Icma.az
close
up
RU
Ermənistanda əhali azalır, münaqişələr isə artır

Ermənistanda əhali azalır, münaqişələr isə artır

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Demoqrafik böhranın səbəbi uzun illərin millətçilik siyasətidir

Ermənistan maliyyə nazirinin müavini (2016-2018) və Dövlət Gəlirləri Komitəsinin sədri (2018-2020) vəzifələrində çalışmış, hazırda “Birlik qanadları” siyasi təşəbbüsünün üzvü olan iqtisadçı David Ananyan ölkədəki demoqrafik durumla bağlı real göstəriciləri açıqlayıb. “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi “Səssiz demoqrafik çöküş: “Böyüyən” iqtisadiyyatın fonunda doğum səviyyəsinin azalması” sərlövhəli şərhində Ananyan bildirib ki, 2025-ci il oktyabrın 1-i tarixinə Ermənistanın daimi əhalisi 3 milyon 90 min 500 nəfər təşkil edib.

Onun sözlərinə görə, rəqəmlər cüzi artım göstərir, lakin bu artımın mənbəyi aydındır: “Bu, təbii çoxalma ilə deyil, “Artsax”dan gəlmiş soydaşlarımızın qeydiyyatı ilə bağlıdır. Və real demoqrafik mənzərə pisləşməyə davam edir. 2025-ci ilin yanvar-oktyabr aylarında ölkədə 26768 uşaq doğulub, 2024-cü ilin eyni dövründə isə bu rəqəm 28109 olub. Bu, o deməkdir ki, doğum nisbəti 4,8 faiz azalıb. Doğum əmsalı (doğum/ölüm nisbəti) də azalıb: 133,3 faiz → 127 faiz. Bu o deməkdir ki, təbii artımın “ehtiyatı” tükənir”.

D.Ananyan qeyd edib ki, bu müddətdə təbii artımda kəskin pisləşmə qeydə alınıb: “Təbii artım azalıb: 7022 → 5688, azalma 19 faiz. Bu, normal bir dalğalanma deyil. Bu, ölkənin bioloji çoxalmasında azalmadır və elan edilmiş iqtisadi artım fonunda baş verir”.

Keçmiş dövlət məmuru bildirib ki, nikah nisbətində də azalma müşahidə olunur: “2025-ci ilin yanvar-oktyabr aylarında 11574 nikah qeydə alınıb, 2024-cü ilin eyni dövründə isə bu rəqəm 13175 olub. Nikahların təxminən 12,2 faiz azalmasının əsas səbəbi insanların gələcəyə daha az inamlı olması, ailə qurulmasını gecikdirməsi və övlad sahibi olmaq istəklərini getdikcə daha çox təxirə salmasıdır”.

Ekspert boşanma nisbətində isə artım qeydə alındığını vurğulayıb: “2024-cü ilin yanvar-oktyabr aylarında boşanma səviyyəsi hər 1000 nikahda 294 olduğu halda, 2025-ci ilin eyni 10 ayında hər 1000 nikahda 348-ə çatıb. Bu, sadəcə bir rəqəm deyil, ailə sabitliyinin pozulmasının göstəricisidir. Boşanmaların sayı artdıqda və doğum halları azaldıqda, ölkə uzunmüddətli demoqrafik risk zonasına daxil olur”.

Bundan əlavə, D.Ananyan 0-1 və 0-4 yaşlı uşaqlar arasında ölüm hallarının artdığını bildirib: “2025-ci il üçün ilkin məlumatlara görə, 0-1 yaşlı uşaqlar arasında ölüm halları 11,5 faiz, 0-4 yaşlı uşaqlar arasında isə 13 faiz artıb. Bu rəqəmlər səhiyyə sistemimizin uşaqlar üçün riskləri idarə etmək tələbinə cavab vermədiyini göstərir. Digər tərəfdən, bu, artıq sosial problem deyil; milli təhlükəsizlik məsələsidir. Təriflənən iqtisadi artım fonunda doğum nisbəti aşağı düşdükdə, ailələrin sayı azaldıqda, boşanmaların sayı artdıqda və təbii artım azaldıqda, bu, artıq statistika deyil, milli dayanıqlılığın itirilməsinin real prosesidir. İqtisadi artım həyata fayda gətirmədikdə, dəyərsizdir. Əgər bir ölkə əhalisini çoxaltmırsa, əgər ailə cəmiyyətin təməli deyil, sosial yükün daşıyıcısı olursa, o zaman istənilən iqtisadi göstərici mənasısını itirir. Özümüzə verməli olduğumuz əsas sual budur: iqtisadi artım yeni həyat, yeni ailələr, yeni nəsillər gətirmədikcə onun dəyəri nədir?”

***

Qeyd etmək lazımdır ki, Ermənistanda demoqrafik göstəricilərlə bağlı səsləndirilən rəqəmlər uzun illərdir müxtəlif səbəblərdən ya ört-basdır edilir, ya da müvəqqəti amillərlə izah olunmağa çalışılırdı. D.Ananyanın açıqlamaları isə bu, necə deyərlər, hazır izahların artıq işləmədiyini göstərir. Vurğulamaq vacibdir ki, Ananyan bir vaxtlar Nikol Paşinyan komandasının, indi isə müxalif siyasi təşəbbüsün üzvü olsa da, onun təqdim etdiyi statistika emosional yox, mənbələrə əsaslanan reallığı əks etdirir.

Əhalinin sayında qeydə alınan cüzi artımın təbii çoxalma hesabına deyil, Qarabağdan köç etmiş ermənilərin qeydiyyatı nəticəsində formalaşması demoqrafik mənzərənin dərin qatlarda nə qədər problemli olduğunu üzə çıxarır. Doğum sayının azalması, təbii artımın sürətlə zəifləməsi, nikahların azalması və boşanmaların artması artıq ayrı-ayrı sosial hadisələr deyil, bir-birini tamamlayan sistem böhranıdır.

Bu prosesləri yalnız mövcud hökumətin fəaliyyəti ilə izah etmək düzgün olmazdı. Ermənistanın bugünkü demoqrafik böhranının kökləri daha dərində, onilliklər boyu yürüdülmüş yanlış siyasi kursda gizlənir. Keçmiş rejimlərin Qarabağ məsələsini avantürist xətt üzrə alovlandırması on minlərlə insanın həyatına son qoymaqla yanaşı, ölkənin insan kapitalını da tükəndirdi. Müharibələr, səfərbərliklər, miqrasiya dalğaları və sosial travmalar demoqrafik tarazlığı bərpaolunmaz şəkildə sarsıtdı.

Ermənistanda əhalinin sayının azalmasının digər mühüm amili ölkənin regional blokadada qalmasıdır. Bu gün ölkə, faktiki olaraq, iki tərəfdən qonşuları ilə sərhədləri bağlı vəziyyətdə yaşayır. Nəqliyyat kommunikasiyalarının məhdudluğu, böyük bazarlara çıxışın olmaması iqtisadi inkişafı ləngidir, sosial rifahı zəiflədir və ən əsası, gənclərin ölkəyə bağlılığını azaldır. Gələcəyə inam olmadıqda ailə qurmaq, övlad sahibi olmaq təbii olaraq təxirə salınır.

Paşinyan hökumətinin bu problemlərin hamısını qısa müddətdə həll etməsi real deyil, lakin məsuliyyət yalnız indiki hakimiyyətin üzərinə də atıla bilməz. Mövcud vəziyyət daha çox keçmiş siyasi elitanın yaratdığı struktur fəsadların nəticəsidir. İqtisadi artım rəqəmlərlə ölçülə bilər, amma əgər bu artım yeni ailələr, yeni doğulan uşaqlar və sabaha inam yaratmırsa, onun cəmiyyət üçün dəyəri sual altına düşür. Ananyanın əsas mesajı da məhz budur: statistika sadəcə rəqəmlər toplusu deyil, cəmiyyətin gələcəyi haqqında xəbərdarlıqdır. Ermənistan üçün bu xəbərdarlıq artıq gecikmiş siqnaldır və demoqrafik enişi dayandırmaq təkcə iqtisadi deyil, həm də siyasi və tarixi səhvlərlə üzləşməyi tələb edir.

***

Ölkənin yüksək vəzifəli sabiq məmurunun paylaşımı Ermənistan mediasında müzakirələrə yol açıb. “ArmenianReport” saytında yerləşdirilmiş “Ermənistanda əhali artımı: niyə bu qədər vacibdir?” sərlövhəli maarifləndirici məqalədə müəllif Samvel Ohanesyan yazır: “Bu gün mən bizim “obıvatel”lərimizi tənqid etmək istərdim. Bəli, adi, orta statistik ermənini. Cəsarətlə deyirəm ki, xalqının taleyinə qarşı məsuliyyətsiz münasibətinə görə. Tənbəlliyinə görə. Daha dəqiq desək, uşaqsızlığına və aşağı doğum qabiliyyətinə, insanlıq və vətəndaşlıq borcu arasındakı sərhədi aşan məsuliyyət yükündən yayındığına görə”.

Məqalədə qeyd edilib ki, D.Ananyanın həyəcan təbili çalmasına ciddi yanaşmaq lazımdır: “Burada nə deyə bilərik? Doğum nisbətlərinin azalması bütün mədəni xalqlar, xüsusən də yerli avropalılar və xristian xalqları arasında qeydə alınır. Ermənilər bu baxımdan unikal xalq deyillər. Mürəkkəb texnoloji inkişaf yolunu seçən xalqlar arasında, məsələn, yaponlar və cənubi koreyalıların doğum nisbəti olduqca aşağıdır. Bizim standartlarımıza görə yüksək maaşlarına, rahat həyatlarına baxmayaraq, həmin millətlər yox olmaq üzrədir. Türklər də artıq həyəcan təbili çalırlar. Mən rusiyalı müstəqil ekspert və demoqraf Aleksey Rakşadan eşitmişəm ki, Türkiyədə doğum nisbəti Rusiyadakı ilə, demək olar ki, eynidir. Təəccübləndim, amma sonra Avropanın demoqrafik xəritəsini gördüm, bu xəritədə Türkiyə vətəndaşlarının iki-üç nəsil əvvəlki qədər məhsuldar olmadığı göstərilir. Türkiyə Statistika İnstitutunun (TÜİK) sədr müavini Furkan Metin hətta öz millətini 45 yaşlı kişi ilə müqayisə etdi, halbuki əvvəllər türklər 20 yaşlılarla müqayisə edilə bilərdi”.

Yazıda azərbaycanlılarının sayının artımına həsəd aparılıb: “Amma Şərq qonşularımıza baxsanız, onlar olduqca yaxşı yaşayırlar. 2025-ci ilin yanvar-oktyabr ayları arasında Azərbaycan əhalisi 32 109 nəfər və ya 0,3 faiz artıb. Hazırda 10,26 milyon nəfərdir”.

Əlbəttə, müəllifin bu yanaşması erməni cəmiyyətində demoqrafik böhranın səbəblərini yanlış ünvana yönəltmək cəhdidir. Əhalinin azalmasını “obıvatel”in guya məsuliyyətsizliyi ilə izah etmək sosial-iqtisadi və siyasi amilləri kölgədə qoyur. Halbuki onilliklər boyu aparılmış münaqişə siyasəti, itkilər, miqrasiya və blokada şəraiti insanların ailə qurmaq və övlad sahibi olmaq imkanlarını məhdudlaşdırıb. Azərbaycan nümunəsi göstərir ki, sabitlik, inkişaf və gələcəyə inam olduqda əhali artımı da mümkün olur. Buna görə də demoqrafik geriləmənin məsuliyyətini sadə vətəndaşın üzərinə atmaq yox, problemin köklərini yanlış dövlət siyasətlərində axtarmaq daha obyektiv yanaşmadır.

S.NAZİMOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see300

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see278

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see265

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see259

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see252

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see232

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see210

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see209

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see199

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see193

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see192

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see191

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see191

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see183

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see182

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see174

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see173

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see160

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see155

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri