbərlik etdiyi konsorsiumun fəaliyyəti ölkə üçün xarici sərmayə axınını təmin etməklə yanaşı, Qərb kapitalı ilə siyasi etimadın qarşılıqlı əlaqəsini də yaratdı. Enerji sahəsində qurulan bu əməkdaşlıq Londonun regiondakı nüfuzunun artmasına, Bakının isə Qərb siyasi-iqtisadi sisteminə daxil olmasına gətirib çıxardı.
Bu dövrdə formalaşan əməkdaşlıq tədricən ticarət münasibətlərindən daha dərin, strateji xarakter daşıyan tərəfdaşlığa çevrildi. Azərbaycan üçün Böyük Britaniya Qərbə inteqrasiyanın rəmzi idi. Çünki London heç vaxt regionda sərt siyasi şərtlər irəli sürmədən, iqtisadi əməkdaşlıq və qarşılıqlı fayda prinsipləri üzərində əlaqələr qururdu. Britaniya üçün isə Azərbaycan postsovet məkanında sabit, praqmatik və uzunmüddətli maraqlara cavab verən tərəfdaş idi.
“Əsrin müqaviləsi”nin imzalanması ilə yaranan yeni enerji xəritəsi Azərbaycanın regional statusunu dəyişdirdi. Bakı artıq Avropa enerji təhlükəsizliyinin ayrılmaz bir hissəsinə çevrilmişdi. Məhz bu kontekstdə “Cənub Qaz Dəhlizi” kimi layihələr London və Bakını ortaq strateji məqsədlər ətrafında birləşdirdi. Britaniya enerji şirkətləri Azərbaycanın resurslarının Avropa bazarına çıxışını təmin etməklə yanaşı, ölkəni regional enerji nəqliyyat qovşağına çevirmək prosesində mühüm rol oynadılar.
***
Böyük Britaniyanın 2020-ci ildə Avropa İttifaqından (Aİ) çıxması (Brexit) Londonun xarici siyasət fəlsəfəsində yeni bir mərhələnin başlanğıcını formalaşdırdı. “Qlobal Britaniya” konsepsiyası Britaniyanın qlobal miqyasda öz təsir dairəsini bərpa etmək, Avropa strukturlarından kənarda yeni iqtisadi və siyasi tərəfdaşlıqlar qurmaq niyyətinin ideoloji çərçivəsi oldu. Belə bir transformasiya kontekstində Cənubi Qafqaz, xüsusilə də Azərbaycan Londonun yeni geosiyasi xəritəsində diqqət mərkəzinə yüksəldi.
“Brexit” sonrası mərhələdə Böyük Britaniya üçün Azərbaycan Avropa ilə Asiya arasında əlaqələndirici tranzit məkan, sabitlik adası və yeni iqtisadi texnologiyaların tətbiq sahəsi kimi ön plana çıxdı. London regional balansın pozulduğu, Rusiya və İran təsirinin artdığı bir geosiyasi mühitdə Bakını praqmatik və etibarlı tərəfdaş kimi qəbul etdi. Azərbaycan Cənubi Qafqazda Qərb yönümlü, eyni zamanda, milli maraqlara əsaslanan müstəqil siyasət yürüdən yeganə aktor idi. Böyük Britaniya üçün Bakı ilə əlaqələrin dərinləşməsi Avropanın enerji təhlükəsizliyi məsələsində də xüsusi əhəmiyyət kəsb edirdi. “Cənub Qaz Dəhlizi” layihəsinin tam miqyaslı reallaşması və Azərbaycanın qazının Avropaya çatdırılması prosesi Britaniyanın post-Brexit dövründə kontinental enerji siyasətində dolayı təsir imkanlarını qorumağa şərait yaratdı.
Azərbaycan tərəfi bu yeni mərhələdə Böyük Britaniya ilə kompleks strateji kontekstdə yanaşmağa başladı. Hikmət Hacıyevin Londonda lord Con Alderdeyslə görüşü bu yanaşmanın siyasi təzahürüdür. Görüşdə “süni intellekt”, “rəqəmsal transformasiya” və “əlaqəlilik” kimi istiqamətlərin müzakirəsi onu göstərir ki, iki ölkə əməkdaşlığı artıq enerji sərhədlərini aşaraq bilik iqtisadiyyatı və texnoloji diplomatiya səviyyəsinə yüksəlir. London üçün Azərbaycan həm də Mərkəzi Asiya istiqamətinə çıxış nöqtəsidir. Xəzər dənizi üzərindən keçən ticarət və nəqliyyat marşrutları, Zəngəzur dəhlizinin (TRIPP) perspektivləri və Trans-Xəzər Orta Dəhliz layihəsi Britaniyanın Avrasiyada iqtisadi iştirakını artırmaq baxımından strateji imkanlar yaradır. “Brexit” sonrası mərhələ həm də siyasi baxımdan daha açıq dialoqa imkan yaradıb. London Aİ-nin normativ məhdudiyyətlərindən azad olaraq, ikitərəfli əsasda daha çevik və qarşılıqlı faydalı razılaşmalar həyata keçirməyə qadirdir.
Azərbaycan üçün bu prosesin siyasi mənası daha genişdir. Böyük Britaniya ilə əməkdaşlıq Qərblə əlaqələrdə yeni tarazlıq yaradır, eyni zamanda, Azərbaycanın çoxvektorlu diplomatiya kursunu möhkəmləndirir. Bakı Londona beynəlxalq arenada praqmatik dəstək mənbəyi kimi baxır. Bu əlaqələrdə rasional maraqlar üstünlük təşkil edir – məhz bu da onları uzunmüddətli və dayanıqlı edir.
***
Azərbaycan üçün Böyük Britaniya Qərb məkanında neytral və praqmatik tərəfdaş kimi xüsusi yer tutur. London nə Brüsselin normativ yanaşmalarını, nə də Vaşinqtonun təzyiq ritorikasını təkrarlayır; onun xarici siyasət fəlsəfəsi qarşılıqlı iqtisadi maraqlara, təhlükəsizlik və texnoloji əməkdaşlığa əsaslanan çevik diplomatiya üzərində qurulub. Azərbaycanın Qərblə münasibətlərində yaranan yeni mərhələdə Londonun mövqeyi tarazlaşdırıcı amil rolunu oynayır – nə siyasi müdaxilə, nə də ideoloji şərtlər, sadəcə qarşılıqlı faydaya əsaslanan real siyasət.
Praqmatik yanaşma Azərbaycanın son illər xarici siyasət kursunda müşahidə olunan əsas tendensiyalarla tam uzlaşır. Bakı regional sabitliyin təminatçısı, kommunikasiya və logistik mərkəz rolunda çıxış edir. Böyük Britaniya bu reallığı qəbul edərək, Azərbaycanı Cənubi Qafqazda mühüm geosiyasi oyunçu kimi dəstəkləyir. Londonun region siyasəti Vaşinqtonun və Brüsselin yanaşmasından fərqli olaraq, daha az normativ, daha çox praqmatikdir. Məhz bu, Azərbaycan üçün diplomatik manevr imkanlarını genişləndirir və balanslı siyasət aparmağa şərait yaradır.
Hazırda Vaşinqtonla və Aİ ilə münasibətlərin genişləndiyi bir mərhələdə Bakı bu iki istiqaməti bir-birinə qarşı qoymadan, əksinə, bir-birini tamamlayan platformalar kimi formalaşdırmağa çalışır. 8 avqust tarixində Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasında ABŞ-ın vasitəçilik rolu bu əməkdaşlığın praktiki təzahürünə çevrildi. Vaşinqtonun bu prosesdə fəal iştirakı regionda dayanıqlı sabitliyin və postmünaqişə nizamlanmasının təmininə yönəlmiş yeni diplomatik mexanizmin formalaşdığını göstərir. Eyni zamanda, Aİ ilə “yaşıl keçid” və enerji şaxələndirməsi istiqamətində dialoqun intensivləşməsi Azərbaycanın Qərb institutları ilə münasibətlərini qarşılıqlı fayda və strateji tarazlıq prinsipləri üzərində qurduğunu nümayiş etdirir.
Londonun Cənubi Qafqaz siyasətində Azərbaycana verdiyi önəm həm də qlobal enerji, nəqliyyat və təhlükəsizlik sistemlərində yeni reallıqlarla bağlıdır. Böyük Britaniya Rusiya-Ukrayna müharibəsindən sonra enerji bazarlarında yaranan qeyri-müəyyənlik fonunda Azərbaycanı alternativ enerji mənbəyi və tranzit tərəfdaş kimi görür. Siyasi baxımdan Londonun Bakı ilə yaxınlığı həm də regionda balans siyasətinin qorunmasına xidmət edir. Böyük Britaniya Cənubi Qafqazda qarşıdurma deyil, iqtisadi qarşılıqlı asılılıq və dialoq modeli üzərində sabitlik formulu təklif edir. Azərbaycanın müstəqil diplomatik manevr qabiliyyəti, hərbi-siyasi müstəqilliyi və regional təsir imkanları fonunda bu model qarşılıqlı güvən əsasında daha da dərinləşir.
Nəticə etibarilə, Azərbaycan–Böyük Britaniya münasibətləri regionda sabitlik arxitekturasının qorunmasına, həm də Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir. London–Bakı xətti indi strateji əməkdaşlığın yeni – bilik, texnologiya və qarşılıqlı etimad əsasında formalaşan mərhələsinə qədəm qoyur.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 13 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















