Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutmasından 6 il ötür.
APA-nın məlumatına görə, Ermənistan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinin gedişində - oktyabrın 5-də Bərdə şəhərini atəşə tutub. Bərdənin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Vətən müharibəsinin gedişində Bərdə rayonu ümumilikdə 5 dəfə Ermənistanın atəşinə məruz qalıb. 2020-ci il oktyabrın 5, 8, 27, 28-də və noyabrın 7-də Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişidir.
2020-ci il oktyabrın 5-də Ermənistan Gəncə şəhərini də atəşə tutub. Səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə atılan raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” adlandırılan əraziyə və Mərkəzi bazara düşüb.
Nəticədə 3 mülki şəxs yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Vətən müharibəsi dövründə Gəncə ümumilikdə 5 dəfə Ermənistanın terror hücumuna məruz qalıb. Şəhər 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya atəşinə tutulub.
Bu dəhşətli terrorlar nəticəsində Gəncədə 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
2020-ci il oktyabrın 5-də Ermənistan silahlı qüvvələri tərəfindən Beyləqan şəhərinə də 2 ədəd raket atılıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.
5 oktyabr 2020-ci ildə Bərdə, Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl və Tərtər rayonları da atəşə məruz qalıb.
Ermənistan Cenevrə Konvensiyasının tələbləri pozaraq dinc əhalini atəşə tutmaqla növbəti müharibə cinayəti törədib.
Ümumilikdə, Vətən müharibəsinin gedişində Ermənistan Gəncə və Bərdə ilə yanaşı, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonları da ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.
Ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.
Bütün faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 05 Oktyabr 2026 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















