Ermənistandan Rusiyaya gedən yük avtomobilləri Gürcüstanla sərhəddən geri qaytarılır?
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistan parlamentinin müxalif "Ermənistan" (Hayastan) fraksiyasından olan deputatı Qarnik Danielyanın Rusiyaya gedən və erməni meyvələrini daşıyan yüzlərlə yük maşınının Gürcüstanla sərhəddə geri qaytarılması ilə bağlı iddialarını təkzib edib.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
"Avqustda Ermənistan meyvə-tərəvəzlərini daşıyan 762 yük maşını Rusiya Federasiyasına daxil olub, Gürcüstandan isə cəmi dördü qayıdıb", - deyə Papoyan "Facebook" hesabında yazıb.
"Hörmətli Qarnik, yalan danışmaq xoş deyil", - deyə nazir əlavə edib.
Xatırladaq ki, daha əvvəl Qarnik Danielyanın "Facebook"da yazdığına görə, Gürcüstandan keçməklə Rusiyaya gedən və kənd təsərrüfatı məhsulları daşıyan yüzlərlə erməni yük maşını guya Ermənistana qayıdır. Lakin eyni zamanda o, maşınların sərhəddə niyə geri qaytarıldığını və bunu hansı ölkənin gömrükçülərinin etdiyini açıqlamayıb.
Deputat iddia edib ki, gavalı, şaftalı və üzüm daşıyan yük maşınları "Verxniy Lars" nəzarət-buraxılışı məntəqəsindən qayıdır. Onun sözlərinə görə, daşıyıcılar fitosanitar şəraitlə bağlı bəzi problemlər barədə bildiriblər.



