Fermerlərdən 13 milyon manat vergi alınacaq Komitə sədri
Icma.az bildirir, Modern.az portalına istinadən.
Fermerlərdən cəmi 13 milyon manat vergi gözlənilir – Dövlətin dəstəyi 1,5 milyard manatdır
"Kənd təsərrüfatında yeni vergi rejiminin tətbiqi fermerlərə dövlət dəstəyinin azaldılması demək deyil. Əksinə, bu dəyişikliklərin əsas məqsədi aqrar sahədə uçot sistemini təkmilləşdirmək, dövlət dəstəyinin səmərəliliyini artırmaq və kənd təsərrüfatının real iqtisadi göstəricilərini müəyyənləşdirməkdir".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı bildirib.
Komitə sədri çıxışında ilk növbədə kənd təsərrüfatına dövlət dəstəyinin həcminə diqqət çəkib. O xatırladıb ki, uzun illərdir fermerlər torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad ediliblər. Bu baxımdan yeni vergi rejiminin müzakirəsi cəmiyyətdə müəyyən suallar doğurur.
“Birinci sual ondan ibarətdir ki, dövlət kənd təsərrüfatına münasibətini dəyişirmi? Dövlət fermerə, kəndliyə, kəndli əməyinə münasibətini dəyişirmi? Qətiyyən dəyişmir. Dövlət bu gün də kənd təsərrüfatına genişmiqyaslı dəstək proqramlarını həyata keçirir”, – deyə deputat bildirib.
Azər Əmiraslanovun sözlərinə görə, birbaşa və dolayı dəstək istiqamətləri birlikdə hesablandıqda dövlətin kənd təsərrüfatına ayırdığı dəstəyin ümumi həcmi 1,5 milyard manata yaxınlaşır.
Komitə sədri aqrar sahədə yeni vergi rejimi çərçivəsində gözlənilən daxilolmaların da ümumi mənzərədə düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, kənd təsərrüfatı sektorundan gözlənilən vergi daxilolmaları cəmi 12-13 milyon manatdır.
“Biz hesab edirik ki, bəli, dövlət fermerə, kənd təsərrüfatı istehsalçısına potensial vergi ödəyicisi kimi baxmır”, – deyə deputat qeyd edib.
Azər Əmiraslanovun fikrincə, bu rəqəmlər dövlətin aqrar siyasətinin əsas məqsədinin büdcə daxilolmalarını artırmaq deyil, kənd təsərrüfatının inkişafını və istehsalçıların dəstəklənməsini təmin etmək olduğunu göstərir.
580 milyon manatlıq vergi güzəşti, 300 milyon manatlıq su dəstəyi
Komitə sədri çıxışında kənd təsərrüfatına tətbiq edilən vergi güzəştlərinin və digər dəstək mexanizmlərinin maliyyə həcmini də açıqlayıb.
Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı üzrə vergi güzəştlərinin məbləği 580 milyon manat təşkil edir.
“Belə olan halda, 580 milyon manat vergi güzəştini dövlət tətbiq edirsə, 12-13 milyon manat, təbii ki, fermerdən vergi gözləntisinin olması heç də ondan xəbər vermir ki, biz fermerlər hesabına büdcə daxilolmalarını təmin edirik. Bu gözlənilən məbləğ ümumilikdə kənd təsərrüfatı üzrə vergi güzəştlərinin cəmi 2 faizini təşkil edir”, – deyə o bildirib.
Azər Əmiraslanov suvarma suyunun kənd təsərrüfatı istehsalçılarına güzəştli tariflərlə təqdim edilməsini də dövlət dəstəyinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirib.
“Bu gün kənd təsərrüfatı istehsalçılarına suvarma suyu maya dəyərindən təxminən 30 dəfə aşağı tariflə satılmaqdadır. Biz bunu ümumi qiymətləndirsək, təkcə suvarma suyuna görə dövlət təxminən 300 milyon manata yaxın dəstək ayırır”.
Beləliklə, aqrar sahəyə dövlət dəstəyi yalnız vergi güzəştləri ilə məhdudlaşmır. Buraya birbaşa subsidiyalar, dolayı dəstək mexanizmləri, suvarma xidmətləri və digər iqtisadi təşviqlər də daxildir.
Yeni vergi rejiminin məqsədi fermerdən daha çox vergi toplamaq deyil
Azər Əmiraslanov kənd təsərrüfatında yeni vergi rejiminə keçidin əsas səbəblərindən birinin uçot sisteminin təkmilləşdirilməsi olduğunu bildirib.
O qeyd edib ki, indiyədək kənd təsərrüfatında FÖT sistemi tətbiq olunub, bu istiqamətdə maliyyə vəsaitləri ayrılıb, inzibati resurslar səfərbər edilib. Lakin həmin sistem vasitəsilə uçot mexanizminin də qurulması vacib idi.
“İndiyə qədər kənd təsərrüfatında FÖT sistemi tətbiq olunub, bu sistem üçün maliyyə vəsaitləri ayrılıb, inzibati resurslar səfərbər olunub və hesab edirik ki, FÖT vasitəsilə həm də indiyə qədər uçot sistemi qurulmalı idi. Ona görə ki, bu, həm də dövlət dəstəyinin qiymətləndirilməsi üçün olduqca vacibdir”, – deyə komitə sədri bildirib.
Onun fikrincə, vergi məsələlərinin uçot sistemi ilə əlaqələndirilməsi dövlətin hər bir fermerə, kəndliyə və kənd təsərrüfatı istehsalçısına göstərdiyi dəstəyi daha dəqiq qiymətləndirməsinə imkan verəcək.
“Bu gün kənd təsərrüfatında vergi məsələlərinin uçotla əlaqələndirilməsi həm də ona imkan verəcək ki, dövlət hər bir kəndliyə, fermerə, kənd təsərrüfatı istehsalçısına yönəltdiyi dəstəyi qiymətləndirmiş olsun, kənd təsərrüfatına dövlət dəstəyini daha səmərəli təşkil etsin, aqrar siyasət daha səmərəli həyata keçirilsin”.
Ərzaq təhlükəsizliyi üçün real istehsal göstəriciləri lazımdır
Komitə sədri yeni uçot sisteminin əhəmiyyətinin yalnız vergi inzibatçılığı ilə məhdudlaşmadığını da vurğulayıb. Onun sözlərinə görə, kənd təsərrüfatında istehsalın real göstəricilərinin müəyyənləşdirilməsi ölkənin ərzaq təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır.
Deputat bildirib ki, düzgün uçot sistemi dövlətin ərzaq balansını daha real məlumatlar əsasında hazırlamasına, ayrı-ayrı məhsullar üzrə istehsal və özünütəminetmə göstəricilərini daha dəqiq hesablamasına şərait yaradacaq.
“Çox mühüm məsələlərdən biri ondan ibarətdir ki, dövlət tərtib etdiyi ərzaq balansını daha real əsaslarla, şərtlərlə tərtib eləmiş olsun. Ona görə ki, burada əsas məsələlərdən biri ərzaq məhsulları ilə ölkənin özünütəminetmə göstəricilərinin dəqiq hesablanmasıdır”, – deyə Azər Əmiraslanov qeyd edib.
Komitə sədrinin sözlərinə görə, kənd təsərrüfatında uçotun təkmilləşdirilməsi dövlətin ayırdığı vəsaitlərin səmərəliliyini qiymətləndirməyə, vergi inzibatçılığını yaxşılaşdırmağa və aqrar siyasəti daha düzgün planlaşdırmağa xidmət edəcək.
Azər Əmiraslanov aidiyyəti qurumlara kənd əhalisi və aqrar ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılmasını da tövsiyə etdiklərini bildirib.
“İctimaiyyətə, xüsusilə də aqrar ictimaiyyətə, kənd əhalisinə bu məsələlər ciddi şəkildə izah olunmalıdır, maarifləndirmə aparılmalıdır. Çünki dövlətin aqrar sahə ilə bağlı siyasəti haqqında yanlış təsəvvür yaranmamalıdır. Dövlət bu gün də kənd təsərrüfatına münasibətdə özünün genişmiqyaslı dəstək proqramını həyata keçirməkdə davam edir”, – deyə komitə sədri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 18 Noyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















