Ermənistanda hərbi büdcə yenidən şişir
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Müdafiə xərclərinin 130 milyon dollar artması sülh gündəliyinə kölgə salır
Ermənistan Milli Assambleyası daimi komissiyalarının dünən keçirilən birgə iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb. Baş nazir Nikol Paşinyanın iclasda şəxsən təqdim etdiyi sənədin müzakirəsində deputatlarla yanaşı, maliyyə naziri Vahe Ovannisyan, Mərkəzi Bankın sədri Martın Qalstyan, Hesablama Palatasının rəhbəri Atom Canсuqazyan, əmək və sosial məsələlər naziri Arsen Torosyan, Statistika Komitəsinin rəhbəri Stepan Mnasakanyan iştirak ediblər.
Layihəyə əsasən, gələn il Ermənistanın dövlət büdcəsinin gəlirləri 3 trilyon 603 milyard dram (təxminən 9,98 milyard dollar), xərcləri isə 4 trilyon 72 milyard dram (11,28 milyard dollar) təşkil edəcək. Beləliklə, büdcə kəsirinin 468,18 milyard dram (1,3 milyard dollar) səviyyəsində olması nəzərdə tutulur. Layihədə ən böyük xərc istiqamətlərindən biri pensiya təminatıdır. Bu məqsədlə 674 milyard dram (1,87 milyard dollar) ayrılması planlaşdırılır. Bu, müdafiə sahəsinin əsas proqramına nəzərdə tutulan vəsaitdən təxminən 60 milyard dram (166,2 milyon dollar) çoxdur.
Müdafiə Nazirliyinin ümumi büdcəsinin 616,5 milyard dram (1,71 milyard dollar) olması nəzərdə tutulur. Müdafiə sahəsinə ayrılan vəsait pensiya təminatından az olsa da, hərbi xərclərin əvvəlki illə müqayisədə artırılması nəzərdə tutulur. Layihədə təhsil, elm, mədəniyyət və idman sahələri üçün də əhəmiyyətli məbləğlər müəyyənləşdirilib. Müvafiq nazirliyə ümumilikdə 435,9 milyard dram (1,21 milyard dollar), ümumi təhsilə 144,3 milyard dram (399,7 milyon dollar), məktəbəqədər və ümumtəhsil müəssisələrinin tikintisi və yaxşılaşdırılmasına 126,5 milyard dram (350,4 milyon dollar) ayrılması təklif olunur.
Hərbi xərclərdə 8,3 faizlik artım
2027-ci ilin büdcə layihəsində diqqəti cəlb edən əsas məqamlardan biri müdafiə xərclərinin artırılmasıdır. Qeyd edildiyi kimi, ölkə gələn il əsas müdafiə proqramına 613,8 milyard dram (1,7 milyard dollar) ayırmağı planlaşdırır. Bu, 2026-cı ildə nəzərdə tutulan təxminən 566 milyard dramla (1,57 milyard dollar) müqayisədə 47 milyard dram (130,2 milyon dollar) çoxdur. Başqa sözlə, artım 8,3 faiz təşkil edir. Bu rəqəmlər Ermənistanın hərbi xərclərinin artırılması xəttini davam etdirdiyini göstərir. Üstəlik, söhbət təkcə müdafiə qurumunun ümumi büdcəsindən deyil, birbaşa ordunun döyüş hazırlığının və sərhədlərin qorunmasının təmin edilməsinə yönəldilən əsas proqramdan gedir.
Silahlanma yenə ön planda
Hərbi xərclərin artırılmasını Ermənistanın son illər həyata keçirdiyi silahlanma siyasətindən kənarda nəzərdən keçirmək düzgün olmaz. İrəvan ordunun döyüş qabiliyyətinin yüksəldilməsini, hərbi texnikanın yenilənməsini və silahlı qüvvələrin müasir tələblərə uyğunlaşdırılmasını təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim edir. Bu baxımdan Fransa və Hindistanla hərbi-texniki əməkdaşlıq xüsusi diqqət çəkir.
Burada mühüm məqam ondan ibarətdir ki, 2027-ci il büdcə layihəsində xarici ölkələrdən silah alışına ayrılan vəsaitin ayrıca bölgüsü təqdim edilmir. Ona görə də 613,8 milyard dramın hansı hissəsinin yeni silahların alınmasına, hansı hissəsinin ordunun saxlanmasına və digər ehtiyaclara yönəldiləcəyini indidən dəqiq müəyyənləşdirmək mümkün deyil. Eyni zamanda, ayrı-ayrı ölkələrlə imzalanmış hərbi müqavilələrin ümumi dəyərini konkret ilin büdcə ayırmaları ilə eyniləşdirmək olmaz. Bununla belə, hərbi xərclərin artması İrəvanın silahlı qüvvələrin yenilənməsi və döyüş hazırlığının yüksəldilməsi istiqamətində maliyyə imkanlarını genişləndirmək niyyətini göstərir. Xarici tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi də bu siyasətin tərkib hissəsidir.
Silahlanmanın arxasında nə dayanır?
Politoloq Ramiyə Məmmədova bu suala cavab olaraq bildirdi ki, Ermənistanın 2027-ci il üçün müdafiə xərclərini artırması bir neçə amillə əlaqələndirilə bilər. Onun sözlərinə görə, rəsmi İrəvan İkinci Qarabağ müharibəsindən sonra ordunun strukturunda, idarəetmə sistemində və silahlanmasında dəyişikliklərə ehtiyac olduğunu dəfələrlə bəyan edib. Bu istiqamətdə yeni hərbi texnikanın alınması, mövcud silahların yenilənməsi, sərhəd müdafiəsinin gücləndirilməsi və şəxsi heyətin hazırlığının yaxşılaşdırılması hökumətin gündəliyində yer alır.
Ekspert qeyd etdi ki, digər tərəfdən Ermənistanın təhlükəsizlik siyasətində xarici tərəfdaşların rolunu artırmaq cəhdi də diqqətdən yayınmır: “Rusiya ilə ənənəvi hərbi münasibətlərin əvvəlki səviyyədə olmadığı bir şəraitdə Fransa, Hindistan və digər ölkələrlə əməkdaşlığın genişləndirilməsi İrəvanın müdafiə sahəsində tərəfdaşlarını şaxələndirmək istəyini nümayiş etdirir. Bu proses təkcə silah alışını deyil, həm də hərbi təlimləri, texniki təminatı və müdafiə sistemlərinin yenilənməsini əhatə edir”.
Politoloqun fikrincə, silahlanmanın genişləndirilməsi yalnız yeni texnikanın əldə olunması ilə məhdudlaşmır. Alınan sistemlərin istismarı, texniki xidməti, ehtiyat hissələri və sursatla təminatı, eləcə də şəxsi heyətin hazırlanması əlavə maliyyə tələb edir. Buna görə də hərbi xərclərdəki artımın müəyyən hissəsi yeni silahların alınmasından daha geniş ehtiyacların ödənilməsinə yönələ bilər.
Siyasi şərhçi diqqətə çatdırdı ki, burada diqqətçəkən başqa bir məqam var: “Ermənistan hökuməti müdafiə xərclərinin artırılmasını təhlükəsizlik ehtiyacları ilə əsaslandırsa da, bu siyasətin regional nəticələri yalnız İrəvanın niyyətlərindən asılı deyil. Silahlanmanın genişləndirilməsi, yeni hərbi tərəfdaşların cəlb olunması və ordunun imkanlarının artırılması Cənubi Qafqazdakı ümumi təhlükəsizlik mühitinə təsir göstərən amillərdir. Xüsusilə sülh gündəliyinin irəli aparıldığı, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların atıldığı bir vaxtda bu prosesin hansı məqsədlərə xidmət etməsi mühüm əhəmiyyət daşıyır”.
Onun qənaətinə görə, Ermənistanın müdafiə büdcəsindəki artım özlüyündə müharibəyə hazırlıq niyyətinin sübutu sayıla bilməz: “Əlbəttə, hər bir dövlətin müdafiə qabiliyyətini gücləndirmək hüququ var. Ancaq nəzərə almaq lazımdır ki, burada söhbət Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamış, işğal etdiyi ərazilərdə ekosid, urbisid və kultursid törətmiş ölkədən gedir. Bu səbəbdən Ermənistanın hərbi xərclərinin artırılması təkcə büdcə göstəricisi kimi deyil, regionun yaxın keçmişi və mövcud təhlükəsizlik şəraiti kontekstində də qiymətləndirilməlidir. İrəvanın müdafiə sahəsində atdığı addımların sülh gündəliyinə uyğunluğu, eləcə də gələcəkdə hərbi gücün hansı məqsədlər üçün istifadə olunacağı ilə bağlı aydın mövqe ortaya qoyması vacibdir. Silahlanma siyasətinin şəffaflığı, hərbi xərclərin hansı istiqamətlərə yönəldilməsi və bu siyasətin regionda etimad mühitinə təsiri də az əhəmiyyət daşımır. Sülhün möhkəmləndirilməsi üçün hərbi imkanların artırılması ilə yanaşı, qarşılıqlı etimadın gücləndirilməsi və təhlükəsizlik sahəsində aydınlığın təmin olunması da vacibdir”.
Səxavət HƏMİD
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 03 Noyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















