Icma.az
close
up
RU
Ermənistanda da Gürcüstan ssenarisi təkrarlanırmı?

Ermənistanda da Gürcüstan ssenarisi təkrarlanırmı?

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər iki ölkədə seçkilərdə qalib gələn hakimiyyət nəticələrin legitim olduğunu bəyan edib, müxalifət isə seçki prosesinin nəticələrini qəbul etməyərək parlamentdə iştirakdan imtina məsələsini gündəmə gətirib. Hadisələrin zahiri oxşarlığına baxmayaraq, siyasi məzmun və geosiyasi baxımından Ermənistan və Gürcüstan arasında ciddi fərqlər var.

Ermənistanda hakim “Mülki müqavilə” partiyasının lideri Nikol Paşinyan seçkilərdə 50 faizə yaxın səs toplayaraq parlament çoxluğunu qoruyub saxladı. Amma bu nəticə ona konstitusion çoxluq vermədi. Müxalif “Güclü Ermənistan” və “Ermənistan” blokları seçkinin nəticələrini şübhə altına alaraq Konstitusiya Məhkəməsinə müraciət edib, eyni zamanda, parlament mandatlarından imtina variantını müzakirə etməyə başlayıblar.

Bu mənzərə Gürcüstanda 2024-cü ilin oktyabrında keçirilmiş parlament seçkilərindən sonra yaşanan proseslərlə oxşardır. Həmin seçkilərdə hakim “Gürcü arzusu” partiyası təxminən 54 faiz səs topladığını açıqladı. Müxalifət və prezident Salome Zurabişvili isə nəticələri tanımadı, seçkilərin saxtalaşdırıldığını bildirdi və parlamenti qeyri-legitim saydı. Sonrakı mərhələdə müxalifət parlament fəaliyyətini boykot etdi. Oxşarlıq ondan ibarətdir ki, hər iki ölkədə müxalifət seçkisonrası siyasi mübarizənin əsas aləti kimi parlament boykotunu seçməyə meyillənib. Bu strategiyanın məntiqi parlamentin legitimliyini şübhə altına almaq və hakimiyyət üzərində daxili və beynəlxalq təzyiq yaratmaqdır. Lakin Gürcüstan təcrübəsi göstərir ki, boykot hər zaman gözlənilən nəticəni vermir.

2024-cü ilin noyabrında Gürcüstan parlamenti müxalifətin iştirakı olmadan fəaliyyətə başladı. Hakim “Gürcü arzusu” parlamentdə dominant mövqe qazandı və siyasi qərarların qəbulunda faktiki maneə ilə üzləşmədi. Müxalifət küçə etirazlarına və beynəlxalq dəstəyə ümid etsə də, hakimiyyət dövlət institutları üzərində nəzarəti qorumağa nail oldu. Nəticədə, boykot müxalifətin parlament tribunasını itirməsinə, qərarların qəbuluna təsir imkanlarının azalmasına gətirib çıxardı. Çünki hakimiyyət konstitusion çoxluğa sahib idi.

Bu gün Ermənistanda da eyni sual müzakirə olunur: parlamentdən kənarda qalmaq hakimiyyətə zərbə vuracaq, yoxsa əksinə, onun mövqelərini gücləndirəcək?

Hadisələrin diqqətçəkən tərəfi ondan ibarətdir ki, müxalifətin seçki nəticələrinə etirazı, ilk növbədə, hüquqi müstəvidə aparılır. Bu, əvvəlki illərdə müşahidə olunan küçə etirazlarından fərqli yanaşma hesab edilir. Lakin hüquqi mübarizənin siyasi nəticələri daha geniş ola bilər. Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ovannisyanın açıqlamaları göstərir ki, müxalifət parlamentdə iştirak etməmək qərarına gəlsə belə, bu addım avtomatik olaraq yeni seçkilərə yol açmır. Onun fikrincə, parlament formalaşdırılacaq, lakin siyasi legitimlik problemi qalacaq. Bu halda ölkə uzunmüddətli institusional böhranla üzləşəcək.

İki ölkə arasında əsas fərq geosiyasi müstəvidə ortaya çıxır. Gürcüstanda seçkilər, faktiki olaraq, Avropa İttifaqına inteqrasiya ilə Rusiya təsiri arasında seçim kimi təqdim olunurdu. Qərb institutları və Avropa Parlamenti müxalifəti dəstəkləyirdi. Seçki prosesinə dair narahatlıqlarını açıq ifadə etməklə yanaşı, Gürcüstan hakimiyyətinin legitimliyi ilə bağlı tənqidi bəyanatlar vermişdi. Ermənistanda isə vəziyyət fərqlidir. Burada Qərbə yaxınlaşma siyasəti aparan Paşinyan hakimiyyətdədir, müxalifət deyil. Gürcüstandan fərqli olaraq seçkilərin nəticələrinə etiraz edən əsas qüvvələr daha çox Rusiya ilə yaxın münasibətlərin tərəfdarıdır. Bu səbəbdən beynəlxalq reaksiyanın xarakteri də fərqlidir. ATƏT müşahidə missiyası seçkilərin ümumilikdə rəqabətli şəraitdə keçirildiyini, seçicilərə real seçim təqdim etdiyini bildirdi. Bununla belə, kampaniyanın gərgin və qarşıdurmalı atmosferdə keçdiyini də qeyd etdi.

***

Gürcüstan və Ermənistan təcrübələri arasında əsas fərqlərdən biri də hakimiyyətlərin parlamentdəki güc balansı ilə bağlıdır. Gürcüstanda hakim partiya qanunverici orqan üzərində faktiki tam nəzarəti təmin edərək konstitusion çoxluğa sahibdir. Ermənistanda isə Paşinyan parlamentdə üstünlüyü qorusa da, üçdəiki səs çoxluğunu əldə edə bilməyib. Bu, xüsusilə Konstitusiyada dəyişikliklərin edilməsi, Azərbaycanla sülh sazişinin hüquqi rəsmiləşdirilməsi və digər strateji qərarlar baxımından icra hakimiyyətinin manevr imkanlarını məhdudlaşdırır.

Mövcud parlament arxitekturasına görə, üçdəikidən az səsə malik hakim partiya Konstitusiyaya dəyişiklik edə bilmir və həmin dəyişiklikləri referendumun müzakirəsinə çıxarmaq səlahiyyətinə də sahib deyil. Eyni zamanda, prezidentin vəzifədən kənarlaşdırılması kimi institusional prosedurların təkbaşına həyata keçirilməsi də mümkün deyil. Bununla belə, hakim partiya digər qanunvericilik təşəbbüsləri üzrə yetərli səs çoxluğunu saxladığından, parlamentdə boş yerlər yaransa belə, bir sıra qərarları müstəqil şəkildə qəbul etmək imkanına malikdir.

Bu kontekstdə Baş nazir Nikol Paşinyanın qarşısında iki institusional seçim dayanır: ya mövcud hüquqi boşluğun aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə müraciət etmək, ya da mandatların digər siyasi qüvvələr arasında yenidən bölüşdürülməsinə imkan verən qanunvericilik təşəbbüsü irəli sürmək. Lakin hər iki variantın reallaşma ehtimalı aşağı qiymətləndirilir, çünki bu addımlar Paşinyanın formalaşdırdığı legitimlik narrativinə təsir göstərə bilər.

Eyni zamanda, müxalifətin mandatlardan imtinası hüquqi və texniki baxımdan mürəkkəb prosedurdur. Qanunvericiliyə əsasən, mandatdan imtina fərdi qaydada, yazılı ərizə ilə həyata keçirilir. Kütləvi imtina hallarında belə, mandatlar avtomatik olaraq hakim partiyaya keçmir və parlament yalnız “Mülki müqavilə”nin qazandığı yerlərlə fəaliyyət göstərir. Beləliklə, iqtidar 64 deputatla təmsil olunur ki, bu da konstitusion çoxluq üçün tələb olunan 70 mandat həddindən aşağıdır.

Bu, Ermənistan müxalifətinin boykot strategiyasını Gürcüstan modelindən fərqləndirən əsas məqamdır. Gürcüstanda boykot hakimiyyətin mövqeyini daha da möhkəmləndirdiyi halda, Ermənistanda parlamentdən kənar müxalifət bəzi strateji qərarların qəbulu prosesinə dolayı təsir göstərmək imkanını saxlayır.

Mövzu ilə bağlı siyasi şərhçi Cəsarət Hüseynzadə XQ-yə bildirdi ki, istənilən inkişaf ssenarisi Ermənistan siyasi sistemi üçün ciddi institusional çağırışlar yaradır: “Son aylar həm Ermənistan, həm də Gürcüstanda müşahidə olunan proseslər Cənubi Qafqazda yeni siyasi dinamikanın formalaşdığını göstərir. Seçkilərdən sonrakı mübarizə artıq yalnız küçə etirazları ilə deyil, legitimlik uğrunda hüquqi-siyasi qarşıdurma müstəvisində davam edir. Müxalifətin boykot taktikası hakimiyyətin legitimliyini zəiflətməyə yönəlsə də, Gürcüstan təcrübəsi göstərir ki, bu strategiya hər zaman gözlənilən siyasi nəticəni vermir və bəzən əks-effekt yaradaraq hakim qüvvənin mövqelərini daha da gücləndirir.

Bu mənzərə fonunda Ermənistan müxalifəti qarşısında strateji seçim dayanır: ya Gürcüstan modelinə uyğun olaraq parlamentdən kənar siyasi mübarizəni davam etdirmək, ya da qanunverici orqanda iştirak edərək müxalifət rolunu seçmək. Hər iki halda əsas müzakirə predmeti təkcə mandat deyil, ölkənin siyasi sabitliyi, Azərbaycanla münasibətlərin normallaşması və Ermənistanın gələcək geosiyasi istiqamətinin müəyyənləşdirilməsidir. Buna görə də mövcud müzakirələr taktiki deyil, ölkənin orta və uzunmüddətli siyasi kursunu formalaşdıracaq strateji qərarlar kimi qiymətləndirilir”.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyun 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri