Ermənistanın Azərbaycan ərazisində ekoloji cinayətləri
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qarabağın işğal dövründən qalan ağır irsi dağıdılmış şəhər və kəndlərlə məhdudlaşmır. Qazılmış dağlar, qanunsuz istismar edilmiş mineral yataqlar, genişləndirilmiş karxanalar və pozulmuş təbii landşaft işğalın təbiətə vurduğu acı mənzərəsidir. Azərbaycanın yeraltı sərvətlərindən qanunsuz istifadə, təbii mühitə vurulmuş zərər və ekoloji tarazlığın pozulması bu irsin araşdırılmasını zəruri edir. Məqsəd yalnız iqtisadi itkiləri hesablamaq deyil, həm də milli sərvətlər üzərində Azərbaycanın suveren hüquqlarını qorumaq, ekoloji zərərin miqyasını müəyyənləşdirmək və məsuliyyət məsələsini gündəmə gətirməkdir.
Məsələnin aktuallığını Ermənistanın COP17-yə ev sahibliyi etməsi də artırır. Biomüxtəlifliyin qorunması və ekosistemlərin bərpasının beynəlxalq gündəmdə olduğu bir vaxtda Qarabağın işğal dövründə təbii sərvətlərin istismarı, torpaq və landşaftın pozulması, ekosistemlərə vurulmuş zərər diqqətdən kənarda qalmamalıdır.
Ağdamda irimiqyaslı talançılıq
Ağdam zəngin mineral-xammal ehtiyatlarına malikdir. Rayonun mineral sərvətləri arasında sement istehsalı üçün yararlı Çobandağ əhəngdaşı yatağı əhəmiyyət daşıyır. Təsdiq edilmiş ehtiyatları 140 milyon 464 min ton olan bu yataq tikinti sənayesi üçün mühüm xammal mənbəyidir. Mişar daşı istehsalına yararlı Şahbulaq əhəngdaşı yatağının ehtiyatları 64 milyon 863 min kubmetrdir.
Bundan başqa, Boyəhmədli gil yatağında 44 milyon 708 min ton, Şorbulaq gil yatağında isə 25 milyon 197 min ton ehtiyat qeydə alınıb. Gülablı yatağında 4 milyon kubmetr əhəngdaşı var. Kərpic istehsalında istifadə olunan Ağdam gil yatağı, eləcə də ümumi ehtiyatları 30 milyon 599 min kubmetr olan Xaçınçay və Qarqarçay qum-çınqıl, Şelli üzlük daşı yataqları rayonun mineral-xammal potensialını tamamlayır.
Bu rəqəmlər Ağdamın yalnız təbii sərvətlərlə zənginliyini deyil, həm də ölkənin tikinti sənayesinin inkişafı üçün malik olduğu imkanları göstərir. Lakin işğal illərində bu yataqları ermənilər qanunsuz istismar ediblər. Bu zaman ətraf mühitə ciddi ziyan dəyib. Şahbulaq dağ massivində daş karxanalarının sayı artıb, çıxarılan daşlar Ermənistana daşınıb.
İstismar fəaliyyətinin izləri təkcə iqtisadi məlumatlarda deyil, ərazinin təbii görünüşündə də özünü göstərir. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında yerləşdirilən beynəlxalq ekoloji qiymətləndirmə hesabatında 1993–2020-ci illərdə münaqişədən təsirlənmiş ərazilərdə mədənçilik və karxana fəaliyyətinin dəyişməsi peyk təsvirləri əsasında araşdırılıb. Hesabatda hasilat sahələrinin ətraf landşafta təsiri aydın görünür. Bu da onu göstərir ki, xammalın ərazidən çıxarılması problemin yalnız iqtisadi tərəfidir. Digər mühüm məsələ həmin fəaliyyətlərin təbiətə təsiridir. Daş karxanalarının fəaliyyəti zamanı torpağın üst münbit qatının götürülməsi landşaftı köklü şəkildə dəyişib. Hasilat zamanı yaranan toz, tullantılar və bitki örtüyünün zədələnməsi də ekoloji tarazlığa təhlükə yaradıb. Pozulmuş sahələrin bərpası, yaranmış fəsadların aradan qaldırılması üçün isə böyük vəsait lazımdır. Bu baxımdan Çobandağ və Şahbulaq yataqlarının taleyi xüsusi diqqət tələb edir.
Ağdamın ekoloji problemləri yalnız daş və gil yataqları ilə məhdudlaşmır. İşğal dövründə rayonun otlaq sahələrində genişmiqyaslı yanğınlar baş verib, təbii abidə kimi qorunan yaşlı Şərq çinarları kəsilərək ərazidən aparılıb. Bu faktlar göstərir ki, işğalın ekoloji nəticələrini yalnız mineral ehtiyatların taleyi ilə əlaqələndirmək düzgün olmazdı. Torpaq, bitki örtüyü, meşə və otlaq sahələri, su ehtiyatları və canlı aləm vahid təbii sistemin hissələridir. Onlardan birinə vurulan zərər digər komponentlərə də təsir göstərir.
Harov mərməri, Xankəndinin daş yataqları
Qarabağın yeraltı sərvətləri sırasında mərmər, üzlük, mişar daşı və digər tikinti materialları mühüm yer tutur. Xankəndi ətrafındakı tikinti daşı ehtiyatları, Xocalı rayonunun Harov kəndi ərazisindəki mərmər yatağı bu təbii sərvətlərin bir hissəsidir. İşğal dövründə Harov kəndi yaxınlığındakı daş emalı müəssisəsində daş blokları, plitələr, çəhrayı və yaşıl mərmər, eləcə də bordür daşları istehsal olunub. Müəssisədə ayda orta hesabla 500 kvadratmetr plitə hazırlanıb, daşın kəsilməsi və cilalanması üçün xüsusi avadanlıqlardan istifadə edilib. Bu, həmin dövrdə ərazidə yalnız xammal hasilatının deyil, həm də emal prosesinin getdiyini göstərir.
Daşın sənaye məhsuluna çevrilməsinin görünməyən tərəfi də var. Harov mərmərinin və Xankəndi ətrafındakı tikinti daşlarının istismarına yalnız iqtisadi fəaliyyət kimi yanaşmaq olmaz. Hər bir karxananın fəaliyyəti dəyişdirilmiş torpaq sahələri, pozulmuş təbii örtük deməkdir. Hasilat və emal zamanı tullantıların idarə olunmasına, tozun azaldılmasına və ərazilərin sonradan bərpasına lazımi diqqət yetirilməyib. Karxanaların genişlənməsi yamacların dayanıqlığını zəiflədib, eroziya və torpaq deqradasiyası riskini artırıb. Təbii drenaj sisteminin dəyişməsi isə su rejiminə təsir göstərib. Bunların fəsadları illər sonra da özünü göstərəcək.
Xocalı rayonunun təbii sərvətləri arasında Yemişcan və Ağçay üzlük daşı yataqları da xüsusi yer tutur.
Laçının yeraltı sərvətləri
Laçın təkcə füsunkar dağları, sıx meşələri və şəfalı bulaqları ilə deyil, həm də zəngin yeraltı sərvətləri ilə seçilir. Bu torpağın qoynunda üzlük və mişar daşı, tikinti daşı, gil, qum-çınqıl, pemza, vulkan külü, vermikulit, əqiq və digər faydalı qazıntılar mövcuddur. Lakin zəngin yataqlar qanunsuz istismar edilib, təbii mühitə isə ciddi zərər dəyib.
Laçının əsas qeyri-filiz yataqları sırasında Qoçaz mərmərləşmiş əhəngdaşı, Ağoğlan və Əhmədli tuf yataqları, Novruzlu gil yatağı, Laçın əhəngdaşı yatağı, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, Quşçu pemza yatağı, eləcə də əqiq və digər dekorativ daş ehtiyatları da var.
Rayonun mineral ehtiyatları da qanunsuz istismar olunub. Təbii sərvətlərin qanunsuz və nəzarətsiz istismarı yalnız iqtisadi itki ilə nəticələnməyib. Karxanaların açılması təbii landşaftı dəyişib. Laçın və Qaragöl ərazilərindəki qorunan təbiət sahələri, meşələr, bulaqlar və zəngin biomüxtəliflik zərər görüb.
Talanan təbii sərvətlər – 16,2 milyard manat
Qanunsuz istismar edilən yataqların coğrafiyası bölgənin təbii ehtiyatlarının nə qədər geniş miqyasda hədəfə alındığını göstərir. Zəngilanda Oxçuçay üzlük daşı, əhəng xammalı, Şərifan qum yataqları, Kəlbəcərdə Çaplı və Tərtərçay qum-çınqıl, İlyaslı və Çaykənd qarışıq süxur yataqları bu siyahıda yer alıb. Cəbrayıl rayonunda Göyərçin Veysəlli sement xammalı, Soltanlı və Qaracalı qum, Tuluz mişar daşı, Hacılı-1 gəc yataqları, Ağdərədə Çardaqlı daş kömür və Suqovuşan-Talış qarışıq süxur yataqları da talan edilib.
Şuşa rayonundakı Şuşa-1 əhəng xammalı, Füzulidəki Dövlətyarlı mişar daşı və Quruçay qum-çınqıl, Xocavəndin Binə, Hadrut, Tuğ, Məlikcanlı və Edilli ərazilərindəki qarışıq süxur və qırmadaş yataqları, Laçında Yuxarı Həkəriçay qum-çınqıl ehtiyatları, Laçın–Şuşa avtomobil yolu ərazisindəki qarışıq süxurlar bölgənin zəngin təbii sərvətlərinin miqyasını nümayiş etdirir. Bu yataqların hər biri Azərbaycanın milli sərvətidir. Onların qanunsuz istismarı ilə bağlı faktların müəyyənləşdirilməsi, çıxarılan xammalın həcminin və daşınma istiqamətlərinin araşdırılması talanın real miqyasını üzə çıxarmaq baxımından vacibdir.
Talanın nəticələri yalnız yerin təkindən çıxarılan faydalı qazıntıların dəyəri ilə məhdudlaşmır. Meşə fondu, xüsusi mühafizə olunan təbiət əraziləri, təbiət abidələri və mineral-xammal yataqları da vurulmuş ziyanın qiymətləndirilməsinin tərkib hissəsidir. İlkin araşdırmalarda bu sahələr üzrə maddi ziyanın, təxminən, 16,2 milyard manat olduğu bildirilir. Bu rəqəmdə qeyri-filiz yataqlarına qanunsuz istismar zamanı dəyən zərər də var.
COP17: erməni ekosidini gizlədə bilməz
BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasının (COP17) Yerevanda keçirilməsi ekoloji məsuliyyət, biomüxtəlifliyin qorunması və təbii sərvətlərdən dayanıqlı istifadə məsələlərini gündəmə gətirir. Belə bir beynəlxalq tədbir çərçivəsində ekoloji öhdəliklərdən danışılarkən Qarabağda işğal dövründə mineral ehtiyatların istismarı, təbii landşaftın dəyişdirilməsi və ətraf mühitə vurulmuş zərərlə bağlı məsələlər də diqqətdən kənarda qalmamalıdır. Azərbaycanın təqdim etdiyi materialların faktlar əsasında araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması bu baxımdan əhəmiyyət daşıyır.
Beynəlxalq ekoloji öhdəliklərə sadiqlik yalnız bəyanatlarla deyil, keçmişdə baş vermiş fəaliyyətə münasibət, şəffaflıq və hesabatlılıqla da ölçülür. Qarabağda işğal dövründə istismar edilmiş mineral yataqlarının vəziyyəti, hasil olunan xammalın həcmi, onun daşınması və satış istiqamətləri, eləcə də karxanaların fəaliyyəti nəticəsində yaranmış ekoloji dəyişikliklər hərtərəfli araşdırılmalıdır.
Pünhan ƏFƏNDİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 27 Oktyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















