Icma.az
close
up
RU
Ermənistanın peykini bizim şagirdlər belə hazırlaya bilir Dunay Bədirxanov

Ermənistanın peykini bizim şagirdlər belə hazırlaya bilir Dunay Bədirxanov

GlobalInfo-dan verilən məlumata görə, Icma.az məlumatı açıqlayır Ermənistanın peykini bizim şagirdlər belə hazırlaya bilir Dunay Bədirxanov.

Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un İdarə Heyəti sədrinin müavini Dunay Bədirxanov Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Globalinfo.az onunla müsahibəni təqdim edir:

– Azərbaycanın ilk peyki 12 il öncə kosmosa çıxarılıb. Bu 12 ildə kosmik fəaliyyətimizdə hansı irəliləyişlər əldə olunub?

– Bəli, Azərbaycanın ilk peyki Azerspace-1 12 il əvvəl, 7 fevral (Bakı vaxtı ilə 8 fevral) 2013-cü ildə orbitə buraxıldı. Bu müddət ərzində ölkəmizin kosmik fəaliyyəti bir çox mühüm nailiyyətləri ilə yadda qalıb.

İlk telekommunikasiya peykimiz Azerspace-1-in istismarının uğurlu başlanğıcından sonra, Azerspace-2 (2018) və Yerin məsafədən müşahidəsi peyki olan Azersky (2014) kimi yeni peyklər orbitə çıxarılıb. Bu peyklər sayəsində Azərbaycanın kosmosda mövcudluğu daha da möhkəmlənib və xidmət sahələri və çeşidləri genişlənib. Hazırda Azərbaycanın peykləri təkcə ölkəmiz üçün deyil, həm də digər ölkələr üçün xidmət göstərir. Azərbaycan peykləri Afrika, Avropa, Mərkəzi Asiyanı əhatə edən geniş bir coğrafiyada telekommunikasiya, yayım və internet xidmətləri təqdim edir. Yerin məsafədən müşahidəsi məhsulları vasitəsilə kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə halların idarə olunması, hasilat sənayesi, nəqliyyat və yol infrastrukturunun inkişafı, müdafiə və təhlükəsizlik, turizmin inkişafı, xəritəçəkmə və şəhərsalma, meliorasiya və su təsərrüfatı, dövlət əmlakının idarə olunması və kadastr işləri üzrə innovativ layihələr həyata keçirməyi davam etdiririk. Bu xidmətlər sayəsində Azərbaycanı beynəlxalq peyk bazarında etibarlı tərəfdaş kimi tanıtmağa nail olmuşuq.

Artıq Azərbaycanın kosmosda geostasionar peyklərin yerləşdiyi kəmərdə həm də özünəməxsus orbital mövqeyi var. Bu, o deməkdir ki, Azərbaycan artıq 48 ölkədən biri olaraq həmin kəmərdə radiotezlik resursu əldə edib, yəni müəyyən bir orbital mövqe sırf ölkəmizə müəyyən tezliklər üçün ayrılıb. Hazırda Azərbaycan istədiyi zaman 46 dərəcə Şərq uzunluğunda orbitə peyk qaldıra bilər. Bundan əlavə, peyk xidmətləri ilə yanaşı, kosmik sahədə intellektual məhsulların ixracına da başlamışıq.

– Azərbaycanın kosmik sahədə fəaliyyətini MDB ölkələri ilə müqayisə etsək, üstünlüklərimiz və çatışmazlıqlar nədən ibarətdir?

– Rusiya və Qazaxıstan kimi MDB ölkələrindən fərqli olaraq, Azərbaycanın kosmik texnologiyalar sahəsində uzunmüddətli təcrübəsi və məsələn, Qazaxıstandan fərqli olaraq, öz kosmik limanımız – kosmodromumuz yoxdur. Bununla belə, Azərkosmos innovativ yanaşması və geniş fəaliyyəti sayəsində beynəlxalq bazarda öz mövqeyini möhkəmləndirib. Hazırda Azərbaycan MDB ölkələri arasında ən çox peyk xidmətləri ixrac edən ölkədir. Bu nailiyyət Azərbaycanı kosmik xidmətlər üzrə regional liderə çevirir. Ölkənin əlverişli coğrafi mövqeyi, peyklərin geniş əraziləri əhatə etməsinə imkan yaradır. Azerspace-1 və Azerspace-2 peykləri sayəsində Avropa ölkələrindən tutmuş Çin və Yaponiyaya kimi region cəhətdən uzaq olan ölkələr də bizim xidmətlərimizdən faydalanır.

Azərbaycanın kosmik infrastrukturunda əsas üstünlüklərdən biri də Bakı Teleportudur. Geniş əraziyə malik və 20-dən çox anten ilə fəaliyyət göstərən teleport vasitəsilə müxtəlif hostinq xidmətləri təqdim olunur. Buraya qlobal şirkətlərə məxsus şəbəkələrə qoşulan yerüstü stansiyaların quraşdırılması, istismarı və texniki dəstəyi daxildir. Bakı Teleportu beynəlxalq “Tier 4” sertifikatına malikdir ki, bu da 24/7 rejimində müştərilərə peyklərdən alınan siqnalların izlənilməsi və nəzarəti xidmətlərini yüksək səviyyədə həyata keçirmək üçün zəmanət verir.

Nəticə etibarilə, Azərbaycan coğrafi üstünlükləri, beynəlxalq tərəfdaşlıqları və innovativ layihələri sayəsində qlobal kosmik xidmətlər bazarında getdikcə daha əhəmiyyətli mövqe qazanır. Bu strategiya ölkənin kosmik xidmətlərinin regional və beynəlxalq bazarda rəqabət qabiliyyətini artırır və sektorun dayanıqlı inkişafına təkan verir.

– Dunay müəllim, Azərbaycanın kosmosda fəaliyyət göstərən peykinin planlaşdırılan vaxtdan əvvəl fəaliyyətini dayandırmasının səbəbləri nədir? Bu hadisə “Azərkosmosa” hansı maddi və texniki zərərlərə səbəb oldu?

– Bütün kosmik peyklərin göstərdikləri xidmətlərdən asılı olaraq müəyyən fəaliyyət dövrləri mövcuddur. Azersky – Yerin məsafədən müşahidə peyki nəzərdə tutulan istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb. Belə ki, Azersky peyki ilə məlumat mübadiləsi dayanıb. Bu təcrübələr gözlənilən hal olduğundan, kosmik fəaliyyət sahəsində risklərin idarəolunması üçün kosmik əmlakın sığortalanması böyük əhəmiyyət kəsb edir. Azersky peyki də 45 milyon manat məbləğində sığortalanıb və sığorta məbləği “Azərkosmosa” tam ödənilib. Texniki baxımdan Azersky peyki fəaliyyətini başa vursa da, orbitdə olduğu müddətdə peykdən yarım petabayt həcmində, yəni 80 000-dən çox peyk təsviri əldə olunub və bu təsvirlərin geniş arxivi formalaşdırılıb. Peykin arxiv təsvirləri indi də Yerdə baş verən dəyişikliklərin təhlili və proqnozlaşdırması zamanı, o cümlədən elmi tədqiqatlar baxımından əvəzsiz rol oynayır.

Kosmik sahədə milli maraq və suverenlik çox vacib olduğu üçün biz artıq 2023-cü ilin sonundan müasir texnoloji inkişafın çağırışlarına cavab verən daha yüksək ayırdetməli müşahidə peyklərinin hazırlanması üçün Azersky-2 proqramına başlamışıq. İlk müşahidə peykinin istismarı dövründə Yerin məsafədən müşahidə peyklərinin idarəolunması üzrə qazandığımız bilik və təcrübə yeni müşahidə peyklərinin hazırlanmasına və orbitə buraxılmasına yol açıb.

Ən azı iki aşağı orbitli peykləri özündə birləşdirəcək (“Azersky-2A” və “Azersky-2B”) “Azersky-2” proqramı ilə biz yer müşahidəsi xidmətləri istiqamətində funksiyalarımızı genişləndirəcəyik.

Yeni müşahidə peyklərimiz vasitəsi ilə:

– Ölkəmizin milli maraqları qoruya biləcəyik,

– Kommersiya baxımından geniş bazara çıxmaq fürsəti əldə edəcəyik,

– Xüsusilə ölkəmizin müdafiə və təhlükəsizlik sahəsində çox yüksək keyfiyyətli peyk şəkilləri əldə edəcəyik,

– Azərbaycanda Yer müşahidəsi xidmətləri üzrə iqtisadi inkişafın səmərəliliyinin artırılmasına fokuslanacağıq.

Təbii ki, əgər biz “Azersky-2” proqramına start vermişiksə, peyklərin hazırlanması istiqamətində ən önəmli addımlardan biri texnologiyanın transferi məsələsidir ki, bu işdə də texniki mütəxəssislərimizin bilik və bacarığı çox önəmlidir. Bu istiqamətdə artıq müəyyən əməkdaşlarımız məhz peyk və peyk sistemlərinin yığılması təcrübəsini toplamaq üçün təlimlər alırlar. Qeyd etmək istərdim ki, yeni peyklərin orbitə buraxılması ilə əlaqədar olaraq Azərbaycanda müasir peyk inteqrasiya və sınaq mərkəzinin tikilməsi üçün işlər artıq başlanılmışdır. Kosmik Aparatların İnkişafı və İstehsalı Mərkəzi (Spacecraft Development and Production Center) adlanacaq mərkəzin vasitəsi ilə ölkəmizdə istehsalat bacarıqlarının inkişaf etdirilməsi, gələcəkdə elmi missiyalı, həmçinin müşahidə məqsədli kiçik peyklərin hazırlanması planlaşdırılır.

Bu mərkəz regionda öz kateqoriyasında yeganə mərkəz olmaqla, qonşu ölkələrin aidiyyəti ehtiyaclarının tez və effektiv şəkildə təmin olunmasına dəstək olacaq. Xarici şirkətlərdən asılılığın azalması və peyklərin layihələndirilməsi, inteqrasiyası və testlərin aparılması üzrə xidmətlərin kommersiyalaşdırılmasında əhəmiyyətli rol oynayacaq. Bununla da, Azərkosmos ilk dəfə olaraq kosmik sahədə “upstream” (xammaldan məhsulun yaradılması və ixracı) bazarında təmsil olunacaq.

Və onu da açıqlamaq istərdim ki, “Azersky-2” proqramı çərçivəsində müşahidə peykimiz üçün daşıyıcı raketin seçilmə prosesi də yekunlaşdırılmışdır. Belə ki, daşıyıcı raket olaraq, “SpaceX” şirkətinin “Falcon 9” raketi seçilmişdir və artıq müvafiq müqavilə də imzalanmışdır.

– Növbəti peykimizin kosmosa çıxarılması nə vaxta planlaşdırılır? Ümumiyyətlə, Azərbaycanın kosmosda neçə peyk saxlamaq planı var?

– Son illərdə dünyada həm telekommunikasiya, həm də müşahidə peyklərinin sayı sürətlə artır və imkanları genişlənir. Bu da öz növbəsində Azərbaycanda müasir kosmik sənayenin trendlərini daha yaxından izləməyə imkan verir.

“Azərkosmos” Azərbaycanın yeni, Azersky-2 Yerin məsafədən müşahidəsi peykinin kosmosa çıxarılmasını növbəti illər üçün – 2025-2027-ci illər üzrə Strateji İnkişaf Planına daxil edib və qeyd etdiyim kimi, hazırda peykin tikilməsi üzərində işlər davam edir. Azersky-2 peyki yüksək ayırdetmə qabiliyyətinə malik olacaq və müxtəlif sahələr – ətraf mühitin monitorinqi, kənd təsərrüfatı, şəhər planlaşdırılması, fövqəladə halların idarə edilməsi və milli təhlükəsizlik üçün əhəmiyyətli rol oynayacaq.

Həmçinin, növbəti telekommunikasiya peykimizin orbitə buraxılması da gələcək hədəflərimizdən biridir. Bu peyk vasitəsi ilə əməkdaşlıq etdiyimiz ölkələrə internet, televiziya yayımı və digər rabitə xidmətlərinin daha geniş və keyfiyyətli şəkildə təmin edilməsinə mühüm töhfə verəcəyi gözlənilir. Yeni telekommunikasiya peykinin daha yüksək ötürücülük qabiliyyəti və geniş əhatə dairəsi sayəsində Azərbaycanın peyk xidmətlərinin ixrac potensialı da artırılacaq.

– Ermənistan öz yerli istehsalı olan peykini kosmosa qaldırdı, artıq ilkin informasiyaların ötürüldüyü haqda məlumatlar var. Ermənistanın peykinin primitiv və digər zəiflikləri olduğu deyilir. Bu haqda nə deyə bilərsiniz, ümumiyyətlə Ermənistanın kosmik fəaliyyəti hansı səviyyədədir, yaxud perspektivdə Azərbaycanla mübarizə aparmaq potensialı görünürmü?

– Ermənistanın kosmik fəaliyyəti ilə bağlı bu cür xəbərlər müxtəlif mənbələrdə müzakirə olunur. Biz də həmin xəbərləri yaxından izləyirik. Hər bir ölkə imkan daxilində kosmik sahədə öz yerini tapmağa çalışsa da, kosmik texnologiyalar kimi elmi-texniki baxımdan ağır sahədə ilkin mərhələdə texnoloji məhdudiyyətlərin və zəifliklərin olması mümkündür.

Azərbaycanın kosmik sahədə nailiyyətləri artıq beynəlxalq səviyyədə tanınır. Azerspace peykləri vasitəsilə geniş çeşidli xidmətlər təqdim olunur, kadrların inkişafı və milli kosmik ekosistemin üst pilləyə qaldırılması ölkəmizin texnoloji inkişafda nə qədər irəlidə olduğunu göstərir. Azərbaycan kosmik texnologiyalarda strateji yanaşma tətbiq edərək həm daxili ehtiyaclarını qarşılayır, həm də qlobal kosmik bazarda öz yerini möhkəmləndirir. Ermənistanın hazırkı texnoloji vəziyyətini nəzərə alaraq, onların Azərbaycanla bu sahədə rəqabət aparması üçün ciddi resurs yatırımı və uzunmüddətli strategiyanın qurulması tələb olunur.

Həm də Ermənistanın ilk yerli peyki kimi sadə konstruksiyada olan peykləri orbitə çıxarmaq üçün bizim məktəblilər də hazırlamağa başlayıb. Bu ilin sonuna doğru “Azərkosmos”un KOSMİK Akademiyasının təşkilatçılığı və Braziliya Kosmik Agentliyinin dəstəyi ilə baş tutacaq “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində 7-9-cu sinif şagirdlərinin “Falcon 9” daşıyıcı raketi ilə orbitə kiçikölçülü peyk buraxması planlaşdırılır.

– Dunay müəllim, kosmik fəaliyyətdə olan ölkələrin bir-birinə ziyan vurmaq kimi məqsədləri ola bilərmi? Bu baş verərsə, belə hallarla mübarizə üsulları nələrdir?

– Nəzəri olaraq, bəli, kosmik fəaliyyətdə olan ölkələrin bir-birinə ziyan vurmaq məqsədi güdməsi ehtimalı ola bilər. Kosmos strateji əhəmiyyətə malik bir sahə olduğuna görə, burada siyasi, hərbi və iqtisadi maraqlar tez-tez qarşıdurmalara səbəb ola bilər. Buna görə də, belə fəaliyyətlərin qarşısını almaq məqsədilə müxtəlif beynəlxalq tənzimləmələr mövcuddur.

1967-ci il Kosmos Müqaviləsi (Outer Space Treaty) kosmosun yalnız dinc məqsədlərlə istifadə olunmasını təmin edən əsas beynəlxalq sənəddir. Bu müqaviləyə əsasən, kosmosda kütləvi qırğın silahlarının yerləşdirilməsi qadağandır. Bundan əlavə, 2021-ci il Artemis Anlaşmaları da imzalanmışdır. Bu anlaşmalar kosmosdakı fəaliyyətlərdə şəffaflıq və beynəlxalq əməkdaşlığı təşviq etməyə yönəlmişdir.

Kosmosda mümkün münaqişələrin qarşısını almaq üçün dövlətlərarası dialoq və əməkdaşlıq platformaları yaradılmışdır. Bunlardan biri BMT-nin Kosmosun Dinc Məqsədlərlə İstifadəsi üzrə Komitəsidir (COPUOS). Qeyd etmək vacibdir ki, kosmos sahəsinə yeni qoşulan bir ölkə asanlıqla geostasionar orbitdə peyk yerləşdirə bilmir. Bunun üçün seçilən orbital mövqeyin digər orbital mövqelərə sahib olan ölkələrlə razılaşdırılması tələb olunur. Bu fəaliyyət mövcud beynəlxalq tənzimləmələr vasitəsilə idarə edilir.

Məsələn, bu gün 46° ş.u. (şərq uzunluğu) orbital mövqeyində yerləşən Azerspace-1 peykinin xidmət göstərdiyi müəyyən tezliklər Azərbaycan hökumətinin adına Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən qeydiyyata alınıb. Ümumilikdə, bir orbital mövqenin əldə olunması qlobal təcrübədə adətən yeddi illik bir fəaliyyət dövrünü əhatə edir. Buna baxmayaraq, Azərbaycanın bu sahədə ixtisaslaşmış mütəxəssisləri tərəfindən bu proses cəmi üç ilə tamamlanmışdır. Bu nailiyyət Azərbaycanın kosmik sahədəki peşəkarlığını və beynəlxalq əməkdaşlıq bacarığını nümayiş etdirir və bu etimad ziyanlı rəqabət istiqamətində aparılan ən effektiv həll yollarından biridir.

– “SpaceX” ilə “Azərkosmos”un əlaqələrini necə dəyərləndirirsiniz?

– “SpaceX” və Azərkosmos arasında formalaşan əməkdaşlıq Azərbaycanın kosmos sahəsindəki mövqeyini gücləndirən mühüm strateji addımlardan biridir. Bu əlaqələr Azərkosmosun peyklərinin “SpaceX”-in “Falcon-9” raketləri vasitəsilə orbitə buraxılması imkanlarını da dəyərləndirir. Belə tərəfdaşlıq Azərbaycanın kosmos sənayesində qlobal oyunçularla əməkdaşlıq etməyə hazır olduğunu və bu istiqamətdə mühüm addımlar atdığını göstərir.

Bildiyiniz kimi, 2023-cü ildə Azəkosmos və “SpaceX” ilə bağlanan müqaviləyə əsasən, “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub. Azərkosmos tərəfindən ölkəmizdə uğurla sınaqdan keçirilmiş “Starlink” peyk internet xidmətləri ucqar ərazilərdə internet xidmətlərinin Azərbaycanda da əlçatan olmasını təmin edə bilir.

– Azərkosmos və qlobal peyk operatoru “Intelsat” şirkəti arasında Qərbi Afrika regionunda birgə layihələrin həyata keçirilməsinə dair kommersiya müqaviləsi imzalandı. Bu layihə barədə məlumat verə bilərsinizmi?

– Bəli, 2023-cü ilin may ayında Azərkosmos və qlobal peyk operatoru “Intelsat” arasında Qərbi Afrika regionunda birgə layihələrin həyata keçirilməsinə dair kommersiya müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, “Intelsat” şirkəti 17 ölkəni və 430 milyondan çox əhalini əhatə edən Qərbi Afrika regionunda Azerspace-2 peykinin resurslarından istifadə etməklə müştərilərinə mobil şəbəkələrdə nəqletmə xidmətləri təqdim edir.

Bu əməkdaşlıq “Intelsat”ın Afrika regionunda xidmət coğrafiyasını daha da genişləndirməsinə imkan yaradıb. Azerspace-2 peykinin geniş əhatə dairəsi sayəsində hətta Afrikanın ən əlçatmaz bölgələrində belə mobil şəbəkə və digər telekommunikasiya xidmətləri göstərmək mümkün olmuşdur.

2024-cü il Afrika canlı yayım bazarı üçün son 5 ilin ən aktiv ili olmuşdur. Azerspace-1 və Azerspace-2 peykləri üzərindən idman və əyləncə sahəsində genişmiqyaslı yayımlar həyata keçirilmişdir. Xüsusilə, Afrika Millətlər Kuboku, FIFA Dünya Çempionatı, NBA Africa, Idols Show, Love Island Show Africa (LISA), Big Brothers Show, Uganda Futbol Çempionatı, Cənubi Afrika Kriket və Reqbi Çempionatları peyklərimiz vasitəsilə yayımlanmışdır. Bu uğurlu əməkdaşlıq Azərkosmosun Afrika bazarında 10 illik fəaliyyətinin mühüm bir göstəricisi olmaqla, regionda peyk rabitəsi və yayım sahəsindəki strateji rolunu daha da gücləndirmişdir.

– Ümumiyyətlə Azərbaycanın kosmosa buraxdığı peyklərin xərcləri ilə müqayisədə əldə etdiyi gəlirlər nə qədərdir, xərci borcunu ödəyirmi? Gələcəkdə kosmik fəaliyyətdən gəlir əldə etmək perspektivi varmı, yaxud bu perspektivi yaratmaq üçün nələr edilməlidir?

– Hazırkı vəziyyətdə Azərbaycanın peyklərdən əldə etdiyi gəlirlər onların maliyyə və texniki xərclərini qarşılamağa yetərlidir.

İndiyə qədər Azərbaycan kosmik layihələrinə ümumilikdə 700 milyon manatadək vəsait ayırıb. 2013-cü ildən etibarən həyata keçirilən kommersiya fəaliyyətləri nəticəsində 650 milyon manata yaxın gəlir əldə edilib, yəni kosmik fəaliyyətə qoyulan investisiyanın 92%-i geri qayıtmışdır.

2024-cü ildə 50-yə yaxın ölkədə 200-ə yaxın şirkətə telekommunikasiya və yer müşahidəsi xidmətləri göstərilmişdir.

Yeni biznes istiqamətləri – teleport, təkrar satış, təlim və konsultasiya xidmətləri üzrə gəlirlərimizi 2 dəfə artırmışıq.

Sualınızın ikinci hissəsinə gəldikdə isə, Azərbaycanın kosmik fəaliyyətindən gəlir əldə etməsi üçün bir neçə əsas istiqamət inkişaf etdirilməlidir:

– Yeni daha yüksək texniki imkanlara malik peyklərin orbitə çıxarılması gəlirliliyə müsbət təsir edə bilər,

– Kosmik texnologiyalar sahəsində yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıqların genişləndirilməsi əlavə investisiya və innovasiya imkanları yarada bilər,

– Uzunmüddətli perspektivdə süni intellektin peyk xidmətlərinə inteqrasiyası kimi sahələr də yeni gəlir mənbələri sırasında yer ala bilər.

Bütün bu addımlar Azərbaycanın peyk proqramını daha da gücləndirərək gələcəkdə kosmik fəaliyyətini daha gəlirli və dayanıqlı etməyə imkan verəcək.

– Saytınızda “Hekayəmiz” bölümündə diqqətimizi bir fikir çəkdi: “İstedadlar yetişdirmək”. Bu sahədə nə uğurlarınız var? Azərbaycanda kosmosla maraqlanan və bu sahədə təhsil alan gənclərimiz yetərincədirmi? Konkret adlar çəkmək mümkündürmü?

– Azərbaycanda kosmik texnologiyalar sahəsində istedadlı gənclərin yetişdirilməsi üçün bir sıra önəmli təşəbbüslər həyata keçirilmişdir. Xüsusilə Azərkosmosun bu sahədəki fəaliyyətləri regionda kosmik ekosistemin formalaşmasına və inkişafına mühüm töhfə verir.

2021-ci ildən etibarən, yəni Agentlik olduqdan sonra artıq bu kimi fəaliyyətlərimizə daha strukturlu yanaşma gətirdik. Azərkosmosun elm və təhsilin insan kapitalının inkişafında töhfələrini daha sistemli şəkildə həyata keçirmək üçün KOSMİK Akademiyanın fəaliyyətini başlatdıq.

KOSMİK Akademiyanın əsas məqsədləri:

– Təlimlər və seminarlar təşkil edərək yeni bilik və bacarıqların inkişafını dəstəkləmək;

– Gənclərə praktiki layihələrdə iştirak etmək imkanı yaratmaq;

– Azərbaycanın kosmik ekosisteminin inkişafına töhfə verən startap layihələrinin yaranmasına dəstək göstərmək;

– Beynəlxalq müsabiqələri milli model əsasında təşkil etməkdir.

Misal olaraq, Azərkosmos Beynəlxalq Astronavtika Konqresi tarixində ilk dəfə Astronavtlar proqramını həyata keçirdi. Həmçinin:

– Keçən il ölkəmizdən Milan Konqresinə 345 elmi məqalə təqdim olunmuşdur. Milan Konqresinə Azərbaycandan təqdim olunan elmi məqalələrin 90%-i gənclər tərəfindən hazırlanmışdır. Ümumilikdə Azərbaycan Respublikasının Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qruplarının təşkilatçılığı, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə 50-dən çox gəncimiz həmin konqresdə iştirak etdi. İlk dəfə kosmos profili üzrə ölkəmizdən beynəlxalq platformada bu qədər yüksək iştirak göstəricisi qeydə alınıb;

– Gənclərimiz beynəlxalq səviyyədə kosmos, aerokosmik innovasiyalar və texniki fənnlər üzrə zəngin kurrikuluma malik Birləşmiş Ərəb Əmirliklərinin Mohammed Bin Rashid Kosmik Tədqiqatlar Mərkəzində təcrübə mübadiləsi proqramını keçiblər. Bu proqramlar davamlıdır.

– Azərkosmosun Braziliyanın Kosmik Agentliyi ilə əməkdaşlığı çərçivəsində ölkəmizdə məktəblilərin “Milli Peyk İnnovasiya Müsabiqəsi” (“PocketQube”) keçirilir.

– Ölkəmizdə məktəblilər üçün “Beynəlxalq Kosmik Olimpiada”nın milli mərhələsi artıq başlayıb.

Bu təşəbbüslər Azərbaycanın kosmik texnologiyalar sahəsində ixtisaslaşmış kadr potensialını artırır, ümumilikdə kosmik ekosistemi daha da təkmil hala gətirir.

– Daha öncə qeyd etdiyiniz kimi, Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirildi. Bu kimi kosmik tədbirlərə ev sahibliyi etməyə hazırıqmı?

– Dünya kosmik ailəsinin üzvü olmağımız və bu sahədə etibarlı tərəfdaş kimi tanınmağımız ölkəmizə artıq kosmos sahəsinin qlobal tədbirlərinə ev sahibliyi etmək imkanını verir.

Beynəlxalq Astronavtika Konqresindən sonra ölkəmizin əldə etdiyi təcrübə növbəti regional və qlobal kosmik tədbiri təşkil etməyə imkan verir. Bu ilin 24-25 aprel tarixində Kosmik Texnologiyalar Konfransının keçirilməsinə hazırlaşırıq. Məlumat üçün bildirək ki, konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının üzvlərinin kosmik rəhbərlərinin növbəti görüşü də təşkil ediləcək. Kosmik Texnologiyalar Konfransı – Avrasiya regionunda kosmik sahənin perspektivlərinin dialoqu və müzakirələri, eləcə də bu sahədə uzunmüddətli tərəfdaşlığın qurulması üçün tanınmış platformadır. Hədəfimiz kosmik sahədə regional əməkdaşlığımızı gücləndirməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:19
embedMənbə:https://globalinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see354

Avropanın ən güclü iki ordusu var: biri Türkiyə… Zelenski

20 Fevral 2025 01:38see165

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see156

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see140

Alsu Anastasiya Reşetovanın “tikanlarına” cavab verdi

20 Fevral 2025 01:09see121

Ana dili milli kimliyimizin rəmzidir Deputat yazır

20 Fevral 2025 10:27see118

Axtarışda olan 122 nəfər TUTULDU

20 Fevral 2025 10:46see118

Azərbaycanda bəzi saytlar hekləndi ARALARINDA MƏŞHUR İNFORMASİYA AGENTLİYİ DƏ VAR FOTO

20 Fevral 2025 12:25see118

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see116

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

20 Fevral 2025 17:37see114

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

21 Fevral 2025 00:52see114

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see113

Naxçıvan Teatrının təbrizli aktyor rejissoru

20 Fevral 2025 10:52see113

Dünyanın ən səs küylü şəhərinin adı açıqlandı

20 Fevral 2025 12:31see113

Baerbock cinsi təcavüzə məruz qaldığını etiraf edib…

20 Fevral 2025 18:24see112

Rusiya: Ukraynanın qaz və enerji obyektlərini vurduq

20 Fevral 2025 18:52see111

Rusiya Lermontovun qətli ilə bağlı araşdırmalara başlayıb

20 Fevral 2025 10:43see111

Bunu etsəniz ömrünüz daha uzun olacaq

20 Fevral 2025 08:16see110

Şok plan: Ordu Ukraynaya girir, Rusiyaya zərbə üçün...

20 Fevral 2025 12:54see110

Ana dilimiz varlığımız, qürurumuzdur!

20 Fevral 2025 14:08see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri