Icma.az
close
up
RU
“Fənərbaxça” Trabzonu yenə 3 qolla fəth etdi

“Fənərbaxça” Trabzonu yenə 3 qolla fəth etdi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lider “Qalatasaray”ın oynamadığı tura cümə günü Antepdə start verildi. Ötən tur azlıqda “Trabzonspor”u yenməklə diqqəti çəkən “Göztəpə” yenə hesabına 3 xal yazmağa yaxın idi. Amma Stonimir Stoylovun komandası 77-ci dəqiqəyə öndə daxil olduğu matçdan heç 1 xalla da ayrıla bilmədi.
Şənbə gününün ilk oyununda “Sivasspor” da “Çaykur Rizəspor” üzərində əzmkar qələbə qazandı. Sonuncu pillədəki “Adana Dəmirspor” bu turu da qələbəsiz başa vurdu. Amma Kayseri səfərində qazanılan 1 xalı komandanın hesabına yazmaq olar. Günün və turun əsas sürprizi “Tüpraş Stadionu”nda qeydə alındı. Ötən tur derbidə uduzmaqla “Qalatasaray”dan 8 xal geri düşən “Beşiktaş” ilk baxışdan fərqi azaltmaq üçün yaxşı fürsət yaxalamışdı. Çünki komanda öz meydanında ortabab “Kasımpaşa“nı qəbul edirdi. “Qara qartal” Muçinin ilk yarının sonlarına təsadüf edən qolu ilə fasiləyə öndə yollandı. Amma ikinci hissədə matçın ssenarisi 180 dərəcə dəyişdi. Bərabərlik qolundan sonra cəsur oynamağa başlayan qonaqlar qalan vaxtda daha 2 qol vuraraq yerli fanatları şoka saldılar. Xatırladaq ki, “Kasımpaşa” 7-ci turda “Qalatasaray”la səfər oyununda da 0:3-dən sonra kiçik bir möcüzə reallaşdırmış və matçı 3:3-ə gətirmişdi. Beləcə ilk 8 oyunda uduzmayan “Beşiktaş” ardıcıl 2-ci məğlubiyyətlə barışmalı oldu. “Kasımpaşa” tarixində ilk dəfə mövsümün ilk 5 səfər oyunundan məğlubiyyətsiz ayrıldı (3 qələbə, 2 heç-heçə). “Beşiktaş”ın isə İstanbul təmsilçilərinə qarşı keçirdiyi son 7 oyunda 21 mümkün xaldan yalnız 4-nü qazanması diqqət çəkir (1 qələbə, 1 heç-heçə, 5 məğlubiyyət).
Bazar günü daha 4 oyun keçirildi. Ardıcıl 3 məğlubiyyətdən sonra debütant “Bodrum”la qolsuz bərabərliyə razı olan “Alanyaspor”da baş məşqçi Fatih Təkkə istefa verdi. O, bu mövsüm superliqada istefaya göndərilən 7-ci məşqçi oldu. 47 yaşlı mütəxəssis bu vəzifəyə 1 il öncə - ötən il noyabrın əvvəllərində gətirilmişdi. “Alanyaspor” onun başçılığı altında keçirdiyi 40 rəsmi oyundan 12 qələbə, 16 heç-heçə, 12 məğlubiyyətlə ayrılmış oldu. “İstanbul BŞ-nin qara günləri davam edir. Konyada iki qol vurmasına rəğmən, xala həsrət qalan Çağdaş Atanın komandasının rəsmi matçlarda qələbəsiz seriyası 6 oyuna yüksəldi! Tarixində ilk dəfə elitada oynayan “Eyüpspor” növbəti qələbəsini qazandı. Arda Turanın komandası bu dəfə “Hatayspor”dan güclü oldu. Düşmə zonasından heç cür çıxa bilməyən Hatay təmsilçisi təcrübəli Rza Çalımbayın rəhbərliyi altında keçirdiyi 6-cı superliqa oyununda da qələbəyə həsrət qaldı.
Bu tur bütün diqqətlər Trabzona yönəlmişdi. Bu şəhərə Joze Mourinyonun “Fənərbaxça”sı təşrif buyurmuşdu. Ötən mövsüm bu komandalar arasında Trabzondakı oyundan sonra, bilindiyi kimi, qiyamət qopmuşdu. Ona görə də bu dəfə təhlükəsizlik tədbirləri maksimum səviyyədə idi. Güclü azarkeş dəstəyi ilə oyuna yaxşı başlayan “Trabzonspor” 38-ci dəqiqədə Okay Yokuşlunun baş zərbəsi ilə hesabı açsa da, hakim top tora daxil olmamış fitini səsləndirdi. Mərt Müldürün özünü yerə atması onu çaşdırdı. Beləcə trabzonluların təmiz qolu qeydə alınmadı və 26 yaşlı təcrübəsiz hakim Oğuzhan Çakır özünü itirərək oyunun “ipini” əlindən buraxdı. Ötən mövsüm Trabzonda iki qol vuran Fred bu dəfə də fasilə ərəfəsində fərqlənməklə “Fənər”i önə keçirdi. Amma 2-ci hissənin ortalarında “Trabzonspor” qısa müddət ərzində VAR-ın müdaxiləsi ilə iki penalti qazandı. Maraqlıdı ki, hər iki epizodda oyun 7 dəqiqədən çox dayandı. Ümumiyyətlə, bu qarşılaşma əlavə dəqiqələrlə birlikdə 108 dəqiqə davam etdiyi halda, topun oyunda qalma müddəti cəmi 40 (!!!) dəqiqəyə bərabər oldu. Hər iki penaltidə Banza Livakoviçi məğlub etdi. “Qalatasaray”ın oynamadığı həftədə bu nəticə ilə barışmaq istəməyən “Fənərbaxça” bütün komanda ilə irəli atılaraq bərabərliyi çox tez təmin etdi. İrfan Canın ötürməsindən sonra Ceko arxa dirəkdə topu boş qapıya göndərdi. Matçın ən qalmaqallı, hətta biabırçı anı 83-cü dəqiqəyə təsadüf etdi. Künc zərbəsi zamanı Banza açıq-aşkar əlini yuxarı qaldıraraq topa toxunsa da, nədənsə bu dəfə VAR-ın müdaxilə etməyə cürəti çatmadı. Buna baxmayaraq, hücumlarını davam etdirən “Fənər” əsas vaxta əlavə olunan 12-ci dəqiqədə Amrabatın vurduğu qolla mövsümün ən yaddaqalan qələbələrindən birini qazandı. Bu qoldan sonra Mourinyo özünə nəzarəti itirərək emosional şəkildə meydana qaçdı! “Beşiktaş”dan fərqli “sarı-lacivərdlilər” xal fərqini 5-ə endirməyə müvəffəq oldular. Komanda superliqada səfərdəki məğlubiyyətsizlik seriyasını 25 oyuna çatdırmaqla şəxsi rekordunu bir qədər də yaxşılaşdırdı. Ardıcıl 2-ci dəfə evdə bu hesabla “Fənər”ə uduzan “Trabzonspor” isə mövsümün ilk 10 oyununu cəmi 2 qələbə ilə tamamlayaraq bu baxımdan tarixinin ən pis startını reallaşdırmış oldu.
11-ci tur
Trabzonspor - Fənərbaxça 2:3
Banza, 59-p.; 67-p. – Fred, 42. Ceko, 75. Amrabat, 90+12.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Mendi, Densvil, Ərən Elmalı (Barışiç, 89), Lundstram, Okay Yokuşlu, Ozan Tufan (Cihan Çanak, 89), Visça (Çam, 90+10), Nvakaeme (Enis Destan, 89), Banza.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Kostiç, 65), Çağlar Söyüncü, Ciku (Bekao, 60), Mərt Müldür, Fred (İsmayıl Yüksək, 85), Amrabat, Tadiç, Şimanski (Ceko, 65), Sen-Maksimen (İrfan Can Kahveci, 65), Ən-Nəsiri.
Beşiktaş – Kasımpaşa 1:3
Muçi, 45+3 – Vink, 54. Aytac Kara, 70. Fall, 88.
Beşiktaş: Mərt Günok, Onur Bulut, Uduoxai, Əmirhan Topçu (Salih Uçan, 80), Masuaku, Ndur (Can Keleş, 80), Fernandeş, Muçi (Mario, 68), Rafa Silva, Semih Kılıçsoy, İmmobile (Mustafa Həkimoğlu, 46).
Konyaspor – İstanbul BŞ 3:2
Ndao, 32; 50; 73 – Opoku, 45+2. Pyontek, 90+3.
İstanbul BŞ: Muhammed Şengezər, Ömər Əli Şahinər, Duarte, Opoku, Kemen (Lima, 78), Krespo (Calo, 71), Onur Ərgün (Berat Özdəmir, 61), Dəniz Türüc, Fiqeyredo (Pelkas, 61), Sərdar Gürlər (Davidson, 78), Pyontek.
Eyüpspor – Hatayspor 2:0
Tiam, 11; 60.
Qaziantep - Göztəpə 2:1
Lunqoyi, 77. Soresku, 82-p. – Ahmet İldiz, 64.
Sivasspor – Çaykur Rizəspor 2:1
Sundberq, 49; 61 – Vareşanoviç, 8.
Samsunspor – Antalyaspor 2:0
Holse, 45. Dimata, 49.
Kayserispor – Adana Dəmirspor 0:0
Bodrum – Alanyaspor 0:0
1. Qalatasaray 10 9 1 0 29-9 28
2. Samsunspor 11 8 1 2 22-10 25
3. Fənərbaxça 10 7 2 1 23-9 23
4. Beşiktaş 10 6 2 2 19-10 20
5. Eyüpspor 11 5 4 2 17-11 19
6. Sivasspor 11 5 2 4 17-16 17
7. Göztəpə 10 4 3 3 17-13 15
8. İstanbul BŞ 10 4 3 3 17-14 15
9. Kasımpaşa 11 3 5 3 15-17 14
10. Konyaspor 11 4 2 5 14-18 14
11. Trabzonspor 10 2 6 2 11-11 12
12. Qaziantep 10 3 3 4 14-15 12
13. Bodrum 11 3 2 6 8-13 11
14. Antalyaspor 11 3 2 6 12-22 11
15. Alanyaspor 11 2 4 5 9-14 10
16. Çaykur Rizəspor 10 3 1 6 7-18 10
17. Kayserispor 10 1 6 3 9-15 9
18. Hatayspor 10 0 3 7 7-17 3
19. Adana Dəmirspor 10 0 2 8 9-24 2
Bombardirlər: İmmobile (Beşiktaş) – 8, Ceko (Fənərbaxça) – 7, Banza (Trabzonspor), Pyontek (İstanbul BŞ), Tiam (Eyüpspor) – 6.
Növbəti turun oyunları noyabrın 8-10-u aralığında keçiriləcək: Adana Dəmirspor – Eyüpspor, Antalyaspor – Bodrum, Çaykur Rizəspor – Trabzonspor, Fənərbaxça – Sivasspor, Qalatasaray – Samsunspor, Göztəpə - Konyaspor, Hatayspor – Qaziantep, İstanbul BŞ – Beşiktaş, Kasımpaşa – Kayserispor.
***
Turun rəqəmi
4 – Sami Uğurlu bu gedişlə “Beşiktaş” fanatlarının qorxulu yuxusuna çevriləcək. 46 yaşlı mütəxəssis superliqada “Qartal”a qarşı ardıcıl 4-cü qələbəni bayram etdi və turnirin tarixində bunu bacaran ilk məşqçi oldu! Özü də o, bu qələbələrin hamısını ortabab “Kasımpaşa”nın başında əldə edib. Ötən mövsüm də onun “Kasımpaşa”sı İstanbul nəhəngini hər iki oyunda (evdə 2:1, səfərdə 3:1) yenmişdi. Daha bir qələbəni isə “Kasımpaşa” onun ilk dönəmində, yəni 2021/22-nin 2-ci dövrəsində yenə də səfərdə (3:0) əldə etmişdi. Başqa sözlə desək, bu məşqçi ilə “Kasımpaşa” səfərdə hər dəfə “Beşiktaş”a ən azı 3 qol vurur!
Turun ulduzu
Alassan Ndao (Konyaspor) – heç vaxt qeyri-adi məhsuldarlıq göstərməyən seneqallı vinger bu tur coşdu. O, “İstanbul BŞ” kimi güclü rəqiblə oyunda het-trik etdi. Bu, 27 yaşlı futbolçunun peşəkar karyerasında ilk het-trik oldu. Türkiyədə daha öncə “Fatih Karagümrük”, “Antalyaspor” və “İstanbulspor”un şərəfini qorumuş Ndao son 3 mövsümün hər birində 3-dən artıq qol vurmadığı halda, bu mövsüm artıq indidən hesabında 4 top var.
Turun sitatı
Edin Ceko, “Fənərbaxça”nın kapitanı: “Nə deyəcəyimi, hardan başlamalı olduğumu bilmirəm. Birdən artıq rəqibə qarşı mübariə aparmaq çətindi. Əslində gənc hakimlərin oyunlara təyinat alması yaxşı haldı. Amma oyunlara yuxarıdan “barmaq edilməsinə” icazə verilməməlidi. VAR-ın qərarları iki tərəf üçün də ədalətli olmalıdı. Amma bu gün bizə çatanda 2-3 epizodda VAR-dakılar, deyəsən, tualetə getmişdilər. Bu qədər açıq şəkildə top ələ dəydikdə nə üçün penalti verilmir? Hər tur belə şeylər gördükdə oyunlara köklənmək çətin olur. Bunu biz yox, futbolun başında oturanlar dilə gətirməlidi. Hər xırda təmasa penalti verilməməlidi. Bu, balet deyil, futboldu! Futbol təmaslı idman növüdü”.
***
Oyundan sonra
Covanni van Bronkhorst, “Beşiktaş”ın baş məşqçisi: “Heyətdə problemlərimiz çox idi. Bizim öz dəst-xəttimiz var və həmin oyunu bu gün sərgiləyə bilmədik. Komandamın daha öncə bu şəkildə oynadığını görməmişdim. Çoxlu top itkisinə yol verdik, ikili mübarizələrin də çoxunda məğlub olduq. Vacib anlarda qapımıza vurulan qollarla nəticələnən səhvlərə yol verdik. Halbuki heç məşqlərdə də bu cür səhvlər etmirdik. Belə səhvlər olduqda qalib gəlmək çətinləşir. Bugünkü performansa və məğlubiyyətə görə üzgünük. Həm də bərabərlik qolunu buraxandan sonra həvəsdən düşdük. Bu olmamalıydı. Düzdü, qol vurmağa çalışsaq da, müdafiədə çətin anlar yaşadıq. Oyunlar çox olduğu üçün bəzən rotasiya etməli oluram. Onur Bulut və Muçi başda olmaqla şans verdiyim oyunçular məqşlərdə yaxşı performans sərgiləmişdi. Amma heyətdə dəyişikliklər olsa belə, bu cür oynamağa haqqımız yoxdu. Ümid edirəm ki, bu mövsüm bir daha belə futbol sərgiləməyəcəyik”.
Şenol Günəş, “Trabzonspor”un baş məşqçisi: “Oyuna inamlı başlasaq da, sonradan bəzi səhvlərə yol verdik. “Fənərbaxça” ilk qolu zatən bizim səhvimizdən vurdu. Hücuma çıxmaq istəyərkən topu itirdik. Normal oyunda vurmalı olduğumuz qolları penaltilərdən vurduq. Sonra hər kəsin qayda pozuntusu gözlədiyi epizodda qol buraxdıq. Son saniyələrdə buraxdığımız qoldan sonra isə deyə bilərəm ki, futbolun ədaləti yoxdu. Əməyimizin qarşılığını ala bilmədik. Bəlkə də bəxt üzümüzə gülsəydi, qalib gələ bilərdik. Oyunçularımın hamısı ağlını, səbrini, ürəyini, cəsarətini ortaya qoydu. Amma sonda biz də, fanatlarımız da üzüldük. 2:1 hesabını bir az da qoruya bilsəydik, hər şey fərqli olardı. 2-ci buraxılan qol psixoloji cəhətdən bizə təsir etdi. Bu nəticə ilə barışmalıyıq. Bu oyunu unudub sonrakı matçlara köklənəcəyik. İrəlidəki oyunçular çox qaçdıqları üçün yoruldular. Soradan meydana çıxanlar isə gözlədiyimiz faydanı vermədilər. “Fənərbaxça”nın təzyiqi artırdığı anlarda yeni girən oyunçular topu özlərində daha çox saxlamağa çalışmalıydı”.
Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi: “Oyunun ən yaxşısı VAR hakimi Atilla Karaoğlan oldu. Onu bir daha oyunlarımızda görmək istəmirik! Bu liqada təkcə güclü rəqiblərə qarşı yox, həm də sistemə qarşı mübarizə aparırıq. Bu gün də VAR-a və sistemə qalib gəldik. Ona görə qələbəni belə çılğın şəkildə qeyd etdik. Məni bura gətirən “Fənərbaxça”lılara əsəbləşirəm. Çünki mənə burda başverənlərin yalnız yarısını söyləyiblər. Hamısını söyləsəydilər, “Fənərbaxça”ya gəlməzdim! Osayi-Samuelə qarşı edilən hərəkətin qarşılığı qırmızı vərəqə olmalı deyildimi? Karaoğlan həmin an yəqin çay içirdi. Amma bizim qapımıza penaltilər verməyə dərhal hazırdı. “Trabzonspor”la heç bir şəxsi ədavətim yoxdu. Gözəl stadionları və azarkeşləri var. Mənim dərdim sistemə qarşıdı. Bu gün həmin sistemin adı Atilla Karaoğlan idi. Bizə qarşı kobudluq olanda hakimlər “qırmızı” göstərməkdən qorxur. Ən böyük qalmaqal isə ələ dəyən epizodda penaltinin verilməməsi oldu. Bu çempionatı Avropada çox adam izləmir. Mən həmin epizodu “instaqram”dan paylaşacam. Çox olmasa da, ən azı 5 milyon insan o epizodu görəcək və Türkiyə çempionatında nələrin baş verdiyini anlayacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri