“Fənərbaxça”dan tarixi geridönüş
Footbal-plus-dan verilən məlumata görə, Icma.az xəbər edir “Fənərbaxça”dan tarixi geridönüş.
“Beşiktaş”ın dincəldiyi tur ötən həftənin cümə günü start götürdü.
“Bodrum”u məğlub edən “Konyaspor” 6 turluq qələbəsiz seriyaya son qoydu. “Bodrum”da dünən baş məşqçi Volkan Dəmirəl ilə yollar ayrıldı. “Sivasspor” isə Arda Turanın çalışdırdığı “Eyüpspor”a layiqincə müqavimət göstərsə də, sonunu gətirə bilmədi. 10-cu dəqiqədən azlıqda qalan, 85-ci dəqiqədən isə 9 futbolçu ilə oynamalı olan qonaqlar son anlarda şanssız bir qol buraxaraq məğlub oldular. Elitada ilk mövsümünü keçirən “Eyüpspor” ardıcıl 4-cü qələbəsini qazandı.
Şənbə gününün açılış oyununda “Antalyaspor” səfərdə “Hatayspor”u məğlub edərək Əmrə Belözoğlunun dönəmində ilk qələbəsini qazandı. Bu mövsüm səfərdə qələbəyə həsrət qalan “Trabzonspor” elitada qalmaq uğrunda oynayan və ciddi sıxıntılar yaşayan “Kayserispor”la görüşdə favorit statusunu doğrulda bilmədi. Şenol Günəşin komandası Uğurcan Çakırın 5 seyv etdiyi matçda qolsuz bərabərliklə kifayətləndi. Uğurcan bu mövsüm 20-ci oyunda 9-cu dəfə qapısını toxunulmaz saxladı. Bu göstəricidə o artıq indidən karyerasının ən yaxşı mövsümünü keçirir. Tura 3-cü pillədə daxil olan “Samsunspor” gözlənilmədən “İstanbul BŞ” ilə səfər oyununda pərən-pərən düşərək 4 top buraxdı. Halbuki komanda əvvəlki 5 turda cəmi 2 top buraxmışdı. “Kasımpaşa” Burak Yılmazın rəhbərliyi altında keçirdiyi ilk matçda autsayder “Adana Dəmirspor”u yenməyi bacardı. Özü də “Kasımpaşa”nın ardıcıl 2-ci turda həm 5 qol vurması, həm də əzmkar qələbə qazanması diqqəti çəkdi. Turun əsas sürprizi İzmirdə qeydə alındı. Evdə “Alanyaspor”a uduzan “Göztəpə”nin möhtəşəm seriyası başa çatdı.
Komanda doğma meydanda sonuncu dəfə 2023-cü il noyabrın 4-də - 1-ci liqada oynadığı dönəmdə “Kocaelispor”a uduzmuşdu. O vaxtdan bəri ötən 456 gün ərzində “sarı-qırmızılar” evdə ardıcıl 21 rəsmi oyunda məğlub olmamışdılar. “Fənərbaxça” ilk baxışdan “Çaykur Rizəspor”la oyunda ciddi problem yaşamamalıydı. Mourinyonun komandası heç bir iddiası olmayan bu rəqibi ilk dövrədə səfərdə 5:0 hesabı ilə darmadağın etmişdi. Amma Rizə klubu bu dəfə ilk 13 dəqiqədə iki qol vurmaqla “Fənər” fanatlarını şoka saldı.
İstanbul nəhənginin evdə iki top fərqi ilə geridə olduğu superliqa matçında qalib gəlməsinə sonuncu dəfə 2001-ci (!) ildə - “Qaziantepspor”la oyunda (4:3) təsadüf edilmişdi. Yəni komanda 24 ildən sonra bir ilki bacardı. Matçın qırılma anı fasilə ərəfəsinə təsadüf etdi. Qonaqlar həm azlıqda qaldılar, həm də Ceko penaltidən fərqi minimuma endirdi. İkinci hissənin böyük bölümündə meydanda inanılmaz anlar yaşandı. Qorxunc üstünlüyə malik olan “Fənər” heç cür topu tora göndərə bilmirdi. Qonaqları 4 (!) epizodda tir və dirəklər xilas etdi. Rizəlilərin qapısı sanki tilsimlənmişdi. Amma 76-cı dəqiqədə daha bir mühüm olay yaşandı. Vaxtı uzatmaq istəyən Gezzal əvəzlənmək üzrə olarkən hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldı! 9 futbolçu ilə qalan rizəlilərin qələbə hesabını qoruması möcüzə olardı. Amma möcüzə baş vermədi. Ceko dublunu rəsmiləşdirərək hesabı bərabərləşdirdisə, son anlarda səhnəyə Ən-Nəsiri çıxdı.
Mərakeşli forvard ən yaxşı bacardığı işi edərək başla topu qapıya göndərdi. Qeyd edək ki, meydan sahiblərində yeni transferlərdən Şkrinyarla Talişka debüt matçına çıxdı. Hesabın bərabərləşdiyi epizodda Talişkanın da əməyi oldu. Beləliklə, “Fənər” tarixi geridönüşə imza ataraq ən azı birgünlüyə xal fərqini 3-ə endirdi.
Tura dünən Antepdə yekun vuruldu. Öz meydanında 9 oyunluq məğlubiyyətsiz və 5 oyunluq qol buraxmamaq seriyalarına malik olan ''Qaziantep''in hər iki seriyası ''Qalatasaray''la oyunda qırıldı. Görüşdə yeganə qolu Ahmed Kutucu vurdu. 5-ci dəqiqədə Mertensin künc zərbəsindən asması zamanı topu saxlamadan tora göndərən Ahmed həm yeni klubunda ilk qolunu vurdu, həm də komandasına çox dəyərli bir qələbə qazandırdı. İkinci hissənin gedişində yeni transfer Morata da meydana çıxaraq Türkiyə karyerasında debüt etmiş oldu. ''Cim-Bom''un superliqada səfərdəki məğlubiyyətsiz seriyası 22 oyuna yüksəldi (19 qələbə, 3 heç-heçə).
Bu, komandanın 2000-ci ildən bu yana ən yaxşı seriyasıdı! ''Qalatasaray'' bu mövsüm 21-ci superliqa oyununda 18-ci qələbəsini qazanmaqla şəxsi rekordunu yenilədi. Turnirin tarixində isə ilk 21 oyuna 18 qələbəni daha öncə yalnız 1959/60 mövsümündə ''Beşiktaş'' əldə etmişdi. Ən əsası Okan Burukun kollektivi ''Fənər''lə aradakı 6 xallıq fərqi qorumağa müvəffəq oldu. Onu da bildirək ki, Torreyra, Barış Alpər Yılmaz, Əbdülkərim Bardakcı və Muslera cəzalı duruma düşdüyü üçün növbəti tur ''Adana Dəmirspor''a qarşı ev oyununu buraxmalı olacaq.
22-ci tur
Qaziantep - Qalatasaray 0:1
Ahmed Kutucu, 5.
Qalatasaray: Muslera, Yelert (Barış Alpər Yılmaz, 63), Sançes, Əbdülkərim Bardakcı, Kaan Ayhan, Torreyra, Sara (Eyüp Aydın, 90+5), Şallai (Berkan Kutlu, 80), Mertens (Morata, 69), Ahmed Kutucu (Metehan Baltacı, 90+5), Osimhen.
Fənərbaxça – Çaykur Rizəspor 3:2
Ceko, 45+8-p.; 79. Ən-Nəsiri, 89 – Sou, 6; 13.
Fənərbaxça: İrfan Can Eğribayat, Oğuz Aydın, Şkrinyar, Karlos, Ləvənt Mercan (Talişka, 61), Kostiç (İrfan Can Kahveci, 72), Fred, Amrabat (Tadiç, 46), Şimanski, Ən-Nəsiri, Ceko.
Kayserispor – Trabzonspor 0:0
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Saviç, Bataqov, Ərən Elmalı (Barişiç, 90+4), Mendi, Umut Günəş (Çam, 46), Visça (Cihan Çanak, 90+2), Ozan Tufan (Lundstram, 60), Sikan (Nvakaeme, 60), Banza.
İstanbul BŞ – Samsunspor 4:0
Pyontek, 19; 58; 69. Davidson, 86.
İstanbul BŞ: Muhammed Şengezər, Duarte, Opoku, L.Lima, Berat Özdəmir, Krespo (Ömər Bəyaz, 74), Kemen (Calo, 82), Dəniz Türüc (Yusuf Sarı, 83), Ömər Əli Şahinər (Davidson, 74), Keni, Pyontek (Həmzə Gürələr, 82).
Eyüpspor – Sivasspor 1:0
Tiam, 89.
Göztəpə - Alanyaspor 0:1
N.Lima, 45+1.
Hatayspor – Antalyaspor 2:3
Butobba, 30. Abubakar, 64-p. – Samudio, 22-p. Van De Streek, 39. Safuri, 86.
Konyaspor – Bodrum3:1
Yusuf Ərdoğan, 6. Kramer, 36; 55 – Slovik, 69-öz qapısına.
Adana Dəmirspor – Kasımpaşa 3:5
Tolqa Kalender, 13. Aliui, 57. Aymbetov, 88 – Fall, 16; 82. Hayradinoviç, 73-p. Aytac Kara, 75. Can Keleş, 79.
1. Qalatasaray 21 18 3 0 54-22 57
2. Fənərbaxça 21 16 3 2 55-22 51
3. Samsunspor 21 12 4 5 34-23 40
4. Eyüpspor 21 11 6 4 34-19 39
5. Göztəpə 21 10 4 7 40-27 34
6. İstanbul BŞ 21 9 5 7 39-30 32
7. Beşiktaş 20 8 8 4 29-21 32
8. Kasımpaşa 21 6 10 5 37-40 28
9. Alanyaspor 21 7 7 7 25-28 28
10. Çaykur Rizəspor 21 8 3 10 23-34 27
11. Trabzonspor 20 6 8 6 34-24 26
12. Qaziantep 21 7 5 9 26-29 26
13. Antalyaspor 21 7 4 10 25-41 25
14. Konyaspor 21 6 6 9 27-33 24
15. Sivasspor 21 6 5 10 26-35 23
16. Kayserispor 20 3 8 9 19-39 17
17. Bodrum 21 4 4 13 15-29 16
18. Hatayspor 21 1 7 13 23-40 10
19. Adana Dəmirspor (-3) 21 2 2 17 20-50 5
Bombardirlər: Pyontek (İstanbul BŞ) – 18, Banza (Trabzonspor), Ən-Nəsiri (Fənərbaxça) – 13, Ceko (Fənərbaxça), Osimhen (Qalatasaray), Tiam (Eyüpspor) – 12.
Turun rəqəmi
10 – bu mövsüm bir sıra antirekordlarını yeniləyən “Trabzonspor” yenə bu baxımdan fərqləndi. Komanda superliqada 10-cu səfər oyununda da qələbəyə həsrət qaldı (5 heç-heçə, 5 məğlubiyyət). Buna qədər trabzonluların tarixində çempionatın ilk 10 səfər oyununda qalib gələ bilmədiyi mövsüm olmamışdı!
Turun ulduzu
Kşiştof Pyontek (İstanbul BŞ) – polşalı forvard qolları sıralamaqda və bombardirlər yarışındakı liderliyini möhkəmləndirməkdədi. Ötən mövsüm superliqada 17 qol vuran Pyontek bu mövsüm indidən bu göstəricisini yaxşılaşdıraraq 18 qola çatıb. Pyontek cari “futbol ili”ndə 2-ci, ümumulikdə isə Türkiyə çempionatında 4-cü dəfə het-trik etdi. O, turnirin tarixində ən çox het-trik edən əcnəbi futbolçuların siyahısında Şota Arveladze, Sead Subotiç, Mbaye Dianye və Milan Baroşu yaxalayaraq 2-ci pilləyə yüksəldi. İndi Pyontek bu siyahıda yalnız əfsanəvi Aleks de Souzadan (8) geri qalır.
Turun sitatı
Yılmaz Vural, hazırda işsiz olan məşqçi:
“Fənərbaxça”nın başına keçməyi çox istəyirəm. Təəssüf ki, bu, heç cür reallaşmır. “Fənərbaxça”nın yeganə xoşuma gəlməyən cəhəti bu klubda populyarlıq dozasının həddən artıq şişirdilməsidi. Gah dünyanın ən güclü məşqçisini, gah dünyanın ən güclü futbolçularını gətirməyə çalışırlar. Halbuki “Fənər”in oyunçuya yox, oyuna ehtiyacı var. Çünki komanda oyun oynamır! Bir gün bu klubun başına keçə bilsəm, məşqçiliyin nə demək olduğunu hər kəsə göstərəcəm”.
Oyundan sonra
Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:
“Rəqib oyuna yaxşı, biz isə pis başladıq. 2 top fərqi ilə geri düşəndən sonra vəziyyəti dəyişmək həmişə çətin olur. “Çaykur Rizəspor” azlıqda qalandan sonra qol epizodlarımız yaranmağa başladı. Qapıçıları inanılmaz toplar çıxardı. Dirəkdən dönən zərbələrimiz oldu. Amma böyük təzyiq sayəsində qolları vuraraq 3 xal qazanmağı bacardıq. Duyğuların ön planda olduğu bir qarşılaşma izlədik. “Çaykur Rizəspor” oyuna yaxşı hazırlaşmışdı. Hava toplarında üstün təsir bağışladılar. Çalışmalıyıq ki, bu qədər duyğusal olmayaq. Fanatların istədiyi kimi yox, öz istədiyimiz kimi oynamalıyıq. Tribunalardan gələn pozitiv və neqativ səslər oyunumuza təsir göstərməməlidi. Məsələn, fanatlar 3-cü qoldan sonra da hücum etməyimizi istəyirdi. Amma 10 diqəqəlik əlavə vaxt oynanıldı. Hücum etməkdən çox topu özümüzdə saxlamalıydıq. Avrokuboklarda oynamaq bizdən çox güc alır. Son iki oyunda fiziki cəhətdən problemlər yaşadıq. Bir təhər də olsa, qalib gəlməyi bacardıq. Halbuki bu oyunlarda məğlub olsaydıq, çempionluq mübarizəsi bitmişdi. Gezzalın dediyi kəlməni burda işlədə bilmərəm. Rəqibin üzüntüsünü anlayıram. Amma vərəqələr və qərarlar haqlı idi”.
İlhan Palut, “Çaykur Rizəspor”un baş məşqçisi:
“Oyuna çox yaxşı hazırlaşmışdıq. Bunu matçdan öncə də söyləmişdim ki, “Fənər”in istənilən taktikasına hazırıq. Planımız ilk dəqiqələrdən özünü doğrultmağa başladı. Həm yaxşı müdafiə olunduq, həm də 2 qol vurduq. Başqa fürsətlərimiz də oldu. “Fənər” isə təhlükəni əsasən standart vəziyyətlər sayəsində yaradırdı. Çünki ucaboy oyunçuları çoxdu. Bizim üçün ən pis ssenari reallaşdı. Həm azlıqda qaldıq, həm də qol buraxdıq. Belə çətin səfər oyununda azlıqda qalandan sonra müdafiədən hücuma ötürmələrlə çıxmaq çətinləşir. Biz də bunun sıxıntısını yaşadıq. Xətlərarası əlaqə kəsildi. Tam geriyə çəkilməli olduq. Qazandığımız toplardan sonra isə irəli çıxmaqda çətinlik çəkdik. “Fənərbaxça” cinah asmaları ilə bizi böyük təzyiq altında saxladı. Müəyyən ana qədər müqavimət göstərdik. Sonra əvəzetmə zamanı daha bir oyunçumuz qovuldu. 8 sahə oyunçusu ilə 2:2-ni qorumağa çalışsaq da, bunu da bacarmadıq. Topun dirəyə dəydiyi epizodlarda bəxtimiz gətirdi. Hər şeyə rəğmən, oyunçularımı təbrik edirəm. Məğlub olsaq da, bu oyun bizim üçün irəli atılmış bir addım ola bilər. “Fənər”ə qarşı belə oynaya biliriksə, bu futbolu başqa matçlarda da sərgiləməliyik”.
Şenol Günəş, “Trabzonspor”un baş məşqçisi:
“Bura qələbə üçün gəlsək də, təəssüf ki, istədiyimiz kimi oynaya bilımədik və 2 xal itirdik. Rəqib ilk yarının ortalarına qədər üstün görünsə də, onların real qol vəziyyəti olmadı. Ötürmələrdə sadə səhvlərə yol verincə “Kayserispor” bundan yararlanmağa çalışırdı. Dəqiqələr irəlilədikcə oyunumuzu tapdıq. Cinah hücumları ilə təhlükələr yaratdıq. Amma ən vacibini edə, yəni qol vura bilmədik. Fasilədən sonra bir qədər də artıracağımızı gözləyirdim. Amma bunun əksi oldu. Əvəzetmələr də oyunumuzu gücləndirmədi. Coşqulu və aqressiv oynaya bilmədik. Azlıqda qalandan sonra isə artıq nəticəni qorumağa başladıq. Səfərdə yenə qalib gələ bilmədik. Futbolsevərlər üçün çox da baxımlı bir qarşılaşma olmadı. Həm oyundan, həm də nəticədən narazı qaldım. Səviyyəmizə uyğun futbol ortaya qoymadıq”.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)