Icma.az
close
up
RU
Əziz Əliyevin heykəli hardadır?

Əziz Əliyevin heykəli hardadır?

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hidayət,
Əməkdar incəsənət xadimi

Çoxdan ürəyimdə dolaşan bu mövzu barədə düşünəndə böyük şairimiz Rəsul Rzanın 1960-cı illərdə yazdığı “Adi sual “ şeiri yadıma düşür:

Qorki küçəsində
Kitab satılır.
Yaxşı!
Rustavelidə
bol-bol qumaş, ipək.
Çox yaxşı!
Nizami küçəsindən
bir şey almaq istəsək
hara gedək,
yoldaş şəhərbaşı?

Bu küçələr imperiyanın paytaxtında idi…

Bir də Rixard Zorgeni xatırlayıram. Əziz Əliyev və Rixard Zorge? Mütənasib müqayisə deyil? Bu barədə bir az sonra. Öncə Zorge barədə: Bakıda doğulmuşdu. Kəşfiyyatçı idi. İkinci Dünya müharibəsində İosif Stalinə iki vacib məlumat ötürmüşdü.

Birincisi – Adolf Hitler iyun ayının 21-də gecə (1941-ci il) SSRİ-yə hücum edəcək. İyunun 20-də bir alman zabiti də SSRİ tərəfə keçib xəbər vermişdi ki, bu gecə hücum olacaq. Həmin axşam Siyasi Büroda bu məlumat müzakirə ediləndə Stalin demişdi ki, bir vacib adam da bu məlumatı təsdiq edir, “vacib adam” deyəndə Rixard Zorgeni nəzərdə tuturmuş... Siyasi Büro qərar verir. Hərbi hissələr qərb sərhədlərində diqqətli olsunlar, bu provakasiya xarakterli ola bilər. Siyasi Büronun iclası bununla bitir, hərə gedir öz evinə. Ancaq Georgi Jukova – Baş Qərargaha gecə saat 12-dən sonra zəng zəng dalınca daxil olur. Jukov gecə saat 3-də İosif Stalinə fasiləsiz zəng çalır, dəstəyi qaldıran olmur, axır ki, növbətçi generalın yuxulu səsi eşidilir. Jukov xahiş edir ki, Stalini telefona çağırsınlar. Üç-dörd dəqiqə sonra Stalinin səsi eşidilir. Jukov aldığı məlumatlar barədə məruzə edir, lakin Stalin susur, telefon dəstəyində yalnız nəfəsi eşidilir. Jukov naəlac qalıb soruşur: “Yoldaş Stalin, Siz məni başa düşdünüz?” – Stalin handan-hana dillənir: “Poskryobışevə (Stalinin köməkçisi) de: Siyasi Büronun üzvlərini çağırsın, sən də öz Xalq Komissarınla gəl Kremlə”.

Bir saat sonra Siyasi Büro Kremlə toplaşır. Stalin deyir ki, Almaniya səfirliyinə zəng vurmaq lazımdır. Bu vaxt Poskryobışev otağa daxil olub söyləyir: “Almaniya səfiri gəlib, yoldaş Stalinlə görüşmək istəyir”. Stalin Molotova tapşırır ki, onu başqa otaqda qəbul etsin. Molotov çıxır, 5–6 dəqiqə sonra qayıdır və bildirir: “Almaniya bizə müharibə elan edib...”

Stalin halsızlaşır, sarsılır. Onunla sıx işləyənlər deyirlər: “Dörd il ağır, dəhşətli müharibə getdi, o hal Stalində birinci və .... sonuncu idi!” Deməli Zorgenin bu məlumatı kara gəlmədi, heç nə dəyişmədi və müharibə başladı! İlk günlər sovet qoşunlarının faşistlərə müqavimət imkanları, demək olar, sıfıra bərabər idi.

Ancaq Zorgenin 2-ci məlumatı kara gəlir: Moskvanı zəbt etmək istiqamətində kəskin vuruşlar başlayanda məlumat verir: “Əgər Moskva zəbt olunmasa, Yaponiya SSRİ-yə hücum etməyəcək, çünki başı Mancuriyada qarışıb. Stalinə də elə bu dəyərli məlumat çox lazım idi: Vaxtdan istifadə edib Uzaq Şərqdəki hərbi qüvvələrin çoxunu Qərbə, Moskva altına çəkə bilər. (O da yaddan çıxmamalıdır ki, faşistlər Moskvaya yaxınlaşanda Kremldə Stalinin xidmətindən başqa rəhbər işçilər artıq Kuybışevə köçürülmüşdü.Yəni Stalin ona da hazır idi).

1984-cü ildə yazdığım “Marşal Jukov” şeirimdən misralar düşür yada:

...Stalin zəng çalar gecəyarısı:
– Açıq de, Georgi Konstantinoviç,
Söylə, Moskvanı saxlaya billik?
Qəlbimin başında – ürək ağrısı ...
Açıq de, sən əsl kommunist kimi!
– Bəli!- Cavab verər Baş Komandana,
Göydə şahanə bir ildırım dinər.
Hərbdə yalnız inam gərək insana,
Onda da qələbə yaxın görünər!

Əlbəttə, Zorgenin başqa məlumatları da olub, amma dediyim 2-ci məlumat xüsusilə əvəzsiz idi. Zəif cəhətlərsiz deyildi, xüsusilə qadınlara intim münasibətdə. Yaponiya xüsusi xidmət orqanları onu həbs edəndə bu cəhətindən məharətlə yararlandı!

...Zorge güllələnəndən sonra Sovet İttifaqı Qəhrəmanı oldu. İmperiyanın hər yerində tanındı. Bakımızın mərkəzində, gəzməli-görməli gözəl guşələrindən birində adına bağ salındı, möhtəşəm abidəsi ucaldıldı.

Bəri başdan deyim ki, Bakımızda Zorgenin adına bağ salınmasına, heykəlinin ucaldılmasına qəti etirazım yoxdur. O, Bakıda doğulmuşdu, böyümüşdü, milliyətcə yəhudi idi. Sözümün bu yerində iki məqamı mütləq qeyd etməliyəm: Xalqımız tarixən torpağımızda yaşayan milli və dini azlıqlara səmimi tolerant münasibət bəsləmiş, onların mənəvi özgürlüklərinin, dillərinin, inanclarının, ümumiyyətlə, mənəvi sərvətlərinin qorunub saxlanılması, mədəniyyətlərinin inkişafı üçün gərəkli olan bütün tədbirləri ardıcıl olaraq həyata keçirmişdir. Yəhudilər isə... 2500 il bundan öncə indiki İraqın ərazisindən Azərbaycana (Güney Azərbaycandan Dərbəndədək) qaçqın kimi pənah gətirən bu xalqın övladları ölkəmizin tam hüquqlu vətəndaşları olduqlarını həmişə dəyərləndirmişlər. Ən yeni tariximizdə – 80-ci illərin sonlarından başlanan erməni vandalizminin həyasız təcavüzləri, bir az sonra İrəvanın “ssenarisi” və ödənişi hesabına peyda olan “milli hərəkatlar”, ölkəmizi 7 yerə bölmək çağırışları səslənəndə yalnız Azərbaycanda yaşayan yəhudilər deyil, dünyanın hər guşəsində ömür sürən bu xalqın nümayəndələri qətiyyətlə bildirirdilər: “Azərbaycan keçmiş SSRİ-də yeganə ölkədir ki, orda heç vaxt antisemitizm, milli və dini azlıqların sıxışdırılması halları baş verməmişdir. Bu təkzibolunmaz həqiqətdir!”

Mən belə çıxışları Qərbdə də, Şərqdə də yüksək kürsülərdən çox dinləmişəm və hədsiz qürur hissləri yaşamışam. Xalqımız ölkəmizin Rixard Zorge, Nobel Mükafatı laureatı Lev Landau (Bakıda onun adını daşıyan küçə var!), Azərbaycanın Milli Qəhrəmanı (halal xoşu olsun – Bakıda ona da möhtəşəm abidə ucaldılıb) Albert Aqarunov kimi oğullarıyla həmişə fəxr edir.

Bəs, Əziz Məmmədkərim oğlu Əliyev? Mən hələ 90-cı illərdə bu dahi şəxsiyyətdən bir neçə esse yazmışam: “Qurucu Əziz”, “Əziz Əliyev Dağıstanda”, “Odlar Yurdunun və Dağlar diyarının iftixarı”...rus dilində də nəşr olunub. Amma indi görürəm ki, hələ sözüm bitməyib, bəlkə bu sətirlər də bu mövzuda son yazım olmayacaq: İnsan tarixi hadisələrdən, proseslərdən zaman etibarı ilə uzaqlaşdıqca keçmişlərə daha obyektiv nəzərlərlə baxa bilir. Havaxtsa olmuşları, baş vermişləri daha düzgün qiymətləndirir. Bu yerdə bəzi tarixi faktları xatırlamaq yerinə düşər:

– 1942-ci ilin sentyabrında Azərbaycan KP MK-nın katibi Əziz Əliyev Kremlə çağırılır, İosif Stalinlə görüşür, rəhbərin imzaladığı qərarla sentyabrın 16-da ÜİK(b)P Dağıstan Vilayət Komitəsinin 1-ci katibi təyin olunur. Bolşeviklər Partiyası Mərkəzi Komitəsində rəhbər şəxslərlə, xüsusilə İosif Stalinlə görüşdə nə söhbətlər getdiyindən məlumatımız yoxdur, təkcə bir həqiqət gün kimi aydındır. –Əziz Məmmədkərim oğlu vəzifəyə deyil, ölüm-dirim müharibəsinə göndərilirdi və şəksiz, nə Qafqazda onun layiqli alternativi vardı, nə Moskvada (bolşeviklərə layiq olduqları qiyməti vermək lazımdır, onlar kimin nəyə qadir olduqlarını öyrənməmiş heç adi idarə müdiri də təyin etmirdilər. Ağır fəlakətin və amansız, işğal təhkükəsinin qarşısını almaq üçün Əziz Məmmədkərimoğlu müdrikliyi, vətənpərvərliyi, təcrübəsi, savadı, qətiyyəti, xalqla ünsiyyəti, bağlılığı, comərdliliyi gərəkdir! “Demokratik mərkəziyyət prinsipinə əsaslanmış cəmiyyətdə, doğrudan da, hər şeyi əsl kadrlar həll edirdi!

Məsələnin əsl mənası, ağırlığı bir də ondaydı ki, bu cəbhə adi döyüş-vuruş meydanı deyildi, yəni udmaq və ya uduzmaq meyarına sığmırdı, nəhəng imperiya üçün “Ölüm, ya qalım” dilemmasıydı və... alternativsiz bu iki variantdan birincisinin (ölümün) nəticəyə çevrilməsi faşizmin qələbəsini əsaslı surətdə təmin edirdi. (Bakı nefti ələ keçirilirdi və bəşəriyyət tarixində ən çox ağır texnika işlədilmiş müharibədə sovet əsgərləri təyyarələrin, tankların... qabağına avtomatla, tüfənglə çıxmalı olurdular). Üstəlik, Hitler Bakı neftini qamarlamaq (sağ-salamat zəbt etmək niyyətindəydi. Georgi Jukov Böyük Vətən müharibəsində qələbəmizi təmin edən əsas üç faktoru dönə-dönə vurğulayır: “Sovet əsgərlərinin rəşadəti, Bakı neftçilərinin qəhrəmanlığı və layiqli Ali Baş Komandan!”. İosif Stalin öz doğma oğlunun da əsirlikdən xilas olması – sağ qalması üçün heç bir tədbir görmədi. “Feldmarşalı əsgərə dəyişmərəm!”– dedi. Dağıstan zəbt olunsaydı, Bakı Stalinqrada çevriləcəkdi – Azərbaycanı alov bürüyəcəkdi. Ona qədər isə...

Çeçenlərin, inquşların, Ahıska türklərinin, guracayların, Krım tatarlarının... ağlasığmaz deportasiyanı yada salaq. O dəhşət bütün Dağıstan xalqlarının qapısı ağzındaydı – bəlkə Sibirdə çadır qurmağa yer də ayrılmışdı... (Dağıstanın keçmiş ali rəhbərlərindən biri mənə dedi ki, Kremlin Dağıstan xalqlarının sürgün olunması barədə məxfi qərarı da hazır imiş) Belə ağır günlərdə 13 dövlət dilli Dağıstana rəhbərlik etməyin nə demək olmasının əlavə şərhə ehtiyacı yoxdur. Göydə Allah idi, Moskvada Stalin, Dağıstanda – Əziz Məmmədkərimoğlu.

Bəs, işğal astanasına qədər Dağıstan nə gündə idi? Moskva illər boyu bu dağlar diyarının mərd yerli xalqarına inamsız münasibət bəsləmiş, yeni Şeyx Şamil hərəkatının başlayacağından vəlvələyə düşərək muxtar respublikada addımbaşı kobud səhvlərə yol vermiş, əsas vəzifələrə rusları və erməniləri təyin etmişdi. Dağıstan xalqları isə yerli əhalinin özünəməxsus xüsusiyyətlərindən, mentalitetindən xəbərsiz olan bu gəlmə rəhbərlərə etimad göstərmirdilər. İş o yerə gəlib çatmışdı ki, muxtar respublikanın başçısı N. Linkin qorxusundan nəinki aullara getmir, hətta... heç kabinetindən çıxa bilmirdi. Dağıstanda kütləvi fərarilik problemi Siyasi Büroda tez-tez hallanırdı. Mərkəzin yüksək mənsəb sahibləri, o sıradan Lavrenti Beriya Mahaçqalaya gəlib guya ağır problemin mahiyyətindən xəbərsiz kimi, “maddım-maddım” soruşurdu: “Bu (N.Linkin) niyə aullara gedib camaatla görüşə bilmir?” Elə Beriyanın özü də Vilayət Partiya Komitəsinin binasından kənara bir addım da atmaqdan qorxur, gəldiyi miniyə minib, güclü təhlükəsizlik muhafizəsinin nəzarəti altında geri qayıdırdı...

Fəlakətin bir addımlığında olduğunu muxtar respublikanın əhalisi də açıq- aydın görürdü. Dağıstanın şimalında cəbhəyə yaxın aullar boşalmışdı. Oralarda rəhbər işçilərdən başqa kimsə qalmamışdı. Əziz Əliyev öncə ağsaqqallarla görüşdü. Dözülməz, son dərəcədə təhlükəli vəziyyəti geniş müzakirə etdi. Dağlıların hörmətli adamlarını inandırdı ki, düşmən Dağıstanın bir qarış torpağını da tapdalaya bilməyəcək. Belə ekstremal məqamlarda xalq diplomatiyasının təsiri güclü olur. Bu baxımdan 27–28 noyabr 1942-ci ildə keçirilən tanınmış ağsaqqaların və Qırmızı Partizanların Respublika müşavirəsi Dağıstanın müdafiəsinin təşkilində xalqın inamının özünə qaytarılmasında, mərkəzin günahından yaranmış etimadsızlığın aradan qaldırılmasında mühüm tarixi rol oynadı. Bu geniş, dəyərli müşavirədən sonra ağsaqqallar Əziz Məmmədkərimoğlu ilə, məsul vəzifəli işçilərlə birlikdə bölgələrə yollandılar, camaatla görüşdülər. Aulların, qəsəbələrin, şəhərlərin əvvəlki ahəngi bərpa olundu. Kənd təsərrüfatından sonra sənaye müəssələrində iş başlandı. Ritmik istehsalat prosesləri təmin edildi. Dağıstanda ağsaqqalların fəaliyyəti bütün Qafqaza yayıldı. Onların gücündən bütün regionda vəziyyəti sabitləşdirmək, mərkəzlə bölgə arasında inamsızlığı aradan qaldırmaq üçün geniş istifadə edildi. Məsələn, sonralar müxtəlif dağlı xalqları təmsil edən ağsaqqallar camaatla iş aparmaq üçün Kabardin-Balkarın düşmən tapdağından azad edilmiş yaşayış məntəqələrinə göndərildilər.

Əziz Əliyev müdafiənin və çoxsaylı digər problemlərin həllilə məşğul olmaqla yanaşı, Mahaçqala Müdafiə Komitəsinin sədri, 47-ci, sonra 58-ci Ordunun Hərbi Şurasının, həm də Bakı Dairəsi Hava Hücumundan Müdafiə Qüvvələri Hərbi Şurasının üzvü kimi səmərəli, qətiyyətli fəaliyyət göstərirdi. Mahaçqala Müdafiə Şurasının sədri kimi Dağıstanın müdafiəsini möhkəmləndirmək, bu diyarı və bütün Cənubi Qafqaz respublikalarını düşmən işğalından xilas etmək, onların xalqını, milyonlarla insanı, əsrlər boyunca yaranmış milli mədəniyyət abidələrini qoruyub yaşatmaq demək idi. Həyatını təhlükə altına qoyaraq Moskva üçün ən təhlükəli, Dağıstan üçün ən müqəddəs sayılan Şeyx Şamil hərəkatına müdrikcəsinə yanaşdı, bu böyük qafqazlıya müsbət münasibətini gizlətmədi. İgidlik və mərdanəlik tələb edən bu münasibət onun üçün çox kədərli və hətta faciəli sonluqla bitə bilərdi. Az sonra, 1951-ci ildə böyük Azərbaycan mütəfəkkiri Heydər Hüseynovun Şeyx Şamilə həsr etdiyi monoqrafiyaya görə respublikanın o zamankı “xozeyni” M. Bağırov tərəfindən təhdid olunması böyük filosof-alimin ölümü ilə nəticələndi. Xatirələrdə oxuyuruq: “...Rəsul Məmmədov o vaxtlar Şamil haqqında əsər yazmışdı. Bu o vaxt ki, əsər ictimaiyyət tərəfindən çox pis qarşılandı. Əziz Əliyev bu əsəri oxuyandan sonra hay-küyə son qoydu. Əsəri və müəllifi müdafiə etdi. Rəsul Məmmədovu hərbidən, əsgərlikdən çağırtdırıb, maarif naziri təyin etdi. Bu sonsuz cəsarətin və qəhrəmanlığın nə ilə qurtaracağı heç kəsə məlum deyildi. Lakin hərtərəfli savadına, təfəkkürünə, eyni zamanda, cəsarətinə və qəhrəmanlığına görə Əziz Əliyev hər cür yüksək mükafat, fəxri ad, vəzifədən ucada dayanırdı. Əziz Əliyev Dağıstanda işlədiyi 6 ildə ağır ekstremal problemləri böyük səylə və bacarıqla həll etməklə yanaşı, o vaxtacan pəşəkar rəhbərlərə, mütəxəssislərə ciddi ehtiyacı olan dağlar diyarında bacarıqlı, yüksək təşkilatçılıq qabiliyyətinə malik kadrlar yetişdirdi və bu sahədə güclü məktəb yaratdı. Əziz Məmmədkərimoğlu sonra Dağıstana uzun müddət rəhbərlik etmiş Məhəmmədsalam Umaxanovdan başlamış, Məhəmmədəli Məhəmmədova, Muxu Əliyevəcən rəhbər işçilərin öz uğurlu fəaliyyətlərinə görə, ilk növbədə, böyük şəxsiyyətin ruhuna minnətdardırlar.

Qonşu diyarın da böyük oğlu sayılan Əziz Əliyevin doğum gününün 100 illiyi Mahaçqalada qeyd edildi. Dağıstanın Xalq Məclisinin sədri və sonrakı Prezidenti Muxu Əliyevin dedikləri heç yadımdan çıxmır. Muxu Qimbətoğlu kommunist rejimi dönəmində Dağıstanda Vilayət Partiya Komitəsinin rəhbərliyinə gələndə ona qədər Dağıstana başçılıq etmiş şəxslərin fəaliyyətini öyrənməkdən başlayır. Əsas məsələ kimin Dağıstan üçün nə iş gördüyü marağıydı. Əziz Əliyevin qeyri-adi fəaliyyəti, dağlar diyarı üçün gördüyü qlobal işlər indiyə qədər də onu heyrətləndirir. Deyirdi ki, müharibə vaxtı rəhbərdən yalnız cəbhəyə kömək etmək, iqtisadiyyatı yaşatmaq və əhalinin minimum ehtiyaclarını ödəmək tələb olunur. Əziz Məmmədkərimoğlu bütün bu vəzifələri ləyaqətlə yerinə yetirməklə yanaşı, milli kadrların hazırlanmasından başlamış, elmin, mədəniyyətin, təhsilin dirçəlişi, insanların sosial rifahının yaxşılaşdırılması və bütün sahələrlə geniş məşğul olmağa imkan tapıb. Çox da böyük olmayan zaman kəsiyində Dağıstanın həm o dövrü, həm də gələcəyi ilə bağlı tarixi problemləri həll edib.

Bu yerdə Georgi Rukovun İosif Stalin haqqında, Stalinin dünya müharibəsindəki fəaliyyəti ilə bağlı dediyi sözlər yada düşür: “Layiqli Ali Baş Komandan idi. Bacarığı və tələbkarlığı ilə, demək olar ki, mümkün olmayan işləri həyata keçirirdi”. Dağıstanlılar da Əziz Məmmədkərimoğlunun diyardakı xilaskarlıq missiyasını unutmurlar. O vaxtdan nəsillər dəyişsə də, bugünəcən xoş təəssüratlar minnətdarlıqla xatırlanır.

Mənim məhəbbətlə 90-ci illərin əvvəllərindən başlayaraq dağlar diyarına ardıcıl tutduğum vəzifələrin xidməti işləriylə bağlı səfərlərim olub, bəzən ayda iki dəfə ora getməli olurdum. Çox yüksək tədbirlərdə, toplantılarda iştirak etmişəm, dinləmişəm, öz çıxışlarım da olub. Ancaq Şeyx Şamilin 200 illik və Əziz Əliyevin 100 illik yubileylərindəki ümumxalq sevgisini, coşqusunu başqa heç bir tədbirdə görməmişəm.

Yubiley günlərində Əziz Əliyevin Dağıstana rəhbərlik etdiyi illərdə yaşadığı evin divarında xatirə lövhəsinin açılışı, eləcə də Kaspiysk şəhərindəki Tibb Texnikumuna onun adının verilməsi və büstünün açılışındakı çıxışlar unudulmazdır. Axşam isə Mahaçqalada – şəhərin ən böyük və nüfuzlu salonlarından biri olan Rusiya Dövlət Dram Teatrının binasında keçirilən zirvə tədbiri, bütün Dağıstan xalqlarının milli bayramını xatırladırdı. Bir məqam var ki, heç vaxt gözümün önündən getmir: bu tədbirlər zamanı, eləcə də şəhərdə sadəcə addımlayarkən, insanlar nümayəndə heyətimizdə olan akademik Cəmil Əliyevi göstərərək bir-birlərinə pıçıldayırdılar: “Əziz Məmmədkərimoğlunun oğludur…”Bu da xalq sevgisinin ən gözəl ifadəsi idi.

Bakıya “Qəhrəman şəhər” adı verilməməsinin də həlledici amili SSRİ rəhbərliyində müəyyən dairələrin qısqanclığı olsa da, paytaxtımızın və bütövlükdə, Azərbaycanın 9 May qələbəsində əvəzsiz xidmətləri olduğunu bütün dünya biləcək. Söhbət yalnız gecəli-gündüzlü istehsal edilən sənaye və kənd təsərrüfatı məhsullarından getmir. O sınaq illərində Azərbaycan 300 mindən çox oğul və qızını itirmişdir və bu, əhalisinin say etibarilə nisbətdə götürülsə, ərazisi bütövlükdə işğal olunmuş Belarusun itkiləri qədərdir. Dağıstan da çox şey itirdi. Amma bizi işğal edə bilmədilər. Xalqlarımız Sibirlərə göndərilmədi. Milliliyimiz, mənliyimiz, özgürlüyümüz, tariximiz yaşadı. Təkcə buna görə məzarları Qafqazdan Budapeştə, Praqaya, Berlinə qədər səpələnmiş eloğullarımızın xatirəsi önündə ehtiramla baş əyərək hamımız – azərbaycanlılar da, dağıstanlılar da – Əziz Məmmədkərim oğlunun ruhuna hədsiz minnətdar olmalıyıq.

O vaxtlar Sovetlər Birliyi yalnız Jukov, Vasilevski, Rokossovski ilə deyil, eyni zamanda bütün respublikaların Əziz Məmmədkərimoğlu kimi qəhrəman övladları ilə qüdrətli idi. Məhz bu övladların mənəvi birliyi və əzmi müharibənin gedişində Hitler üçün ən gözlənilməz zərbə oldu. Və onu biabırcasına məğlubiyyətə məhkum elədi. Təkcə faşistlər deyil, bütün dünya başa düşdü, etiraf etdi. İosif Stalin Qələbə paradında üzünü hərbçilərə tutaraq əbəs yerə deməmişdi: “Bütün dünya sizə baxır!!!” Nikita Xruşşovun səbatsızlığı və volyuntarizmi bir çox vacib mənaların üzərindən xətt çəkdiyi kimi, xalqların yaxınlığı və birliyi prosesində də əngələ çevrildi. Əks istiqamətlər və parçalanmalar yarandı. Bu kimi hallarda cəmiyyətdə çatlar yaranır, ziddiyyətlər formalaşır və bütün bunlar ilk növbədə təmiz, günahsız insanların həyatına təsir edir, ömürlərini zədələyir.

Əziz Əliyev Dağıstan Muxtar Respublikasına rəhbərlik etdiyi illərdə, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün dağlıların həyatında yeni bir mərhələnin əsasını qoydu. Eyni zamanda, Dağıstandakı fəaliyyəti ilə o, böyük daxili mənini üzə çıxara bildi. Dahi şəxsiyyət, müdrik və uzaqgörən rəhbər, qüdrətli təşkilatçı və əvəzsiz dövlət xadimi olduğunu sübut etdi. Bəs öncəki çağlar? Bəs Dağıstan həyatına qədər? İrəvanda keçən uşaqlıq illəri, Sankt-Peterburqda ali tibb təhsili aldığı gənclik çağları, daha sonra yaşadığı qaçqınlıq taleyi və nəhayət, Bakıda və Təbrizdə göstərdiyi əvəzsiz xidmətlərinin hər biri ayrıca mövzudur. Bakıda çalışdığı məsul vəzifələrdə əvəzsiz fəaliyyətinə görə hamı onu “təcili yardım”, “cəmiyyətin loğmanı”, ”qurucu Əziz”, “Qeyri-adi insan”, ya da sadəcə “Əziz müəllim” kimi tanıdı və sevdi.

Əziz Məmmədkərim oğlu Əliyev dəfələrlə SSRİ-nin, Azərbaycan SSR-in, Dağıstan MSSR-in ali sovetlərinin deputatı olmuş, yüksək partiya orqanlarının tərkibinə seçilmiş, iki dəfə Lenin ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni, bir çox başqa dövlət mükafatları ilə təltif edilmişdir. Lakin ən yüksək deputat mandatları və nişanları, ordenlər və fəxri adlar (ən ucası olsa da) böyük simaların həyatını, fəaliyyətini bütünlüklə əks etdirə bilmir. Əziz Məmmədkərimoğlunun ən böyük mükafatı, qiyməti iki qardaş ölkə xalqlarının ona sonsuz məhəbbəti, ən fəxri adı isə – Azərbaycanda və Dağıstanda qurub yaratdıqlarıdır. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, Əziz Əliyev Azərbaycan və Dağıstan xalqlarının əbədi dostluğunun simvoludur.

Yenə Rəsul Rzanın “Adi sual”ı yada düşür. Ancaq böyük şairimizin sualının cavabı çoxdan tapıldı. Ulu öndərimizin səyləri ilə Moskvada dahi Nizaminin adına küçə verildi. Moskvada illah böyük bir küçənin mərkəzində, Azərbaycan Səfirliyinin binası önündəki mənzərəli bağda heykəli ucaldıldı.

Bəs görəsən, Bakıda Əziz Əliyevin heykəli haradadır, cənab şəhər icra hakimiyyətinin başçısı!

Bəlkə... barı Böyük Qələbəmizin 80 illiyi günü çoxdan ürəklərdə əbədiləşmiş bu alternativsiz heykəlin, heç olmasa, təməlini qoyaq?!

7 aprel 2025-ci il

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see146

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see140

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see140

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see134

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see130

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see123

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see122

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see121

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see121

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see120

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see120

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see119

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see117

125 il yaşayan kişi sirrini açdı

12 Aprel 2025 11:46see116

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see116

Ertan Saban Deha dan getdi

12 Aprel 2025 12:34see115

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see114

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see113

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri